Məhkəmə qərarları › İş №1(060)-146/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-146/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-146/2024 16.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx xxxxxx 1979-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 12 (on iki) gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,532 qram qəhvəyi rəngli maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda, istintaqa məlum olmayan şəraitdə əldə edib, üzərində daşıyaraq saxlamış və 03 noyabr 2023-cü il tarixdə saat 10:10 radələrində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən avtodayanacağın yaxınlığında saxlanılaraq 1-ci Polis Bölməsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə 0,532 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər dəfələrlə məhkum olunmuşdur. Uzun müddətdir narkotik vasitədən istifadə edir. 02 noyabr 2023-cü il tarixdə Bakı şəhərində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata narkotik vasitə almış və Sumqayıt şəhərinə qayıtmışdır. Aldığı narkotik vasitədən bir qədərini istifadə etmiş, qalanını isə cibinə qoymuşdur. 03 noyabr 2023-cü il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində avtodayanacağın yanında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Həmin vaxt qaçıb uzaqlaşmaq istəsə də, ayağı ilişib yerə yıxılmış və başı yerə dəymişdir. Polis əməkdaşları onu saxlamışlar və o, polis əməkdaşları ilə 1-ci PB-nə gəlmişdir. Polis Bölməsində olarkən o, şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuş və vəkil gəldikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməyi təklif olunduqda, o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, onu Bakı şəhərində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata aldığını demişdir. Daha sonra təqdim etdiyi bükümdə olan maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni aldığı şəxsi tanımır, həmin şəxsdən əvvəllər narkotik vasitə almamışdır. Həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılan zaman və ya Polis Bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, heç bir psixi təsirə məruz qalmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 03 noyabr 2023-cü il tarixdə ona qərəzsiz və etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sonra rəhbərlik tərəfindən o və 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əldə etdikləri məlumat əsasında Şahid2lə birlikdə 03 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisinə gəlmişlər. Həmin ərazidə olarkən Təqsirləndirilən şəxs küçədə piyada hərəkət etdiyini görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə bağlı məlumat olduğunu bildirib, Təqsirləndirilən şəxs 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlardan qaçıb uzaqlaşmaq istəmiş, lakin ayağı ilişərək yerə yıxılmış və başı yerə dəymişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunu tutmuşlar və birlikdə 1-ci PB-nə gəlmişlər. Polis Bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə «kakos» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş, həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni 02 noyabr 2023-cü il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata aldığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Həqiqətən də ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bildirilmiş, o da tərtib etdiyi raportda bu barədə qeyd etmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir dəqiq məlumata malik deyil və bu məlumatı təsdiq edəcək hər hansı bir sübut növü ilə rastlaşmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, n Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında nlan xidməti is otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli səxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirdi, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd büküm çıxarıb təqdim edir. Həmin bükümdə “kakos” olduğunu bildirir. Həmin vasitəni Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata aldığını, narkotik vasitə istifadəçisi olduğunu bildirir. Sonra təhqiqatçı tərəfindən bükümə baxış keçirilir və elektron tərəzi vasitəsi ilə ölçüldükdə 0,58 qram olması müəyyən edilir. Bundan sonra təqdim olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılır. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, axtarış zamanı qanunsuz əşya və predmet aşkar olunmur. Daha sonra müdafiəçi şübhəli şəxsə suallar verir, sonuncu isə üzərindən aşkar edilmiş maddənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən təsir olunmadığını bildirir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5889 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №125» dairəvi möhür əksləri, «Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş büküm...» yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,532 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,532 qram, tədqiqata istifadə edildi - 0,05 qram, qalıq - 0,482 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının 15 noyabr 2023-cü il tarixli, 7440 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,532 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,482 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-428/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 1814 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: alının, sağ qaşüstü nahiyyənin, sol qaşüstü nahiyyənin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş alının, sağ qaşüstü nahiyyənin, sol qaşüstü nahiyyənin sıyrığı hər hansı bir şəxsin ictimai təhlükəli əməlinin – hərəkət və ya hərəkətsizliyinin nəticəsində baş verməsi halı müəyyən edilmədiyindən və cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 03 noyabr 2023-cü il tarixdə aşkar olunmuş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq, hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları olsa da, həmin məlumatları təsdiq edəcək hər hansı bir sübut növünü müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satması ilə bağlı əməliyyat istintaq marağı kəsb edən məlumatlar hələlik əldə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-1972/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 12 (on iki) gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən xüsusilə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici və şahid ifadələri, iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ağırlaşdırıcı halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,532 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,482 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 80,00 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,482 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 80,00 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar