Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-156/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Çöl Beşdəli ərazi dairəsi, Çöl Beşdəli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Əhmədov X3 rayon məhkəməsinin 3(056)-573/2024 nömrəli qərarına əsasən xx.xx.2024-cü il tarixdən 06 (altı) ay müddətində nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməsinə baxmayaraq ƏN-Vİ № 774238 seriya və nömrəli etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E320” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 04 iyun 2024-cü il tarixdə, saat 14.04 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsi istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri etməli olduğu halda bunları etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almalı olduğu halda heç bir tədbir görməyib hərəkətini davam etdirməklə idarə etdiyi avtomobillə piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə ehtiyyatsızlıqdan sonuncuya sol bud-çanaq oynağı nahiyyəsinin geniş ölçülü qançırları, sol təpə nahiyyəsinin sıyrığı, İ bel fəqərəsinin cisminin xətti sınığı, X döş fəqərəsinin sol yan çıxıntısının xətti sınığı, çanağın sol sirkə kasası nahiyyəsinin və sol qasıq bitişməsinin xətti sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs qəzadan sonra tanımış, əvvəllər onunla tanışlığı olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 14.15 radələrində etibarnamə əsasında idarə etdiyi **-MA-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz E320 markalı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsi istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə təxminən 30-35 km/saat sürətlə hərəkətdə olduğu zaman, anidən yolun sağ kənar hissəsindən digər tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs qaçaraq yolun hərəkət hissəsinə çıxıb həmin yolda hərəkət edən digər avtomobillərin arası ilə yolu sağdan sola düzünə keçmək istədikdə sonuncunu görüb dərhal əl əyləcinə basıb sükanı sola döndərmiş, həmin anda da piyada avtomobilinin qabaq sağ qanadına dəymiş və yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb Zərərçəkmiş şəxs köməklik göstərməyə çalışmış və hadisə yerinə təcili tibbi yardım maşını çağırmışdır. Təcili yardım avtomobili gələnə kimi orada gözləmiş, təcili yardım avtomobili gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmış, o da xəstəxanaya getmişdir. Xəstəxanada olan zaman ora polis əməkdaşları gəlmiş, o da özünü təqdim edərək hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamış, hadisə vaxtı avtomobildə tək olmuş, hadisə nəticəsində avtomobilinə zədə dəyməmişdir. Sadəcə yolda qadını görəndən sonra dərhal əl əyləcinə sıxıb sükanı sola döndərmiş və avtomobili saxlayanda avtomobilin buferinin sol aşağı hissəsi səki ilə toqquşub kiçik hissəsi sınmışdır. Baş vermiş hadisəyə görə özünü günahkar bilir. Piyadanı yolun orta xəttində oluğunu görmüş, vurulduğu yerə kimi təxminən 2 metr məsafə qət etmişdir. Piyadanı gördükdən dərhal sonra əl əyləcinə basıb sükanı sola burmuşdur. Piyada qadının əlində əl bağlaması olduğunu görmüşdür. xx.xx.2024-cü il tarixdə təxminən saat 14.15 radələrində etibarnamə əsasında idarə etdiyi **-MA-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz E320 markalı avtomobillə Sumqayıt şəhəri Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsi istiqamətində yolun soldan 1-ci hərəkət zolağı ilə təxminən 30-35 km/saat sürətlə hərəkətdə olduğu zaman, anidən yolun sağ kənar hissəsindən digər tərəfinə, yəni sol kənar hissəsinə keçmək istəyən piyada qadının hərəkətə başlamasını təxminən 15-20 metr məsafədən görmüşdür. Həmin piyada qadın iti yerişlə yolun hərəkət hissəsinə çıxıb həmin yolda hərəkət edən digər avtomobillərin arası ilə yolu sağdan sola düzünə onun hərəkət istiqamətinə keçmək istəməsini təxminən 3-4 metr məsafədən görmüş və dərhal əl əyləcinə basıb sükanı sola burmuş, həmin anda da piyada avtomobilinin qabaq sağ qanadına dəyib yerə yıxılmışdır. Piyadanı gördükdən sonra təxminən 3 metr hərəkət etmişdir. Hadisə ehtiyatsızlıqdan törənmişdir. Əməlindən peşman olmasını və hazırda zərərçəkmiş şəxslərlə barışdığını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak etmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 04 iyun 2024-cü il tarixdə, təxminən saat 14.04 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsinin Üzeyir Hacıbəyov küçəsi istiqamətində sağ tərəfindən sol tərəfinə doğru piyada keçmək istəmişdir. O, normal addımlarla yolu sağ tərəfdən sol tərəfə tək keçməyə başlamış və yolun Üzeyir Hacıbəyov küçəsi istiqamətində sol qurtaracağına az qalmış Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes markalı avtomobillə onu vurmuşdur. Zərbənin təsirindən yerə yıxılaraq huşunu itirmiş, ayılanda isə xəstəxanada olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təcili tibbi yardım avtomobili çağıraraq onu xəstəxanaya yola salmışdır. Baş vermiş hadisə nəticəsində bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobillə vuran zaman tək olmuş, yanında başqa heç kim olmamışdır. Avtomobil onu Koroğlu küçəsində, avtomobillərin Üzeyir Hacıbəyov küçəsi hərəkəti istiqamətində yolun sol qurtaracağına az qalmış vurmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona görə heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 04 iyun 2024-cü il tarixdə, təxminən saat 14.04 radələrində idarə etdiyi **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsi istiqamətində yolun orta hərəkət zolağı ilə təxminən 60 km/saat sürətlə hərəkətdə olduğu zaman təxminən 100 metr irəlidə yolun sağdan 1-ci hərəkət zolağından yolu digər tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs görmüş və həmin an piyadanı özünə təhlükə bilib sürətini təxminən 40- 50 km/saatadək azaldıb tədricən sağ hərəkət zolağına keçməklə hərəkətinə davam etmişdir. Həmin vaxt piyada Zərərçəkmiş şəxs onun qarşısından keçib ondan sol hərəkət zolağına doğru hərəkət etdiyindən o, sonuncunun təxminən 2 metr məsafəliyindən keçib öz yoluna davam etmişdir. Təxminən 80-100 metr irəliyə doğru hərəkət etdikdən sonra arxadan səs eşitmiş və güzgüdə baxdıqda həmin qadının Mersedes markalı avtomobilli ilə vurulduğunu bilmişdir. Sonra isə kömək etmək məqsədi ilə avtomobili yolun kənarında saxlamış, Təqsirləndirilən şəxs da avtomobilini saxlayıb piyadaya kömək etmək istədiyini və təcili yardım çağırdığını görüb avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq və icraata qəbul edilmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan 2771 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu yoxdur. Cinayət işinin 43-cü vərəqəsində olan Sumqayıt regional qeydiyyat imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-16-8/2-4730/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə В, B1, C,C1 kateqoriyalı, BC022015 seriya və nömrəli on illik sürücülük vəsiqəsi almış, mərkəzi informasiya sistemində Sabirabad rayon məhkəməsinin 3(056)-573/2024 nömrəli qərarına əsasən xx.xx.2024-cü il tarixdən 06 (altı) ay müddətində sürücülük hüququndan məhrum edilmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan etibarnamədən görünür ki, X2 tərəfindən “Mercedes Benz 320” minik markalı, **-MA-*** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2032-ci il tarix daxil olmaqla etibarnamə verilmişdir. Cinayət işinin 5-13-cü vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotoşəkillərindən görünür ki, baxış keçirilən vaxtı atmosfer şəraiti açıq, görünüş məsafəsi 100-150 metr, yolun örtüyü və vəziyyəti deffektsiz və quru asfalt olmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Sumqayıt şəhəri, Koroğlu küçəsində Ü.Hacıbəyov küçəsi istiqamətində yerləşən avtomobillərin hərəkət yolunun soldan 1-ci hərəkət zolağında qeydə alınmışdır. Baxış həmin istiqamətdə aparılmış, baxış zamanı hadisə yerində qan və qanabənzər ləkələr, nəqliyyat vasitəsinə dair tormoz izi, şinlərin izi aşkar edilməmiş, lakin su səpintisinin izləri aşkar edilmişdir. Yolun hərəkət hissəsinin eni 10 metr olmaqla 3 hərəkət zolağına (1.5 yol nişanı) bölünür. Yolun sağ və sol kənarlarına sarı düz xətt (1.4 üfıqi nişanlama xətti) çəkilmişdir. Yolun sağ-sol kənar hissələrinə ağaclıqla əhatə olunmuş ehtiyat sahə və səki birləşir. Piyadanın vurulduğu nöqtədən yolun sağ kənarı arasında 8 metr, yolun sol kənarı arasında 2 metr məsafə vardır. Baxış zamanı təhqiqata maraq doğuran digər izlər aşkar edilməmişdir. Baxış zamanı hadisə yerindən heç bir əşya götürülməmiş, ölçülmə 30 metrəlik ruletka ilə təbii işıqlandırma şəraitində aparılmışdır. Cinayət işinin 39-41-ci vərəqələrində olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 989 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bud-çanaq oynağı nahiyyəsinin geniş ölçülü qançırları, sol təpə nahiyyəsinin sıyrığı, İ bel fəqərəsinin cisminin xətti sınığı, X döş fəqərəsinin sol yan çıxıntısının xətti sınığı, çanağın sol sirkə kasası nahiyyəsinin və sol qasıq bitişməsinin xətti sınıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 75-76-cı vərəqələrində olan Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-8/2339 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Mercedes-Benz E320” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 74-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 51-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 107-113-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Cinayət işinin 69-cu vərəqəsində olan “cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 103-104-cü vərəqələrində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2014-cü il təvəllüdlü X4). Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini, cinayətin əlavə obyekti kimi insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin hər hansı şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşmançılığını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin, əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-156/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-156/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver