Məhkəmə qərarları › İş №1(060)-149/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-149/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-149/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Siyəzən rayonu, Məşrif ərazi dairəsi, Qalaaltı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,192 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə saat 00:35 radələrində Sumqayıt şəhər Pİ-nin PPXT-nun əməkdaşları tərəfindən 16-cı mikrorayon ərazisində hərbi vəziyyətlə əlaqədar elan olunmuş komendant saatını pozduğu üçün saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,080 qram, 0,112 qram, ümumi çəkisi 0,192 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 1(bir) ilə yaxındır ki, narkotik vasitə qəbul edir. xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Sumqayıt şəhəri 16-cı mikrorayon ərazisində gəzişən zaman hərbi vəziyyət ilə əlaqədar elan olunmuş komendant saatını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman həmin polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmiş, həmin vaxt ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş təqdim edilmişdir. Həmin vaxt video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirələrkən o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 2 ədəd qara rəngli siqaret kağızına bükülmüş maddəni təqdim edərək, həmin maddənin narkotik vasitə olan "kakos" olduğunu, həmin "kokosu" xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 18 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Sonra sənədləşmə üçün 1-ci PB-nə getmişlər, ora üzərindən aşkar olunmuş “heroin” tərəziyə qoyulub çəkilmiş, qablaşdırılmış, protokol tərtib edilmişdir. Protokolu və digər sənədləri imzalamışdır. Narkotik vasitəni aldığı şəxsi həmin gün görmüş, əvvəllər onu tanımamış, onunla heç bir münasibəti olmamışdır, o təxminən 32-33 yaşında, 170 sm hündürlükdə, sarışın olmuşdur, həmin şəxs özü ona yaxınlaşaraq onda kakos (heroin) olduğunu, 18 manata satdığını demiş, o da 18 manat verib ondan 1 büküm kakos (heroin) almışdır. Sonra həmin 1 ədəd bükümü özü üçün ayrı-ayrılıqda istifadə etmək üçün 2 hissəyə bölüb üzərində saxlamışdır, özü istifadə etmək fikrində olmuşdur,Ş kiməsə vermək və satmaq niyyəti olmamışdır. Polislər tərəfindən şəxsi axtarış zamanı üzərindən çıxmış şəxsi əşyaları və pulları qaytarılmışdır. Hazırda əməlindən peşmandır, ailəlidir, Siyəzən rayonunda, yaşadığı kənddə müxtəlif işlərdə işləyərək ailəsini dolandırır. X6 Vətən Müharibəsində iştirak etmişdir, bu iş üzrə tutulmasa özünün də könüllü olaraq döyüşə getmək fikri olmuşdur. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt şəhər Polis İdarəsinin PPXT-nun İİ bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. xx.xx.2020-ci il tarixdə, saat 00:35 radələrində post yoldaşı PPXT-nun İİ bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Azərbaycan Respublikasında hərbi vəziyyətlə əlaqədar elan edilmiş komendant saatı ilə bağlı Sumqayıt şəhəri, 16-cı mkr ərazisində xidmətdə olarkən bir nəfər şəxs komendant saatını pozduğu üçün tərəflərindən saxlanılmış, özlərini təqdim edərək həmin şəxsə də özünü təqdim etməsini dedikdə o, özünü təqdim edərək Siyəzən rayonu, Qalaltı kəndində yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onunla söhbət əsnasında o, onlara üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onlar da onunla bağlı ərazi üzrə 1-ci Polis Bölməsinə məlumat vermiş, sonra 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Ramiz İsmayılov və KTB-nin inspektoru, polis mayoru Şahid3 həmin yerə gəlmişlər. Şahid3 tərəfindən kamera işə salınmış, təhqiqatçı Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş və ona da özünü təqdim etməsini bildirmiş, o da özünü təqdim etdikdən sonra təhqiqatçı ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli bilindiyini deyərək, ona hüquq və vəzifələri barədə bildiriş təqdim etmiş, onun icazəsi ilə üzərinə çəkiliş edilməklə şəxsi axtarış keçiriləcəyini demiş, Təqsirləndirilən şəxs da etirazı olmadığını bildirmişdir. Təhqiqatçı ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs da özü ciblərindən 3 ədəd telefon, siqaret, alışqan, kibrit qutusu, 1 manatlıq, 5 manatlıq və qəpik pullar, balaca quran kitabını və əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülünü çıxardaraq təqdim etmiş, ondan bükülülərin nə olduğu soruşulan zaman o, həmin bükülünün narkotik vasitə olan “kokos” olduğunu, ağrıları olduğu üçün özü istifadə etdiyini, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 18 manata aldığını bildirmiş, ondan sonra onun üzərinə baxış keçirilmiş və özünün təqdim etdiklərindən başqa heçnə çıxmamışdır. Təhqiqatçı ona üzərindən narkotik vasitə çıxdığı üçün sənədləşmə aparılmasına görə 1-ci Polis Bölməsinə gediləcəyini, etirazının olub olmamasını soruşmuş, o da etirazı olmadığını bildirmiş və çəkiliş dayandırılaraq Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə gedilmişdir. Orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, çəkiləri 0,13 və 0,19 qram olduğu müəyyən edilmiş, sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə tutulmuşdur. (i.v. 15) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-228/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx xxxxxxx 2020-ci ildən hesablahmışdır. (i.v.69- 70) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 22-26) İş materiallarında olan, məhkəmə iclasında da nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 76-77) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2189 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublıiaksı DİN Zərflər üçün N 125” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən götürülmüş” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdə qablaşdırlmış iki ədəd bükümdə ayıayrılıqda təmiz çəkisi 0,080 qram, 0,112 qram ümumi təmiz çəkisi 0,192 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. (tədqiqatdan sonra qalıq çəkisi 0,132 qr.) (i.v. 37-41) İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,132 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. (i.v.73-75) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2020-cu il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilmişdir. (i.v.120-125) İş materiallarında olan “X2 Mərkəzi” X7 905 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “X2 Mərkəzi” X7 ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 104) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-350/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan RespublikasıA CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən 2500 manat cərmə cəzasına məhkum edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-350/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2500 manat cərimə cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 10 günü Azərbaycan RespublikasıA CM-nin 52-1.5-ci maddəsinə əsasən 04 ay 05 gün müddətinə azadləqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzanın əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə cəzanın sonu ilə azad olunmuşdur. (i.v.82-84, 89-94) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan məhkəmə - narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3122 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. . (i.v.106-107) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 78) Məhkəməyə təqdim edilmiş “Fəxri Fərman”dan, “Təşəkkür məktubu”ndan və hərbi biletin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1994-cü il təvəllüdlü qardaşı X1 rayonu uğrunda gedən döyüşdə iştirak etmiş, “Vətən Müharibəsi” zamanı döyüş tapşırığının icrası zamanı fəallıq göstərərk döyüş yoldaşlarına nümunə olmuş, döyüş tapşırığını layiqincə yerinə yetirmiş, valideynlərinə təşəkkür məktubu yazılmış, “Fəxri Fərman”la təltif edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,861 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-350/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan RespublikasıA CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən 2500 manat cərmə cəzasına məhkum edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-350/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2500 manat cərimə cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 10 günü Azərbaycan RespublikasıA CM-nin 52-1.5-ci maddəsinə əsasən 04 ay 05 gün müddətinə azadləqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eyni zamanda qardaşı X3 Xocavənd rayonu uğrunda gedən döyüşdə iştirak etməsini, “Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirməsini, valideynlərinə təşəkkür məktubu yazılmasını vı “Fəxri Fərman”la təltif edilməsini də Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,132 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə tutulmuş, həmin vaxtdan həbsdədir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 21 (iyirmi bir) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Siyəzən rayonu, Məşrif ərazi dairəsi, Qalaaltı kəndindəki yaşadığı evi tərk etməmək, Siyəzən rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,132 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar