Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-144/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan əvvəllər məhkum olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 01 il şərti sınaq müddəti müəyyən edilməklə 04 il 06 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cəlilabad rayonu, Sabirabad kəndində qeydiyyatla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs müharibə iştirakçısı olduğu üçün tanışlarının vasitəsi ilə əlilliyə görə təqaüd düzəltdirə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə ona əlilliyə görə təqaüd düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayına kimi olan müddətdə hissə-hissə olmaqla, yəni xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən kafedə 500 manat, xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, 8-ci mikrorayon bazarının yaxınlığında yerləşən “Lotos” ticarət mərkəzinin qarşısında 300 manat, həmin tarixdə, saat 18 radələrində Nizami rayonu, 8-ci mikrorayon bazarının yaxınlığında yerləşən “Lotos” ticarət mərkəzinin arxasındakı kafedə 300 manat, təxminən 2-3 gün sonra, Xırdalan şəhərində yerləşən köhnə bazarın qarşısında 250 manat, 2021-ci ilin sentyabr ayının əvvəllərində, Bakı şəhəri, Nizami rayonu, Naxçıvani küçəsi 90 saylı binanın önündə 100 manat və xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs "xxxx" MMC-nin vasitəsi ilə Sumqayıt şəhər Mərkəzi Poçt filialında Təqsirləndirilən şəxs adma göndərdiyi 50 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə - 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, Zərərçəkmiş şəxsla sonuncunun qardaşı, avtomobil təmir ustası olan Şəhriyarın vasitəsi ilə tanış olmuş və Şirvanla onun yoldaşlıq münasibətləri yaranmışdır. Şəhriyarla Şirvan onun 2016-cı il aprel döyüşlərinin iştirakçısı olduğunu və döyüşlərdə yaralanaraq əlil olduğunu bilirdikləri üçün 2 ay hərbi xidmət edtikdən sonra, zəif görməsi və eləcə də gözündə olan xəstəliklə bağlı yararsız hesab edilərək hərbi xidmətdən kənarlaşdırılmış Zərərçəkmiş şəxs əlillik təqaüdü düzəltməkdə köməklik edə biləcəyini ondan soruşmuşdurlar. O, tanışlarının vasitəsi ilə Zərərçəkmiş şəxs gözdən əliliyə görə təqaüd almasına köməklik edə biləcəyini bildirmişdir. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxsla növbəti görüşlərinin birində o, 1000 (min) manat müqabilində Şirvana gözdən əlilliyə görə təqaüd təyin etdirə biləcəyini bildirmişdir. Şirvan 1000 manatı tam verməyə imkanı çatmadığını, həmin məbləği ona hissə-hissə verə biləcəyini demişdir. O, Şirvanla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığındakı kafelərdən birində Zərərçəkmiş şəxsla görüşmüş və ondan ilkin olaraq 500 (beş yüz) manat pul almışdır. Səhəri gün o, Zərərçəkmiş şəxs zəng edərək lazımı sənədləri almaq üçün təcili 300 manat gərəkdiyini bildirmişdir. Həmin gün saat 11 radələrində o, Bakı şəhəri, Nizami rayonu, 8-ci mikrorayon bazarının yaxınlığında Zərərçəkmiş şəxsla görüşmüş və Şirvan ona 250 manat verərək 300 manat verməyə imkanı çatmadığını bildirmişdir. O, 250 manat pulu Zərərçəkmiş şəxs almış və Şirvanın əlillik təqaüdünün qısa müddət ərzində təyin olunacağını bildirərək çıxıb getmişdir. xx.xx.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs zəng edərək ona 50 (əlli) manat pul borc verməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs Masallı rayonunda Azərpoçt vasitəsi ilə onun adına 50 manat pul göndərmiş və o, həmin məbləği Sumqayıt şəhəri Poçt şöbəsindən götürmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs telefon zənglərinə cavab verməmiş və əlaqəni kəsmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qardaşı Şəhriyarın vasitəsi ilə tanış olmuş, yoldaşlıq münasibətləri yaranmışdır. Şəhriyar və o, Təqsirləndirilən şəxs 2016-cı il aprel döyüşlərinin iştirakçısı olduğunu və döyüşlərdə yaralanaraq əlil olduğunu bildikləri üçün onun 2 ay hərbi xidmət etdikdən sonra zəif görməsi və eləcə də, gözündə olan xəstəliklə bağlı yararsız hesab edilərək hərbi xidmətdən kənarlaşdırıldığını Təqsirləndirilən şəxs bildirərək ona əlillik təqaüdü düzəltməkdə köməklik etmək imkanı olubolmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs tanışlarının vasitəsi ilə ona gözdən əlilliyə görə təqaüd almasına köməklik edə biləcəyini bildirmişdir. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxsla növbəti görüşlərinin birində İsmət 1000 (min) manat müqabilində ona gözdən əlilliyə görə təqaüd təyin etdirə biləcəyini bildirmişdir. O, 1000 manat pulu tam verməyə imkanı çatmadığını həmin məbləği İsmətə hissə-hissə verə biləcəyini demiş, İsmət onunla razılaşmışdır. xx.xx.2021ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığındakı kafelərdən birində o, Təqsirləndirilən şəxsla görüşmüş və İsmət əlillik təqaüdünü təyin etdirəcəyi adı ilə ondan ilkin olaraq 500 (beş yüz) manat pul almışdır. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə İsmət ona zəng edərək lazımı sənədləri almaq üçün təcili 300 manat da gərəkdiyini bildirmiş, həmin gün saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci mikrorayon bazarının yaxınlığında yerləşən Lotos ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və İsmətə istədiyi 300 manat pulu vermişdir. Həmin gün saat 17 radələrində İsmət yenidən ona zəng vuraraq onun əlillik təqaüdünün təyin etdirilməsi üçün “müəyyən işləri” həyata keçirmək məqsədi ilə Hərbi Hospitalda olduğunu və təcili daha 300 manat gərəkdiyini, “təqaüd işinin” demək olar ki, həll olunduğunu bildirmişdir. O, İsmətə əlavə 300 manat verməyə razılaşmış və saat 18 radələrində, Bakı şəhəri Nizami rayonu 8-ci mikrorayon bazarının yaxınlığında yerləşən Lotos ticarət mərkəzinin arxasında yerləşən kafedə İsmətlə görüşüb 300 manat pul vermişdir. Təxminən 2-3 gündən sonra İsmət yenidən onunla əlaqə saxlayıb əlavə olaraq 250 manat pul gərəkdiyini bildirmişdir. O, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən köhnə bazarın qarşısında İsmətlə görüşüb İsmətə 250 manat pul vermiş və İsmətə nə üçün cəmi 1000 manat pul gərəkdiyini bildirdiyi halda ondan 1000 manatdan artıq pul aldığını soruşduqda İsmət işin gedişində əlavə xərclər ortaya çıxdığını, yəqin ki, ümumilkdə təqribən cəmi 1500 (min beş yüz) manata onun işinin həll olunacağını bildirmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində İsmət ona zəng edərək onun əlillik təqaüdünün təyin etdirilməsi ilə bağlı xüsusi həkim komissiyasına sənəd düzəltdiyini və bunun üçün 100 manat pul gərəkdiyini bildirmişdir. O, İsmətin istədiyi pulu vermək üçün İsməti həmin vaxtlarda onun müvəqqəti yaşadığı ünvana-ünvan 1a İsmətə 100 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə o, Masallı rayonunda olduğu vaxt İsmət ona zəng vuraraq onun “təqaüd işi” ilə bağlı müvafiq sənədləri toplamaq üçün Masallı rayonuna getməli olduğunu bildirib bunun üçün İsmətə 50 manat yol pulu verməsini istəmişdir. O, xx.xx.2021-ci il tarixdə Masallı rayon mərkəzi poçtuna gedərək Təqsirləndirilən şəxs adına 50 manat pul göndərmişdir. Həmin gündən sonra İsmət onunla əlaqəni kəsmiş və onun zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs ona əlillik təqaüdü təyin etdirəcəyi adı ilə onu aldadaraq 1500 (min beş yüz) manat pulunu ələ keçirib mənimsəmişdir. Bu səbəbdən də o, polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin onun qohumu Zərərçəkmiş şəxs əlillik təqaüdü təyin etdirəcəyi adı ilə aldadaraq Zərərçəkmiş şəxs ümumilkdə 1500 manat pul alıb mənimsəməsi barədə məlumatlı olduğunu qeyd edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxsla Bakı şəhərində birlikdə olduqları zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng edərək, görüşə dəvət etmiş, həmin gün, o və Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığındakı kafelərdən birində Təqsirləndirilən şəxsla görüşmüş və İsmət, Zərərçəkmiş şəxs əlillik təqaüdünü təyin etdirəcəyi adı ilə Zərərçəkmiş şəxs ilkin olaraq 500(beş yüz) manat pul almışdır. Təqsirləndirilən şəxs ayrılıb getdikdən sonra, İsmətin yalançı adama oxşadığını və heç bir əlillik təqaüdü təyin etdirməyəcəyini, İsmətə bir daha pul verməməsini Şirvana bildirmişdir. Ancaq Şirvan, Təqsirləndirilən şəxs inandığı üçün sonuncu əlillik təqaüdünün təyin etdirilməsi adı ilə ondan yenə pul almağa davam etmişdir. Təxminən xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı evdə qonaq olduğu ərəfədə İsmət, Şirvana zəng edərək “təqaüd işinin” həlli üçün əlavə olaraq 250 manat pul gərəkdiyini bildirmişdir. Şirvan onunla birikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən köhnə bazarın qarşısında İsmətlə görüşmüş və Şirvan, İsmətə 250 manat pul vermişdir. O və Şirvan, İsmətin əlillik təqaüdünün təyin etdirilməsi üçün cəmi 1000 manat pul gərəkdiyini bildirdiyi halda nə üçün Şirvandan 1000 manatdan artıq pul aldığını soruşduqda İsmət işin gedişində əlavə xərclər ortaya çıxdığını, yəqin ki, ümumilkdə təqribən cəmi 1500(min beş yüz) manata Şirvanın təqaüd işinin həll olunacağını bildirmişdir. Bundan sonra İsmət çıxıb getmişdir. Bir müddət sonra o, Zərərçəkmiş şəxsla görüşdükdə, Təqsirləndirilən şəxs Şirvanı aldatdığını, heç bir əlilik təqaüdü düzəltmədiyini, bu adla Şirvandan aldığı 1500 manat pulu mənimsəyərək, şirvanla əlaqəni kəsdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs yalan danışdığını, Təqsirləndirilən şəxs ona əlillik təqaüdü təyin etdirəcəyi adı ilə aldadaraq onun 1500 manat pulunu ələ keçirib ona həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etdiyini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Məmmədov X4 RPŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və cinayət işi xx.xx.2021-ci il tarixdə Məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-165-2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 32.4 və 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 178.2.2-ci maddəsi ilə 2 (iki) il, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Sabirabad kənd Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 368, 369 saylı, xx.xx.2022-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Məmmədov X4 rayonu, Sabirabad kəndində yaşayır, ailə tərkibi həyat yoldaşı X2, qızı X5, oğlu X3 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxsla barışmış, ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş zərəri tam həcmdə ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizəni, nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-864/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1697 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-144/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-144/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver