Məhkəmə qərarları › İş №1(060)-150/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-150/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-150/2025 11.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 06 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SMP-518, yataqxana 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,297 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 10 sentyabr 2024-cü il tarixdə, saat 19:00-da Sumqayıt ŞPİnin 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə “Gilan Tekstil” fabrikinin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərinin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin psixotrop maddə metamfetamin əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Təxminən bir neçə aydır ki, azadlığa çıxmışdır. 10 sentyabr 2024-cü il tarixdə o, Bakı şəhəri, “20 Yanvar” ərazisində olan zaman əvvəllər rastlaşmadığı və tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq “patı” istəyibistəmədiyini soruşmuşdur. O, 20 manat verərək həmin şəxsdən şəxsi istifadəsi üçün bir büküm metamfetamin almışdır. Həmin bükümü üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə, axşam radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə “Gilan Tekstil” fabrikinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onun qanunsuz olaraq narkotik vasitə istifadəsində və daşınmasında şübhəli olduğunu və üzərində şəxsi axtarış aparılması üçün polis bölməsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə getmişdir. İdarənin inzibati binasında otaqlardan birində ona təyin edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman o əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı içərisində metamfetamin olan bükümü masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümün metamfetamin olduğunu və tutulduğu gün Bakı şəhəri 20 Yanvar metrosu ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra şəxsi axtarışı aparan polis əməkdaşı ona üzərində başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuş, o, üzərində başqa heç bir istifadəsi və daşınması qanunla qadağan edilmiş əşya və predmetin olmadığını bildirmişdir. Polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış və heç bir şey aşkar olunmamışdır. Onun təhqiqata təqdim etdiyi metemfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 0,25 qram olmuşdur. Sonra həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Raport əsasında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının iştirakı ilə əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:50-də əməliyyat müşahidəsinə götürülmüş və o, saat 19:00-da Sumqayıt şəhəri, 76-cı məhəllə, “Gilan Tekstil” fabrikinin yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək Zaurun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu deyib PB-yə getməli olduğunu bilmiş, Təqsirləndirilən şəxs onlara etiraz etməyərək PB-yə gəlmişdir. PB-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün seçdiyi müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri və üzərində şəxsi axtarış aparılmasının zəruriliyi izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirmiş, şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmiş, həmin bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddəni tutulduğu gün saat 10 radələrində Bakı şəhəri, 20 yanvar metrosu ərazisində olan zaman tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin çəkisi elektron tərəzi vasitəsilə 0,25 qram müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Gilan Teksitil” fabrikinin yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.20) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi, üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 25) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:55-dən 19:59-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək müdafiəçi təqdim olunmuş, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etməmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü sağ əli ilə əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaretin qara kağızına bükülmüş 1 bükümü təqdim etmiş, həmin büküm acılan zaman bükülünün içərisində ağ rəngli kristal formada narkotik vasitə metafetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 büküm kütlənin narkotik vasitə olan “metafetamin” olduğunu, həmin kütləni xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri 20 Yanvar dairəsi yaxınlığında üzdən tanıdığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəziyə qoyulub çəkilən zaman metafetaminə bənzər kütlənin çəkisinin 0,25 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin kütlə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 242 saylı möhürü ilə möhürlənmişdir. (i.v.26-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4529 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №242” möhür əksi, “Saxlanılan şəxs...Təqsirləndirilən şəxs...” yazıları və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,297 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop madddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,297 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,247 qram maddə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində müəyyən edilmişdir. (i.v.34-38) Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə də təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v. 48-59) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-286/2024 nömrəli qərarına əsasən təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.65-69) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 10 ay 28 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Sumqayıt Şəhər Məhəməsinin xx.xx.2016-cı il tarxli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 67.1-ci maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə üzərində 04 il 09 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Qarayev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-78/2022 nömrəli hökmü üzrə təyin edilmiş, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 06 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.76-78) Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v.79-89) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Qarayev X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-78/2022 nömrəli hökmü üzrə təyin edilmiş, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 06 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.90-93) “Maddi sübutun tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,297 qram psixotrop maddə olan metamfetaminin və “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd CD diskin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 0,247 qram olan psixotrop maddə metamfetaminin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsiqərara alınmışdır. (i.v.96-97) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsin Ambulator X1 barədə xx.xx.2024-cü il tarixli, 6666 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.108-109) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (i.v.111-113) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,297 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq tədqiqatdan sonra qalıq çəkisi 0,247 qram psixotrop maddə metamfetaminin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsi, maddi sübut 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i.v.114-120) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)-400/2016 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilərək Cinayət Məcəlləsini 67.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 10 ay 28 gün hissəsi hökm üzrə təyin edilmiş 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, ona qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs 1) Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,xx.xx.2015-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 10 ay 28 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir; 2) Sumqayıt Şəhər Məhəməsinin xx.xx.2016-cı il tarxli hökmü ilə Cinayət Məcəclləsinin 177.2.2, 177.2.3 və 67.1-ci maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə üzərində 04 il 09 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; 3) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-78/2022 nömrəli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 06 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ağır cinayətə görə məhkum edildiyi birinci hökm üzrə cəzasını çəkib qurtardıqdan sonra 06 il keçmədən, az ağır cinayətə görə məhkum edildiyi ikinci hökm üzrə isə cəzasını çəkib qurtardıqdan sonra 02 il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər, ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-78/2022 nömrəli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 06 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 (altı) ay 03 (üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)- 78/2022 nömrəli hökmü üzrə təyin edilmiş və çəkilməmiş qalan 06 (altı) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6666 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6666 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0.247 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci cəmi 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 (altı) ay 03 (üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 06 (altı) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,247 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürsosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar