Məhkəmə qərarları › İş №1(060)-152/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-152/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-152/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Nemət oğlunun, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Qubadlı rayonu, Cibikli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qubadlı rayonu, Cibikli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 1 saylı internat məktəbinin binasında məskunlaşan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Nemət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Nemət oğlu 31.08.2020-ci il tarixdə saat 19 radələrində ictimai yer hesab edilən Sumqayıt şəhəri Karvan ticarət mərkəzinin qarşısında, ticarət mərkəzində mövcüd “Covid-19” pandemiyası ilə əlaqədar aparılan dezineksiya işlərinin gedişatına mane olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan ona tapşırılan ictimai borcunu yerinə yetirən ticarət mərkəzinin mühafizəçisi Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək yumruq ilə onun burun nahiyyəsindən qəsdən bir yumruq zərbəsi vuraraq ona burun nahiyyəsinin yerdəyişməyən sınığı, burun nahiyyəsinin sıyrığı, üst dodağın qançırı və selikli qışasının qansızması ilə nəticələnən sağlamlığın qısa müddətli pozulmasına səbəb olan yüngül xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Nemət oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 15 ilə yaxındır Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində fəhləlik edir. Zərərçəkmiş şəxs “Karvan” ticarət mərkəzində mühafizənin rəisi vəzifəsində işləyir və onunla münasibəti həmişə normal olmuşdur. 31.08.2020-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri ərazisində yerləşən kafelərdən birində oturub yemək yemiş, həmin vaxtı spirtli içki də qəbul etmişdir. Həmin gün saat təxminən 20 radələrində evə getdikdə, yol üstü meyvə bazarına da dəymək istəmiş, həmin vaxtı meyvə bazarında çəkiliş getdiyini görmüş, həmin günü Qubadlı rayonunun işğal günü oduğundan onlara nə səbəbə çəkiliş etdiklərini, gedib Qubadlıyla bağlı çəkiliş etməklərini demiş, sərxoş olduğundan özünü idarə edə bilməmişdir. Əvvəllər heç vaxt spirtli içki qəbul etmədiyindən ona həmin gün içdiyi spirtli içki pis təsir etmişdir. Həmin vaxtı adlarını bilmədiyi mühafizənin işçiləri yanına gəlib onu sakitləşdirməyə başlamış, onlara məhəl qoymamış, onları vurmaq istədikdə onlar qaçıb getmişlər. Sonra isə mühafizənin rəisi olan Niyaməddinə yaxınlşaraq sonuncuya onun işçilərinin nə səbəbə üstünə gəldiyini deyərək yumruqla Niyaməddinin ağzından vurmuşdur. Sonra ora polis əməkdaşları gəlmiş və onu 4-cü Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs Nemət oğlu hazırda əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 5 ilə yaxındır Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində mühafizə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs “Karvan” ticarət mərkəzində işləyən şəxs kimi tanımışdır və onunla həmişə yaxşı münasibəti olmuşdur. 31.08.2020-ci il tarixdə saat 20 radələrində ticarət mərkəzində dükanların bağlı olması səbəbindən “Covid 19” pandemiyası ilə əlaqədar olaraq ticarət mərkəzinin daxilində dezinfeksiya işləri aparılırdı və Sumqayıt şəhərinin televiziya kanalı olan “Dünya” TV-nin əməkdaşları orada çəkiliş aparırdı, o, qəfildən bayırdan səs-küy eşitmiş və Vasif, Tacəddin adlı işçilərlə bərabər nə baş verdiyini öyrənmək üçün bayıra çıxdıqda bazarın giriş qapısı olan dəmir darvazanın yanında Əhmədin özü-özünə qışqıra-qışqıra “bugün Qubadlı rayonunun işğal günüdür, burda boşboşuna dezinfeksiya işlərini apardığınızı, gedin Qubadlıda çəkiliş aparın deyərək etiraz etdiyini görmüşdür. Həmin vaxt onun hərəkətlərindən içkili olduğu hiss olunmuş, həmin vaxtı Vasif və Tacəddini onun yanına göndərərək sakitləşdirmələrini xahiş etmiş, Vasif və Tacəddin də onun yanına gedərək Əhmədi sakitləşdirmək istəyərkən, Əhməd onlara məhəl qoymamış və əlləri ilə onlara yumruq atmışdır. Sonra Əhməd özünün ayağı ilişərək, içkili olduğundan yerə yıxılmış və ayağa qalxaraq köynəyini çıxartmağa başlamış, ətrafda çoxlu adam olduğundan ayıb olduğunu görüb Əhmədi sakitləşdirmək üçün yanına yaxınlaşaraq ona sakitləşməsini xahiş etdikdə Əhməd qəfildən yumruqla onun burnundan vurmuşdur. Əhməd içkili olduğundan özünü idarə edə bilməmiş, sonradan Əhmədin qardaşı və adının Tariyel olduğunu bildiyi şəxs Əhmədə tərəf yaxınlaşaraq onun qolundan tutaraq onu qucaqlayaraq kənara aparmışlar. Bir neçə dəqiqədən sonra ora polis əməkdaşları gəlmiş və onları 4-cü Polis Bölməsinə aparmışlar. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Nemət oğlu ilə barşışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 31.08.2020-ci il tarixdə mövcud pandemiya ilə əlaqədar işlədiyi Karvan ticaət mərkəzində Dünya TV-in iştirakı ilə dezinfeksiya işləri aparılırmış, saat təqribən 19 radələrində sərxoş vəziyyətdə olan Əhməd ora yaxınlaşaraq Qubadlı rayonunun işğal olunduğu gün çəkiliş aparılmasını və tədbirlərinin görülməsinə etiraz edərək işin gedişatına mane olmağa başlamış, işlədiyi xidmətin rəisi Niyaməddin müəllim isə öz xidməti vəzifəsini icra edərək həmin şəxsi sakitləşdirməyə başlamış, lakin həmin şəxs Niyaməddin müəllimə məhəl qoymayaraq daha da uca səslə səs küy salmağa başlamış, Niyaməddin müəllim ondan sakitləşməyi xahiş etsədə Niyaməddinə bir yumruq zərbəsi vurmuş və qardaşının maşınla ora gəlməsini görüb mübahisəni davam etməkdən yayınmışdır. Bundan sonra qardaşı maşından düşüb onu sakitləşdirməkdən ötrü Əhmədə bir neçə şillə vurmuş, ora yaxınlaşan polis əməkdaşları onu və Niyaməddini polis bölməsinə aparmışlar. Məhkəmədə Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 01.09.2020-ci il tarixli 1031 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burun sümüyünün yerdəyişməyən sınığı, burun nahiyyyəsinin sıyrığı, üst dodağın qançırı və selikli qişasına qansızma. Qeyd olunan xəsarətlər bərki küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun tibbi yardıma müraciət etdiyi vaxtdan 1 günə qədər əvvəl olmaqla qərarda göstərilən 31.08.2020-ci il tarixdə yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Nemət oğlunun cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Nemət oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16.11.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nemət oğlu əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Nemət oğlunun himayəsində bir azyaşlı uşağı-31.01.2014-cü il təvəllüdlü X2 vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Nemət oğlunun himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Nemət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs Nemət oğluna hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Nemət oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs Nemət oğlunun barəsində ibtidai istintaq orqanı tərəfindən 11.11.2020-ci il tarixdə axtarış elan edilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Nemət oğlu 17.11.2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmiş və 19.11.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Nemət oğlunun barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Nemət oğlunun həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulub nəzərə alınmaqla ona qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs Nemət oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs Nemət oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Nemət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Nemət oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli (iş № 1(060)- 152/2021) qərarını icra edərək, 27 yanvar 2021-ci il tarixli 36 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Nemət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Nemət oğlunun şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Nemət oğlunun cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Nemət oğlunun üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 1 saylı intenat məktəbinin binasında məskunlaşıb yaşadığı otağı tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs Nemət oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Nemət oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Nemət oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar