Məhkəmə qərarları › İş №1(060)-148/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-148/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-148/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xİdmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, 01 (bir) ədəd 412934-K nömrəli, Almaniya dövlətində, Waffenfabrik Walter zavodunda istehsal olunmuş 7,65 mm kalibrli, Walther PPK modelli, texniki cəhətdən saz vəziyyətdə, atəşə yararlı yivli odlu silah olan tapança və 01 (bir) ədəd içərisində 7,65x17 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan Walther PPK tapançalarının funksional əhəmiyyət daşımayan komplekt hissəsi-darağını qanunsuz olaraq, satış məqsədi ilə əldə edib üzərində daşıyaraq gizlətməklə saxlamış, 04 noyabr 2023-cü il tarixdə, saat 18:45 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Balıqçı” restoranında saxlanılmaqla Sumqayıt ŞPİ-yə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd Walther PPK modelli tapança və tapançanın üzərində 01 (bir) ədəd Walther PPK tapançalarının komplekt hissəsi-darağı əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 2022-ci ildə narkotik vasitələrə görə məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. 2022-ci ilin fevral ayında dəqiq xatırlamadığı gün Lənkəran rayonu “Marso” deyilən ərazidə olan zibillikdə əlvan metal tullantıları yığan zaman sellofana bükülmüş vəziyyətdə 1 ədəd qara rəngli Walter markalı tapança tapmış, həmin tapançanın sandıqçası da boş olmuşdur. Daha sonra münasib adam olsa satıb pul əldə edəcəyini düşünmüş, buna görə də həmin tapançanı götürüb Astara-Bakı magistral yolunun Lənkəran rayonu ərazisində olan “telestudiya” deyilən ərazinin yaxınlığında keçmiş yarımtikili bağçanın zirzəmisində gizlətmişdir. Belə ki, həmin ilin mart ayında narkotik istifadəçisi olduğu üçün cəzaya məhkum olunmuş, 2023-cü ilin sentyabr ayında cəzasını çəkib azad olunduqdan sonra Lənkərana qayıtmış və maddi vəziyyəti pis olduğu üçün satıb pul əldə edəcəyi fikri ilə zirzəmidə gizlətdiyi tapançanı özü ilə götürmüş, həmin tapançanı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyub saxlamışdır. Həmin tapançadan istifadə etməmiş və yoxlamamış, tapança barədə heç bir kəsin məlumatı olmamış, heç kimə deməmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlmiş, lakin kiməsə tapançanı sata bilməmiş, xx.xx.2023-cü il tarixdə günortadan sonra Sumqayıt şəhərinə gəlmiş və Sumqayıt şəhər avtovağzalında Roza adlı qızla tanış olmuş, birlikdə yemək yeməyi təklif etmiş və saat 18 radələrində Sumqayıt şəhəri, dəniz kənarında, Sahil küçəsində yerləşən “Balıqçı” restoranına getmişlər. Restoranda onlara kabinet verilmiş, yemək və su sifariş vermişlər. Bir qədər sonra restoranda olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edib Sumqayıt şəhər polis idarəsini əməkdaşları olduqlarını bildirərək onun qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, daşıma və gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə getmiş, həmçinin yanında olan Rozanı da polis idarəsinə dəvət etmişlər. İdarədə xidməti otaqların birində hansı səbəbdən saxlanılması bildirilmiş, daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün siyahı üzrə vəkil təqdim olunmuş və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan qara rəngli parça materiallı gödəkçəsinin sol iç cibindən 1 ədəd qara rəngli tapançanı çıxarıb təqdim etmişdir. Tapançaya baxıldıqda sandıqçanın tapançaya taxılı vəziyyətdə və boş olduğu müəyyən olunmuşdur. Aşkar olunan tapança və boş sandıqça müstəntiq tərəfindən götürülmüş, qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş "xxxx" ASC-yə məxsus kart götürülmüş, siqareti, alışqanı, dırnaqtutan və yazılı kağız parçası özünə qaytarılmışdır. Üzərində tapança olması barədə heç kimə məlumat verməmişdir. Rozaya üzərində silah olması barədə heç bir məlumat verməmiş, sonuncunun bundan xəbəri olmamışdır. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış-zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun kpmplekt hissələrini əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Balıqçı” restoranında olması müəyyən olunmuş və təxminən saat 18:45 radələrində həmin restorana gedərək orada Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında sonradan adını bildiyi Şahid4 da olmuşdur. Təqsirləndirilən şəxs üzərində odlu silah saxlamaqda şübhəli olduğunu bildirib sonuncunu və yanında olan Roza adlı qadını Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid4 etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd qara rəngli tapançanı, gödəkçəsinin cibindən bir ədəd bank kartını, bir ədəd siqareti və alışqanı, həmçinin dırnaqtutanı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi əşyanın tapança olduğunu, həmin tapançanı 2022-ci ilin fevral ayında Lənkəran rayonunda zibillikdən tapıb gizlətdiyini, həmin vaxt həbs olunduğunu, həbsdən çıxdıqdan sonra həmin tapançanı satmaq məqsədi ilə üzərində gəzdirdiyini, ondan istifadə etmədiyini və bu barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Aşkar olunmuş tapançaya baxış keçirilmiş, baxış zamanı tapançanın darağının üzərinə taxılmış vəziyyətdə və boş olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamışdır. Aşkar olunmuş tapança və onun darağı ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Bank kartı götürülmüş, siqaret, alışqan, dırnaqtutan və yazılı kağız parçası əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları Şahid2 Boyükağa oğlu və Şahid3 onlardan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki,şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd qara rəngli Walther tapança və onun darağı aşkar edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid4 qızının ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdən etibarən tanımış, sonuncu ilə ədavət və ya düşmənçiliyi olmamışdır. 04 noyabr 2023-cü il tarixdə, təxminən saat 18 radələrində Sumqayıt şəhər avtovağzalının yaxınlığında olduğu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ondan xoşu gəldiyini və onunla tanış olub birlikdə çay içmək istədiyini demiş, o da etiraz etməmişdir. Onlar bir qədər söhbət etdikdən sonra Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Balıqçı” restoranına getmək qərarına gəlmişlər, restorana daxil olduqdan sonra orada olan otaqların birində əyləşib yemək və su sifariş vermişlər. Yemək yeyib söhbət etdikləri vaxt 3 nəfər mülki geyimli şəxs oturduqları otağa daxil olaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə polis əməkdaşları Rahimə qanunsuz olaraq üzərində odlu silah saxlamaqda şübhəli olduğunu bildirib onları Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O və Rahim polis əməkdaşlarına etiraz etməyərək birlikdə Sumqayıt ŞPİ-yə gəlmişlər. İdarədə olan zaman Rahimin üzərində şəxsi axtarış aparılaraq tapança aşkar olunması ona məlum olmuşdur. Həmin vaxta kimi Rahimin üzərində tapança olmasından məlumatı olmamış, Rahim bu barədə ona heçnə deməmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-66-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 43-46-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN Krimnalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/808 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 412934-K nömrəli silah Almaniya dövlətində, Waffenfabrik Walther zavodunda istehsal olunmuş 7,65 mm kalibrli, Walther PPK modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş Walther PPK tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-darağıdır, içərisinə 7,65x17 mm kalibrli patronları yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə- giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Cinayət işinin 74-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-11/2-13939/2023 saylı məktubundan görünür ki, 01 ədəd 7,65 mm kalibrli 412934-K nömrəli Walther PPK modelli tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, sonuncuya üzərində hər hansı bır əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd qara rəngli tapançanı, gödəkçəsinin sol iç cibindən bir ədəd "xxxx" kartını, gödəkçəsinin sol yan cibindən bir ədəd "Rothmans" markalı siqareti, gödəkçəsinin sağ yan cibindən bir ədəd alışqanı, gödəkçəsinin sol iç cibindən bir ədəd dırnaqtutanı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli əşyanın tapança olduğunu, həmin tapançanı 2022-ci ilin fevral ayında Lənkəran rayonunda “Marso” adlanan ərazidə olan zibillikdə əlvan metal tullantıları yığan zaman sellofana bükülmüş vəziyyətdə tapdığını, həmin tapançanı Lənkəran rayonunda “telestudiya” adlanan ərazinin yaxınlığında köhnə yarımtikili bağçanın zirzəmisində gizlətdiyini, həmin ilin mart ayında həbs olunduğunu, həbsdən çıxdıqdan sonra həmin tapançanı götürüb maddi vəziyyətinə görə kimə olsa satmaq məqsədi ilə üzərində gəzdirdiyini, həmin tapançadan istifadə etmədiyini və yoxlamadığını, tapança barədə heç kimin məlumatı olmadığını bildirmişdir. Bundan sonra həmin tapançaya baxış keçirilmiş, baxış zamanı tapançanın darağının üzərinə taxılmış vəziyyətdə və boş olması, tapançanın tutacaq hissəsində "Walter" 412934K rəqəm və yazılarının, həmçinin lülə və darağının yan hissəsində yazıların həkk olunması müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd tapança və bir ədəd daraq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, üzərində qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş "xxxx" kartı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd dırnaqtutan və yazılı kağız parçası özünə qaytarılmışdır. Cinayət işinin 104-111-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qimətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd Walther PPK modelli tapança, tapançanın üzərində olan 01 (bir) ədəd Walther PPK tapançalarının komplekt hissəsi-darağı və 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilmiş, tapança və onun komplekt hissəsi-darağı saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 78-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeyidyyatdan çıxarılmışdır; 2) Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4 və 36-cı bəndinə əsasən cəzadan azad edilməsi narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir; 3) Bakı şəhəri Xəzər Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun qanunsuz olaraq odlu silahı və onun komplekt hissəsini satış mqəsədi ilə əldə edib üzərində daşıyaraq saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Lakin, 02 il keçmədən, yəni məhkumluq müddəti bitmədən xx.xx.2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağrlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onunbarəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 noyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd Walther PPK modelli tapança, tapançanın üzərində olan 01 (bir) ədəd Walther PPK tapançalarının komplekt hissəsi-darağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli və iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd “Walther PPK” modelli tapança, tapançanın üzərində olan 01 (bir) ədəd “Walther PPK” tapançasının komplekt hissəsi - darağı hökm qanuni qüvvəyə mindikdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar