Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-154/2024 19.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - X4 və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında ünvan 1 ünvanında mənzilin qonaq otağında ailə-məişət zəmnində baş verən mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs baş, sifət, sağ böyür nahiyələrinə əl və ayaq zərbələri ilə qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun qəsdən sağlamlığına Yüngül zərər vurmuşdur . Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində evdə olan zaman həyat yoldaşı Ülkər atası ilə birlikdə evə gəlmişlər. Gəlişinin səbəbi cehizlik əşyalarını götürmək olmuşdur. O da onun heç bir əşyası maraqlı olmadığından əşyalarını götürməsinə etiraz etməmişdir. Özü də çəkilib qıraqda gözləmişdir. Ülkər öz cehizlik əşyalarını götürərkən onların şəxsi əşyaları saxlanılan qutunu götürüb içərisində olan əşyaları evin ortasına dağıtmaqla onda şiddətli qıcıq oyatmışdır. Bu barədə ona ədəbli olması barədə bildirsə də, Ülkər yenə də öz saymazyana, özbaşına və kobud hərəkətlərini davam etdirdiyindən o, əsəbləşərək evin qonaq otağında əli ilə onun baş nahiyəsinə vurmuşdur. Lakin ona təpiklə zərbə vurmamışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində atası ilə birlikdə Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları evə getmişlər. Həmin evdə olan bütün əşyaları o, cehiz olaraq gətirmişdir və bütün əşyalarını götürəcəyini bildirmişdir. Lakin həyat yoldaşı Ceyhun soyuducunun, lüsturun onlara aid olduğunu bildirib aparmamağını tələb etmişdir. Buna görə aralarında evin qonaq otağında mübahisə baş vermişdir. Həmçinin o, evdə olan boş kardon qutuya paltarlarını yığmaq üçün götürəndə Ceyhun “əl vurma” deyərək üstünə hücum edib əli ilə başına, sifətinə, təpiklə də sağ böyür nahiyəsinə ardıcıl zərbələr vurmaqla onu döymüşdür. Əvvəllər də aralarında mübahisələr olmuş və Ceyhun onu döymüşdür. Cinayət əməlinə görə onu bağışlamır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1965 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X4 bədəni üzərində “təpə-ənsə nahiyyənin dərialtı hematoması, sol bazunun, sağ qalça tini nahiyyənin qaçırları ,üst dodağın selikli qişasına qansızına” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 05.12.23-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X7 şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4840 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 370 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı MKS tərəfindən verilmiş 767 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəmənin icraatında iş vardır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzadan nisbətən az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, törədilmiş əməlin davamlılığını, təkrarlanmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə hesab edir ki, şəxsin məişət zorakılığına meyilli olması və zərərçəkmiş şəxsə qarşı belə zorakılığın mütəmadi xarakter daşıması faktına diqqət etməklə preventiv tədbirlərin görülməsi zərurətidir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görməlidir. Məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür. Məhkəmə, cinayət əməlinin törədilməsinə səbəb kimi məişət zəminində fiziki zorakılıq oluduğunu, yəni təqsirləndirilən şəxsin həyat yoldaşına qarşı fiziki zorakılıq törətdiyini, bu cür zorakılığın ilk dəfə olmadığını, zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadəsi ilə təsdiq edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkumun islah olunması və gələcəkdə belə hərəkətlərə yol verilməsinin qarşısının alınması üçün ona əlavə vəzifə olaraq zərərçəkmiş şəxs X4 olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilməli, övladları ilə ünsiyyətin təmin edilməsi üçün ərazi üzrə müvafiq komissiyaya müraciət etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Opuz Türkiyəyə qarşı” işi üzrə 9 iyun 2009cu il tarixli qərarında, dövlət orqanlarının ərizəçini və ailəsini ailədaxili zorakılıqdan müdafiə etmək üçün adekvat tədbir görməmələri səbəbindən Konvensiyanın 3-cü maddəsinin, məhkəmə sisteminin ciddi ailədaxili zorakılıq hallarına qarşı adekvat reaksiyanı təmin etməməsinə görə Konvensiyanın 14-cü maddəsinin pozuntusu kimi tanımışdır. Avropa Məhkəməsinin bir cox qərarlarına o cümlədən “Hajduova Slovakiyaya qarşı”, “Bevacqua və S.v. Bolqarıstana qarşı”, “X1rşı” işi üzrə qəbul etdiyi qərarlara nəzər yetirdikdə, Konvensiyanın fərdin yaşamaq hüququnu tənzimləyən 2-ci, işgəncəni qadağan edən 3-cü, şəxsi və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci, səmərəli hüquqi müdafiə vasitələrindən istifadə ilə bağlı 13-cü, ayrı-seçkiliyi qadağan edən 14-cü, ər və arvadın bərabər hüquqlarını tənzimləyən 7 saylı protokolun 5-ci, ayrı-seçkiliyə ümumi qadağanı nəzərdə tutan 12 saylı protokolun 1-ci maddələrinin məişət zorakılığı halları nəticəsində daha çox pozulduğu müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-991/2023) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 2110 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir.. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Eyni zamanda zərərçəkmiş şəxs X4 olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilsin. Hökmün icrası başa çatanadək (uşaqlarla bağlı yeni məhkəmə qərarı olmadıqda) Təqsirləndirilən şəxs uşaqları xx.xx.2013-cü il təvəllüdlü X12 oğlu və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə ünsiyyət yaratmaq istəyi Sumqayıt şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası vasitəsi ilə təmin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs X6 izah edilsin ki, təqsirləndirilən şəxsin üzərinə əlavə vəzifə olaraq onunla hər hansı qaydada ünsiyyət qurmaq qadağası özünün və uşaqlarının Təqsirləndirilən şəxs ilə görüş hüququnu məhdudlaşdırmır, istəyi olduğu təqdirdə hökmün icrasına nəzarət edən orqanı yazılı və ya şifahi məlumatlandırmaqla hər zaman ünsiyyət yarada bilər. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-154/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-154/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver