Məhkəmə qərarları › İş №1(060)-159/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-159/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-159/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, X3 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun qanuni nümayəndəsi X5, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.2006-cı ildə Tovuz rayonu Azaflı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər 24 saylı tam orta məktəbin şagirdi, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu N saylı hərbi hissəsinin hərbi şəhərciyində qeydiyyatda olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, «xxxx» MTK-nın yeni inşa edilmiş binası, blok 1, mənzil 118-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə verilmişdir ona görə ki, o, 08.09.2020-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon 27 saylı binanın qarşısında yerləşən qarajların yanında tanıdığı X7 onun şalvarının arxa sol yan cibindən çıxarıb ona qatlanan tipli dəstək və tiyədən ibarət ümumi uzunluğu 146 mm olan zavod üsulu ilə hazırlanmış silah gismində istifadə etdiyi cib bıçağını nümayiş etdirməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin cib bıçağı ilə Nicat Rzazədəni bir dəfə vuraraq sonuncuya sağ budun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 08.09.2020-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon 27 saylı binanın qarşısında yerləşən qarajların yanında cib bıçağı ilə tanıdığı X8 bir dəfə vuraraq sonuncuya sağ budun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. X8 2018-ci ildən tanımaqla, onlar eyni məktəbdə təhsil alırlar. Belə ki, o, 2018-ci ildə ingilis dili üzrə hazırlığa gedərkən hazırlıqda onunla tanış olmuş, salam-sağoldan başqa onların yaxın münasibətləri olmamışdır. Şahid2 onun sinif yoldaşıdır. 08.09.2020-ci il tarixdə saat 16 radələrində o, dostu Şahid2la birlikdə görüşüb, bir az Sumqayıt şəhəri, 9cu mikrorayonun yanında yerləşən «Heydər Əliyev» parkında gəzişdikdən sonra yenidən evə qayıdarkən piyada Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən «Halal» Marketin yanından keçmişlər. Həmin vaxt o, qərara almışdır ki, həmin marketdən su alsın. Bu məqsədlə o, Salmanla birlikdə həmin Marketə daxil olmuşlar. Saat 18 radələri olardı o, marketdən su alıb Salmanla birlikdə çölə çıxmışdır. Həmin vaxt o, görmüşdür ki, məhəllənin içərisində, yəni Nicat Rzazədənin yaşadığı binanın qarşısında sonuncu Şahid1 ilə oturacaqda əyləşmişlər. Həmin vaxt Nicat onu görüb «ayə yanıma gəl» sözünü demiş, o da Salmanla birlikdə onlara yaxınlaşıb görüşmüşlər. Nicat ona demişdir ki, onun oturubdurduğu uşaqlar bıçaq gəzdirirlər, guya kişi tapılıblar, bıçaq gəzdirirlər. O da ona demişdir ki, bir az mədəni danışsın. O, görəndəki Nicat ucadan danışır, ona səsini aşağı salmasını və keçib kənara söhbət etmələrini demişdir. Nicat da onunla razılaşmış və onlar məhəllədə olan yaxınlıqdakı qarajlara tərəf keçmişlər. Qarajlar tərəfdə olarkən o, şalvarının arxa sol yan cibində saxladığı bıçağı sol əli ilə çıxarıb «kişilik belə olur» sözünü ona deyib üzbə-üz onunla dayanan Nicatın sağ budundan bir dəfə vurmuşdur. O, Nicatın şalvarında qan olduğunu görüb ona «nəsə kömək edim, gedək su ilə yuyaq» sözünü demişdir. Nicatın yanında olan Elyar çıxıb burdan getməsini demişdir. O da Salmanla birlikdə çıxıb getmişdir. Sonradan isə bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Bıçağı o, həmin günü Salmanla birlikdə «Heydər Əliyev» Parkında gəzərkən ağacın yanından tapıb arxa sol yan cibinə qoymuşdur. Nicatı üzünü çevrib getmək istədiyi halda deyil, onu üzbə-üz olarkən vurmuşdur. Hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayon 27 saylı binanın qarşısında yerləşən qarajların yanında baş vermişdir. Həmin vaxt orada əvvəl tanıdığı və birlikdə məktəbdə oxuduğu Salman, Elyar və Nicat olmuşdur. Onlardan başqa heç kim orada olmamış və həmin hadisəni görən adam olmamışdır. O, Nicatla mübahisə edən zaman onu nalayiq ifadələrlə təhqir etməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nüamayəndəsi X4 iştirakı ilə ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 24 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs 2018-ci ildən tanımaqla, Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən «xxxx» MTK-nın inşa etdiyi binada yaşayır. Belə ki, o, 2018-ci ildə ingilis dili üzrə hazırlığa gedərkən hazırlıqda onunla tanış olmuş, salam-sağoldan başqa onların yaxın münasibətiləri olmamışdır. 08.09.2020-ci il tarixdə saat 18 radələrində o, həyətdə qonşuları Şahid1 ilə oturacaqda əyləşmişlər. Həmin vaxt o, görmüşdür ki, Elgün məhlənin içi ilə dostu Salmanla birlikdə keçib «Halal» Marketə daxil olub oradan çıxmışlar və Elgün onları görüb yanına çağırmışdır. O da Elyarla birlikdə onun yanına getmişlər. Onlar görüşmüşlər. Həmin vaxt Elgün sağ əlində tutduğu bıçağı onlara göstərərək demişdir ki, bıçaq gəzdirir, bıçaqla nəsə edər və ona özünü göstərməyə başlamışdır. O da ona bıçaqla kişilik olmur sözünü demişdir. Elgün ona keçib kənara söhbət etməsini bildirmişdir. O da onunla razılaşmış və onlar məhəllədə olan yaxınlıqdakı qarajlara tərəf keçmişlər. Qarajlar tərəfdə olarkən Elgün ona «bax bıçaq var soxaram sənə» sözünü demişdir. O, fikirləşmişdir ki, yəgin Elgün zarafat edir onu bıçaqla vurmaz və üzünü çevirib Elyarla birlikdə çıxıb getmək istədikdə, o arxadan yaxınlaşaraq bıçaqla onun sağ budundan bir dəfə vurmuşdur. Bıçaqda Elgünün əlində olmuşdur. Elyarda ona kömək edərək evinə aparmışdır. Həmin vaxt anası Səbinə onun bu halını görüb nə baş verdiyini soruşduqda, o da ona bir az əvvəl Elgün tərəfindən bıçaqlandığını demişdir. Anası Səbinə də tez təcili tibbi yardıma zəng etmiş və bir neçə dəqiqədən sonra təcili-tibbi yardım gələrək onu Sumqayıt şəhər TTYX-na aparmışlar. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə vaxtı o Elyar, Salman və Elgün olmuşlar. Hadisə ancaq yaşadığı evin məhələsində yerləşən qarajların yanında onunla Elgünün arasında baş vermiş və nəticədə də Elgünün onu bıçaqla vurması nəticəsində bədən xəsarəti almışdır. Hadisə vaxtı onu Elgündən başqa heç kim vurmamış, döyməmişdir. O, özü də heç kimi vurmamış, döyməmişdir. Hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayon 27 saylı binanın qarşısında yerləşən qarajların yanında baş vermişdir. Mübahisə olan zaman Elgün nalayiq ifadələr işlətməmiş və ictimai qaydanı pozmamışdır. Orada o, Elgün, Salman və Elyar olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid2 qanuni nümayəndəsi X6 iştirakı ilə ifadəsində göstərdi ki, o Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 9D sinif şagirdidir. Təqsirləndirilən şəxs onun dostu və sinif yoldaşıdır. X8 2-3 ildir ki, tanıyır. Belə ki, o əvvəllər Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşamış, Zərərçəkmiş şəxs də həmin mikrorayonda qalır. Nicatın dostu Elyarı da elə oradan tanıyır. 08.09.2020-ci il tarixdə saat 16 radələrində o dostu Təqsirləndirilən şəxslə birlikdə görüşüb, bir az Sumqayıt şəhəri, 9cu mikrorayonun yanında yerləşən «Heydər Əliyev» parkında gəzişdikdən sonra yenidən evə qayıdarkən piyada Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən «Halal» Marketin yanından keçirmişlər. Həmin vaxt onlar görmüşlər ki, məhəllənin içərisində, yəni Nicat Rzazədənin yaşadığı binanın qarşısında sonuncu Şahid1 ilə oturacaqda əyləşmişlər, onlara yaxınlaşıb salamlaşıb görüşmüşlər. Həmin vaxt Elgün sağ əlində tutduğu bıçağı onlara göstərərək «bıçaq gəzdirərəm, bıçaqla nəsə edərəm» sözünü demiş və onlara özünü göstərməyə başlamışdır. Nicat da ona «bıçaqla kişilik olmur» sözünü demişdir. Elgün də ona keçib kənara söhbət etməsini demişdir. Nicat da onunla razılaşmış və onlar məhəllədə olan yaxınlıqdakı qarajlara tərəf keçmişlər. Qarajlar tərəfdə olarkən Elgün Nicata «bax bıçaq var soxaram sənə» sözünü demişdir. Həmin vaxt Nicat çıxıb getməyə hazırlaşarkən Elgün bıçaqla onun sağ budundan bir dəfə vurmuşdur. O, tez Elgünü özünə tərəf çəkmişdir. Bıçaq da Elgünün əlində olmuşdur. Onlar görmüşlər ki, Nicatın şalvarında qan var. Həmin vaxt Elgün Nicata «sənə nəsə kömək edim, gedək su ilə yuyaq» sözünü demişdir. Nicatın yanında olan Elyar onlara qışqıraraq çıxıb burdan getmələrini demişdir. O da Elgünlə birlikdə çıxıb getmişlər. Sonradan Elgün polis əməkdaşları tərəfindən saxlanılarkən bıçağı polislərə təqdim etmişdir. Mübahisə olan zaman Elgün nalayiq ifadələr işlətməmiş və ictimai qaydanı pozmamışdır. Hadisə vaxtı orada yalnız o, Nicat, Elgün və Elyar olmuş və onlardan başqa heç kim mübahisəni görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 qanuni nümayəndəsi X2 iştirakı ilə ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər 24 saylı tam orta məktəbin şagirdidir. Zərərçəkmiş şəxs qonşusudur. Təqsirləndirilən şəxs və Şahid2 da tanıyır, onlar bir məktəbdə təhsil alırlar. 08.09.2020-ci il tarixdə saat 18 radələrində o, həyətdə qonşusu Zərərçəkmiş şəxs ilə oturacaqda əyləşmişdilər. Həmin vaxt gördü ki, Elgün məhlənin içi ilə dostu İmanla birlikdə keçib «Halal» Marketə daxil olub oradan çıxdılar və Elgün onları görüb yanına çağırmışdır. O da Nicatla birlikdə onun yanına getmişlər. Onlar görüşdülər və həmin vaxt Elgün sağ əlində tutduğu bıçağı onlara nümayiş etdirərək dedi ki, bıçaq gəzdirər, bıçaqla nəsə edər və onlara özünü göstərməyə başladı. Nicat da ona dedi ki, bıçaqla kişilik olmur, Elgün Nicata dedi ki, keçək kənara söhbət edək. O da onunla razılaşdı və onlar məhəllədə olan yaxınlıqdakı qarajlara tərəf keçdilər. Qarajlar tərəfdə olarkən Elgün Nicata dedi ki, “bax bıçağı soxaram sənə”. Onlar da elə bildilər ki, yəgin Elgün zarafat edir bıçaqla vurmaz və üzlərini çevirib birlikdə çıxıb getmək istədikdə, Elgün arxadan yaxınlaşaraq bıçaqla Nicatın sağ budundan bir dəfə vurmuşdur. Həmin vaxt bıçaq Elgünün əlində olmuş, o, Nicata kömək edərək evinə aparmışdır. Hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisə vaxtı o, Nicat, Salman və Elgün olmuş, başqa yanında heç kim olmamışdır. Hadisə yaşadığı binanın qarşasında yerləşən qarajların yanında Nicatla Elgünün arasında baş vermişdir. Mübahisə olan zaman Elgün nalayiq ifadələr işlətməmiş və ictimai qaydanı pozmamışdır. Hadisə vaxtı orada yalnız o, Nicat, Elgün və Salman olmuş və onlardan başqa heç kim mübahisəni görməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əvvəllər bir-birini tanımışlar, hadisə zamanı Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməmiş, ictimai qaydanı pozmamış, cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərməmiş, hadisə qarajların arxasında baş vermiş, mübahisə zamanı onlardan başqa məktəbdən əvvəllər bir-birini tanıdıqları Şahid1 və Şahid2 olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə tövsif edilməlidir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11.09.2020-ci il tarixli, 1100 saylı rəyindən görünür ki, Nicat Rzazədənin bədəni üzərində sağ budun deşilmi-kəsilmiş yarasından ibarət bədən xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən yaranmışdır, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 08.09.2020-ci il tarixdə bıçaqla yetirilən zərbənin təsirindən yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Nicat Rzazədənin özü-özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. İş materiallarında olan əlavə məhkəmə-tibbi ekspertizasının 26.10.2020-ci il tarixli, 54/1100 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ budun deşilmikəsilmiş yarasından ibarət bədən xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət deşicikəsici əşyanın (alətin), ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın və ya ona bənzər bıçaqların təsirindən yaranmışdır, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 08.09.2020-ci il tarixdə yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixioloji ekspertizasının 09.12.2020-ci il tarixli, 2430 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs koqnitiv-mnestik imkanları normaya uyğun olduğundan o, qərarın təsviri hissəsində qeyd edilən əməli törədərkən öz hərəkətlərini adekvat olaraq qavramaq və mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində qərarın təsviri hissəsində qeyd edilmiş hadisələrlə bağlı özündən uydurmağa meyillik əlamətləri müşahidə edilmədi. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 15.12.2020-ci il tarixli, 580-MTKŞ/2020 saylı rəyindən görünür ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçağına uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan düzəliş edilməmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd cib bıçağı saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14.11.2020-ci il tarixdə tutulmuş və həmin tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, X9 yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. İş materiallarından görünür ki, X13 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X5 ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunub və hazırda şikayət yoxdur. Qeyd olunanları nəzərə alıb Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs elan olunan əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs atası X10 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışıq əldə olunmuşdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 777 saylı Hərbi Hissənin 793 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs atası 777 saylı Hərbi Hissənin hərbi qalluqçusu mayor X16 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Azərbaycan Respublikası ərazisi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. X1 Respublikası Prezidentinin sərancamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə, “Laçının azad olunmasına görə” medalı ilə və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-nin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.4-cü maddəsində isə göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yox, daha yüngül yəni Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, 08.09.2020-ci il tarixdə, saat 18 radələrində X8 Sumqayıt şəhəri, 10-cu mikrorayon 27 saylı binanın qarşısında yerləşən qarajların yanında 1 dəfə bıçaqla vurmuş, həmin vaxt orada ondan başqa Nicat, Elyar və Salman olmuş, orada olan zaman o, nalayiq ifadələr işlətməmiş, ictimai qaydanı pozmamış və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərməmişdir. Həmin ifadəyə uyğun məhkəmədə X14, Şahid1 və Şahid2 eyni məzmunlu izahatlar vermişlər. Azərbaycan Respublikası CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki ibtidai istintaq orqanı bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Göstərilən halları nəzərə alaraq, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulduğundan onun əməli həmin maddə ilə tövsif edilməlidır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23.03.2004-cü il tarixli qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Həmin Plenum qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Həmin Plenum qərarında həmçinin göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Eyni zamanda, silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin CM-in 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, cinayət əməlini yetkinlik yaşına çatmayan zaman törətməsi Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə olunması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs atası X11 Azərbaycan Respublikası ərazisi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi, Azərbayca Respublikası Prezidentinin sərancamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə, “Laçının azad olunmasına görə” medalı ilə və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd cib bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd cib bıçağı məhv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar