Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-152/2022 12.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olması, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxil edilən 6,950 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 6,950 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 3,753 qram və 3,197 qram olmaqla aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Təxminən tutulduğu vaxtdan 2-3 gün əvvəl Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən sexlərin qarşısında olduğu zaman yerdə 02 ədəd sellofan bükümün olmasını görmüşdür. Həmin sellofan bükümlər ona maraqlı gəldiyi üçün içərisində nə olmasını bilmək məqsədi ilə sellofan bükümləri götürüb açıb baxmış və içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. Özü də bəzi vaxtlar psixotrop maddə metamfetamindən istifadə etdiyi üçün bükümlərin içərisində olan maddənin metamfetamin olmasını bilmişdir. Ara-sıra el arasında şüşə kimi tanınan psixotrop maddə metamfetamindən istifadə etdiyi üçün tapdığı 02 ədəd sellofan bükümdə olan psixotrop maddəni də özünün şəxsi istiadəsi üçün, yəni lazım olduğu vaxt istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 18.08.2021-ci il tarixdə, təxminən saat 19:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində olan zaman 3 nəfər mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olmasında şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə dəvət etmişlər. PB-nə gəldikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılması bildirilməklə yanaşı hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 polis əməkdaşı tərəfindən təqdim olunmuşdur. Həmin vaxt video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar olunmuş, həmin bükümlər polis əməkdaşı tərəfindən açılan zaman onların içərisindən ağ rəngli, kristal şəkilli, maddələr aşkar olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış zamanı aşkar olunmuş şüşə kimi tanıdığı psixotrop maddələr şəffaf sellofan ilə birlikdə ayrı-ayrılıqda tərəziyə qoyulub çəkilmiş, ekspertiziya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan olunan şahid Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Müabrizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və həmin qərar Baş İdarə rəisi tərəfindən təsdiqlənmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Lakin Təqsirləndirilən şəxs tutulması, eləcə də cinayətin izlərinin aşkar edilməsi ilə bağlı keçiriləcək tədbirlərin Sumqayıt şəhəri ərazisi olduğunu nəzərə alıb birgə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə Sumqayıt Şəhər Polis İdarəsinə məktub ünvanlanmışdır. Həmin məktub əsasında Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən əmr imzalanmışdır. Əmrə əsasən Təqsirləndirilən şəxs ətrafında keçiriləcək tədbirlərdə Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və həmin şöbənin kiçik inspektoru, polis baş serjantı Şahid4 iştirak etmişlər. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Sumqayit şəhəri, 3-cü mikrorayon ərazisində saat 19:30da əməliyyat qrupunun üzvləri ilə birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü Polis bölməsinə gətirilmişdir. Bu məqsədlə tərəfindən 3-ci Polis Bölməsinin rəisinə raportla məruzə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısı təqdim olunmuşdur. Müdafiəçi gəldikdən sonra o şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofana bükülmüş kütləni, 1 manatlıq pul əskinasını və “Samsung A10S” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuş, həmin iki ədəd bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini tutulduğu vaxtdan təxminən 2-3 gün əvvəl Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən sexlərin qarşısında olan zaman yerdən tapıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və möhürlənərək götürülmüşdür. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 Bəhmən oğlu, Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid3 və kiçik inspektoru Şahid4 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2021ci il tarixli 6/3599 nömrəli rəyindən görünür ki; tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №127 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir zərfin içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,753 qram və 3,197 qram olmaqla ümumi təmiz çəkisi 6,950 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi: 6,950 qram, tədqiqata sərf edildi: ümumi 0,1 qram, qalıq 6,850 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2021-ci il tarixli 4007 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,850 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18.08.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-820/2021 saylı, 20.08.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşaq vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən müəyyən edir. İşin ibtidai istintaqı zamanı toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla - 05 noyabr 2021-ci il tarixli 007-18719-1221 nömrəli əməliyyat tapşırığının cavabındandan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitələrin və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, törətdiyi cinayət əməli barədə ailə üzvlərinin və digər şəxslərin məlumatlarının olub-olmaması və digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində keçirilmiş tədbirlər nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 18.08.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan qalıq çəkisi 6,850 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan qalıq çəkisi 6,850 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-152/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-152/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver