Məhkəmə qərarları › İş №1(060)-145/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-145/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-145/2023 09.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Heydər Əliyev” parkında Zərərçəkmiş şəxs ona qızı yaşında qızlara sataşmamasını irad bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ətrafında olan insanlara laqeydlik və etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, parkda olan vətəndaşların gözü qarşısında vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib üzərində gəzdirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqdan silah qismində istifadə edərək qəsdlə sonuncunu boğaz nahiyyəsinə 01 (bir) dəfə vurub boyun nahiyyənin sol yan səthinin deşilmiş-kəsilmiş yarası və görpücük-məməyəbənzər əzələnin hissəvi kəsilməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, onu hadisə baş verən günü tanımışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər parkında olan zaman bir nəfər qadından xoşu gəldiyi üçün ona yaxınlaşmağa qərar vermiş, həmin qadına yaxınlaşmış və həmin qadınla söhbət etməyə başlamışdır. O, həmin qadını əvvəlcədən tanımış, onunla fikri ciddi olmuşdur. Həmin qadının təxminən 25 yaşı olmuş, qızla söhbət etməyə çalışsa da, qız ona qızı yaşında olduğunu, ondan uzaqlaşmasını demişdir. O da ona demişdir ki, hazırki vaxtda 70-75 yaşlı kişilər sütül qızlarla evlənirlər. Onun bu sözünə qız gülmüşdür. Həmin vaxt tanımadığı 01 (bir) nəfər oğlan ona yaxınlaşaraq ona həmin qadının onun qızı yaşda olduğunu, ondan uzaq gəzməli olduğunu bildirmişdir. O, həmin tanımadığı şəxsə onun işi olmadığını, ondan uzaq durmasını demiş, ona ondan aralı dayanmasını bildirsə də, həmin şəxs ondan əl çəkməmiş, qızdan aralı durmasını demişdir. Daha sonra həmin şəxs onun köynəyindən tutub onu təhqir etməyə başlamış, həmin vaxt o əsəbləşmiş və üzərində gəzdirdiyi əynində olan şalvarın cibindən cib bıçağını çıxardıb bir dəfə onun boğaz nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin şəxsin boğazından az miqdarda qan görüb qaçmağa başlamış, o onun arxasıyca qaçıb ona sillə təpik vurmaq istəsə də, ona çata bilməmişdir. Əlində olan cib bıçağını parkın girəcəyindəki yerə atıb evə getmişdir. Həmin gün saat 01:30 radələrində polis əməkdaşları onu 3-cü PB-yə dəvət etmişlər və ondan baş vermiş hadisə barədə soruşduqda o hər şeyi olduğu kimi demişdir. Həmin vaxt o xəsarət yetirdiyi şəxs tək olmuş, ətrafda tanımadığı 2-3 nəfər olmuşdur. Söhbət etdiyi qızdan başqa bir qız da olmuş, həmin şəxslə aralarında mübahisə düşəndə tanımadığı həmin xanımlar çıxıb getmişdir. Aralarında olan münaqişə təxminən 10 dəqüiqə davam etmiş və münaqişə zamanı heç bir xəsarət almamışdır. Hal-hazırda zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödəmiş, onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilmisini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində əmisi İlqarın yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisindəki evinə qonaq getmişdir. Təxminən 30 dəqiqə oturduqdan sonra əmisi qızı 2014-cü il təvəllüdlü Nuray, 2016-cı il təvəllüdlü Fateh, bibisi oğlu 2015-ci il təvəllüdlü Yusiflə gəzmək üçün Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər parkına getmişlər. Həmin parkda uşaqlar oynamışlar, özü skamyada oturmuşdur. Təxminən ondan 20-25 metr aralı məsafədə ayaq üstə olan 01 (bir) nəfər 35-40 yaşında olan kişinin 02 (iki) nəfər biri azyaşlı olan xanıma “gəl səninlə ailə quraq və tanış olaq” dediyini, xanımların ona “utanmırsanmı sənin qızın yaşmdayam” dediyini eşitmişdir. O ayağa qalxıb onlara salam vermiş və həmin kişinin yaşını soruşmuş, sonuncu 42 yaşı olduğunu bildirdikdə, ona “utanmırsanmı qızın yaşda uşağa tanış olaq deyirsən” sözünü demişdir. Həmin şəxs “Allah buyurur, iman belə şeylər eleməyi və ailə həyatı qurmağı buyurur” sözünü demişdir. O, bu sözləri dedikdə o ona “Allahı bu söhbətə qatma” demişdir. Daha sonra o ona “gəl başqa adamlardan soruşaq görək sən düz hərəkət edirsən” sözünü demişdir. Həmin şəxs isə düz hərəkət etdiyini və “kimnən istiyirsən gəl soruşaq” sözünü demişdir.Dayandıqları yerdə olarkən tanımadığı bir nəfər oğlan yoldan keçərkən ondan 42 yaşlı kişinin özündən dəfələrlə yaşı az olan xanıma yaxınlaşaraq tanış olmasının düzgün olub olmadığını soruşmuş, həmin şəxs bu hərəkətin düzgün olmadığını deyib getmişdir. O ona “gördünmü, səhv hərəkətdir” deyə bildirmişdir. Həmin şəxs isə ona təkidlə düz etdiyini əl qol hərəkətləri ilə demişdir. O ona əlnən danışmamasını irad bildirmişdir. Həmin şəxs isə ona məhləyə keçib söhbət etmələrini demişdir. O yanında azyaşlı uşaqlar olduğunu, uşaqların atasının gəldiyini, “gözlə gəlsin gedək, söhbətimizi edək” sözünü demişdir. O, parkdan çıxıb yolun kənarında dayanıb, təxminən 20 dəqiqə sonra skamyada oturarkən yenidən ona yaxınlaşmışdır. O həmin vaxt yanında oturan yaşlı kişidən onun düz hərəkət edib-etmədiyini soruşmuşdur. Həmin kişi onun sifətinə baxıb heç nə deməmişdir. O ayağa qalxıb onu vuracağını hiss etdiyi üçün qarşısında dayanmışdır. O, ona namaza 5 dəqiqə qaldığını və tələsdiyini demiş, ona lap yaxşı dedikdə, həmin şəxs cibindən çıxartıdığı bıçaqla onun boğaz nahiyyəsinə 01 (bir) dəfə vurmuş, o onu itələyib qaçmışdır. Təxminən 100 metr qaçıb yerə yıxılmış, boğazından qan gəldiyini görüb əynindəki köynəyi boğazına sarımışdır. O yoldan keçən şəxsə əmisi İlqarın mobil nömrəsini vermiş və ona zəng etməsini xahiş etmiş, əmisi ilə danışmış və təxminən 02 (iki) dəqiqə sonra əmisi gəlib onu Sumqayıt şəhər TTYX-ya aparmışdır. Mübahisə 02 (iki) dəfə olmuş və hər dəfə təxminən 10 dəqiqə davam etmiş, həmin şəxs ona bıçaqla xəsarət yetirərkən skamyada tanımadığı yaşlı kişi, Nuray, Fateh, Yusif və kənar skamyada tanımadığı 02 (iki) nəfər şəxs əyləşmişlər. Mübahisə zamanı o həmin şəxsə xəsarət yetirməmiş, həmin bıçağın tutacağını görməmiş, bıçağın kəsən hissəsinin qara rəngli olduğunu görmüşdür. Birinci mübahisə zamanı ətrafında heç kim olmasa da, o bıçaqlanarkən ətrafına tanımadığı şəxslər yığışmışlar. Birinci mübahisələri zamanı həmin şəxs onu vurmamış, döyməmiş, bədən xəsarəti yetirməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmiş, onlar barışmışlar və təqsirəndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur və onun barəsində həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindın görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tərəfindən ona dəyən maddi ziyan ödənilmiş, onlar barışmışlar və təqsirəndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur və onun barəsində həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1032 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyun nahiyyənin sol yan səthinin deşilmiş-kəsilmiş yarası və görpücük-məməyəbənzər əzələnin hissəvi kəsilməsindən ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (alətin) ola bilsin ki, bıçağın təsirindən yaranmışlar, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdr. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2404 saylı rəyindən görünür ki, məhkəməpsixiatrik ekspertizazı üzrə yekun hissə: Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma, remissiya vəziyyətində müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövrüyndə o öz hərəkətlərini faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Belə ki, həmin dövrdə onda müəyyən edilmiş psixi xəstəlik remissiya vəziyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən Şizofreniya paranoid forma diaqnozlu xəstəliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi fəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, inadkarlıq, şübhəlilik, öz fikirlərini müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs onda qeyd olunan psixi xəstəliklə əlaqədar öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs hadisəni düzgün qavramaq və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri müşahidə edilmədi. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs üşün qanuni nümayəndə təyin etmək haqqında qərardan görünür ki, Qanuni nümayəndə oğlu xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini və Şizofreniya paranoid forma diaqnozlu xəstə olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü və həddini təyin edərkən belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə törətdiyi əməldən səmimi peşman olmasını, Şizofreniya paranoid forma diaqnozlu xəstə olmasını, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alınaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti ilə şərti təyin edilərək islah olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K ME T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə şərti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar