Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-160/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 2A, mənzil 17-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqlnda iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 oktyabr 2020-ci il tarixdə, saat 19:00 radələrində AE seriyalı 053427 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes 220” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ilə C.Məmmədquluzadə küçəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti xüsusən hərəkət istiqamətinə görə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, mümkün olan heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Grandmart» marketi ilə üzbəüz yolun hərəkət hissəsində avtomobil yolunu sağdan sola keçmək istəyən piyada xx.xx.1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq başın küt travması, sağ gicgah-təpə-alın sümüyünün kəllə əsasına keçən sınığı, baş beyinə qansızma, sol gicgah nahiyyəsinin geniş ölçülü əzilmişcırılmış yarası, sol baldır sümüklərinin qapalı sınıqları, sol İİ-İİİ-İV-V-Vİ-V qabırğalarının sınıqları ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, “Mercedes 220” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobili idarə etmək üçün «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin avtomobillə işsiz olduğu üçün taksi fəaliyyəti ilə məşğul olurdu. 16 oktyabr 2020-ci il tarixdə, təxminən saat 18:20 radələrində 6688 xidmətindən ona zəng gəlmiş və Sumqayıt şəhərində “Göyərçin” abidəsindən bir nəfər şəxsi Novxanı ərazisində yerləşən “Flaqman” restoranı ilə üzbəüz ünvana 2,20 AZN manata sərnişin kimi aparmışdır. O, müştərini Flaqman restoranının yaxınlığında düşürtmüş, həmin yolla üzü Sumqayıt şəhəri Dörd qardaş restoranı istiqamətində hərəkət etməyə başlamışdır. Nicat restoranın qarşısında tanımadığı bir nəfər oğlan və bir nəfər qadın maşına əl etmiş, maşını saxlayıb onlarla söhbət edəndə həmin şəxslər Sumqayıt şəhəri Növbətçi deyilən yerə taksi kimi aparmağını bildirmiş, o da həmin 2 nəfər şəxsi idarə etdiyi avtomobilə götürmüşdür. Təxminən saat 19:00 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhər Dörd qardaş restoranı istiqamətində hərəkətə başlamış, avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmiş, Nicat restoranından Sumqayıt şəhəri istiqamətində təxminən 1 kilometr yol hərəkət edərkən ondan sağ tərəfdə və 5-6 metr qabaqda hərəkətdə olan markasını və nömrəsini bilmədiyi qırmızı rəngli avtomobilin qabağından çıxan adi yerişlə yolu keçən bir nəfər şəxsi avtomobilin ön hissəsinin sol qabaq qanadı ilə vurmuş və vurandan bir neçə metr sonra avtomobili saxlamışdır. Bu zaman həmin piyada vurduğu yerdən təxminən 2 metr aralı məsafəyə düşmüşdür. Həmin şəxsə yaxınlaşıb başından qaldırıb köməklik edib avtomobilin arxa oturacağına uzatmış, lakin, avtomobildə olan həmin 2 nəfər şəxs ona heç bir köməklik göstərmədən çıxıb getmişlər. O, daha sonra avtomobili ilə vurduğu şəxsi Sumqayıt şəhər X9 xəstəxanasına gətirmiş, lakin həkimlər həmin şəxsə avtobildə baxan zaman artıq öldüyünü bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə ilk öncə sərxoşluq müayinəsindən keçib daha sonra hadisə yerinə gedərək əyanı sürətdə hadisənin necə baş verdiyini göstərmiş, bundan sonra isə ifadə vermək məqsədi ilə Sumqayıt şəhər polis idarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ona vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Onlar 1987-ci ildə rəsmi qaydada nigaha girərək ailə həyatı qurmuş, bu nigahdan 1 övladları doğulmuşdur. Mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs əvvəllər yaşadıqları Sumqayıt şəhəri 6-cı mikrorayon, bina 31-in həyətində həmin ərazinin sakinlərinin istifadə etdikləri avtomobillərin saxlanc yerinə gündəlik olaraq nəzarət etmişdir. Sabir 20 ildən çox müddət həmin ərazidə işləmiş, hər gün axşam saat 18:00 radələrində yaşadıqları evdən çıxıb, səhəri gün saat 09:00 radələrində evə gəlmişdir. Sabir iş yerinə çatdıqda öz mobil telefonu olmadığı üçün başqalarının mobil telefonu ilə ona zəng edərək məlumat vermişdir. Səhəri gün 17 oktyabr 2020-ci il tarixdə, saat 11:00 radələrində mərhum həyat yoldaşı Sabir evə gəlmədiyi üçün o, narahat olub bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, məlumatı verən zaman ona həyat yoldaşı Sabirin Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ərazisində avtomobil qəzasına uğradığı və xəsarət aldığı üçün Sumqayıt şəhər X9 xəstəxanasına aparıldığı bildirilmiş, o, dərhal qızı ilə birlikdə xəstəxanaya gəlmiş və yoldaşının 16.10.2020-ci il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi “Grandmart” marketinin qarşısındakı ərazidə yolu keçərkən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulduğunu, 16.10.2020-ci il tarixdə yoldaşı sürücü tərəfindən xəstəxanaya gətirilməsini, lakin xəstəxanın həyətində ölməsini öyrənmişdir. Yoldaşı Sabirin şəxsiyyəti müəyyən olunmadığından onlara həmin tarixdə məlumat verilməmişdir. Bundan sonra 16.10.2020-ci il tarixdən Sumqayıt şəhər TTY xəstəxanasının ekspertiza şöbəsində saxlanılan həyat yoldaşı Zərərçəkmiş şəxs meyidi ona təhvil verilmiş və həmin gün meyiti qəbirstanlıqda dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ərizə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi zərər tam olaraq ödənilmiş və onun sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru Şahid ifadəsində göstərdi ki, o, hazırda Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 16.10.2020-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi, Sahil küçəsi və ətraf ərazilərdə xidmətdə olmuş, həmin gün saat təxminən 19:00 radələrində Sumqayıt ŞPİ-nin Növbətçi Hissəsindən Sumqayıt şəhəri Corat qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən Grandmart marketi ilə üzbəüz yolda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi və xəsarət alan piyadanın isə yol nəqliyyat hadisəsini törədən şəxs tərəfindən Sumqayıt şəhər TTY xəstəxanasına yerləşdirildiyi haqda məlumat verilmiş, o, TTY xəstəxanasına getdikdə xəstəxananın həyətində “Mercedes 220” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş, o, sürücünün kim olduğunu soruşduqda sonradan adını bildiyi Təqsirləndirilən şəxs özünü təqdim edərək avtomobilin sürücüsü olduğunu və vurduğu piyadanı xəstəxanaya gətirərkən yolda keçindiyini bildirmişdir. Bundan sonra “Mercedes” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasına qoyulmuş, sürücü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsindən sonra yol nəqliyyat hadisəsi yerinə gətirilmiş, həmin vaxt hal şahidlərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verən yerə baxış keçirib fotoşəkillər çəkilmişdir. Həmin vaxt baxışın nəticələrinə dair protokol tərtib edildikdə o da digər iştirakçılar kimi tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 16.10.2020-ci il tarixli, 114 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Bəşir oğlunun meyidinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1. Başın küt travması, sağ gicgah-təpə-alın sümüyünün kəllə əsasına keçən sınığı, baş beyinə qansızma, sol gicgah nahiyyəsinin geniş ölçülü əzilmiş-cırılmış yarası, sol baldır sümüklərinin qapalı sınıqları, sol İİ-İİİ-İV-V-Vİ-V qabırğalarının sınıqları. 2. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla meyitin müayinəsindən 2-4 saat əvvəl olmaqla 16.10.2020-ci tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəli əlaqəlidirlər.
3. Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş olduğu başın küt travması nəticəsində sağ gicgah təpə alın sümüyünün kəllə əsasına keçən sınığı və baş beyinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. 4. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 8/1901 saylı 24 noyabr 2020-ci il tarixli rəyindən görünür ki, “Mercedes 220” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 16 oktyabr 2020-ci il tarixli, 5795 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (16.10.2020-ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmayıb. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına 29.11.2019-cu il tarixdən 29.11.2029-cu il tarixədək qüvvədə olan AE053427 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. ACN seriyalı 095848 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes 220” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin notariusu X2 tərəfindən 10.09.2020-ci il tarixdə təsdiq edilmiş 7E-12410 №li “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, X5 , “Mercedes 220” minik markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmək hüququnu 12.03.2021-ci ilədək Təqsirləndirilən şəxs etibar etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24 yanvar 2021-ci il tarixli (iş № 1(060)-160/2021) qərarını icra edərək, 27 yanvar 2021-ci il tarixli 39 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elçin Məmmədov