Məhkəmə qərarları › İş №1(060)-153/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-153/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-153/2025 19.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regioanal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan 23 oktyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə, təmiz çəkisi 0.220 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 21 oktyabr 2024-cü il tarixdə, saat 18.45-də Sumqayıt ŞPİ 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən köhnə Sumqayıt şəhər məhkəməsinin inzibati binasının yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ 5-ci PB-yə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələr istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18:45da o, taksi fəaliyyəti ilə məşğul olarkən edilən sifərişə görə Sumqayıt şəhər, 9-cu mikrorayon ərazisində yerləşən köhnə Sumqayıt şəhər məhkəməsinin yaxınlığına getmiş, bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımaqda şübhəli olduğuna görə Sumqayıt ŞPİ 5-ci PB-yə aparılacağını bildirmişlər. O, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, onu saxlayan polis əməkdaşları tərəfindən evinə baxış keçiriləcəyi bildirilərək təzyiq edilmiş, narkotik vasitəni üzərinə götürməsini tələb edilmiş, bu səbəbdən onların sözü ilə razılaşaraq narkotik vasitəni götürmüşdür. Sonuncu dəfə saxlanılmazdan 2 gün əvvəl narkotik vasitədən istifadə etmiş, hazırda narkotik asılılığından xilas olmaq üçün müalicə alır. Narkotik vasitələrdən istifadə etməkdən peşmandır. Onu saxlayan polis əməkdaşları ilə hər hansı düşmənçiliyi olmamış, onu döyməmişlər. Onun üzərinə şəxsi axtarışı yalnız polis bölməsinə aparılmışdır. Çəkilişdən əvvəl onu avtomobilinə külli miqdarda narkotik vasitə qoyulacağı, evinə baxış keçirələcəyi ilə ona təzyiqlər edilmiş, baş verənlərlə bağlı müdafiəçisinə heç bir məlumat verməmiş, yalnız məhkəmə iclasında hər şeyi bildirmək qənaətinə gəlmişdir. Polis bölməsində ona hər hansı fiziki təsir edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hazırda Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 3/40, mənzil 22 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əvvələr məhkum olmuşdur. Evlidir. Təxminən 3-4 il olar ki, narkotik vasitələr qəbul edir. Narkotik vasitələr istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18:45-da o, Sumqayıt şəhər, 9-cu mikrorayon ərazisində yerləşən köhnə Sumqayıt şəhər məhkəməsinin yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərinin polis işçiləri olduqlarını bildirdikdən sonra ona özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ 5-ci PB-yə aparılacağını bildirmişlər. Həmin vaxt həmin şəxslərdən biri onun əllərindən möhkəm yapışdığına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis idarəsinə aparılmışdır. 5-ci PB-də xidməti otaqda onu ora gətirən polis işçiləri və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və daha sonra o əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik, sarımtıl rəngli toz halında narkotik vasitə “heroin”-ə bənzər maddə aşkar oldundu. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisinin 0.32 (sıfır tam yüzdə otuz iki) qram olduğu müəyyən olunmuşdur. Həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sumqayıt ŞPİ-nin 5-ci PB-də ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin ona məxsusdur və həmin heroini Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata almış və öz istifadəsi üçün həmin maddəni üzərində gəzdirmişdir. Himayəsində 2 azyaşlı övladı və şəkər xəstəsi atası var. Yoldaşı İİİ qrup əlildir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlərlə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində ona fiziki təzyiq olmamış və hər hansı zorakılığa məruz qalmamışdır. Lakin, evinə baxış keçiriləcəyi deyildiyi üçün narkotik vasitənin ona məxsus olması ilə razılaşmış və etiraf edici ifadələr vermişdir. Həmçinin bildirmişdir ki, iş üzrə istintaqın sonrakı mərhələsində də hər hansı etiraz etməmiş və təqsirsiz olması ilə bağlı hər hansı quruma müraciət etməmişdir. İstintaq zamanı da müstəntiq tərəfindən ona hər hansı təsirlər olmamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən Sumqayıt ŞPİ-nin 5-ci PB-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən üçün 21 oktyabr 2024cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda Sumqayıt ŞPİ 5-ci PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 da iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 18.30 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən köhnə Sumqayıt şəhər Məhkəməsinin yaxınlığında hərəkət etdiyini müşahidə etmiş, yaxınlaşaraq özlərini ona təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ 5-ci PB-yə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə mindikdən sonra PB-yə gətirilmişdir. PB-də Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmiş, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs özü narkotik vasitə olan bükümü təqdim etmişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman təqsirləndirilən şəxs avtomobilinin yanında olmuş, həmin zaman avtomobil işlək vəziyyətdə olmamış, həmin avtomobilə daxil olmamışlar. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməyərək onların istifadəsində olan avtomobillə polis bölməsinə getmişlər. Tərəfindən təqsirləndirilən şəxsə narkotik vasitə verilməmişdir. Ona daxil olmuş təqsirləndirilən şəxsin narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında sonuncu saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları yalnız o və polis baş serjantı Şahid2 olmuş, onlardan savayı başqa bir polis əməkdaşı tədbirdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin əllərinə qandal taxılmasına zərurət olmamışdır. Bundan başkar Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, onun üzərində narkotik vasitə olmamış, narkotik vasitəni ona polis əməkdaşı Şahid1 vermişdir. Polis əməkdaşı yalan ifadə verir. O sözügedən əraziyə öz avtomobili ilə gəlmiş, avtomobil işlək vəziyyətdə də qalmışdır. Polis əməkdaşlarından biri onun avtomobilini Lukoil yanacaq doldurma məntəqəsinə sürmüş, bölmədən çıxdıqdan sonra bibisi oğlu ilə birlikdə avtomobilinin açarını Şahid1 almışdır. Onun qollarına qandal taxıldıqdan onu arxa oturacaqda əyləşdirmişlər, polis əməkdaşlarından biri isə onun avtomobilini idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində polis mayoru Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. Bundan əlavə Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə çəkilişdən əvvəl şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı hər hansı narazılçılığını bildirməmişdir. Əməliyyat tədbirində o və Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxsin əllərinə qandal taxılmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid2 bildirdikləri yalandır. Qandalın bir qolu onun əlinə, digər qandal isə Şahid2 əlinə taxılmışdır. Müdafiəçi ilə təkliklə görüşməmişdir. Müdafiəçisi o saxlanılmazdan 1 saat 30 dəqiqə sonra gəlmişdir. Həmin müddət ərzində polis əməkdaşları onunla söhbət etmişlər. Cinayət işinin 10-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18.45-dən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-67-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 12.30-da Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2024-cü il tarixli, 6-4946 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün No242” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.220 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,220 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,170 qram qalıq qalmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 99-104-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,170 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7260 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 29-30-cu vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün PB-yə gətirildiyini bildirir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 5-ci PB- nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X9 təqdim edilir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş olan bükümü təqdim edir. Həmin 01 ədəd büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən sarımtıl rəngli toz şəklində olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında bir nəfər adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilir, maddənin çəkisi 0.32 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə xüsusi qablaşdırılır, DİN-nin 242 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 144.2.3, 144.2.6, 221.2.1 maddələri ilə təqsirli bilirərək barəsində 08 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası tədbiq olunmuşdur. Sumqayıt Apellyasiyası Məhəməsinin qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzası 04 il 06 aya endirilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Cinayət işinə əlavə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki övladı var (müvafiq olaraq xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2). Məhkəmə prosesi zamanı müdafiə tərəfinin şəxsin tutulan gün günorta saatlarında Bakı şəhəri 20 yanvar ərazisində olmasını dəqiqləşdirilməsi üçün anten məlumatlarının əldə edilməsi barədə vəsatəti təmin edilmiş, "xxxx" MMC-dən əldə edilmiş məlumatlarda Təqsirləndirilən şəxs günorta saatlarında Bakı şəhəri Yasamal (Şərifzadə küç), Nəsimi rayonları ərazisində olması öz təsdiqini tapmışdır. Bundan əlavə şəxsin tutulduğu saatla anten məlumatlarındakı qeydlər əlaqəli şəkildə müqayisə edildikdə məlum olur ki, saat 18.49-də Sumqayıt ŞPİ 5-ci PB-nin ərazisi yaxınlığındakı ötürücü qurğularda hərəkəti qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş və həmçinin, məhkəmə iclasında ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyi bildirmişdir. Yalnız, ümumi şəkildə bildirmişdir ki, göstərilən təzyiqləri məhkəmədə açıqlaması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş olan bükümü təqdim edir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında bir nəfər adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Vəkil Fərhad Məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı təsirə-təzyiqə məruz qalıb qalmaması, narkotik vasitənin ona məxsus olub-olmaması barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə cavabında heç bir təsir və təzyiqə məruz qalmadığını, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Həmçinin, əldə edilmiş Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonun anten məlumatları də sonuncunun şəxsi axtarışda narkotik vasitəni aldığı vaxt və yer barədə bildirdiklərini, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtın düzgünlüyünü təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün edilən cəhddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs xx.xx.2018-cu il tarixdə Baki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respubliksdı CM-nin 144.2.3, 144.2.6, 221.2.1 maddələri ilə təqsirli bilirərək barəsində 08 il 06 müddətində azadlıqdan məhrum etmə cəzası tədbiq olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 (iki) ay 02 (iki) gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 21 oktyabr 2024-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7260 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,170 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, AZF/LGL-1422/25 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regioanal Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,170 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, AZF/LGL-1422/25 saylı məktuba əlavə edilmiş CD tipli 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regioanal Vəkil Bürosunun vəkili Müdafiəçinın məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regioanal Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar