Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-152/2025 10.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd siqaret qutusuna yerləşdirilmiş xeyli miqdarda 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.206 qram, 0.085 qram, 0.154 qram və 0.171 qram olmaqla, ümumi təmiz çəkisi 0.616 qram olan ağ rəngli, kristallik, kimyəvi komponent tərkiblərinə görə eyni, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 18 avqust 2024-cü il tarixdə, saat 00:10 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kinoteatrının yaxınlığında olduğu zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən həmin çəkilərdə və bükümlərdə olan psixotrop maddə metamfetamin 01 ədəd siqaret qutusunun içində aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 17 avqust 2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, 20 Yanvar ərazisində olarkən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa barəsində məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsdən istifadəsi üçün ona psixotrop maddə metamfetamin satmasını istəmiş və aralarındakı razılıq əsasında həmin şəxsdən hər biri üçün 10 manat olmaqla ümumilikdə 40 manat 04 ədəd bükümündə psixotrop maddə metamfetamin almışdır. Aldığı bükümləri 01 ədəd siqaret qutusunun içində yerləşdirib, əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Həmin zaman bədənində ağrı olmadığından əldə etdiyi 04 ədəd bükümdəki psixotrop maddə metamfetamindən istifadə etməyib oradan uzaqlaşaraq Sumqayıt şəhərinə gəlmişdir. Gecə saatlarında, yəni 18 avqust 2024-cü il tarixdə, saat 00:10 radələrində bədənində ağrılar başladığından əldə etdiyi metamfetamindən istifadə etmək qərarına gəlmişdir və Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində piyada hərəkət edərək əldə etdiyi metamfetamin kütləsindən istifadə etmək üçün sakit bir yer axtarmağa başlamışdır. Həmin ərazidə “Nizami” kinoteatrının yaxınlığında piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamağı, həmçinin istifadə etməyi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər, o qarşılıq vermədən onlarla birlikdə polis idarəsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində 01 ədəd siqaret qutusunun içində saxladığı 04 ədəd bükümdəki psixotrop maddə metamfetamini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuşdur və o da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon çıxarıb təqdim etmişdir, təqdim etdiyi 01 ədəd siqaret qutusunun içində 04 ədəd büküm aşkar edilmişdir, o həmin bükümlərin içində metamfetamin olduğunu, həmin psixotrop maddə bükümlərini 17 avqust 2024-cü il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən hər birinə 10 manat verməklə, ümumilikdə 40 manata aldığını demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamışdır və götürülməmişdir. Şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə psixotrop maddə metamfetamin kütlələri elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin kütlələri ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Anası ilə yaşayır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 18 avqust 2024-cü il tarixdə, saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kinoteatrının yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan, onun üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib və Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon çıxardaraq təqdim etmişdir. Siqaret qutusunun içindən 04 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içində metamfetamin olduğunu demişdir. Kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin ayrı-ayrılıqda 0,32 qram, 0,25 qram, 0,27 qram, 0,16 qram, birlikdə çəkisinin isə 1 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib imzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu, Bakı şəhəri, 20 Yanvar dairəsində hər birinə 10 manat verməklə ümumilikdə 40 manata aldığını, 2-3 ildir ki istifadə etdiyini, polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni konkret olaraq haradan və ya kimdən əldə etməsi, həmçinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nizami kinoteatrının yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 00:10-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə saat 15:00-da saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən Kent markalı siqaret qutusunu, şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mbil telefonunu təqdim etdi. Həmin siqaret qutusu açılarkən içərisində 4 ədəd ağ rəngli kağızlarda bükümlərinin olduğu görüldü. Həmin bükümlər açılan zaman hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin’’ə bənzər maddələrin olduğu aşkar edildi. Eyni zamanda Samsung markalı mobil telefonunda içərisində ***-***-**-** mobil nömrəsinin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan “Metamfetamen” olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını və üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr ayrı-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin hər birinin çəkisinin 0,32 qam, 0,25 qram, 0, 27 qram, 0,16 qram olmaqla həmin maddələrin ümumi çəkisinin isə 1 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN- nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən mobil telefonda əhəmiyyət kəsb etdiyindən qablaşdırılmışdır. - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4221 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124” dairəvi möhür əksi, “Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan zərf: “Kent” markalı siqaret qutusunun içərisində 4 (dörd) ədəd sellofan bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,206 qram, 0,085 qram, 0,154 qram, 0,171 qram ümumi təmiz çəkiləri 0,616 qram olan ağ rəngli, kristallik maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,2 qram sərf edildikdən sonra 0,416 qram metamfetamin qalıq qalmışdır. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, orada «00093» adlı fayl olduğu müəyyən edilir. Həmin faylda 10 dəqiqə 26 saniyə müddətində olan videogörüntü vardır. Həmin videogörüntüdə 18 avqust 2024-cü il tarixdə, saat 00:10 dəqiqədə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kinoteatrının yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin inzibati binasındakı xidməti otaqların birində baş təhqiqatçı, polis mayoru Elsevər Quliyev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin CAŞnin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsindən ibarətdir. Belə ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusu, şalvarının sol yan cibindən 01 ədəd "Samsung” markalı mobil telefon çıxardaraq təqdim etmiş, siqaret qutusunun içindən 04 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içində metamfetamin olduğunu demiş, kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi ayrı-ayrılıqda 0.32 qram. 0.25 qram. 0.27 qram. 0.16 qram, birlikdə çəkisi isə 1 qram olmuşdur. Həmin kütlələr ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib mzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu, Bakı şəhəri, 20 Yanvar dairəsində hər birinə 10 manat verməklə ümumilikdə 40 manata aldığını, 2-3 ildir ki istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, aşkar olunmuş kütlələri şəxsi istifadəsi üçün əldə edib, satışı ilə məşğul olmadığını bildirmişdir. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə qeyd olunanların həqiqəti əks etdirdiyini, həmin videogörüntünün üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarət olduğunu, heç bir fiziki və ya psixi zorakılığa məruz qalmadan həmin prosessual hərəkətin keçirildiyini, təqdim etdiyi içində psixotrop maddə metamfetamin kütlələri olan siqaret qutusuna yerləşdirdiyi 04 ədəd bükümün özünə məxsus olduğunu, mobil telefonun nasaz olduğunu, bu səbəblə daxilindəki mobil nömrədən istifadə etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirdi. - xx.xx.2024-cü il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, təqdim edilmiş 01 ədəd telefon qızılı rəngli, ağıllı telefon kateqoriyalı, “Samsung” markalıdır. Mobil telefonun daxilində sim kart vardır, telefon işlək vəziyyətdə deyildir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd qızılı rəngli, “Samsung” markalı mobil telefonu daxilində olan sim kart ilə birlikdə tam saz vəziyyətdə müstəntiqdən təhvil almışdır, bu barədə heç bir şikayət və tələbi yoxdur. - Məhkəmə-tibbi ekspertizasının 1428 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd bükümdə ümumi təmiz çəkisi 0.616 qram (qalıq 0.416 qram) olan psixotrop maddə metamfetamin və şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut hesab edilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - Məhkəmə-narkoloji ekspertizasının 5749 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 04 ədəd bükümdə ümumi təmiz çəkisi 0.616 qram (qalıq 0.416 qram) psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış 0.416 qram psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPl-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin – metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” - 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,416 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-937/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 2024/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,416 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-152/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-152/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver