Məhkəmə qərarları › İş №1(060)-15/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-15/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-15/2025 12.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 224, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 01 azyaşlı övladı var), orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi yataqxana 48, otaq 27-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə onunla birgə "xxxx" MMC-də sürücü işləmiş Təqsirləndirilən şəxs2 4 il öncə tanış olduğu və normal münasibəti olan Zərərçəkmiş şəxs xaricə köçüb yaşamaq istəyini ona bildirməsindən sonra ona yalan vədlər verib pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1lə danışıb onu Zərərçəkmiş şəxs guya Kanada Respublikasına işçi vizası düzəldən şəxs kimi təqdim edəcəyi barədə razılaşdırıb təlimantlandıraraq qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən Xəlifə şadlıq sarayı ilə üzbəüz olan çayxanada üçlükdə görüşmüş, görüş zamanı qabacadan qurulan plana uyğun olaraq onu Zərərçəkmiş şəxs Kanada Respublikasına işçi vizası düzəldən “Tural” şərti adı ilə təqdim edib özünün də Kanadaya getməsi işinin həlli üçün guya iki min manat vermə görüntüsünü yaratmaqla içərisində manatlıqlar olan zərfi təqdim edərək Zərərçəkmiş şəxs inamını qazandıqdan sonra xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs Kanada Respublikasına iki illik oturum almaqla işçi vizasını həll edib onu həmin ölkəyə işləmək üçün göndərəcəyi barədə yalan vəd verməklə aldadıb üzərinə öhdəlik götürmüş, işin qiymətinin 8000 manat olduğunu, lakin ilk olaraq 4000 manat alacağını, qalan 4000 manatı isə Zərərçəkmiş şəxs biletini əldə edib Kanada Respublikasına uçacağı gün hava limanında ona verməli olduğunu demiş, Zərərçəkmiş şəxs onlarla razılaşdıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq ondan xx.xx.2023-cü il il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən Sumqayıt Dəmiryolu vağzalında 2000 manat, 2023-cü ilin avqust ayının axırlarında Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Tarzan” kafesində 2000 manat və xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “Dərələyəz” kafesində 200 manat, ümumilikdə 4200 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb əldə olunmuş ümumi məbləği öz aralarında bölməklə ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 4 il öncə tanış olduğu və normal münasibəti olan Zərərçəkmiş şəxs xaricə köçüb yaşamaq istəyini ona bildirməsindən sonra ona yalan vədlər verib pulunu ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə əvvəllər onunla birgə "AYAN” MMC-də sürücü işləmiş Təqsirləndirilən şəxs1 ilə danışıb onu Zərərçəkmiş şəxs guya Kanada Respublikasına işçi vizası düzəldən şəxs kimi təqdim edəcəyi barədə razılaşdırıb onu təlimatlandıraraq qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən Xəlifə şadlıq sarayı ilə üzbəüz olan çayxanada üçlükdə görüşmüş, görüş zamanı qabaqcadan qurulan plana uyğun olaraq Təqsirləndirilən şəxs1 ona Kanada Respublikasına işçi vizası düzəldən “Tural” şərti adı ilə təqdim edib özünün də Kanadaya getməsi işinin həlli üçün guya iki min manat vermə görüntüsünü yaratmaqla içərisində manatlıqlar olan zərfi təqdim edərək Zərərçəkmiş şəxs inamını qazandıqdan sonra Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs Kanada Respublikasına iki illik oturum almaqla işçi vizasını həll edib onu həmin ölkəyə işləmək üçün göndərəcəyi barədə yalan vəd verməklə aldadıb üzərinə öhdəlik götürmüş, işin qiymətinin 8000 manat olduğunu, lakin ilk olaraq 4000 manat alacağını, qalan 4000 manatı isə Zərərçəkmiş şəxs biletini əldə edib Kanada Respublikasına uçacağı gün hava limanında ona verməli olduğunu demiş, Zərərçəkmiş şəxs onlarla razılaşdıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq ondan xx.xx.2023-cü il il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən Sumqayıt Dəmiryolu vağzalında 2000 manat, 2023-cü ilin avqust ayının axırlarında Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Tarzan” kafesində 2000 manat və xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “Dərələyəz” kafesində 200 manat, ümumilikdə 4200 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb əldə olunmuş ümumi məbləği öz aralarında bölməklə ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında əvvəllər AYAN MMC-də onunla birgə sürücü işləmiş Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, onun Zərərçəkmiş şəxs adlı pullu tanışı var, işləmək üçün xaricə getmək istəyir. İlham bildirmişdir ki, onun pulunu ələ keçirmək lazımdır. Bu məqsədlə də ondan istəmişdir ki, o onu Zərərçəkmiş şəxs Kanada respublikasına işçi vizası düzəldən şəxs kimi təqdim etsin, onu Talehlə görüşdürsün və üç ay müddətində Kanada respublikasında işləmək üçün göndərəcəyini vəd verib ondan pul alsın, ümumi işin qiymətini ona 8000 pul, ilkin olaraq 4000 manatını əvvəlcədən alacağını, qalan 4000 manatı isə guya viza düzəlib başa çatandan sonra, bileti alıb gedəcəyi gün Talehdən alacağını desin. İlham demişdir ki, onları görüşdürəcəkdir. Həmçinin danışmışlar ki, adını Taleh adlı şəxsə Tural kimi təqdim edəcəkdir. Beləliklə də, ilk öncə tanışlıq məqsədilə xx.xx.2023-cü il tarixdə İlham, Taleh və o Sumqayıt şəhəri, 13-cü mikrorayon Xəlifə şadlıq sarayı ilə üzbəüz çayxanada görüşmüşlər. Həmin vaxt öncədən danışıdıqları kimi İlham cibindən guya onun üçün düzəltdiyi viza ilə əlaqədar verməli olduğu pulu gətirib görüntüsü yaratmaq üçün kağız konverti çıxarıb masanın üzərinə qoyub ona təqdim etmişdir. Gedəndə isə özü götürüb aparmışdır. Söhbət zamanı o Talehə yalandan demişdir ki, guya onun Kanada Respublikasına işçi vizası ilə adam göndərən tanışı var və işi də onun əli ilə görür. İşin həlli üçün tələb olunan 8000 manatın 4000 manatını əvvəlcədən, qalan 4000 manatını isə viza hazır olub Kanadaya uçacağı gün verəcək. O, Zərərçəkmiş şəxs inandırmış və razılaşmışlar. O demişdir ki, xx.xx.2023-cü il tarixədək işi həll edib başa çatdıracaq. Həmin gün Taleh İlhamla birlikdə onunla 12-ci mikrorayonda Sumqayıt Dəmiryol vağzalının yanında görüşmüş, 2000 manat pulu və xarici pasportunu əlbəəl İlhamın avtomobilində ona vermiş, qalan 2000 manatı da qısa zamanda həll edəcəyini bildirmişdir. Taleh avtomobildən düşüb getmiş və o dərhal pulu İlhama vermişdir. İlham da pulun 1000 manatını ona vermişdir. Bundan təxminən 15 gün sonra İlham ona zəng vurub bildirmişdir ki, Taleh 2000 manatı da düzəldib və onunla birlikdə Xırdalana gəlirlər. O da razılaşmış və Xırdalan şəhərində Tarzan kafesində görüşmüşlər, 2000 manatı da Taleh İlhamın iştirakı ilə ona vermişdir. Bundan sonra İlham Taleh şübhələnməsi üçün onunla birlikdə Sumqayıt şəhərinə getmişlər. O da taksi ilə onların arxasınca getmişdir. Orada 2000 manatı İlhama vermiş, İlham da həmin puldan 1000 manat ona vermiş, qalan 1000 manatı isə özünə götürmüşdür. 2023-cü ilin sentyabr ayının sonlarında İlham ona zəng vurub Talehə sənədlərin düzəldiyini, bu məqsədlə 200 manat da pul lazım olduğunu bildirib ondan 200 manat da pul almasını demişdir. O da Talehə zəng vurub bu barədə ona deyərək 200 manat da verməli olduğunu demişdir. Taleh axşam görüşməyi təklif etmiş və Sumqayıt şəhəri, Dərələyəz kafesində Talehlə o görüşmüşlər. Həmin görüşdə İlham iştirak etməmişdir. Orada Talehə bildirmişdir ki, viza üçün lazım olan sənədlər hazırdı və Səfirlikdə təsdiq edilməsi üçün göndərir, 200 manat pul da onun üçün lazımdır. Taleh inanmış və 200 manat pulu ona vermişdir. Talehdən ayrılandan sonra İlhama zəng vurub harada olduğunu soruşmuş, o Bakı şəhərində olduğunu demişdir. İki saatdan sonra onlar məhəlləyə gəlmiş və Talehdən aldığı pulun 100 manatı o İlhama vermişdir. Bu minvalla qabaqcadan qurduqları plan əsasında onlar Taleh adlı şəxsdən onu Kanada respublikasına işçi vizasını həll edib işləmək üçün oraya göndərmək adı ilə aldadaraq onun ümumilikdə 4200 manat pulunu ələ keçirmişlər. Həmin puldan İlham 2100 manatını ona vermiş, 2100 manatını isə özü götürmüşdür. İlkin izahat və ifadəsində o ələ keçirtdikləri 4200 manat puldan 1200 manatının ona, 3000 manatının isə İlhama çatdığını səhvən göstərmiş, əslində isə onlar ələ keçirtdikləri 4200 manat pulu öz aralarında bölmüşlər və hərəsinə 2100 manat çatmışdır. O əldə etdiyi həmin pulu uşağının dərmanlarına və özünə xərcləmişdir. Bundan sonra öncədən qurduqları planın bir hissəsi olaraq xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində o, Taleh və İlham görüşmüşlər. O bildirmişdir ki, iş gördüyü guya Nail adlı şəxsi tutublar və bu səbəbdən də Talehin Kanadaya viza məsələsi alınmayacaq. Söhbət zamanı demişdir ki xx.xx.2024-cü il tarixədək pulun 2000 manatını Talehə qaytaracaq, qalan 2000 manatını da vaxt verər 2-3 aya Talehə qaytararlar.Hansı ki, planın bu hissəsini də öncədən İlham ona diqtə etmiş, yəni ideya onun olmuşdur. Vaxtı uzatmaqda da məqsəd o olmuşdur İlham demişdi ki, öz avtomobilini satıb pulu qaytarar. Lakin İlham maşını satmadığından pulu qaytara bilməmişlər, daha sonra isə Taleh bu barədə gəlib polisə şikayət etmişlər. O bu günədək heç kimi Kanada Respublikasına işçi vizası düzəltməklə göndərməmiş, ümumiyətlə heç bir zaman belə bir işlə məşğul olmamışdır. Bu planı İlham öncədən ona deməklə onun razılığını aldıqdan sonra birgə qurmuşlar. Həmin vaxt pula ehtiyacı olduğundan İlhamın Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirmək təklifini qəbul etmiş, ideya tamamilə İlhama aid olmuş və o da onu icra etməyə razılıq vermiş, məqsədləri Zərərçəkmiş şəxs Kanada Respublikasına iki illik oturum işçi vizası düzəldib işləməyə göndərmək adı ilə aldatmaqla pulunu ələ keçirmək olmuşdur və məqsədlərinə də birlikdə nail olmuşlar. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir və sonuncu ilə barışmışdır. Özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4-5 il bundan öncə tanımış, belə ki, həmin vaxt o Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal Abşeron yaşayış kompleksində yaşamış, Taleh də orada dükan işlətmişdir. Həmin vaxtdan normal münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 adlı Sumqayıt şəhər sakinini 5-6 ildir ki, tanımış, belə ki, Beloçka firmalarında sürücü kimi birgə işləmişlər, o vaxtdan da yaxın münasibətləri yaranmışdır. 2023-cü ilin avqust ayında Talehlə söhbət zamanı o bildirmişdir ki, ölkədən çıxıb xaricə getmək orada işləmək istəyir. Həmin vaxt ona bildirmişdir ki, elə onun da belə bir fikri var. Talehin xaricə işləmək üçün getmək planının olduğunu öyrəndikdən sonra Elvinlə Sumqayıt şəhərində Xəlifə şadlıq sarayının qarşısında çayxanada görüşmüşlər. Söhbət zamanı Elvinə bildirmişdir ki, onun Taleh adlı tanışı var və Kanadaya işləməyə getmək istəyir, birlikdə belə bir plan qurmuşlar ki, Elvini Kanadaya işçi vizası düzəldən şəxs kimi Talehə təqdim edib onu inandırsın və ondan bu yolla pul alıb bölsünlər. Elvin dedimişdir ki, adını Talehə Tural kimi təqdim etsin. Elvinlə bu barədə öncədən razılığa gəlib razılaşmışlar ki, Talehə dəyəcək ki, guya Tural onun da Kanadaya getmək işini düzəldir, çox etibarlı adamdır, 2-3 nəfəri artıq göndərib, işin həlli üçün 8000 manat tələb olunur, ilk olaraq 4000 manatı öncədən alır, qalanını isə iş düzələndən sonra alır. Bu barədə Elvinlə tam söhbəti başa çatdırandan sonra o Talehlə söhbət zamanı özünün də Kanadaya getmək işinin olduğunu, bu işi görən Tural adlı etibarlı tanışının olduğunu ona bildirmişdir. Taleh demişdir ki, onunla tanış olmaq istəyir və bu məqsədlə xx.xx.2023-cü il tarixdə Elvin, Taleh və o Sumqayıt şəhəri, 13-cü mikrorayon Xəlifə şadlıq sarayı ilə üzbəüz çayxanada görüşmüşlər. O öncədən qurduqları plana uyğun olaraq kağız zərfdə gətirdiyi əslində içərisində manatlıqlar olan pulu Elvinə verib işin həlli üçün tələb olunan 2000 manat olduğunu demişdir. Belə etmişdir ki, inandırıcı olsun. Bundan sonra Talehlə Elvin üzbəüz danışmışlar, Elvin görəcəyi işi ətraflı şəkildə Talehə izah edib bildirmişdir ki, onu Kanadaya işçi vizası ilə iki illik oturum almaq şərti ilə orada işlə təmin etdirəcək və bu işə görə 8000 manat pul alacaq. Taleh pulun 4000 manatını bəribaşdan sonuncu 4000 manatı isə biletini alıb Kanadaya gedəcəyi gün Elvinə verəcəkdir. Elvin bildirmişdir ki, xx.xx.2023-cü il tarixədək işi həll edib başa çatdıracaqdır. Həmin günün səhəri Taleh onunla birlikdə 12-ci mikrorayonda Elvinlə görüşüb 2000 manat pulu əlbəəl onun iştirakı ilə vermiş, qalan 2000 manatı da qısa zamanda həll edəcəyini bildirmişdir. 2000 manatı Taleh Elvinə verən günü pulu bölmüşlər və Elvin pulun 1000 manatını ona vermişdir. Bundan təxminən bir həftə sonra Taleh ona zəng vurub bildirmişdir ki, Tural onları Xırdalana çağırır. Onunla Xırdalan şəhərinə getmişlər və Tarzan kafesində 2000 manatı da Taleh Elvinə əlbəəl vermişdir. Bundan sonra o Talehlə birlikdə Sumqayıt şəhərinə gəlmişdir. Onlar Sumqayıta qayıdandan bir saat sonra Elvin Sumqayıta gəlib onunla görüşmüş və Talehdən aldıqları növbəti 2000 manat pulun 1000 manatını ona vermişdir. Həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Onsuzda öncədən Talehə demişlər ki, iş ən tezi üç aya, ən geci isə 6 aya həll olunacaqdır. Elvinlə düşünmüşlər ki, məsələni 6 aya qədər uzadarlar və Taleh bu müddətdə dirəşsə birtəhər onun pulunu qaytararlar. 2023-cü ilin təxminən sentyabr ayının sonlarında Elvin ona zəng vurub demişdir ki, Talehə sənədlərin düzəldiyini, bu məqsədlə 200 manat da pul lazım olduğunu bildirib və pulu Talehin ona axşam gətirib verəcəkdir, gəlib ondan 100 manatı götürər. Elə həmin axşam Elvin Xəlifə şadlıq sarayının qarşısına gəlmiş və Talehdən aldığı 200 manat puldan 100 manatını da ona vermişdir. Bundan başqa onlar Talehdən əlavə pul almamışlar, ondan cəmi 4200 manat pul almışlar və pulu tam yarı bölüb öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan sonra öncədən qurduqları planın bir hissəsi olaraq xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində o Taleh və Elvinlə görüşmüşlər. Elvin bildirmişdir ki, onun iş gördüyü guya Nail adlı şəxsi tutublar və bu səbəbdən də Talehin Kanadaya viza məsələsi alınmayacaq. Söhbət zamanı demişdir ki, xx.xx.2024-cü il tarixədək pulun 2000 manatını Talehə qaytaracaq, qalan 2000 manatını da vaxt verər 2-3 aya Talehə qaytarar. Bu sözü də öncədən Elvinlə danışıb Talehə vermişlər. Düşünmüşlər ki, pulu düzəldə bilərlər. Lakin elə olmuşdur ki, dedikləri vaxtda pulu düzəldə bilməmişlər. Bundan sonra isə Taleh bu barədə gəlib polisə şikayət etmişdir. Tanışı Təqsirləndirilən şəxs1 bu günədək heç kimi Kanada Respublikasına işçi vizası düzəltməklə göndərməmişdir. Bu planı Talehin xaricə getmək fikrini o 2023-cü ilin avqust ayında öyrəndikdən sonra Elvinlə danışıb birgə qurmuşlar, ideya həm ona, həm də Elvinə aid olmuş, məqsədləri Zərərçəkmiş şəxs Kanada Respublikasına iki illik otorum işçi vizası düzəldib işləməyə göndərmək adı ilə aldatmaqla pulunu ələ keçirmək olmuş və buna birlikdə nail olmuşlar. Talehdən pulu aldığı zaman yanınızda başqa heç kimlər olmamış, bununla bağlı heç kim köməklik etməmiş, İlhamdan başqa heç kim bu prosesdə iştirak etməmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir və sonuncu ilə barışmışdır. Özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslərin təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi və cinayət işinin materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 iki il bundan əvvəl Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisindəki «Kristal Abşeron» yaşayış kompleksindən tanımış, özü orada dükan işlətmiş, İlham isə həmin kompleksdə yaşamışdır. 2023-cü ilin avqust ayının axırlarında onunla söhbət edərkən bildirmişdir ki, ölkədən çıxıb xaricə gedib orada işləmək istəyir. İlham da ölkədən çıxmaq fikrində olduğunu deyib bu işləri görə bilən bir tanışının olduğunu ona demiş, həmin şəxsin kim olduğunu soruşduqda, İlham ona demişdir ki, həmin şəxsin adı Turaldır, azı üç nəfərin işini həll edib xaricə göndərib, etibarlı adamdır. Belə razılığa gəlmişlər ki, İlham onu Turalla görüşdürsün və onlar birlikdə bu barədə söhbət etsinlər. xx.xx.2023-cü il tarixdə onlar üçlükdə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən «Xəlifə» şadlıq evinin qarşısındakı çayxanada görüşmüşlər. Turalı ilk dəfə orada görmüş, əvvəllər onu tanımamış, onların heç bir münasibətləri, əlaqələri olmamışdır. Orada İlham guya öz işinə görə gətirdiyi pulu paketin içərisində Turala verib pulu həll etdiyini demiş, lakin paketin içərisində nə olduğunu o görməmiş, bilməmişdir. Söhbət zamanı Tural ona bildirmişdir ki, onun üçün burada lazım olan sənədləri hazırlayıb işçi vizasını həll edərək Kanada dövlətinə işləmək üçün onu göndərəcəkdir. Bu işləri onun üçün Nail adlı şəxs görəcəkdir, guya orada hansısa toyuq firmasında operator kimi işləyəcək, hər şey hazır olub Kanadaya gedəndə onu orada qarşılayacaq adam olacaq, ümumilikdə bu işi 8000 manata həll edəcəkdir, ilkin olaraq ona 4000 manat, iş yekunlaşıb o hava limanından çıxanda isə qalan 4000 manatı da ona verəcəkdi. Bu barədə razılığa gələndən sonra o evə gedib özünə məxsus 2000 manat pulu götürüb Sumqayıt Dəmiryolu vağzalına gələrək orada İlhamın iştirakı ilə həmin pulu Turala vermişdir. Digər 2000 manat pulu isə o pulu olmadığı üçün dostu Şahid borca almışdır. Belə ki, o həmin ərəfədə Həsənin yaşadığı Sumqayıt şəhəri 11- ci mikrorayon ev 24 mənzil 40-a gedərək onunla evində görüşmüş və məsələni ona danışaraq ondan borca 2000 manat pul istəmişdir. Həsən də ona köməklik edə biləcəyini demişdir. Bir neçə gün sonra isə o Həsənlə Sumqayıt şəhəri, Bahar şadlıq sarayı ilə üzbəüz olan notariat kontorunun qarşısında görüşmüşlər və Həsən ona 2000 manat pulu vermişdir. 2023-cü ilin avqust ayının axırlarında o Abşeron rayonu Xırdalan şəhərinə gedərək orada yerləşən “Tarzan” kafesində İlham və Turalla görüşmüş, o İlhamın yanında əlavə olaraq 2000 manat pulu da Turala vermişdir. xx.xx.2023-cü il tarixdə Tural ona ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng vuraraq onun sənədlərini Səfirliyə göndərmək üçün əlavə 200 manat pulun da lazım olduğunu bildirmişdir. Elə də edərək həmin gün axşam saatlarında o Turalla Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən “Dərələyəz” kafesində görüşmüş və ona 200 manat pulu vermişdir. Həmin vaxt onlar ikisi olmuşlar. Bundan sonra o xəbər gözləmişdir. Bu müddətdə o Turaldan düzəltdiyi bəzi sənədləri ona göstərməsini xahiş etsə də, Tural ona narahat olmamasını demişdir. xx.xx.2023-cü il tarixdə o Turalla İlhamın vasitəsi ilə görüşmüşlər. Tural bildirmişdir ki, onun işi alınmayıb, guya işini düzəldən Nail adlı şəxs tutulub, onun yaşadığı evi öyrənibdir, evinə gedəcək. O da ona demişdir ki, bunun ona aidiyyatı yoxdur, Naili tanımır, onu tanıyır, işini həll edə bilmirsə, pulunu geri qaytarsın. Tural isə bildirmişdir ki, ona xx.xx.2024-cü il tarixədək vaxt versin, bu müddət ərzində ondan aldığı 4200 manat pulun 2000 manatını düzəldib qaytaracaq, fevral ayının 5-dək də qalan 2200 manatı da düzəldib ona qaytaracaqdır. Orada o Turaldan şəxsiyyət vəsiqəsini istədikdə, İlham demişdir ki, Turalın evini də, onun əmisi oğlunu da tanıyır, ehtiyac yoxdur. Həmin ərəfədə dostu Həsən də ona zəng edib borca verdiyi 2000 manat pulunu geri istədikdə, o ona məsələni danışaraq bir neçə ay əvvəl işinin düzəlməsi üçün ondan borca alıb İlham və Turala verdiyi 2000 manat pulu həmin şəxslər tərəfindən ələ keçirildiyini, aldadıldığını, heç bir işini düzəltmədiklərini bildirmişdir. Həsən də ona demişdir ki, həmin şəxslərlə əlaqə saxlasın görüşüb danışsınlar. O Həsənin yanında İlhama zəng vurub ona görüşmələrini, pulu qaytarmalarını bildirmişdir. İlham isə bir daha ona bildirmişdir ki, Turalla ikisi 4200 manat puldan 2000 manatı xx.xx.2024-cü il tarixinə qədər qaytarıb verəcək, qalan 2200 manat pulu da 2024-cü ilin fevralın 05-10 arası qaytaracaqlar. xx.xx.2024-cü il tarixdə o Turalın digər ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş, lakin o telefona cavab verməmişdir. Lakin sonra o ona bir daha zəng etdikdə, Tural telefonu qaldırmış və onlar görüşməyə razılaşmışlar. xx.xx.2024-cü il tarixdə o İlham, Tural, Həsənlə birlikdə Sumqayıt şəhəri, “Xəlifə” şadlıq sarayının yanındakı çayxanada görüşmüşlər. Orada onlara məlum oldu ki, özünü Tural kimi təqdim edən şəxs Tural deyil, Təqsirləndirilən şəxs1dir. Həmin vaxt Həsən onlara bildirmişdir ki, pulun 2000 manatı ona məxsusdur, pullarını geri qaytarsınlar. Onlar isə pullarının olmadığını bildirərək 4200 manat pulu geri qaytarmaqdan imtina etmişlər. Buna baxmayaraq o dostu Həsənin 2000 manat pul borcunu ona qaytarıb vermişdir. Daha sonra o bu məsələ ilə əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü PB-yə ərizə ilə müraciət etmiş, həmin bölməyə dəvət olunaraq izahat yazmışdır. Beləliklə də, həmin cinayət nəticəsində ona ümumilikdə 4200 manat ziyan dəymişdir. Həmçinin Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onlarla barışdığını, cinayət işi üzrə heç bir şikayət və tələbinin olmadığını, cinayət işi üzrə icraata xitam verilməsini, məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır. 2023-cü ilin avqust ayının əvvəllərində Taleh onun yaşadığı evə gələrək, söhbət əsnasında bildirmişdir ki, yaxın tanışları var, onu Kanadaya işə düzəltmək istəyirlər, birinin adı İlham, digərinin adı Turaldır, onlar bu işə görə ondan 4200 manat pul istəyirlər, 2200 manat pulu var, 2000 manatda ona köməklik edə bilər. O da ona demişdir ki, köməklik edə bilər. 2023-cü ilin avqust ayının təxminən 26-da onlar Talehlə Sumqayıt şəhəri, Bahar şadlıq sarayı ilə üzbə-üz olan notariat kontorunun qarşısında görüşmüşlər və o Talehə 2000 manat pul vermişdir ki, aparıb həmin işi həll etsin. Həmin pul da ona məxsus pul olmuş, pula ehtiyacı olduğu üçün o 2023-cü ilin dekabr ayının axırlarında Talehə zəng vurub ona verdiyi 2000 manat borc pulunu geri istəmiş, Taleh isə ona məsələni danışaraq bir neçə ay əvvəl işin düzəlməsi üçün ondan borca alıb İlham və Turala verdiyi 2000 manat pulu həmin şəxslər tərəfindən ələ keçirildiyini, aldadıldığını, heç bir işini düzəltmədiklərini bildirmişdir. O da ona demişdir ki, həmin şəxslərlə əlaqə saxlasın görüşüb danışsınlar. Taleh də İlhama zəng vurub ona görüşmələrini, pulu qaytarmalarını bildirmiş, İlham isə bildirmişdir ki, Turalla ikisi 4200 manat puldan 2000 manatı xx.xx.2024-cü il tarixinə qədər qaytarıb verəcək, qalan 2200 manat pulu da 2024-cü ilin fevralın 05-10 arası qaytaracaq. xx.xx.2024-cü il tarixdə o İlham, Tural, Talehlə birlikdə Sumqayıt şəhəri, “Xəlifə” şadlıq sarayının yanındakı çayxanada görüşmüşlər. Orada onlara məlum olmuşdur ki, özünü Tural kimi təqdim edən şəxs Tural deyil, Təqsirləndirilən şəxs1dir. Həmin vaxt o onlara bildirmişdir ki, pulun 2000 manatı ona məxsusdur, pullarını qaytarsın. Onlar isə pullarının olmadığını bildirərək 4200 manat pulu geri qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən də qaynı Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-yə ərizə ilə müraciət etmişdir. Sonradan Zərərçəkmiş şəxs ona olan 2000 manat borcunu tam olaraq qaytarmışdır. Cinayət işinin 25-ci vərəqəsində olan şübhəli şəxsin tutulması barədə 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saxlanılmışdır. Cinayət işinin 45-ci vərəqəsində olan şübhəli şəxsin tutulması barədə 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanılmışdır. Cinayət işinin 77-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 99-100-cü vərəqələrində olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin 101,103-cü vərəqələrində olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişlər. Cinayət işinin 102-cı vərəqəsində olan şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 01 övladı var (xx.xx.2019-cu il təvəllüdlü X6). Cinayət işinin 103A vərəqəsində olan şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs1 03 övladı var (xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın tam ödənildiyini, onlarla barışdığını, cinayət işi üzrə heç bir şikayət və tələbinin olmadığını, cinayət işi üzrə icraata xitam verilməsini, məhkəmə iclaslarının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 170, 300 və 30 manat olmaqla ümumillikdə 500 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə 550 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizələrindən görünür ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiklərini, onunla barışdıqlarını, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini bildirərək barələrində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfləri məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmalarını və ona dəymiş ziyanı tamamilə ödəmələrini, zərərçəkmiş şəxsin onlaraa qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxslər tərəfindən vurulmuş 4200 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 1050 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi və barələrində Azərbaycan Respublikası 178.2.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri ləğv edilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar