Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-151/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1965-ci ildə Füzuli rayonu, Pirəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə-2 yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 12-ci bəndinin, yəni elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların tikintisinin yerinə yetirilməsinin qadağan olunması barədə tələbini pozaraq 2016-cı ilin avqust ayında Sumqayıt şəhəri, Yaşıldərə-2 yaşayış massivinin ərazisindən keçən “xxxx” ASC-nin “Şimal X16 və Satışı İdarəsi”nin balansında olan 10 kV-luq 20-ci “Şəhər fideri”nin elektrik hava xəttinin altında, yəni mühafizə zonasında həmin İdarənin və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi razılığı olmadan iki mərtəbəli fərdi yaşayış evi tikmiş, bununla da müvafiq icazə almadan mühafizə zonalarında tikinti işləri apararaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 1981-ci ildən Sumqayıt şəhərində yaşamış,1984-cü ildə X9 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 1985-ci ildə Gülnarə adlı qızı olmuş, İsmayıl Əmirov 1990-cı ildə vəfat etmişdir. 1992-ci ildə X5 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur, bu nikahdan 1994-cü ildə Günay adlı qızı doğulmuş və Həsənağa Qəribov da 1997-ci ildə vəfat etmişdir. Fərdi qaydada evlərdə təmizlik işləri apararaq ailəsini dolandırır. Əvvəllər uşaqları ilə Sumqayıt şəhərində yerləşən yataqxanada yaşamış, yaşadığı yataqxanadakı otaq darlıq etdiyindən onu satıb Sumqayıt şəhəri Yaşıl Dərə yaşayış massivindən torpaq sahəsi alıb orada fərdi ev tikmək qərarına gəlmişdir. 2014-cü ilin iyul ayında tanımadığı və hazırda adını xatırlamadığı bir nəfər şəxsdən Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivindən 9000 manata 3,5 sot torpaq sahəsi almışdır. Həmin şəxs torpağı hasarlamış və özünə məxsus olduğunu bildirmiş, lakin torpağa dair heç bir sənədi olmamış və torpağı ona sənədsiz satmışdır. Torpaq sahəsini aldıqdan sonra 2014-cü ilin iyun ayında elektrik xəttindən kənarda bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evi tikdirməyə başlamış və 2015-ci ildə həmin evə köçmüşdür. Bundan sonra, həmin evi öz qızı Günay Qəribovaya ailəsi ilə birlikdə yaşaması üçün bağışlamaqla həyətdə boş qalan digər sahədə əlavə olaraq iki mərtəbəli ev tikdirmək qərarına gəlmiş, təxminən bir il sonra, yəni 2016-cı ilin iyul ayında bunun üçün fərdi memar Şahid2 müraciət etmiş və sonuncu tərəfindən ona Sumqayıt şəhərinin cənubu, «Şimal-Abşeron» kanalının şimalında yeni yaşayış massivində fərdi ev tikmək üçün tikinti layihəsi çəkilərək təqdim edilmişdir. O, ev tikintisinə dair sənədləşmə prosedurunun başlanması üçün Sumqayıt şəhər İH-nin Memarlıq və Şəhərsalma şöbəsinə tanışı Şahid6 vasitəsilə 385 manat pul ödəmiş və sonuncu qəbzi ona təqdim etmişdir. Buna baxmayaraq torpağa dair heç bir sənədi olmadığına görə sənədləşmə işini apara bilməmiş və fikirləşmişdir ki, evi tikdirdikdən sonra icazəni rəsmiləşdirər. Elektrik xəttinin altında ev tikməyi qadağan olduğunu bilməmişdir. Belə ki, həmin ərazidə yaşayan vətəndaşların kütləvi şəkildə elektrik xəttinin altında ev tikdiklərini gördüyündən o da həyətində ikinci evi tikdirməyə başlamışdır. Hadisə baş verən iki mərtəbəli, eni 6 metr uzunluğu 10 metr, hündürlüyü 7 metr olan fərdi yaşayış evini həyətdə daha əvvəl tikdirdiyi digər bir mərtəbəli evlə üzbəüz təxminən 7-8 metr məsafədə, hava elektrik xəttinin altında 2016-cı ilin avqust ayında tikdirmişdir. Həmin evin birinci mərtəbəsində iki otaq və sanitar qovşaq, ikinci mərtəbəsində üç otaq və sanitar qovşaq vardır. Qızı Günayla yaşadığından ikinci evin birinci mərtəbəsindəki bir otağı hadisədən bir müddət əvvəl əslən Quba rayonundan olan X7 dörd nəfərlə birliklə ayıq 140 manata yaşamaq üçün kirayə vermişdir. Elvingil ev ustası olmaqla qonşu evlərdə təmir-tikinti işləri aparmışlar, 2018-ci ilin oktyabr ayında digər kirayənişlər işlərini yekunlaşdırıb getmişlər. Elvinlə qarşılıqlı razılıq əsasında evin ikinci mərtəbəsini sonuncunya ailəsi ilə birlikdə yaşamaq üçün kiryayə vermiş və həmin mərtəbənin rəngsaz işini öz hesabına apardığına görə sonuncudan kirayə haqqı almamışdır. Elvin 2 ay ərzində təmir işlərini bitirərərək anasını, iki azyaşlı uşağını və arvadı Fəridəni həmin evə gətirmiş və onlar evin ikinci mərtəbəsində yaşamağa başlamışlar. 30 dekabr 2018-ci il tarixdə Elvinin anası rayona getmiş, 31 dekabr 2018-ci il tarixdə o, qızı Günayla Bakı şəhərində yaşayan bacısı X21gilə qonaq getmişlər, Elvin ailəsi ilə evdə qalmışdır. Elvingilin yaşadığı binanın dam örtüyündə hər hansı bir problem olmamışdır. Elvinə evin dam örtüyü üzərində hər hansı təmir-bərpa işləri aparmağı tapşırmamış, nə də Elvin dam üzərində hər hansı təmir-bərpa işləri aparacağını ona deməmişdir. Bakı şəhərinə gedəndən sonra Elvinlə əlaqə saxlamamışdır. 01 yanvar 2019cu il tarixdə səhər saat 11 radələrində qonşuları zəng edərək Elvin Əlməmmədovu evin damında elektrik cərəyanı vurduğunu dediklərindən qızı Güllüyə zəng edib evə getməyi tapşırmışdır. Dərhal Sumqayıt şəhərində yerləşən evinə qayıtmış, həmin gün Sumqayıt şəhərində hava nəmişli olmaqla axşamdan yağan yağış evin dam örtüyünü islatmışdır. Evə çatanda X2 yaşadığı evin damında evin damın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə ilişmiş uzanıqlı meyitini görmüşdür. Hadisə barədə dərhal polis idarəsinə zəng edib məlumat vermişdir. Elvin Əlməmmədov nə üçün dam üzərinə çıxdığını onun arvadı Fəridədən soruşmuş, Fəridə evin daman yerini tutmaq üçün palçıq hazırlayıb dam örtüyünə çıxaraq orada iş görərkən dam üzərindən keçən yüksək gərginlikli elektrik xəttinə toxunaraq, cərəyan vurmadan yerində öldüyünü söyləmişdir. İnşa etdiyi evin torpaq sahəsinə dair heç bir sənədi yoxdur, həmin torpaq sahəsinin dövlət yaxud bələdiyyəyə məxsus olmasını bilmir, həmin torpağı təxminən 5-6 il əvvəl tanımadığı şəxsdən almışdır. Həmin dövrdə Yaşıldərə-2 yaşayış massivində vətəndaşlar tərəfindən kütləvi tikintilər aparılmış, həmin şəxs də ona orada 3,5 sot torpaq sahəsi olduğunu, həmin torpağa artıq bir neçə ildir ki, sahiblik etdiyini demiş, torpaq hasarlanmış vəziyyətdə olmuş, o da həmin şəxsə inanıb qeyd etdiyi məbləği verərək torpağı almış, lakin torpağa dair ona heç bir sənəd təqdim edilməmiş, hazırda da həmin torpağa dair heç bir sənədi yoxdur. Sonradan eşitmişdir ki, həmin şəxs Rusiya Federasiyasında Dağıstan Respublikasınınn Maxaçkala şəhərində avtoqəzada həlak olmuşdur. Pulu əlbəəl vermiş, pulu verməyinə dair heç bir notarial və ya digər qeydiyyat aparılmamışdır. Torpağı aldığı 2014-cü ildən hal-hazıradək hər hansı şəxs və qurum tərəfindən ona torpağı qanunsuz zəbt etməyi, torpağın ona aid olmaması ilə əlaqədar hər hansı xəbərdarlıq və irad bildirilməmiş, ona görə də hesab edir ki, həmin şəxsin torpağa dair sənədləri olmasa da torpaq faktiki olaraq həmin şəxsə aid olmuşdur. Hadisənin baş verdiyi, yəni Elvin Əlməmmədovun sonralar kirayədə yaşadığı evi inşa etməzdən əvvəl orada ev tikmək üçün Sumqayıt şəhər İH-nin Memarlıq və Şəhərsalma İdarəsinə tanışı Şahid6 vasitəsilə müraciət etmiş, müraciət etməmişdən əvvəl isə layihə çəkdirmiş və həmin layihəni də qeyd etdiyi idarəyə təqdim edilməsi üçün Şahid6 vermişdir. Orada tikinti aparmaq üçün onun tikinti lahiyəsindən başqa sənədi yoxdur. Tikintini layihələşdirsə də həmin evin tikintisini aparmaq üçün rəsmi icazəsi olmamışdır. Düşünmüşdür ki, evi inşa edəndən sonra sənədlərini rəsmiləşdirər. Sənədləşmə üçün Şahid6 ancaq evin layihəsini təqdim etmiş, sonuncu da ona 385 manat rüsumun ödənilməsinə dair qəbzləri verdikdən sonra evin tikintisinə başlamış, o, həmin pulu sadəcə sənədləşmə işlərinin başlanması üçün ödənildiyini, həmin ödənişin edilməsinin ona ev tikmək hüququnun vermədiyini bilməmişdir. Tanışı Şahid6 həmin vaxt ona bildirmişdir ki, icazənin alınması üçün rüsum ödənməlidir. O da 385 manat məbləğində pulu Vaqifə vermiş, Vaqif də pulu onun əvəzinə bank hesabına köçürdükdən sonra qəbzləri ona vermiş, Sumqayıt şəhər İcra hakimiyyətindən ona həyətdə tikdirdiyi 2-ci evin tikintisinə icazə verilməsi barədə rəsmi icazə verilməmişdir. Hadisənin baş verdiyi evi tikmək üçün “xxxx” ASC-nin “Şimal X16 və Satışı İdarəsi”nin razılığını almamışdır. Tikinti gedərkən tanımadığı və xatırlamadığı iki nəfər polis əməkdaşı tikintiyə dair icazənin olub olmadığını soruşmuş və o da polis əməkdaşlarına üzərində “fərdi yaşayış evinin tikintisinə icazə” yazılan qəbzi təqdim etdikdən sonra onlar tikintiyə icazəsinin olduğunu hesab edib çıxıb getmişlər, başqa hər hansı qurum tərəfindən tikintiyə dair ona irad bildirilməmişdir. Hadisənin baş verdiyi həmin evi inşa etməzdən əvvəl artıq oradan yüksək gərginlikli elektrik xətti keçirdi, hazırda da keçir, birinci evi ona görə həmin xəttin altında tikməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə olmadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkəsinin altında tikinti aparılması qadağan olunsa da, digər tərəfdən ondan əvvəl və sonra həmin elektrik xətinin keçdiyi sahədə və şəbəkənin mühafizə zonasında çoxsaylı evlər inşa edilmiş, ona görə də hesab etmişdir ki, o da orada ev tiksə problem olmaz. Bununla bağlı hər hansı dövlət orqanı tərəfindən ona hər hansı irad bildirilməmişdir. xxxx” ASC-nin “Şimal” X16 və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsindən daxil olmuş məktubdan görünür ki, onun “Yaşıldərə-2” yaşayış massivindəki evin 11 iyul 2014-cü ildə **********01394 kodu ilə abonent qeydiyyatına alınması, 21 iyul 2015-ci il tarixdə isə sayğac quraşdırılması, lakin hazırda hadisə baş verən iki mərtəbəli evi 2016-cı ilin avqust ayında inşa etdirdiyini bildirməsi ilə əlaqədar göstərmişdir ki, həyətdə olan 2014-cü ildə tikdirdiyi birinci evə görə abonent kodu almış, 2015-ci ildə həmin evə köçdükdən sonra sayğac quraşdırılmış, lakin hər iki evin sahibi özü olduğundan və evlər eyni həyətdə yerləşməklə aralarında təxminən 7-8 metr məsafə olduğundan iki evə bir sayğac qoşulmuşdur. O, maddi çətinliklə əlaqədar başqa yerdə torpaq almaqla ev tikmək imkanı olmadığından həmin torpaq üzərində ev tikməli olmuşdur. Təqsirləndirilən şəxs hazırda onun heç bir təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və elan edilmiş ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, ibtidai istintaq zamanı o Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, elektrik xəttinin altında ev tikməyin qadağan olduğunu bilsə də həmin ərazidə yaşayan vətəndaşların kütləvi şəkildə elektrik xəttinin altında ev tikdiklərini gördüyündən o da həyətində ikinci evi tikdirməyə başlamışdır. Hadisənin baş verdiyi həmin evi inşa etməzdən əvvəl artıq oradan yüksək gərginlikli elektrik xətti keçmiş, hazırda da keçir, birinci evi ona görə həmin xəttin altında tikməmiş, ikinci evi tikməmişdən əvvəl həmin ərazidə yaşayan şəxsən tanımadığı və hazırda xatırlamadığı bir neçə şəxslə məsləhətləşmiş və həmin şəxslər ona elektrik xəttinin 10 kV-luq olduğunu, altında tikinti aparmağın əslində qadağan olduğunu demişlər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə olmadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkəsinin altında tikinti aparmaqla qanunun tələblərini pozduğunu bilmiş, lakin digər tərəfdən ondan əvvəl və sonra həmin elektrik xətinin keçdiyi sahədə və şəbəkənin mühafizə zonasında çoxsaylı evlər inşa edilmiş, ona görə də hesab etmişdir ki, o da orada ev tiksə problem olmaz. Bununla bağlı hər hansı dövlət orqanı tərəfindən ona hər hansı irad bildirilməmişdir. xxxx” ASC-nin “Şimal” X16 və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsindən daxil olmuş məktubdan görünür ki, sizin “Yaşıldərə-2” yaşayış massivindəki evin 11 iyul 2014-cü ildə **********01394 kodu ilə abonent qeydiyyatına alınması, 21 iyul 2015-ci il tarixdə isə sayğac quraşdırılması, lakin hazırda hadisə baş verən iki mərtəbəli evi 2016-cı ilin avqust ayında inşa etdirdiməsini bildirməsi ilə əlaqədar göstərmişdir ki, həyətdə olan 2014-cü ildə tikdirdiyi birinci evə görə abonent kodu almış, 2015-ci ildə həmin evə köçdükdən sonra sayğac quraşdırılmış, lakin hər iki evin sahibi özü olduğumdan və evlər eyni həyətdə yerləşməklə aralarında təxminən 7-8 metr məsafə olduğundan iki evə bir sayğac qoşulmuşdur. Törətdiyi əməldən peşmandır, lakin maddi çətinliklə əlaqədar başqa yerdə torpaq almaqla ev tikmək imkanı olmadığından həmin torpaq üzərində ev tikməli olmuşdur. Məhkəmədə Şahid1 qızı ifadəsində göstərdi ki, kiçik yaşlı olarkən atası öldüyündən doğma anası Təqsirləndirilən şəxs onları tək böyüdüb, tərbiyyə etmişdir. 2005ci ildə X10 ilə ailə qurmuş, həmin nikahdan iki azyaşlı uşaqları olmuş və ailəsi ilə birlikdə ünvan 3 ünvanda kirayədə yaşamışdır. Anası əvvəllər yaşadıqları yataqxanadakı mənzilini satmış, Sumqayıt şəhərinin cənubu, «Şimal-Abşeron» kanalının şimalında 3,5 sot torpaq sahəsi almış, orada iki ev inşa etmişdir. Birinci ev bir mərtəbəli üç otaqlı olmuş, həmin evdə bacısı Gunay ailəsi ilə birlikdə yaşamışdır. Həmin həyətdə bundan başqa eni 6 metr, uzunluğu 10 metr, hündürlüyü 7 metr olan iki mərtəbəli ikinci fərdi ev inşa edilmişdir. İkinci evin, yəni hadisənin baş verdiyi ikinci evin birinci mərtəbəsində iki otaq və sanitar qovşaq, ikinci mərtəbəsində üç otaq və sanitar qovşaq olmuşdur. Anası qızı Günayla birinci evdə yaşadığından ikinci evin birinci mərtəbəsindəki bir otağı hadisədən bir müddət əvvəl əslən Quba rayonundan olan X7 dörd nəfərlə birliklə ayı 140 manata kirayə vermişdir. Elvingil ev ustası olmaqla qonşu evlərdə təmir-tikinti işləri aparmış, demək olar ki, evə yalnız gecələməyə gəlmişlər. 2018-ci ilin oktyabr ayında Elvinlə qalan digər kirayəşinlər işlərini yekunlaşdırıb getmiş, Elvin isə qalaraq yaşadığı evin birinci mərtəbəsindən ikinci mərtəbəsinə köçərək ailəsini yaşamaq üçün həmin evə gətirəcəyini bildirib, həmin mərtəbənin rəngsaz işini öz hesabına aparmağa başlamış, bu səbəbdən anası Elvindən etdiyi təmirin dəyərinə uyğun kirayə pulu almamağa qərar vermişdir. Hadisədən təxminən 2 ay əvvəl Elvin həmin evin ikinci mərtəbəsinin təmirini tamamlamış və Quba rayonun Amsar kəndində yaşayan anasını, iki azyaşlı qızını və arvadı Fəridəni həmin evə gətirmiş və onlar birlikdə evin ikinci mərtəbəsində yaşamağa başlamışlar. X13 münasibəti normal olmuşdur. 31 dekabr 2018-ci il tarixdə anası bacısı Günayla Bakı şəhərində yaşayan bacısı Zalova Zümrudgilə qonaq getmişlər, Elvin isə ailəsi ilə evdə qalmışdır. Elvingilin yaşadığı evin dam örtüyü təzə vurulmuş, dam örtüyünün daman yeri olmadığından təmirə ehtiyac olmamışdır. 31 dekabr 2018-ci il tarixdən 01 yanvan 2019-cu il tarixə keçən gecə yağış yağmış, səhəri yəni 01 yanvar 2019-cu il tarixdə də hava çiskinli olmaqla kəskin soyuq hiss olunmuşdur. 01 yanvar 2019-cu il tarixdə saat 11 radələrində anası Sayad qızı Şahid1 zəng etmiş, Elvin Əlməmmədov yaşadığı evin damına özbaşına çıxaraq orada iş görərkən evin üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunaraq cərəyan vurmaqdan öldüyündən, tez həmin yerə getməyini demişdir. Dərhal X1 yaşadığı evə gəlmişdir. Bu vaxt Elvinin arvadı və uşaqlarının ağladığını, evin ətrafında qonşular toplaşdığını, diqqət edərkən Elvinin evin damında boynu dam üzərindən keçən elektrik xətti üzərində dam örtüyünün üzərində uzanmış vəziyyətdə meyitini görmüşdür. Elvin Əlməmmədov nə üçün evin damına çıxdığını arvadı Fəridədən soruşduqda sonuncu evin tavanından daman yeri tutmaq üçün palçıq hazırlayıb dam örtüyünə çıxaraq orada iş görərkən öz ehtiyatsızlığından dam üzərindən keçən yüksək gərginlikli elektrik xəttinə toxunduğunu və nəticədə cərəyan vurmadan yerində öldüyünü demişdir. Hadisənin baş verdiyi həmin fərdi evi inşa edərkən oradan yüksək gərginlikli elektrik xətti keçmişdir, həmin gərginlik altında fərdi ev tikərkən aidiyyatı təşkilatlarla, o cümlədən enerji təchizatı və satışı idarəsi ilə razılaşma aparılmamışdır. Anası fərdi yaşayış evinin tikintisinə icazə üçün 385 manat ödəniş etmişdir. İşıq idarəsinin heç bir əməkdaşını görməmiş və anasına orada ev tikməsinə dair heç bir qadağa qoyulmamış və xəbərdarlıq edilməmişdir. Sayğac üçün işıq idarəsinə pul köçürülmüşdür. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, ixtisasca energetikdir və 1988-ci ildə Sumqayıt Sənayə Unvierstitetindən məzun olduqdan sonra energetika sahəsində müxtəlif dövlət qurumlarında işləmiş, 2015-ci ildən xxxx” ASC-nin “Şimal X16 və Satışı İdarəsində aparıcı mühəndis vəzifəsində işləyir. Vətəndaş Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yaşıldərə-2 yaşayış massivində “xxxx” ASC-nin “Şimal X16 və Satışı İdarəsi”nin balansında olan 10 kV-luq 20-ci “Şəhər fideri”nin elektrik hava xəttinin altında iki mərtəbəli fərdi yaşayış evi tikmiş, həmin elektrik xəttinin altı isə mühafizə zonası hesab edilir. Təqsirləndirilən şəxs həmin iki mərtəbəli ev tikərkən mühafizə zonasına cavabdeh olan istismarçı “xxxx” ASC-nin “Şimal X16 və Satışı İdarəsi”nin rəsmi razılığını almamışdır. Həmin ərazidə tikinti işlərinin aparılmasının “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 saylı qərarına zidd olması barədə müvafiq dövlət orqanlarına müraciət olunmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində ev tikdiyi torpaq sahəsi dövlətə məxsus olsa da həmin ərazidən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolağı müəssisə tərəfindən “Qaydalar”a uyğun qorunur. Vətəndaş Təqsirləndirilən şəxs “Yaşıldərə-2” yaşayış massivindəki evi 11 iyul 2014-cü ildə **********01394 kodu ilə “xxxx” ASC yarandıqdan əvvəlki dövrdə abonent qeydiyyatına alınmış, 21 iyul 2015-ci il tarixdə isə sayğac quraşdırılmışdır. Həmin həyətdə Təqsirləndirilən şəxs tərəfindən iki ev tikilmiş, ilkin ev 2014-cü ildə tikilməyə başlandığından 2014-cü ildə abonent kodu alınmış, 2015-ci ildə isə sayğac quraşdırılmış, lakin hər iki evin sahibi eyni şəxs olduğundan və evlər eyni həyətdə yerləşməklə aralarında təxminən 7-8 metr məsafə olduğundan iki evə bir sayğac qoşulmuş, yəni 2016cı ildə tikdirdiyi və hadisə baş verən evdə də abonent kodu və sayğac eynidir. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, «Qarabağ Əliləri və Veteranları Cəmiyyəti»nin Sumqayıt şəhər şöbəsinin sədridir. Təqsirləndirilən şəxs təxminən 2014-cü ildən tanıyır. Belə ki, o, adını indi xatırlamdağı Qarabağ əlilinin paralic olmuş övladına təmənnasız xidmət etmiş, Sayadın bu hərəkətlərinə görə ona kömək etmək qərarına gəlmişdir. Sayadın danışığından başa düşmüşdür ki, sonuncu qızları ilə yataqxanada yaşayır, yaşamaq üçün şəraitləri yoxdur, aldıqları torpaq sahəsində ev tikmək istəyir və ondan köməklik göstərməyi xahiş etmişdir. Sayadın xahişi həmin torpaq sahəsində ev tikməyə icazə almaq olmuşdur. O da Sayada imkanlarından istifadə edib köməklik göstərməyə söz vermişdir. Evin tikintisi üçün Şəhər İcra Hakimiyyətinin memarlıq və şəhərsalma idarəsindən razılıq alınmalı olduğunu bildiyindən Sayadın adından İcra Hakimyyətinin adına ərizə yaznış və icra hakimiyyətinə təqdim etmişdir. Həmin ərizəyə baxılaraq şəhərsalma və memarlıq idarəsinə göndərilmiş, ərizəyə baxmaq idarəsinin rəis müavini Kamil müəllimə tapşırılmış, sonuncu isə ərizəyə baxılmasını tikinti və tikintiyə nəzarət şöbəsinə həvalə etmişdir. Sayadın aldığı torpaq sahəsi 3,7 sot olmuş, həmin torpaq sahəsində 2 qızı üçün ayrı-ayrı ev tikməyi nəzərdə tutmuşdur. Birinci ev tikilməsi üçün layihə təsdiq olunmuş və icazə sənədi verilmişdir, 2015-ci ildən başlayaraq ev tikilməyə başlanmış və həmin ildə müəyyən işlər görülmüşdür. Sayadın qızı Günay Zeynalova uşağı ilə həmin evə köçmüşdür. Sayadgil 2-ci mikrorayonda olan yataqxanadakı evlərini satmışdılar. Bundan sonra Sayad ikinci qızı Gülnarə üçün ev tikmək qərarına gəlmiş, bundan ötrü də ondan xahiş etmişdir ki, ona da ev tikintisi üçün icra hakimiyyətindən icazə alsın. 2016-cı ildə artıq şəhər İcra Hakimiyyətinin rəhbərliyi dəyişmiş və o, Sayadın adından ərizə yazb icra hakimiyyətinə təqdim etmiş, orada ərizə memarlıq və şəharsalma idarəsinə göndərilmiş, ərizəyə baxılması tikintiyə nəzarət şöbəsinin rəisi Mürvətə tapşırılmışdır. Mürsəl də işə baxmağı Tural adlı işçisinə həvalə etmişdir. Mürvət Turalı əraziyə göndərmiş və Tural əraziyə baxaraq Mürvətə məruzə etmiş və bundan sonra Mürvət bildirmişdir ki, indi sənədləşmə sadələşib və rüsumi ödəməklə tikintiyə başlaya bilər. O, həmin evin tikintisi üçün layihə hazırlatdırmış, layihənin bir nüsxəsini memarlıq idarəsinə təqdim etmişir. O, bu barədə Sayada demiş və sonuncu tikintiyə başlayaraq 2016-cı ilin axırlarında tikintisi başa çatdırıb evi kirayə vermişdir. Sayadın məqsədi kirayənişindən pulu alıb evdə təmiri başa çatdırmaq olmuşdur. Tikinti posesi zamanı heç bir təşkilatın nümayəndəsi əraziyə gəlməmiş və hər hansı bir xəbərdarlıq edilməmişdir. Həmin dövrdə elektrik xəttinin dirəyi tikintiyə mane olduğundan dirəyin yerinin dəyişdirilməsi barədə işıq idarəsinin müdirinə yazılı müraciət etmiş, 3 dəfə Sayadın adından həmin idarəyə ərizə yazıb vermiş, lakin onlara rəsmi cavab verilməmişdir. Sayad da ona həmin idarənin hər hansı bir işçisinin ona gəlib ərizə ilə bağlı xəbərdarlıq etməsini deməmişdir. Onların müraciətlərinə baxmayaraq dirək dəyişilməmiş və yerində qalmışdır. Sonradan ona məlum olmuşdur ki, ərazidə yaşayan sakinlər dəfələrlə xəttin ləğv olunması və ya yerinin dəyişdirilməsi ilə bağlı kollektiv şəkildə işıq idarəsinə müraciət etmişlər. Onların müraciəti indəyədək cavabsız qalmışdır. O, Sayadla tanış olandan sonra sonuncunun qızı Günayın məhkəmə işində nümayəndə kimi iştirak etmiş və 2026-cı ilə kimi qüvvəddə olan etibarnamə verilmişdir. O, Sayadın həmin iki evi tikməsi üçün sənədləri düzəltmişdir. İşıq idarəsinə də onun adından ərizəni yazmış və ərizəni Sayad aparıb ümumi şöbəyə vermişdir. Onlardan başqa digər həmin ərazinin sakinləri də bu barədə dəfələrlə işıq idarəsinə müraciət etmişlər, lakin bununla bağlı hec bir tədbir görülməmiş və həmin müraciətlərə cavab verilməmişdir. Ev tikiləndən sonra sayğac qoyulmuş, işıq pulu odənilmiş, abonent kodu verilmişdir, lakin bunlar edilərkən heç kəs onlara işıqdan istifadənin qanunsuz olduğunu deməmişdir. Onun tərəfindən evlərin tikintilərinə icazə alınmasından ötrü heç kimə pul verilməmişdir. Məhkəmədə Şahid7 ifadəsində göstərdi ki, 2015-ci ilin noyabrın 17-dən 2020-ci ilin fevral ayına kimi Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsində nəzarət şöbəsinin rəhbəri vəzifəsində işləmiş, vəzifəsi qanunsuz tikililərə nəzarət etmək olmuş, hazırda işləmir. Təqsirləndirilən şəxs tanımır, lakin Şahid6 tanıyır. Belə ki, Şahid6 «Qarabağ Əliləri və Veteranları Cəmiyyəti»nin Sumqayıt şəhər şöbəsinin sədridir və ictimai statusuna görə dəfələrlə müxtəlif şəxslər üçün torpaq sahələrinin ayrılması və ev tikintisi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə müraciətlər etmişdir. Hazırki evlə bağlı bildirmək istəyir ki, həqiqətən də 2016-cı ildə Vaqif qəbuluna gələrək ona şifahi qaydada müraciət edib tanışı Təqsirləndirilən şəxs ev tikmək istədiyini bildirmiş, həmin vaxt ona evin eskiz layihəsini göstərmişdir. O, Şahid6 artıq qanunla sənədləşmə prosedurunun asanlaşdırıldığını, bunun üçün zəruri olan qanunla nəzərdə tutulan sənədləri toplayıb idarəyə verməli olduğunu və tikinti üçün dövlət büdcəsinə rüsum ödəməli olduğunu, sənədlər yoxlandıqdan sonra rəsmi qaydada icazə verildiyi təqdirdə tikintiyə başlaya biləcəyini izah etmiş, eyni zamanda Vaqifin xahişi əsasında qeyri-rəsmi olaraq Tural adlı öz işçisini torpağa baxması üçün əraziyə baxmağa göndərmişdir. Tural torpağa baxdıqdan sonra ona orada elektrik xətti olduğunu bildirmiş, Vaqif də evin tikintisi ilə bağlı torpağa və tikintiyə dair heç bir sənəd təqdim etmədiyindən, rəsmi qaydada müracət etmədiyindən o, Sayadın tikintiyə başlamayacağını hesab etmişdir. Sonradan baş vermiş hadisə, yəni Elvin Əlməmmədov adlı vətəndaşın elektrik cərəyanı vurması nəticəsində öldükdən sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsində qanunsuz olaraq 2 mərtəbədən ibarət ikinci ev tikmişdir. Təqsirləndirilən şəxs həmin ərazidə ev tikintisinə icazəsi olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Memarlıq və şəhərsalma idarəsinə heç bir sənəd təqdim etməmiş, yəni nə torpağa dair sənəd, nə layihə nə də digər hər hansı bir sənəd təqdim olunmamışdır. Şahid6 ancaq ona qeyrirəsmi olaraq eskiz layihə göstərmiş, o da Vaqifə ev tikintisinin qanuni prosedurunu izah etmiş, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə Təqsirləndirilən şəxs tərəfindən tikinti aparılmasına icazə verilməsi haqqında heç bir rəsmi müraciət daxil olmamış, habelə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən Təqsirləndirilən şəxs həmin torpaq sahəsində tikinti aparılmasına dair rəsmi icazə verilməmişdir. Onun özünün də hər hansı vətəndaşa şifahi qaydada hansısa torpaq sahəsində tikintiyə icazə verilməsi səlahiyyəti yoxdur, ona görə də o, heç kəsə belə icazə verə bilməzdi. Təqsirləndirilən şəxs özbaşına qanunsuz olaraq tikinti işləri aparmış, ümumiyyətlə Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinə ev tikintisi ilə bağlı rəsmi qaydada müraciət etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tikinti aparılması barədə hadisə baş verdikdən sonra məlumatları olmuş, lakin istintaq davam etdiyi üçün hər hansı tədbir görməmişlər. Eyni zamanda bildirir ki, “Yaşıldərə” yaşayış massivində qanunsuz tikintilər kütləvi hal aldığına görə idarənin personal sayı nəzərə alınmaqla faktiki olaraq həmin əraziyə nəzarət etmək mümkün olmamışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin hesabına 385 manat ödənilməsinə dair isə bildirmişdir ki, vətəndaş ev tikintisi ilə əlaqədar müraciət etdikdən sonra dövlət hesabına müəyyən işlərin görülməsi üçün pul köçürməlidir, bu xidmət haqqı sayılır, “fərdi yaşayış evinin tikintisinə icazə” əslində görülməli olan işlərin ümumi adıdır, yəni qəbzdə elə yazılması o demək deyil ki, vətəndaşa fərdi evin tikintisinə icazə verilir. Həmin ödənişin edilməsi ona fərdi yaşayış evinin tikintisi icazəsini vermir və hər hansı hüquq yaratmır. Həmin məbləğin ödənilməsi Sumqayıt Memarlıq və şəhərsalma idarəsinin rəisi tərəfindən təsdiq edilmiş “Göstərilən işlərin və xidmətlərin qiymət toplusu” adlı sənədlə tənzimlənir. Onun həmin ödəniş barədə məlumatı olmamış, lakin bildirir ki, ola bilsin ki, Təqsirləndirilən şəxs icazə prosedurlarını yerinə yetirmək üçün əvvəlcədən həmin ödənişi etmişdir, lakin həmin ödənişin edilməsi vətəndaşa tikintini aparmağa başlamaq hüququ vermir. Nə Şahid6 nə də Təqsirləndirilən şəxs tərəfindən ona tikintiyə rəsmi və ya qeyri-rəsmi icazə verilməsi üçün pul yaxud digər maddi nemət təklif edilməmiş və verilməmiş, onun tərəfindən tələb edilməmiş, eyni zamanda onun tərəfindən ev tikintisi üçün hər hansı rəsmi və ya qeyri-rəsmi icazə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə təhlükəsizlik ekspertizasının 18 aprel 2019-cu il tarixli, 8691 №-li rəyindən görünür ki, Sumqayıt şəhəri, X25 massivində yerləşən 10 kv-luq elektrik hava xəttinin altında tikildiyinə görə «Gərginliyi 1000 voltdan yuxarı elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 12-ci bəndinin tələbləri həmin evin sahibi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Sumqayıt şəhəri, X25 massivində yerləşən 10 kv-luq elektrik hava xəttinin altında yerləşən fərdi yaşayış evinin damında həmin xəttin mülkiyyətçisinin rəsmi icazəsi olmadan təmir işləri aparıldığına və gərginlik altında olan elektrik naqillərinə təhlükəli məsafəyə yaxınlaşdığına görə «Gərginliyi 1000 voltdan yuxarı elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 12 və 14-cü bəndlərinin tələbləri zərərçəkmiş X11 tərəfindən pozulmuşdur. Sumqayıt şəhəri, X25 massivində «xxxx» ASCnin balansında olan 10 kv-luq elektrik hava xəttinin altında (mühafizə zonasında) fərdi yaşayış evinin tikintisinə yol verdiyinə görə «Gərginliyi 1000 voltdan yuxarı elektrik şəbəkələrinin mühafizsi qaydaları»nın 12-ci bəndinin tələbləri Şimal X16 və Satışı İdarəsinin rəhbərliyi (konkret şəxslər tutduğu vəzifəyə görə istintaqla müəyyən edilə bilər) tərəfindən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə təhlükəsizlik ekspertizasının 22 iyul 2020-ci il tarixli, 10/1591№-li rəyindən görünür ki, Sumqayıt şəhəri “Yaşıldərə-2” yaşayış massivində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evi bilavasitə elektrik hava ötürücü xəttinin altında tikildiyinə görə həmin ev 10 kV-luq 20-ci “Şəhər fideri”nin elektrik hava xəttinin mühafizə zonasında yerləşir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 30.06.2020-ci il tarixli 221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, “Yaşıl Dərə 2” yaşayış massivində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi Sumqayıt şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış, Təqsirləndirilən şəxs tərəfindən tikintiyə icazə verilməsi prosedurunun başlanması üçün dövlət büdcəsinə 385 manat məbləğində ödəniş edilmiş, lakin onun tərəfindən torpağa dair sahiblik yaxud mülkiyyət hüququ olmasını təsdiq edən hər hansı sənəd təqdim edilməmiş, qanunla müəyyən olunmuş qaydada hüquqi prosedurlar aparılmamışdır. Bundan başqa sorğu əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ev tikdiyi torpaq dövlət mülkiyyətində olmaqla onun həmin torpağa dair heç bir sənədi yoxdur. İş materiallarında olan xxxx” ASC-nin “Şimal” X16 və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsinin 17 dekabr 2020-ci il tarixli, 149 saylı məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yaşıldərə-2 yaşayış massivində “Şimal” X16 və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsinin balansında olan 10 kV-luq hava elektrik veriliş xəttinin altında (mühafizə zolağında) iki mərtəbəli ev tikərkən həmin müəssisədən rəsmi razılıq almamışdır. Həmin ərazidə tikinti işlərinin aparılmasının “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 saylı qərarına zidd olması barədə müvafiq dövlət orqanlarına müraciət olunmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərində ev tikdiyi torpaq sahəsi dövlətə məxsus olsa da həmin ərazidən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolağı müəssisə tərəfindən “Qaydalar”a uyğun qorunur. Vətəndaş Təqsirləndirilən şəxs “Yaşıldərə-2” yaşayış massivindəki evi 11 iyul 2014-cü ildə **********01394 kodu ilə “xxxx” ASC yarandıqdan əvvəlki dövrdə abonent qeydiyyatına alınmış, 21 iyul 2015-ci il tarixdə isə sayğac quraşdırılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirli bilməyərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə olmadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkəsinin altında tikinti aparılmasının qanun pozuntusu olmasını bilmədiyini və tikinti apardığı evin üzərindən yeksək gərginlikli elektrik xəttinin keçməsindən xəbərinin olmaması barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Həmçinin məhkəmə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda özünü təqsirli bilməsinə dair müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsini daha səmimi qəbul edir və onun məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsinə dair göstərdiklərinə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.08.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 300 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X14 10 (on) saat iştirak etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25.01.2021-ci il tarixli (iş № 1(060)-151/2021) qərarını icra edərək, 23.01.2021-ci il tarixli 04 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qır iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 300 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-151/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-151/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver