Məhkəmə qərarları › İş №1(060)-159/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-159/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-159/2023 16.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, 90D ünvanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, ünvan 7- da qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyəti həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə xx.xx.2022-ci il tarixdə, gecə saat 00 radələrində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 51-ci məhəllə, 44C ünvanında yerləşən həyət evinin hasarından tullanaraq həyətyanı sahəsinə keçmiş, sonra isə Təqsirləndirilən şəxs2 həyətə keçərək həyətdəki iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsinin girişdən sol tərəfdə olan plastik pəncərəsinin yanında dayanmış, Təqsirləndirilən şəxs1 həmin plastik pəncərəni sıxıb açmaqla içəri qanunsuz daxil olaraq, içəridən hər bir qutu 2,25 m2 ölçüdə olmaqla dəyəri 12 manat, cəmi dəyəri 810 manat olan 30 qutu laminantları, hər birinin dəyəri 15 manat, cəmi dəyəri 120 manat olan 08 ədəd oboyları, hər birinin dəyəri 1,5 manat, cəmi dəyəri 60 manat olan 40 ədəd plasmas süpürgəlikləri pəncərədən Təqsirləndirilən şəxs2 vermiş, Təqsirləndirilən şəxs2 onları evin həyətinə yığmış, sonra isə ikisi birlikdə həmin malları həyətin hasarından çölə yığmaqla hissə-hissə Təqsirləndirilən şəxs1 yaxınlıqda yerləşən evinə daşıyaraq gizli yolla talamış, Zərərçəkmiş şəxs ümumilikdə 990,0 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları 90D ünvanında qeydiyyatla yaşayır. O, əvvəllər oğurluq etdiyinə, narkotikdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 maddəsi ilə 01 il 09 ay müddətinə məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Hazırda heç bir işlə məşğul deyil, narkotik vasitə aludəçisidir. Vəlini də uzun müddətdir ki, tanıyır, münasibətləri normaldır. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Vəli ilə onun yaşadığı küçədə rastlaşmışlar, söhbət zamanı Vəli onu öz evlərinə dəvət etmiş, etiraz etməmiş, birlikdə piyada küçə ilə Vəlinin yaşadığı evə getməyə başlamışlar. 51-ci məhəllədə piyada gedən zaman elə yolda aralarında maddi vəziyyət ilə əlaqədar söhbət düşmüş, ikisi də iş tapa bilmədikləri üçün maddi sıxıntı çəkdiklərindən şikayətlənmişlər. Bu zaman Vəlinin evinə çatmağa 5-10 metrə qalmış Vəli dayanmış, ona təklif etmişdir ki, qonşuluqda bir evdə təmir tikinti işləri gedir, həmin evə daxil olub satıb pul əldə etmək üçün nəsə oğurlamaq mümkündür. Bu fikri Vəli onun ağlına salmış, Vəli ilə razılaşmış, onlar oğurluq edəcəkləri evin həyət qapısına yaxınlaşmışlar, dayanaraq ətrafa göz gəzdirmişlər, görmüşlər ki, sakitlikdir. Həmin vaxt artıq xx.xx.2022-ci il tarixdə gecə saat 00 radələri idi. Vəli ilə birlikdə Vəlinin qonşuluğunda olan həyətə hasardan tullanaraq daxil olmuşlar. Əvvəlcə həyətə baxmışlar, görmüşlər ki, həyətdə tikinti işləri gedir. Vəli ona demişdir ki, “sən həyətdə qal mən evin içinə plastik pencərədən daxil olum, görüm evin içində nə var”. O, həyətdə qalmış, Vəli isə evin sol tərəfdən birinci mərtəbəsinə qalxıb plastik pəncərəni sıxıb açmış, içəri daxil olmuş, az keçməmiş içəridən hissə-hissə oboy paçkaları, bir paçka plintus, 30 paçka laminant çıxarmış, özü isə pəncərənin qarşısında dayanmışdır, Vəli əşyaları bir-bir ona vermişdir. O, oboyları, plintusları, laminantı hissə-hissə həmin evin həyətinə yığmışdır. Sonra isə Vəli ilə birləşib həmin oğurladıqları əşyaları hissə-hissə hasardan küçəyə çıxarmışlar, küçədən də təxminən 10 metr aralıda Vəlinin yaşadığı evə daşımışlar. Fikirləri var imiş ki, sonra həmin malları satıb şəxsi tələbatlarına xərcləsinlər. Həmin evdə təxminən 30-40 dəqiqə olmuşlar. Oğurladıqları mallar, 30 qutu laminant, 1 qutu plintus, 8 ədəd aboy olmuşdur. Evdə Vəlinin anası Mətanət həmin malları hardan əldə etdiyini soruşanda Vəli demişdir ki, ona məxsusdur, satmaq üçün qoyulub. Yəni Vəlinin anasının həmin malların oğurluq olmasından xəbəri olmamışdır. Lakin sonradan polis əməkdaşları onları polis bölməsinə dəvət edəndə etdikləri oğurluq əməlini etiraf etmişlər. Oğurladıqları malları sata bilməmişlər. Oğurluq etdikləri evin sahibini tanımır, Vəlinin qonşusudur. Həmin oğurluq hadisəsini Vəli ilə birlikdə etmiş, Vəli ilə başqa oğurluq hadisəsi törətməmişdir, hadisəni törədərkən hər ikisi də ayıq vəziyyətdə olmuşdur. Oğurluq etməkdə məqsədləri pul əldə edib narkotik vasitə almaq olmuşdur. Zərərçəkmiş şəxsdən oğurlanan mallar qaytarılmış, onunla barışmışlar, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. Törətdiyi əməldən peşmandır. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan, yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək digər Təqsirləndirilən şəxs2 göstərdiklərini təsdiq etdi, onunla eyni məzmunlu ifadə verdi və bildirdi ki, oğurluq etməkdə fikirləri o olmuşdur ki, oğurladıqları malları satıb şəxsi tələbatlarına xərcləsinlər. Həmin evdə təxminən 30-40 dəqiqə olmuşlar. Evdə anası Mətanət həmin malları hardan əldə etdiyini soruşanda demişdir ki, Fərhada məxsusdur, satmaq üçün qoyulub. Yəni anası Mətanətin həmin malların oğurluq olmasından xəbəri olmamışdır. Sonradan polis əməkdaşları onları polis bölməsinə dəvət edəndə etdikləri oğurluq əməlini etiraf etmişlər. Oğurladıqları malları sata bilməmişlər. Oğurluq etdiyi evin sahibini tanıyır, qonşularıdır, adı Zərərçəkmiş şəxsdur. Həmin oğurluq hadisəsini Fərhad ilə birlikdə etmiş, Fərhad ilə başqa oğurluq hadisəsi törətməmiş, hadisəni törədərkən hər ikisi də ayıq vəziyyətdə olmuşlar, oğurluq etməkdə məqsədləri pul əldə etmək olmuşdur. Zərərçəkmiş şəxsdən oğurlanan mallar qaytarılmış, onunla barışmışlar, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur. Törətdiyi əməldən peşmandır. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan, yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatdadır, lakin ünvan 5 yaşayır. Onun Sumqayıt şəhəri, 51-ci məhəllə 44C ünvanında təmir işləri yarım qalmış iki mərtəbədən ibarət həyət evi var, həmin həyət evində bu gün də təmir işləri gedir. O, hər gün gəlib həmin evə dəyir, ustalar işləyir deyə işlərin gedişatına nəzarət edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində evin həyət qapısını kilidləyib oradan çıxmışdır. Səhəri gün xx.xx.2022-ci il tarixdə səhər radələrində yenidən evə gəlmiş, evin küçə qapısını açmış, əvvəlcə həyətə, sonra isə evin qapısını açmış, evə daxil olmuş, görmüşdür ki, ev üçün nəzərdə tutulmuş aldığı əşyalar yerində deyil, evin qonaq otağının plastik pəncərəsi açıq vəziyyətdədir. O, bu vəziyyəti görən kimi bilmişdir ki, evə kənar şəxs plastik pəncərəni sıxıb açmaqla daxil olmuş, evin içində elə qonaq otağında yerdən qoyduğu 45 qutu laminantdan 30-u oğurlanıb, cəmi 100 metr uzunluğunda olan plintusları oğurlanıb, 8 ədəd aboy oğurlanıb. Həmin aboylardan ikisi evin ikinci mərtəbəsində yataq otağında olmuşdur. Həmin oğurlanmış əşyaların qiymətləri bunlardır; belə ki, 30 qutu laminant hər qutuda 2,25 kv olub, hər kvadratı 12 manatdan (təxminən 66 kvadrat) cəmi qiyməti 800 manat, 8 ədəd aboy hər biri 15 manatdan cəmi qiyməti 120 manat, 100 metr plasmas plintus, 40 ədəd olub, hər biri 1,5 manatdan cəmi dəyəri 60 manat olub. Hadisə nəticəsində ona cəmi 980 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, bunların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid göstərdi ki, Sumqayıt şəhəri, 51-ci məhəllə, Şaban Babaoğlu küçəsi, ev 6-da oğlu Təqsirləndirilən şəxs1 ilə bir yerdə yaşayır. Oğlu Vəli oğurluq etdiyinə görə məhkum olunmuş, hazırda heç bir işlə məşğul deyil, narkotik aludəçisidir. Özü heç yerdə işləmir, evdə olur. xx.xx.2022-ci il tarixdə səhər radələrində həyətə çıxmış, görmüşdür ki, evin həyətində plintus, aboy, laminant qutuları var. Həmin əşyalar: 30 qutu laminant, 1 qutu plintus, 8 ədəd aboy idi. O, Vəlidən bunları haradan əldə etməsini soruşmuş, Vəli ona bildirmişdir ki, tanışı Fərhadındır, verib ki, ona satmaqda köməklik etsin. O, Vəlinin bu sözündən şübhələnməmiş, Vəliyə inanmışdır. Lakin sonradan Vəli polisə çağırılanda bilmişdir ki, həmin qeyd etdiyi əşyalar oğurluqdur, Vəli həmin əşyaları tanışı Fərhad ilə bir yerdə onlarla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evindən oğurlamışlar. Əşyaların oğurluq olmasını əvvəldən bilməmiş, bilsəydi bu barədə polisə dərhal məlumat verərdi. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış işıqlı havada aydın şəraitdə aparılmışdır. Baxış Sumqayıt şəhəri, 51-ci məhəllə, fərdi yaşayış evində aparılmışdır. Baxış zamanı qeyd edilən evin giriş qapısının olması müəyyən edilmişdir. Giriş qapısından içəri daxil olduqda təmir işlərinin aparılması müəyyən olunur. Solda təmir üçün nəzərdə tutulmuş əşyaların olması müəyyən olunmuşdur. Girişin qarşısında 2 mərtəbəli evin olması müəyyən olunmuşdur. Yerdə daşların düzülməsi, sol pəncərənin qarşısında taxta nərdivanın olması, evin girişində dəhlizin olması, dəhlizin solunda təmir olan otaqların olması müəyyən olunur. X.Əbdürəhmanov oğurlanmış materialların həmin otaqda olmasını bildirmişdir. Baxış zamanı Samsung markalı fotoaparatla şəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İş materiallarında olan “Təqdimetmə və götürmə aparılması haqqında” xx.xx.2022ci il tarixli protokoldan görünür ki, vətəndaş X2 məxsus talanmış 8 ədəd divar kağızı, 100 metr plintus və 66 kvm olan lominant Təqsirləndirilən şəxs1 tərəfindən təhqiqata təqdim edilmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vət.Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən 44C saylı həyət evindən oğurluq etmişdir. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması protokolundan göründüyü kimi, vət.Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən 44C saylı həyət evindən oğurluq etmişdir. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Mülk kiçik Müəssisəsinin 164 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7444 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların işlənmiş halda 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 990,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 69.4-cü maddələri ilə 2000 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə təyin olunmuş cərimənin ödənməmiş qalan 1851 manat cərimə cəzası aylıq qazancından 20% dövlət nəfinə pul tutulmaqla 01 il islah işləri cəzası ilə əvəz edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-51/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli qanuna əsasən zərərçəkmiş şəxsə ümumilikdə 2171 manat miqdarda ziyan vurmaqla oğurluq etmək hissəsində qeyd olunan xeyli miqdar sözü xaric olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli qərar dəyişilib və cəza müddəti 04 ilə endirilmiş, xx.xx.2018-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, xx.xx.2019cu ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş, Sumqayıt Şİ və PŞ xx.xx.2019-cu il tarixli 297 saylı arayışına əsasən cəzasını çəkib qurtarmışdır. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194, 307-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş üzrə 30 qutu laminant, 8 ədəd oboy, 100 metr plasmas süpürgəlik maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Corat qəsəbə İƏDN-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görnür ki, ona məxsus evdən oğurlanmış əşyalardan 100 metr uzunluğunda plintus, 8 ədəd oboy, 30 paçka laminat onun özünə normal vəziyyətdə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanın ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi, dəymiş ziyanın ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən islah oluna bilməz, ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində, CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs2 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cəza çəkilməsinin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs2 təyin edilən cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs1in 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut - 100 metr uzunluğunda plintus, 8 ədəd oboy, 30 paçka laminatın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, sahibinə qaytarılmış hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına Sumqayıt Regional Vəkil Bürosundan müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün isə Müdafiəçi1 tərəfindən hər biri ayrılıqda 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 90 (altmış) manat və Müdafiəçi1 90 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəza çəkilməsinin əvvəli 16 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 10 oktyabr 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 7 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübutlar - 100 metr uzunluğunda plintus, 8 ədəd oboy, 30 paçka laminatın saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsinlər. Vəkillər Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 90 (altmış) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan şəxsə isə təqdim olunduğu andan) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan (həbsdə olan şəxsə isə təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar