Məhkəmə qərarları › İş №1(060)-160/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-160/2022

29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-160/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 4 saylı tam orta məktəbin inzibati binasına açıq qapıdan qanunsuz daxil olaraq məktəbin birinci mərtəbəsində pilləkənin altına yığılmış təmir üçün nəzərdə tutulmuş 01 (bir) ədəd cəmi dəyəri 30 (otuz) manat olan tülpan üçün simistiteli, 01 (bir) ədəd cəmi dəyəri 10 (on) manat olan tülpan üçün sifonu, 02 ədəd hər birinin dəyəri 30 (otuz) manat cəmi dəyəri 60 (altmış) manat olan arko kranı, 02 (iki) cüt hər cütün dəyəri 05 (beş) manat cəmi dəyəri 10 (on) manat olan 120 sm ölçülü kobra şlankı, 01 (bir) ədəd cəmi dəyəri 10 (on) manat olan gigiyenik duş üçün simistiteli, 01 (bir) ədəd cəmi dəyəri 05 (beş) manat olan üzərində “Kemu” yazıları olan sabun qabını, 01 (bir) ədəd cəmi dəyəri 06 (altı) manat olan salfetka asmaq üçün qabı gizli yolla talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 131 (bir yüz otuz bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,284 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, 27 avqust 2021-ci il tarixdə saat 21.30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri Corat qəsəbəsi, Mirvari Dilbazi küçəsinin girişində, həmin küçədə yerləşən “Oba” marketə yüz metr məsafədə küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,284 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 4 saylı tam orta məktəbin inzibati binasına açıq qapıdan qanunsuz daxil olaraq məktəbin birinci mərtəbəsində pilləkənin altına yığılmış təmir üçün nəzərdə tutulmuş 01 (bir) ədəd cəmi dəyəri 30 (otuz) manat olan tülpan üçün simistiteli, 01 (bir) ədəd cəmi dəyəri 10 (on) manat olan tülpan üçün sifonu, 02 (iki) ədəd hər birinin dəyəri 30 (otuz) manat cəmi dəyəri 60 (altmış) manat olan arko kranı, 02 (iki) cüt hər cütün dəyəri 05 (beş) manat cəmi dəyəri 10 (on) manat olan 120 sm ölçülü kobra şlankı, 01 (bir) ədəd cəmi dəyəri 10 (on) manat olan gigiyenik duş üçün simistiteli, 01 (bir) ədəd cəmi dəyəri 05 (beş) manat olan üzərində “Kemu” yazıları olan sabun qabını, 01 (bir) ədəd cəmi dəyəri 06 (altı) manat olan salfetka asmaq üçün qabı gizli yolla talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 131 (bir yüz otuz bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respubliksı CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır, lakin Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayır. Xeyli müddətdir narkotik tərkibli psixotrop maddələr qəbul edir. xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində yaşadığı evdən çıxıb Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən fəhlə bazarına gəlmiş, orada qardaşı Təqsirləndirilən şəxs2 ilə rastlaşmışdır. Özü narkotik aludəçisi olduğu üçün narkotik almağa imkanı olmadığından oğurluq edib əldə etdiyi pula narkotik alıb istifadə etmək qərara gəlmişdir. Bu barədə Yaşara demiş, Yaşar onunla razılaşmış, onlar birlikdə oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində qardaşı Yaşar ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində piyada hərəkət edərkən həmin mikrorayonda yerləşən 4 saylı tam orta məktəbin yanından keçən zaman həmin məktəbdə dəyərə gedən əşyanın olmasını hesab edib qardaşı Yaşarla birlikdə məktəbin həyətinə daxil olmuşlar. Ətrafa nəzər yetirdikdən sonra kiminsə onları görməməsinə tam əmin olduqdan sonra məktəbin qabaq hissəsində yerləşən dəmir qapıya yaxınlaşıb əl atdıqda qapının açıq olduğunu görmüş və qapını açıb məktəbin içinə daxil olmuşlar. Məktəbə daxil olan zaman orada təmir işləri getdiyini görmüşlər. Həmçinin qeyd etmişdir ki, dəmir qapıdan içəri keçən kimi oradan 2-ci mərtəbəyə çıxmaq üçün pilləkən də var idi. Bir neçə saniyədən sonra qardaşı Yaşar ətrafa nəzarət etmək və rahat oğurluq etmək üçün məktəbin çölünə çıxmışdır. Məktəbin daxilində qapıdan içəri girən kimi pilləkən olmuş, o həmin pilləkənin altında olan sement kisəsinin üzərində ağ rəngli 4 nömrəli orta məktəb yazısı olan böyük ölçülü sellofanın olduğunu görmüş, həmin sellofanı götürüb pilləkənin altında olan təzə vəziyyətdə işlənməmiş 02 (iki) ədəd arko krantın, 01 (bir) ədəd əl üz yuyanın kanalizasiya borusu komplekt vəziyyətdə, 01 (bir) ədəd sabun qabını, 01 (bir) ədəd sanitar qovşaq üçün nəzərdə tutulan dəmir materiallı solfet asılqanı, 01 (bir) ədəd hamam simistitelini, 01 (bir) ədəd ayaqyolu üçün nəzərdə tutulan simistitelini, 04 (dörd) ədəd 60 sm olan arko kranta bağlanan su şlankını sellofana yığıb çölə çıxmışdır. O məktəbdən çıxıb qardaşı Yaşar ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən dəmir darvaza düzəldən Bəxtiyar adlı şəxsin işlədiyi təmir sexinə gəlmişlər. Yaşar həmin oğurlanmış əşyaları hamısını bir yerdə Bəxtiyar adlı şəxsə 20 (iyirmi) manata satmışdır. Bəxtiyar 20 (iyirmi) manatı Yaşara verdikdən sonra həmin yerdən çıxıb təkrar daş bazarına qayıtmışlar. Yaşar Bəxtiyardan aldığı 20 (iyirmi) manat pulu ona vermişdir. Daha sonra öz yaşadığı evə getmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı, ancaq ləqəbinin “Ata” olduğunu bildiyi, şəxsiyyəti və ünvanı barədə məlumatı olmayan bir şəxsə 05 (beş) manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamin almış və özündə saxlamışdır. Həmin gün saat 21.30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mirvari Dilbazi küçəsinin girişində, həmin küçədə olan “Oba” marketin 100 metr məsafəsində küçə ilə piyada gedərkən, ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb narkotik vasitə və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu izah edib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmiş, bölmənin xidməti otaqlarının birində hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 ona təqdim edilmiş, həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini də bildirmişlər. O buna etiraz etməmiş və bundan sonra polis əməkdaşlarının təklifi ilə əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan psixotrop maddə metamfetamindir, həmin bükümü şəxsi istifadəsi üçün elə həmin gün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 05 (beş) manata almışdır. Bundan sonra təqdim etdiyi psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, həmin psixotrop maddənin çəkisi müəyyən edildikdən sonra aşkar edilmiş psixotrop maddə olan metamfetamin qablaşdırılmışdır. Həmin oğurluq əşyalardan əldə etdiyi 20 (iyirmi) manat pulun 05 (beş) manatına narkotik vasitə almış, pulun qalan hissəsini şəxsi tələbatına xərcləmişdir. 5 il olar ki, narkotik vasitə qəbul edir, narkotik vasitə almaq üçün oğurluq etmişdir. Hadisəni törədərkən ayıq olmuş, oğurluq hadisəsini qardaşı Yaşar ilə birlikdə törətmiş, etdiyi əməli başqa kimsə bilməmişdir. Əməlindən peşman olduğunu və yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respubliksı CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatdadır, Sumqayıt şəhəri, Yaşıldərə massivi nömrəsiz fərdi evdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən fəhlə bazarına gəlmiş, fəhlə bazarında qardaşı Təqsirləndirilən şəxs1 ilə rastlaşmışdır. Ruslanla birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisi ilə piyada hərəkət edərkən qardaşı Ruslan ona bildirmişdir ki, pula ehtiyacı olduğu üçün oğurluq etmək niyyətindədir. Ona heç bir etiraz etməmiş, onunla razılaşmış, elə həmin gün saat 11:00 radələrində onlar birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisi ilə hərəkət edib həmin mikrorayonda yerləşən 4 saylı tam orta məktəbin həyətinə oğurluq məqsədilə daxil olmuşlar. Məktəbin həyəti ilə hərəkət edib məktəbin qarşı tərəfindən girişi olan dəmir qapıya yaxınlaşmışlar. Qardaşı Ruslan qapıya əl atdıqda qapının açıq olduğunu görmüş və qapını açıb məktəbin içərisinə daxil olmuşlar. Məktəbə daxil olan zaman orada təmir işləri getdiyini görmüşlər. Həmçinin qeyd etmişdir ki, dəmir qapıdan içəri keçən kimi oradan 2-ci mərtəbəyə çıxmaq üçün pilləkən də var idi. Bir neçə saniyədən sonra o ətrafa nəzarət etmək və Ruslanın rahat şəkildə oğurluq etməsi üçün məktəbin çölünə çıxıb ətrafa nəzarət etmişdir. Təxminən 3-4 dəqiqə keçdikdən sonra qardaşı Ruslan məktəbdən çıxmış və əlində ağ rəngli üzərində Sumqayıt şəhər 4 saylı orta məktəb yazısı olan böyük ölçülü sellofanın olduğunu görmüşdür. Daha sonra qardaşı Ruslanla birlikdə məktəbdən çıxıb Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisi ilə piyada hərəkət etməyə başlamışlar. Məktəbdən çıxdıqdan 5-6 dəqiqə sonra Ruslanın nə oğurladığını görmək üçün onun əlində olan ağ rəngli sellofana baxmışdır. Sellofana baxan zaman sellofanda işlənməmiş təzə vəziyyətdə olan 02 (iki) ədəd arko krantın, 01 (bir) ədəd əl üz yuyan kanalizasiya borusu komplekt vəziyyətdə, 01 (bir) ədəd sabun qabı, 01 (bir) ədəd sanitar qovşaq üçün nəzərdə tutulan dəmir materialları, solfet asılqanı, 01 (bir) ədəd hamam simistiteli, 01 (bir) ədəd ayaqyolu üçün nəzərdə tutulan simistitelin, 04 (dörd) ədəd 60 sm olan arko kranta bağlanan su şlankının olduğunu görmüşdür. Daha sonra onlar birlikdə Ruslanın oğurladığı əşyaları satıb pul əldə etmək qərarına gəlmişlər. Ruslanla birlikdə həmin oğurlanmış əşyaları satmaq üçün Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən dəmir darvaza düzəldən tanıdığı Bəxtiyar adlı şəxsin işlədiyi təmir sexinə getmişlər. O, həmin oğurlanmış əşyaları tanıdığı Bəxtiyar adlı şəxsə 20 (iyirmi) manata satmışdır. Bəxtiyar ona satdığı əşyaların oğurluq olmasından xəbəri olmamış, Bəxtiyara fəhlə işlədiyi yerdə pul əvəzinə zəhmət haqqı kimi ona verildiyini və ona görə satdığını demişdir. Ona görə də, Bəxtiyar ondan şübhələnməmişdir. O, Bəxtiyardan aldığı 20 (iyirmi) manat pulu qardaşı Ruslana vermişdir. Daha sonra öz yaşadığı evə getmişdir. Eyni zamanda qardaşı Ruslanla oğurluq etdiyini səmimi etiraf edir, bu əməlindən peşmandır, oğurluq əşyalardan əldə etdiyi pulu qardaşı Ruslana vermiş, həmin puldan istifadə etməmişdir. Ruslanın uzun müddətdir narkotik aludəçisi olduğunu bilir, həmin oğurluq əşyalardan əldə etdikləri pula da narkotik aldığını bilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi Nümayəndə1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 7 ünvanında qeydiyyatdadır, ünvan 8 8, mənzil 98-də yaşayır. O Zərərçəkmiş şəxs MMC-də mühasib köməkçisi vəzifəsində çalışır. Həmin şirkətin iş prinsipi Təhsil Nazirliyi ilə podratçı şirkət kimi müqavilə əsasında məktəblərdə tikinti işlərinin aparılmasını təşkil edir, təmirdə istifadə edilən materialları şirkət özü alır, təmiri başa çatdırır. Bu əsasla Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 4 saylı orta məktəbin təmiri ilə əlaqədar bu ilin avqust ayında bir sıra təmirlə bağlı əşyalar alınmış və məktəbə verilmişdir. Lakin xx.xx.2021-ci il tarixdə onlara məlum olmuşdur ki, məktəbdə olan şirkətə məxsus bir sıra mallar naməlum şəxslər tərəfindən oğurlanmışdır. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, həmin oğurlanmış mallar aşağıdakılardır: 01 (bir) ədəd tülpan üçün simistitel, 01 (bir) ədəd tülpan üçün sifon, 02 (iki) ədəd arko krant, 02 (iki) cüt kobra şlank, 01 (bir) ədəd gigiyenik duş üçün simistitel, bir ədəd sabun qabı, bir ədəd salfetka asmaq üçün qab. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6572 saylı rəyi ilə tanış olmuş, həmin rəydə oğurlanmış əşyaların ayrı ayrılıqda qiymətləri göstərilmişdir. Rəydə göstərilən ümumi məbləğ ilə, yəni 131 (bir yüz otuz bir) manatla razıdır, etirazı yoxdur. Baş vermiş hadisə nəticəsində şirkətə cəmi 131 (bir yüz otuz bir) manat maddi ziyan dəymişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Ruslan və Təqsirləndirilən şəxs2lara qarşı heç bir şikayət və tələbləri yoxdur. Barələrində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2021ci il tarixdə saat 21.30 radələrində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, Corat qəsəbəsi, Mirvari Dilbazi küçəsinin girişində həmin küçədə yerlən “Oba” marketin yüz metr məsafəsində küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Polis Bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 özü əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd ağ sellofanın içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə bir bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda olan psixotrop maddə olan metamfetamini xx.xx.2021-ci il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisində “Ata” adlı şəxsdən 05 (beş) manata almışdır. Sonra təqdim olunan büküm açılmış və həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,47 qram müəyyən edilmişdir. Sonra həmin kütlə bükülərək zərfə qoyulmuş və möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 üzərindən psixotrop maddə metamfetamin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 bildirilir ki, siz qanunsuz olaraq narkotik vasitə əldə ətmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli bilinirsiniz, ona görə də, videoçəkilişlə üzərinizə şəxsi axtarış aparılacaqdır. Şəxsi axtarışa başlamadan öncə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra hüquqlarının müdafiəsini təmİn edəcək Sumqayit şəhər 1 saylı Vəkİİ Bürosunun vəkİİİ X2 təqdim olundu və o etiraz etmədi, eləcə də axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 video çəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub olmamasını soruşuldu. O heç bir etirazının olmadığını bildirdi. Sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparıldı, ondan üzərində olan əşyaları təqdim etməyi bildirərkən Təqsirləndirilən şəxs1 özü sağ əli ilə əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ sellofanda olan siqaretin gümüşü kağızına bükülmüş 01 (bir) ədəd bükümü təqdim etdi. Ondan təqdim etdiyi siqaretin gümüşü kağızına bükülmüş 01 (bir) ədəd bükümün içərisində nə olduğu soruşuldu, o həmin bükümün içərisində narkotik vasitə olan «metamfetamin» olduğunu bildirdi. Həmİn bükümün içərisinə baxarkən içərisində ağ kristal şəkildə narkotik vasitəyə bənzər kütİə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar oİuumuş kütlənin nə olduğunu və haradan əldə edib, nə məqsədlə üzərində saxlaması suallarına cavab olaraq bildirdi ki, üzərindən aşkar oİunmuş kütlə narkotik vəsİtə metamfetamindir, həmİn narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Corat qəsəbəsində Ata adlı şəxsdən 05 (beş) manata özü istifadə ətmək üçün aldığını, aldığı narkotik vasitəni üzərində saxlayaraq istifadə etmək üçün üzərində gəzdirdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar ediimiş siqaretin gümüşü kağızına bükülmüş 01 (bir) ədəd bükümdəki narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək məqsədi ilə aşkar edilərək götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdə həmin kütlənin "0,47" qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, içərisində narkotik maddəyə bənzər kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırıldı və DİN-nin 125 saylı möhürü ilə möhürləndi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3743 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün 125” möhür əksi, “....Təqsirləndirilən şəxs1 üzərindən...” və s yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,284 qram ağ rəngli, kristalşəkilli kütlə kusta üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,284 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,234 qram. İş materiallarında olan Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 3782 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6572 saylı rəyindən göründüyü kimi, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan malların 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 131,0 manat müəyyən edilir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş ilkin çəkisi 0,284 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,234 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-160/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Ruslan və Təqsirləndirilən şəxs2lar məhkəmə iclaslarına gəlmədiklərinə görə barələrində həbssiz axtarış elan edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutlması barədə protokollardan görünür ki, təqsirləndirilən şəxslər Ruslan və Təqsirləndirilən şəxs2lar xx.xx.2022-ci il tarixdə tutulmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin, Şahid1 əməlində isə Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onların barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 4 saylı orta məktəbdən oğurlanmış 01 (bir) ədəd tulpan üçün simistitel, 01 (bir) ədəd tulpan üçün sifon, 02 (bir) ədəd arko krant, 02 (iki) cüt kobra şlank, 01 (bir) ədəd gigiyenik duş üçün simestitel, 01 (bir) ədəd sabun qabı və 01 (bir) ədəd salfetka asmaq üçün qab ona qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, təqsirlərini səmimi etiraf etmələrini və əməllərindən peşman olmalarını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, 210 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, 210 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə tutulduğu 03 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,284 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,234 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 134.90 (bir yüz otuz dörd manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək və xx.xx.2022-ci il tarixdə həbsdə 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 25.0 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 4 saylı orta məktəbdən oğurlanmış 01 (bir) ədəd tulpan üçün simistitel, 01 (bir) ədəd tulpan üçün sifon, 02 (bir) ədəd arko krant, 02 (iki) cüt kobra şlank, 01 (bir) ədəd gigiyenik duş üçün simestitel, 01 (bir) ədəd sabun qabı və 01 (bir) ədəd salfetka asmaq üçün qabın zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı həbsdə olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə tutulduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,234 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 134.90 (yüz otuz dörd manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 10 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 25.0 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 4 saylı orta məktəbdən oğurlanmış 01 (bir) ədəd tulpan üçün simistitel, 01 (bir) ədəd tulpan üçün sifon, 02 (bir) ədəd arko krant, 02 (iki) cüt kobra şlank, 01 (bir) ədəd gigiyenik duş üçün simestitel, 01 (bir) ədəd sabun qabı və 01 (bir) ədəd salfetka asmaq üçün qabın zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınsın. Sumqayıt şəhər 1 sayı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar