Məhkəmə qərarları › İş №1(060)-155/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-155/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-155/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qubdalı rayonu, Hal kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 avqust 2022-ci il tarixdə, saat 03:30 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, ev 23 ünvanının yaxınlığında yerləşən çayxananın girişindəki taxta pəncərənin şüşəsini sıxıb açmaq yolu ilə içəri qanunsuz daxil olaraq masanın üzərindən dəyəri 350 manat olan 01 ədəd 2020-ci il Rusiya istehsallı “Samsung” markalı, “UE32T5300AU” modelli, 32 düyümlü televizoru və dəyəri 15 manat olan 01 ədəd “Yupiter” markalı, “YP-517” modelli peyk qəbul edicini gizli yolla talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 365 (üç yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yaşadığı binanın 100 metr yaxınlığında qonşusu Şahmarın işlətdyi çayxanaya arabir gedib çay içmişdir. xx.xx.2022-ci il tarixdə, gecə saat 03:30-da həmin çayxanaya pəncərədən daxil olmuş, pəncərə arxa tərəfdən mismarla bərkidildiyi üçün əli ilə pəncərənin şüşəsini yavaş-yavaş tərpədərək açıb içəri daxil olmuşdur. Çayxanadan “Samsung” markalı qara rəngli televizoru və televizora quraşdırılmış anten aparatını oğurlayıb oradan çıxmışdır. O evdən çıxarkən həmin əşyaları bükmək üçün özü ilə yorğan və yastıq üzü aparmış, televizor və aparatı həmin yorğan üzünə büküb aparsa da özü ilə gətirdiyi yastıq üzü yadından çıxıb orada qalmışdır. Oğurladığı əşyaları Bakı-Quba yolunun kənarında kanalın içində gizlətmişdir. Yorulduğu üçün evə getmiş, həmin gün saat 11 radələrində televizoru və aparatı ordan götürüb taksi saxlatmış, taksi ilə Sumqayıta getməyi 10 manata razılaşmışdır. Yolda taksi sürücüsü həmin əşyanın nə olduğunu soruşduqda, özünə məxsus televizor olduğunu, işləmədiyi üçün ustaya apardığını demişdir. Sonra həmin taksi ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Nizami parkı deyilən yerdə yolun kənarında məişət texnikası avadnlıqları düzəldən obyektə gəlmiş və orada əvvəldən tanımadığı adını sonradan bildiyi Sərxan adlı şəxsə televizoru 50 manata satmış, Sərxan aparatı almadığı üçün özüylə geri gətirmiş, həmin gün saat 17 radələrində Yupiter markalı aparatı Sumqayıt şəhəri, N.Nərimanov adına mədəniyyət evinin yaxınlığında yerləşən təhqiqat araşdırması zamanı adını bildiyi Ramin adlı şəxsə 5 manata satmış, televizoru satdığı yerə şəxsiyyət vəsiqəsinin surətini vermiş, hər iki şəxs əşyaları alarkən oğurluq olub olmamasını soruşduqda özünə məxsus olmasını demiş, əşyaları satdıqdan sonra əldə etdiyi 55 manat pulu özünə xərcləmişdir. Oğurladığı Samsung markalı televizorun ekranını ondan alan şəxs sındırmışdır. Həmin şəxs televizorun ekranını ona görə sındırdığını demişdir ki, onsuzda həmin televizordan ehtiyyat hissə kimi istifadə edəcəkdir. Oğurluğu tək törətmişdir. Spirtli içki almağa pulu olmadığından əvvəllər də bir neçə dəfə xırda oğurluqlar etmişdir və buna görə inzibati həbsdə olmuşdur. Çayxanadan etdiyi oğurluğu da spirtli içki almağa pulu olmadığına görə etmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödəməyə maddi imkanının olmamasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsində yaşadığı evin 100 metr yaxınlığında özünə məxsus çayxananı işlədir. 3 il bundan əvvəl çayxanada işlətmək üçün mağazadan 450 manata “Samsung” markalı qara rəngli televizor və anten qurğusuna qoşmaq üçün 35 manata “Yupiter” markalı aparat almış və həmin vaxtdan çayxanada işlətmişdir. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində çayxananı bağlayıb evə getmiş, xx.xx.2022-ci il tarixdə, saat 07 radələrində işlətdiyi çayxananı açarkən televizor və aparatının yerində olmadığını görmüş, taxta pəncərənin mismarının əyildiyini görüb oğurluq edən şəxsin içəri pəncərədən daxil olduğuna əmin olmuş, həmin vaxt çayxanada yastıq üzü də olmuş və oğurluğa gələn şəxsin yastıq üzünü aparmağı yadından çıxartdığını fikirləşmiş, həmin oğurluq hadisəsini onunla eyni binada yaşayan narkotik vasitə istifadəçisi Niyaməddin adlı şəxsin etməsindən şübhələnmiş, onu axtarsa da tapa bilməmiş, bu barədə xx.xx.2022-ci il tarixdə 2-ci PB-nə ərizə ilə müraciət etmişdir. 2-ci PB-nə ərizə ilə müraciətində oğurluq edən şəxsin içəri qapıdan daxil olduğunu, sonradan izahatında pəncərədən daxil olmasını həyəcanlı olduğundan və ilk dəfə bu cür hadisə ilə qarşlaşdığından ərizədə qapıdan daxil olmasını bildirmişdir. Oğurlanan televizor yaxşı və işlək vəziyyətdə olmuş, televizoru təhvil alanda isə ekranın aşağı hissəsinin qırıq vəziyyətdə olduğunu görmüşdür. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək dəfələrlə məhkəmə tərəfindən vurulmuş maddi zərərin ödənilməsi üçün vaxt verilməsinə baxmayaraq təqsirləndirilən şəxs tərəfindən ona heç bir məbləğin ödənilmədiyini bildirərək sonuncunun barəsində qanunamüvafiq qaydada cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 55 nömrəli dayanacığın yanında yerləşən obyektdə məişət texnikası avadanlıqlarının təmiri ilə fərdi olaraq məşğul olur və ona görə də işlənmiş və yarasız vəziyyətdə olan məişət texnikası avadanlıqlarını ehtiyat hissəsi kimi alır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 17 radələrində tanımadığı sonradan təhqiqat araşdırması zamanı adını bildiyi Təqsirləndirilən şəxs “Yupiter” markalı peyk aparatını 5 manata almış, ondan aparatın pultunun olubolmasını və şəxsiyyət vəsiqəsinin surətini soruşduqda o, şəxsiyyət vəsiqəsinin üstündə olmadığını və pultun sındığını bildirmiş, onun fotosunu mobil telefonuyla çəkmiş, ondan peyk aparatının oğurluq olub-olmadığını soruşduqda oğurluq olmadığını, evdən gətirdiyini demişdir. O, “Yupiter” markalı, peyk aparatını xx.xx.2022-ci il tarixdə 2-ci PB-də təhqiqatçıya təqdim etmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 1-ci mikrorayonda Nizami adına parkın qarşısında yerləşən obyektdə məişət texnikası avadanlıqlarının təmiri ilə məşğul olur. İşlənmiş və yarasız vəziyyətdə olan məişət texnikası avadanlıqlarını ehtiyat hissəsi kimi alır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 11 radələrində tanımadığı Təqsirləndirilən şəxs “Samsung” markalı, qara rəngli televizoru 50 manata almış, ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş, şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmiş, Niyaməddindən televizorun oğurluq olub olmadığını soruşduqda oğurluq olmadığını, evdən gətirdiyini və yararsız olduğu üçün satmaq istədiyini bildirmiş, bu səbəbdən həmin televizorun oğurluq olmasından şübhələnməmiş, televizor ona verilərkən ekranın aşağı hissəsi qırıq vəziyyətdə olmuşdur. “Samsung” markalı televizoru xx.xx.2022-ci il tarixdə 2ci PB-də təhqiqatçıya təqdim etmişdir. İş materiallarından görünür ki, maddi sübut 350 manat dəyərində olan 01 ədəd 2020-ci il Rusiya istehsallı “Samsung” markalı, “UE32T5300AU” modelli, 32 düyümlü televizor və dəyəri 15 manat olan 01 ədəd “Yupiter” markalı, “YP-517” modelli peyk qəbul edici saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5943 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir.

1. 1 ədəd 2020-ci il Rusiya istehsalı, Samsung” markalı, “UE32T5300AU” modelli, 32 düyümlü televizor zədələnməmişdən əvvəl istifadə olunmuş, normal vəziyyətdə -350,0 manat

2. 01 ədəd Yupiter markalı, YP-517 modelli peyk qəbul edici-15,0 manat Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 30 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla 01 ay 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulan ziyanın ödənilməməsi, zərərçəkmiş şəxsin şikayətçi olması, təqsirləndirilən şəxsin özünün xahişi ilə məhkəmə tərəfindən ziyanın ödənilməsi üçün məhkəmə iclaslarının təxirə salınıb təqsirləndirilən şəxsə vaxt verilməsi, bunun müqabilində isə təqsirləndirilən şəxsin məhkəmə iclaslarına üzürsüz səbəbdən gəlməməsi və nəticədə onun barəsində həbsli axtarış elan edilməklə həbsə alınması, oğurluğa meylli olmasını onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirib məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah yolunda deyildir, o islah olunması üçün cəmiyyətdən təcrid olunmalıdıır. Göstərilənləri nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Turan Hacıyevin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, məhkəmədən yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs axtarışı elan olunaraq, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü li tarixli 3-16-17/40/2-699 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 350 manat dəyərində olan 01 ədəd 2020-ci il Rusiya istehsallı “Samsung” markalı, “UE32T5300AU” modelli, 32 düyümlü televizor və dəyəri 15 manat olan 01 ədəd “Yupiter” markalı, “YP-517” modelli peyk qəbul edicisinin zərərçəkmiş şəxsin sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına Müdafiəçi vəkil təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 350 manat dəyərində olan 01 ədəd 2020-ci il Rusiya istehsallı “Samsung” markalı, “UE32T5300AU” modelli, 32 düyümlü televizor və dəyəri 15 manat olan 01 ədəd “Yupiter” markalı, “YP-517” modelli peyk qəbul edicisinin zərərçəkmiş şəxsin sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar