Məhkəmə qərarları › İş №1(060)-154/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-154/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-154/2023 06.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edərək daşımaqla üzərində saxlamışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,366 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 22 avqust 2022-ci il tarixdə saat 21:50-də Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılıb üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd bükümdə təmiz çəkisi 0,366 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki şalvarının sağ yan cibinin kiçik cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o həbs olunmamışdan 5-6 ay əvvəl narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Bədənində ağrılar olduğundan psixotrop maddə almaq qərarına gəlmiş və polis əməkdaşları tərəfindən saxlanılmamışdan 1 gün qabaq yəni, 21 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən bulağın yanında dostu Şahid4 bir ədəd bükümdə 10 manat dəyərində psixotrop maddə metamfetamini öz istifadəsi üçün almış və üzərində saxlamışdır. 22 avqust 2022-ci il tarixdə axşam saatlarında dostu Kamil və onun tanışı Nicat ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq evinin yaxınlığında görüşmüşlər. Həmin gün, yəni 22 avqust 2022-ci il tarixdə saat 21:50 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq evinin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, onu və Şahid4 üzərində narkotik vasitə istifadəsində, üzərlərində gəzdirməklərində şübhəli olduqları üçün Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. Onlar da, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişlər. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynindəki şalvarın sağ yan cibinin kiçik cibindən bir bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərində olan 18 manat pulu və istifadəsində olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. 18 manat pul özünə qaytarılmış, lakin mobil telefon isə götürülmüşdür. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş metamfetamin ona məxsus olmuş, öz istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin yalnız istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini Şahid4 haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində xəstə atasının olduğunu və nişanlı olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin, NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi barədə, həmçinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan Şahid4 psixotrop maddə və narkotik vasitə istifadə etməsi, gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin, NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs və Şahid4 cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid3 və Şahid2 iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21-22 radələrində Təqsirləndirilən şəxs və Şahid4 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Həmin vaxt onların yanında olan Hüseynov Nicat da Sumqayıt ŞPİ-nə gətirilib izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə əvvəl Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan şalvarının cibində saxladığı 1 ədəd siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş maddə psixotrop maddə metamfetamindir, ona məxsusdur, saxlanılmamışdan bir gün qabaq, yəni 21 avqust 2022-ci il tarixdə onunla birlikdə saxlanılan tanışı Kamildən öz istifadəsi üçün 10 manata almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılmış, DİNnin möhürü ilə möhürlənmiş və protokollaşdırılmışdır. Bundan sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə Şahid4 üzərində də şəxsi axtarış aparılmış, ondan da metamfetaminə bənzər maddə və heroinə bənzər maddə aşkar olunaraq müvafiq qaydada rəsmiləşdirilmişdir. Şahid4 özü də Təqsirləndirilən şəxs metamfetamin satdığını etiraf etmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 şahid X3 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2, Şahid3 və X3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 avqust 2022-ci il tarixli, 6/4452 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,366 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”- in siyahısına (Siyahl İİ) daxildir. (Metamfetaminin təmiz çəkisi - 0,366 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 0,316 qram) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2022-ci il tarixli, 4854 nömrəli saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə tibbi-ekzpertizasının 23 avqust 2022-ci il tarixli, 1265 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, eyni məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmış və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,316 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (İş № 1(060)-882/2023) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1752/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 22 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,316 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar