Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-157/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, hazırda subay, orta təhsilli, Sumqayıt şəhər İH yanında MKTİB-nin 3 saylı MİSdə fəhlə işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 3cü mikrorayon, ev 12/19, mənzil 32 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 iyul 2020-ci il tarixdə saat 23 radələrində yaşadıqları Sumqayıt şəhəri 3-cü mikrorayon, 12/19, 32 nömrəli mənzildə keçmiş arvadı Zərərçəkmiş şəxs ona aliment vermədiyinə görə evə gəlməməsini bildirdikdə aralarında bu səbəbdən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən burun nahiyyəsindən yumruq zərbəsi ilə vuraraq ona burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüklərinin tam yer dəyişən sınığı, burun və hər iki göz altı nahiyənin qançırları, sağ təpə nahiyəsinin sıyrığı xəsarətləri yetirərək, zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır, onunla 2008-ci ildə ailə qurmuş, əvvəllər münasibətləri yaxşı olsa da sonradan evə gec saatlarda gəlməyini mütəmadi irad tutduğundan İradə ilə aralarında mübahisələr olmuşdur. 2020-ci ilin əvvəllərində yenə də aralarında mübahisələr baş verdiyindən həyat yoldaşı boşanmaq istədiyini demiş, o da etiraz etməmiş və Sumqayıt şəhər məhkəməsində boşanmışlar. Boşandıqdan sonra o, yaşadıqları evdən çıxaraq kirayədə yaşamış, uşaqları ilə İradə isə ona məxsus evdə yaşamağa davam etmişlər. Vaxtaşırı uşaqlarını görmək üçün onların yanına getmişdir. Sonuncu dəfə 09.07.2020-ci il tarixdə saat 22.30 radələrində yenə də övladlarını görmək üçün İradənin yaşadığı evə getmiş, qapı açıq olduğundan içəri daxil olmuş, İradənin yemək yediyini görmüşdür. O, uşaqları görmək üçün gəldiyini dedikdə İradə uşaqları görməyinə icazə verməyəcəyini bildirmişdir. Buna görə də aralarında söz mübahisəsi yaranmış, İradə ondan çölə çıxmağını tələb etdikdə, o, çıxmayacağını deyərək, evin atasına məxsus olduğunu, əslində həmin evdə özünün yaşamalı olduğunu demişdir. Bu zaman İradə onunla mübahisə etməyə davam etmiş, o da əsəbləşərək sonuncunun burun nahiyyəsindən zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt hiss etmişdir ki, İradənin burnu əyilmiş və sınmış, sonuncunun burnundan qan axdığı zaman oradan çıxıb getmişdir. Hadisədən sonra İradə ona zəng edərək, burnunun sındığını və həkimə getdiyini bildirmişdir. İradəyə həkimə getməsinin xərcini çəkəcəyini desə də sonradan onun barəsində polis bölməsinə şikayət etdiyini öyrənmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, evdə azyaşlı övladları olmuşdur. Mübahisə zamanı İradə onu vurmayıb, anası haqqında nalayiq sözlər demişdir. Həmçinin bildirmişdir ki, qayğıkeş ata olmuş, uşaqlarına imkanı çatdığı qədər mütəmadi yardım etmiş, hətta arvadından ayrılsa belə sonuncunu mülkiyyətində olan evindən çıxarmayıb uşaqları ilə birlikdə evində yaşamağa davam etməsinə icazə vermişdir. O da anası ilə birlikdə imkanı olmasa belə kirayə et tutub yaşamaqdadır. Bundan başqa, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barşıdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, hazırki cinayət əməlini törətdikdən sonra könüllü olaraq Vətən müharibəsində iştirak etdiyini və Vətən müharibəsində aktiv döyüş fəaliyyəti göstərdiyi üçün Fəxri Fərmanla təltif olunduğunu, Vətən müharibəsindən sonra düşüncə və yaşayış tərzi dəyişdiyini, bir daha bü cür hərəkərlərə yol verməyəcəyini bildirərək barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və bu evlilikdən üç övladları vardır. Aralarında tez-tez münaqişələr baş verdiyindən 2020-ci ilin fevral ayında Rəşad ilə boşanmışlar, lakin, o uşaqları ilə birlikdə evli olduğu müddətdə yaşadığı evdə yaşamağa davam etmişlər. Rəşad uşaqlarına qarşı münasibəti normal olmuş və maddi köməklik etmişdir. 07.07.2020-ci il tarixdə Rəşadla Sumqayıt şəhər Mərkəzi bazarın yaxınlığında qarşılaşdığı zaman ona yaxınlaşaraq nə üçün iş yerindən onu soruşduğuna görə aralarında sözlü mübahisə yaranmışdır. 09.07.2020-ci il tarixdə axşam saat 22 radələrində evdə uşaqlara yemək yedirdiyi zaman qaynanası Minəxanımla Rəşad evə gəlmiş, ayağa qalxaraq onlardan nə səbəbdən evə gəldiklərini soruşmuşdur. Rəşad atasının evi olduğunu üçün gəldiyini bildirdikdə, o, Rəşaddan evdən çıxmasını tələb etmiş, həmin vaxt Rəşad onun sifət nahiyyəsindən iki dəfə yumruqla vurmuşdur. Yumruqlardan ikisi də burnuna dəymiş, qan axdığı üçün ona cavab verə bilməmiş, Rəşad isə evdən çıxıb getmişdir. Münaqişə zamanı qaynanası Minəxanım evdə olsa da digər otaqda olmuş və Rəşadın onu vurduğunu görməmiş, yalnız Rəşad onu vurduqdan sonra səsə gələn qaynanası burnundan qan axdığını görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlini olmuş və birlikdə yaşamışlar. Əvvəllər İradə ilə Rəşadın münasibətləri yaxşı olsa da sonradan münasibətləri pisləşmiş və 2020-ci ilin fevral ayında onlar boşanmışlar. Boşandıqdan sonra yenə də bir evdə yaşamış, lakin, sonradan İradə Rəşadı evə buraxmamış və onu evdən qovmuşdur. Rəşad kirayə yaşamış, o, isə İradə ilə birlikdə eyni evdə yaşamağa davam etmişdir. İradə ona “sən mənimlə qal, Rəşad evə gəlməsin” demiş, bundan təxminən üç gün sonra yəni, 09.07.2020-ci il tarixdə saat 23 radələrində Rəşad onu görmək üçün gəlmişdir. Həmin vaxt İradə qonşunun evində olmuş, geri qayıtdıqda Rəşadın gəldiyini görüb, nalayiq sözlər deyərək, evdən qovmaq istəmişdir. Mübahisə zamanı o, digər otaqda olmuş, qışqırıq səsi eşidərək, Rəşad və İradənin mübahisə etdiyi otağa gəldikdə artıq İradənin burnundan qan axdığını, yerdə qan damcıları olduğunu görmüşdür. Rəşad ona həkim çağırmağı təklif etsə də İradə buna razı olmayaraq, polisə, yəni, DİN-nin 102 xidmətinə zəng edərək, Rəşadın onu döydüyü barədə məlumat vermişdir. Rəşad isə evdən çıxıb getmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, evdə azyaşlı nəvələri olmuşdur. Rəşad və İradə dalaşdığı zaman səs-küyə digər otaqdan gəldikdə İradənin burnundan qan axdığını görsə də onların bir-birini vurduğunun şahidi olmamışdır. Mübahisə evdə baş verdiyindən heç bir qonşu şahid olmamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 13.07.2020-ci il tarixli, 777 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Burun tənəffüsünün pozulması ilə müşayiət olunmuş burun sümüklərinin tam yer dəyişən sınığı, burun və hər iki göz altı nahiyənin qançırları, sağ təpə nahiyəsinin sıyrığı. Qeydolunanxəsarətlərbərkkütəşyanın (əşyalar) təsirindən yaranmışdırlar, həmin xəsarətlərdən – burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüklərinin tam yerdəyişən sınığı, burun və hər iki gözaltı nahiyyəsinin qançırları onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 09.07.2020-ci ildə yarana bilərdi və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, təpə nahiyyəsinin sıyrığı isə müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 12.07.2020-ci il tarixdə yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.12.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən və 05.03.2019-cu il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamış, lakin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən Şəxs Cinayət Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, iş materiallarına əlavə olunmuş **********221 saylı, 09.02.2021-ci il tarixli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs 07.10.2007-01.04.2009, 29.09.2020-07.12.2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarına əlavə olunmuş 07.12.2020-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, Məmmədov X2 və Zəngilan rayonlarının işğaldan azad olunmasında göstərdiyi aktiv döyüş fəaliyyətinə görə N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müvaini K.Abbasov tərəfindən təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətdikdən sonra 07.10.2007-01.04.2009, 29.09.2020-07.12.2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçməsini, uzun illər işğalda olan Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında göstərdiyi aktiv döyüş fəaliyyətinə görə N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müvaini K.Abbasov tərəfindən təltif olunmasını şəraitin dəyişməsi kimi qiymətləndirir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxsin aktiv döyüş əməliyyatlarında iştirak etməsini şəraitin dəyişməsi kimi qiymətləndirilərək Təqsirləndirilən şəxs ictimai təhlükəliliyinin olmadığı müəyyən olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs uşaqlarına qarşı qayğıkeş ata olmuş, arvadından ayrılsa belə sonuncunun uşaqları ilə birlikdə öz evində yaşamasına icazə vermiş və özü isə yaşamaq üçün kirayə ev tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin 16.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X4 9 (doqquz) saat iştirak etmişdir. Ona görə də 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25.01.2021-ci il tarixli (iş № 1(060)-157/2021) qərarını icra edərək, 27.01.2021-ci il tarixli 34 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-157/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-157/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver