Məhkəmə qərarları › İş №1(060)-157/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-157/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-157/2025 10.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakı ilə, X6 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X19 və X15 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X19 və X24 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin hakimi Nərmin Abiyeva və məhkəmənin sədri Xıdır Quliyev "xxxx" saytının təsisçisi olan X6 onlar barəsində böhtan xarakterli məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaydığına görə, sonuncu barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Nərmin Abiyeva şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, "xxxx" MMC xəbər agentliyinin (VÖEN **********) təsisçisi və rəhbəri X13 24 fevral 2024-cü il tarixdə "xxxx" saytında onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə məhkəmənin nüfuzuna xələl gətirən, habelə məhkəmənin hakiminin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, uydurma məlumatlarla dolu “Dur! Xaçmaz sakinlərinin ədalət harayı” adı altında video reportajı kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, daha dəqiq isə “7Times.az saytında”, “Youtube” kanalında və “Tiktok” sosial şəbəkəsində yaymışdır. Reportajın əsas mövzusu Xaçmaz Rayon Məhkəməsində guya “ədalətsizliyin hökm sürməsi” və onun guya “qeyri-peşəkar” hakimlik fəaliyyəti ilə bağlı olmuşdur. Qanunayğun, obyektiv və qərəzsiz apardığı hakimlik fəaliyyəti Cəlal Fərzəliev tərəfindən cəmiyyətə gözdən salıcı və nüfuza xələlgətirici formada təqdim edilmişdir. Sözügedən reportajın hər saniyəsi onun tərəfindən təhlil olunmuş və 11 dəqiqə 21 saniyə davam edən videoçarxda Cəlal Fərzəliev ilk öncə ümumi sözlərlə rayonda hökm sürən ədalətsizlikdən danışmış, əhali arasında soraqlaşma aparılmış və narkotikin müasir dövrün ən böyük bəlası olması, narkotik vasitələri satan şəxslərin ciddi cəzalandırılması, onların məsuliyyətdən kənarda qalmaması üçün lazımi tədbirlər görülməsi barədə fikirlər səsləndirmişdir. Bununla da, izləyiciləri şüuraltı olaraq narkotikin böyük bir bəlaya çevrilməsi, narkotik vasitələri satan şəxslərin azadlığa buraxan və onların əməllərinə göz yuman məmurların cəmiyyət arasında mənfi qəbul edilməsinə kökləməyə çalışmışdır. Videoreportajın 1:47-2:05-ci dəqiqələr arasında barəsində şikayət olunan Cəlal Fərzəliev tərəfindən onun adı çəkilir və burada artıq həqiqətə uyğun olmayan, hakimin və məhkəmənin nüfuzuna xələl gətirən, eyni zamanda böhtan xarakterli məlumatlar bilə-bilə yayılmışdır. 2:01-2:05-ci saniyələrdə deyilir ki, X33 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən X21 azadlığa buraxılması ilə bağlı qərar qəbul etmişdir. Bu məlumatın yalan olması ondan ibarətdir ki, o, təqsirləndirilən şəxs Elman Qasımovu azadlığa buraxmamışdır. Cinayət işinin materiallarından əldə edilmiş və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ibtidai istintaq qeyri-peşəkar, kobud prosessual pozuntularla aparılmış və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroru tərəfindən keyfiyyətli nəzarət həyata keçirilməmiş, ibtidai istintaq onu CPM-nin 303-cü maddəsində nəzərdə tutulmuş prosessual normaları tətbiq etməyə məcbur etmişdir. O, CPM-nin 303-cü maddələrini rəhbər tutaraq, cinayət işinin materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytararkən, həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanması müddətini uzatmışdır. Xüsusən də X21 azadlığa buraxılması istintaq orqanı tərəfindən həyata keçirilmişdir. Ona görə ki, onun tərəfindən uzadılmış həbsdə saxlanma müddəti sona çatdıqda, istintaq orqanı tərəfindən məhkəməyə müvafiq vəsatət və təqdimatla müraciət edilməmişdir. X7 azadlığa buraxılmışdır. Bununla da, böhtanın birinci epizodu öz təsdiqini tapır. - Belə ki, hakim təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini uzatmış olsa da, Cəlal Fərzəliev həmin şəxsin azadlığa buraxılması ilə bağlı bilə-bilə yalan məlumat yaymışdır. 2:06-2:20 dəqiqələr arasında müəllif qeyd etmişdir ki, istintaq araşdırması zamanı “az qala bir dastana bərabər dəlillər və sübutlar olmasına baxmayaraq, X33 saxlanılan Elman Qasımovun azadlığa buraxılması ilə bağlı hökm çıxarır”. Bu hissədə də, Cəlal Fərzəliev onun barəsində nüfuzdan salıcı və bilə-bilə yalan məlumatlar yayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 7.0.45-ci maddəsinə əsasən məhkəmənin hökmü — şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Qanunun normalarına əsasən, hökm yalnız məhkəmə baxışı nəticəsində çıxarılan bir qərardır. Onun tərəfindən isə, X21 barəsində qəbul edilən qərar Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə uyğun olaraq, hazırlıq iclasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması olmuşdur. Yəni bu heç də, istintaqın tamamlanmasını əks etdirən qərar deyildir. Bununla da, böhtanın ikinci epizodu öz təsdiqini tapır. - Belə ki, o, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və bununla yanaşı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirini uzatmış olsa da, Cəlal Fərzəliev həmin şəxs barədə azadlığa buraxılmasına dair hökm qəbul edilməsi barədə bilə-bilə yalan məlumat yaymışdır. Narkotik vasitələri satan şəxsin azadlığa buraxılması kimi yalan məlumatlar, cəmiyyət arasında qıcıq doğuraraq, məhkəməyə qarşı nifrət hissinin oyadılmasına səbəb olur. Bununla da, cəmiyyətdə məhkəmənin və hakimlərin nüfuzu alçalmış olur. Reportajın 2:35-2:45-ci dəqiqələrində “X33 narkotiklərlə bağlı durumun acınacaqlı olduğunu bilə-bilə narkotacirlərə qarşı daha sərt tədbirlər görmək əvəzinə onları bağışlayır.” cümləsi səslənir. Daha sonra isə, vətəndaşın müsahibəsində deyilir ki, polis bölməsi narkotacirləri tutur, məhkəmələr isə onları buraxır. Müsahibələrə fikir verilsə görülər ki, yalnız vətəndaşların cavabları səslənir, lakin onlara hansı sualın verilməsi müsahibədə əksini tapmır. Heç sübhə doğurmur ki, Cəlal Fərzəliev vətəndaşlara yönəldici (özündə bilə- bilə yalan və böhtan xarakterli məlumatları əks etdirən) suallar verməklə, onlardan həmin tipli suallara da məhkəmənin ünvanına səslənən sərt cavabları nümayiş etdirir. Konkret olaraq videonun 2:45-ci saniyəsində danışan vətəndaş narazılıq edir ki, polis bölməsi narkotacirləri tutur, məhkəmə isə onları buraxır. Digər vətəndaşlar da, niyəsə narkomaniyadan danışarkən, məhz məhkəmə tərəfindən buraxılmasından narazılıq edirlər. Bununla da böhtanın üçüncü epizodu təsdiqini tapır.- Belə ki, X13 cəmiyyət arasında məhkəmə və onun hakimləri barədə qabaqcadan çaşqınlıq yaradan, böhtan xarakterli bilə-bilə yalan məlumatlar yaydıqdan sonra, bu məlumatlar və çaşqınlıq əsasında cəmiyyətin ayrı-ayrı üzvlərinin şüurunda formalaşmış məhkəmə hakimiyyəti və hakim barədə nüfuzdan salıcı müsahibənin onlar tərəfindən verilməsinə nail olmuşdur. Daha sonra, reportajın 5:03-cü dəqiqəsində Cəlal Fərzəlievin növbəti böhtan xarakterli məlumatı yayılmışdır. Həmin dəqiqədən etibarən Cəlal Fərzəliev məlumat verir ki, Nərmin Abiyevanın azadlığa buraxdığı növbəti şəxs X16 və X22r. Cəlal Fərzəliev ilk öncə Əziz Mahmudovu cəmiyyət arasında çox mənfi xarakterizə olunan bir şəxs kimi qələmə verir, daha sonra 5:32-dən 8:26-dək, yəni 11 dəqiqəlik video reportajın 3 dəqiqəsini yaşlı bir vətəndaşın Əziz barədə şikayət və narazılıqla dolu müsahibəsini göstərir. Halbuki, cinayət işinin materiallarından da göründüyü kimi, X8 və X20 barəsində ibtidai istintaq orqanı tərəfindən “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. O, isə X20 və X8 barələrində olan cinayət işi üzrə ibtidai istintaq zamanı yol verilmiş kobud prosessual pozuntuların olmasını səbəbindən, Azərbaycan Respublikasının CPM-nin 303-cü maddəsinə uyğun olaraq, cinayət işinin baxılmasına xitam verərək cinayət işinin materiallarını ibitidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmışdır. Bununla da, böhtanın dördüncü epizodu öz təsdiqi tapır.- Belə ki, Cəlal Fərzəliev izləyicilərə Əziz Mahmudovun nə dərəcə mənfi bir insanın olduğunu nümayiş etdirdikdən sonra, həmin şəxsin onun tərəfindən azadlığa buraxılmasını bildirir. Təbii ki, bu cür məlumatlar düzgün maarifləndirilməmiş əhalinin hisslərinə toxunaraq, qıcıq yaratmış olur. Halbuki, onun Əziz Mahmudovu azadlığa buraxmağı ilə bağlı heç bir qərar mövcud deyildir. Sonuncunun və X20 barələrində olan cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən kobud prosessual pozuntulara yol verildiyinə görə cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Və ən əsası odur ki, X16 və X20 barələrində ibtidai istintaq orqanı tərəfindən “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Video reportajın sonunda Cəlal Fərzəliev onun şəxsi həyatına aid olan məlumatları da paylaşaraq, “Media haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini kobud şəkildə pozmuşdur. “Dur! Xaçmaz sakinlərinin ədalət harayı” adı altında video reportajın xx.xx.2024-cü il tarixə olan baxılma statistikası aşağıdakı kimidir: “Tiktok” platformasında 2540 nəfər tərəfindən bəyənilmiş, 110 nəfər tərəfindən şərh edilmiş, 246 nəfər tərəfindən yaddaşda saxlanılmış və 258 nəfər tərəfindən paylaşılmışdır. Bu rəqəmlər həmin səhifədə olan məlumatlardır, təəsüflər olsun ki, video çarxa neçə nəfər tərəfindən baxılmasını müşahidə etmək texniki cəhətdən mümkün deyil. "xxxx" saytında videonun neçə nəfər tərəfindən izlənilməsini texniki cəhətdən görmək mümkün olmamışdır. “Youtube” saytında videoya 1466 nəfər tərəfindən baxılmışdır. Xıdır Quliyev şikayətini onunla əsaslandırmışdır ki, X13 24 fevral 2024-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin hakimi Nərmin Abiyeva barəsində böhtan xarakterli video reportaj yaydıqdan sonra, cəzasız qaldığını görərək, əməllərinə davam etmiş və bu dəfə 23 oktyabr 2024-cü il tarixdə “7Times.az saytında”, “Youtube” kanalında və “Tiktok” sosial şəbəkəsində onun barəsində "Xaçmaz sakini prezidentə müraciət etdi: Məhkəmə sədri məndən 6 min pul alıb barəmdə hökm verdi” başlığı ilə böhtan xarakterli süjet yaymışdır. Cəlal Fərzəlievin onun barəsində hazırladığı reportajda X4 Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı müraciətin mətni yer almışdır. Həmin mətndə səslənən böhtan xarakterli məlumatlar X5 məxsus olsa da, onların yayılmasını məhz Cəlal Fərzəliev təşkil etmişdir. Sözsüz ki, vətəndaş Böyükağa Cəbrayılovun onun barəsində səsləndirdiyi iddialar tamamilə əsassızdır və şübhəsiz ki, kiminsə məhkəməyə təzyiq göstərilməsi qismində istifadə etdiyi bir vasitədir. Lakin, hazırki xüsusi ittiham qaydasında şikayətin mahiyyəti bu cür təxribat xarakterli sifarişli hərəkətləri təşkil edən şəxslərdən yox, bu cür böhtan xarakterli məlumatları bilə-bilə yayan jurnalist Cəlal Fərzəlievin hərəkətləri barədədir. B.Cəbrayılov ölkə qanunları ilə təsbit edilmiş hüquqlarından düzgün qaydada istifadə etməklə, onun barəsində edilən şikayəti Azərbaycan Respublikası Prezidentinə və yaxud Məhkəmə-Hüquq Şurasına rəsmi qaydada şikayət etməklə kifayətlənmiş olsa idi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2014-cü il tarixli Plenumun Qərarında da qeyd edildiyi kimi onun əməllərində cinayət tərkibinin olması istisna olardı. X1 şikayəti Azərbaycan Respublikası Prezidentinə ünvanlansa da, onun bu şikayətində səsləndirdiyi əsassız və böhtan xarakterli məlumatlar niyəsə görə jurnalist Cəlal Fərzəliev tərəfindən birtəfəli qaydada ictimailəşdirilmişdir. Mətnin əvvəlindən aydın olur ki, şikayətin məzmunu yalan və uydurmadır. Belə ki, şikayətdə deyilir ki, 2020-ci ildə baxılan cinayət işi üzrə guya o, şəxsən təqsirləndirilən şəxsdən xidməti otağında 6000 manat məbləğində pul alımış və bunun müqabilində B.Cəbrayılov barəsində yüngül cəza tədbiri tətbiq etmişdir. Görəsən B.Cəbrayılov bu 4 il ərzində niyə pul verməsi barədə heç bir orqana şikayət etməmişdir? Əgər işin nəticəsi ilə razılaşmamışdırsa, niyə hökmdən apelyasiya şikayəti verməmişdir? Niyə bu məsələ məhz "xxxx" saytının rəhbəri Cəlal Fərzəliev tərəfindən ictimailəşdirilir? Cəlal Fərzəliev sözü gedən reportajları öz maddi və ya digər maraqları müqabilində bilə-bilə yayır. Ola bilər ki, böyük bir xəbər saytını idarə edən və özünü peşəkar jurnalist hesab edən, Cəlal Fərzəlievin Azərbaycan Respublikası “Media haqqında” Qanununun tələblərindən xəbəri olmasın, lakin qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Çox güman ki, Cəlal Fərzəliev bu məsələdə məsuliyyətdən kənar qalmaq üçün özünümüdafiə xarakterli dəlillər gətirərək bildirəcək ki, B.Cəbrayılov pozulmuş hüquqlarının bərpa edilməsi üçün Xaçmaz rayonunda fəaliyyət göstərən media nümayəndələrinə üz tutaraq, ona köməklik edilməsini xahiş etmişdir. Bu səbəbdən də, o (Cəlal Fərzəliev) vətəndaşın müraciəti əsasında məsələni işıqlandırmış və yalnız, B.Cəbrayılov tərəfindən iddia olunan məlumatları yaymışdır. Bu halda, peşəkar jurnalist Cəlal Fərzəlievə sual ünvanlayıram ki, niyə o, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.11-ci maddəsinin tələblərini pozaraq birtərəfliliyə yol vermişdir? Həmin Qanunun 17.1-ci maddəsinə əsasən bu məsələ ilə bağlı Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin mövqeyini də öyrənib, reportaja əlavə edə bilərdi. Reportajın sonunda B.Cəbrayılovun məhkəmə qarşısında görüntü üçün “səhnə” qurması da, açıq-aşkar onu göstərir ki, guya o, (B.Cəbrayılov) məhkəmə sədrinin qəbuluna keçmək istəyir, buna isə məhdudiyyət qoyulur. Ələxsus da, bu görüntüləri çəkən məhz Cəlal Fərzəliyevin özüdür. Jurnalistin birtərəfli, faktı və əsası olmayan, onun şərəf və ləyaqətini, rayonun məhkəmə sədrinin nüfuzunu ləkələyən, açıq-aşkar uydurma xarakterli və xələl gətirici məlumatları yayması birbaşa Cəlal Fərzəlievin məsuliyyətidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X19 və X24 şikayətin məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etmişlər. Həmin tarixdə keçirilən hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 dövlət hesabına təyin edilmiş müdafiəçidən imtina edərək, ona müdafiəçi ilə müqavilə bağlamaq üçün vaxt verilməsini və məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X19 və X24 tərəfindən məhkəməyə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda barəsində xüsusi ittiham qaydasında şikayət etdikləri Cəlal Fərzəlievlə barışmışlar və şikayətlərindən imtina edirlər. Xüsusi ittihamçılar ərizədə həmçinin işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 bildirmişdir ki, hal-hazırda X19 və X24 ilə barışmışdır. Bununla bağlı barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər barəsində kütləvi informasiya vasitələrində yaydığı bütün məlumatları silmiş və həmin şəxslərdən üzr istəmişdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə, Xaçmaz şəhərində bağlanmış barışıq sazişindən görünür ki, X2 Xıdır İnqilab oğlu və X11 barəsində kütləvi informasiya vasitələrində həqiqəti əks etdirməyən məlumatlar (yazı, video, və.s) paylaşdığına görə X24 və X9 üzr istəmiş, X2 Xıdır İnqilab oğlu və X11 barəsində təmsilçisi olduğu kütləvi informasiya vasitələrində yaydığı bütün məlumatların həqiqəti əks etdirmədiyini qəbul etmiş və məlumatların yekun məhkəmə aktı qəbul edilənədək siləcəyini öhdəsinə götürmüşdür. X24 və X3 Cəlal Seyfəddin oğluna qarşı xüsusi ittiham qaydasında şikayətlərindən imtina etdiklərini, X13 ilə barışdıqlarını və tərəflər bir-birinə qarşı bundan sonra bu məsələ ilə bağlı məhkəmədə, digər qurumlarda hər hansı iddia, tələb irəli sürməyəcəklərini qeyd etmişlər. Məhkəmə şikayət ərizəsini və barışıq sazişini nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X19 və X24 şikayətlərindən imtina etmiş və təqsirləndirilən şəxs X13 ilə barışmışlar. Onlar bu barədə məhkəməyə barışıq sazişi təqdim etmişlər. Tərəflər arasında bağlanmış barışıq sazişi və ya onun hər hansı hissəsi qanuna zidd deyil və üçüncü şəxslərin hüquqlarına toxunmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 39.1.9-cu maddəsinə əsasən cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin şikayətdən imtina etdiklərini və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslə barışdıqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X11 və X15 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X10 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X14 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 04 saata görə 24 (iyirmi dörd) manat və Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X23 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 04 saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından müvafiq olaraq Sumqayıt Regional Vəkil Bürosunun və Sumqayıt şəhər 1 saylı vəkil bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar