Məhkəmə qərarları › İş №1(060)-151/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-151/2022

07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-151/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01(bir) ədəd bağlamada təmiz çəkisi 435,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuananı əldə edib daşıyaraq, üzərində saxlamış, 24.09.2021-ci il tarixdə saat 15:10-da ünvan 1 ünvanının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sol əlində saxladığı 01(bir) ədəd sellofan bağlamada təmiz çəkisi 435,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçilərinin “nəşə” adlandırdığı marixuanadan istifadə edir. Birinici qrup əlil olduğundan atası tərəfindən ona qulluq olunur. Xəstəliyi ilə əlaqədar ağrıları olur və dərman bahal olduğundan, həmin ağrıları azaldmaq üçün marixuanadan istifadə etmişdir. 24.09.2021-ci il tarixdə, saat 15:10 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq özlərini təqdim etmişlər. Onu narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün saxladıqlarını bildirib Pİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-yə getmişdir. Pİ-də olan zaman videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman etiraz etməmişdir. Onu saxlayan polis əməkdaşları özlərini təqdim etmiş, ona hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Ona vəkil təqdim edilmiş, üzərində şəxsi axtarış keçiriləcəyi, üzərində qanunsuz əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman sol əlində saxladığı qara rəngli sellofan torbanı və üzərində olan köynəyin sol döş cibindən bir ədəd siqaret qutusu və alışqanı masanın üzərinə qoymuşdur. Ona ünvanlanan suallara cavab olaraq sellofan torba açıldıqda içərisindən bir ədəd yapışqanla yapışdırılmış bağlamanın içərisindəkinin “nəşə” olduğunu, 2 gün əvvəl Siyəzən rayonunda üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 150 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bağlama elektron tərəzidə çəkildikdə çəkisinin 0,480 kiloqram olması müəyyən olunmuşdur. Hazırda isə törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və satması barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə 24.09.2021-ci il tarixdə saat 15:10-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİyə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-yə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev özünü qarşısında olan Təqsirləndirilən şəxs təqdim edib ona da özünü təqdim etməsini bildirmiş və Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs saxlayan o və digər polis əməkdaşları Ramin İbrahimov və Şahid2 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş və ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi, üzərində qanunsuz əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman sol əlində saxladığı qara rəngli sellofan torbanı və üzərində olan köynəyin sol döş cibindən bir ədəd siqaret qutusu və alışqanı masanın üzərinə qoymuşdur. Həmin sellofan torba açıldıqda içərisindən bir ədəd yapışqanla yapışdırılmış bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq bağlamanın içərisindəkinin “nəşə” olduğunu, 2 gün əvvəl Siyəzən rayonunda üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 150 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bağlama elektron tərəzidə çəkildikdə çəkisinin 0,480 kiloqram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş 1 ədəd bağlama qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs üzərindən digər qanunla qadağan olunmuş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmə iclasına şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclas zalında elan edilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 da ifadəsindən görünür ki, o da şahidlər Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 25 sentyabr 2021-ci il tarixli 7/985 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “ Saxlanılan şəxs...... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan üzəri skoçla bağlanmış bir ədəd qara rəngli sellofan bağlamadakı qara rəngli sellofan torbada təmiz çəkisi - 435,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmamış marixuannadır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 434,95 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 23.10.2021-ci il tarixli 4106 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metanfitaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcə əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsi barədə 24.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü sol əlində saxlamış olduğu qara rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torba Sumqayıt şəhər Pİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən açılmış, torbanın içərisində qara rəngli sellofana bükülmüş spesifik iyə malik yaşıl rəngli yaş və qurudulmuş halda narkotik vasitə olan “marixuana”-ya bənzər bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bitki kütləsinin “nəşə” olduğunu, aşkar olunmuş bitki kütləsini 2 gün bundan əvvəl Siyəzən rayonu ərazisində olan zaman tanımadığı şəxsdən 150 manata aldığını və şəxsə istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 01.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Qənimət Muradlı tərəfindən 25 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2021ci il tarixində saat 15:10-da ünvan 1 ünvanının yaxınlığında Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş və 26 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış zamanı videoçəkilişə dair 01 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 434,95 qram narkotik vasitə qurudulmamış marixuanna iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE seryalı 516621 saylı Forma № TSEK-in arayışdan görünür ki, Təqsirləndirilən şəxs 18.12.2002-ci il tarixdən müddətsiz olaraq İ (birinci) qrup əlillik verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı tegional filialının 26.01.2022-ci il tarixli arayışından görünür ki, bininci qrup əlil olan Təqsirləndirilən şəxs Əli oğluna qulluq etdiyinə görə atası Mütəllimzadə Əli-Ağa Ramazan oğlu 80 manat təqaüd alan kimi qeydiyyatdadır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olması, İ qrup əlil olmaqla daim qulluğa ehtiyacının olmasını cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Təqsirləndirilən şəxs birinci qrup əlil olduğunu, daim qulluğa ehtiyacını, habelə aşkar edilmiş narkotik vasitənin növünü nəzərə alaraq belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının 24-26 tarixlərində Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxsoğlunun üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 434,95 qram narkotik vasitə marixuanna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs İ qrup əlil olması nəzərə alınmalı və o, Narkoloji Dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 66 (altmış altı) manat 46 (qırz altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsoğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29.11.2021-ci il tarixli (iş № 1(060)- 792/2021) qərarını icra edərək, 08.12.2021-ci il tarixli 1619 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 11 (on bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Corat bağları ərazisində fərdi evdə yerləşən ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs İ qrup əlil olması nəzərə alınsın və Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 435,95 qram narkotik vasitə qurudulmamış marixuanna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 66 (altmış altı) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 11 (on bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar