Məhkəmə qərarları › İş №1(060)-160/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-160/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-160/2023 03.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının “8 Noyabr-Zəfər Günü” münasibətilə amnistiya tətbiq edildikdən sonra çəkilməmiş qalan 05 ay 12 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində vət.Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 4-cü mkr, 20\29 saylı evin 7 saylı mənzilinə evin plastik pəncərəsinin açıq vəziyyətdə olan nəfəslikdən istifadə etməklə əvvəlcə əlini salıb içəridən plastik pəncərənin cəftəsini açmağa çalışmış, sonra isə aça bilmədiyini görüb özü ilə gətirdiyi vint açanla plastik pəncərənin kilidini sıxıb açmaqla evə qanunsuz daxil olaraq evin yataq otağında dolabda qoyulan yataq üzü dəstlərinin arasından məzənnəsi hadisə baş verən tarixə 170 manat olan 100 ABŞ dolları məbləğində nağd pulu və 510 manat pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 680 ( altı yüz səksən ) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 4cü mkr, 28 saylı binada olan, 8 saylı mənzilin qabaq eyvanının plastik pencərəsinin kilidini özü ilə gətirdiyi vint açanla sıxıb açmaqla evə qanunsuz daxil olaraq evdən nağd pul, dəyərli əşya talamaq məqsədində olmuş, lakin qeyd olunan nağd pul və dəyərli əşya tapa bilmədiyi üçün iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməməklə oğurluq etməyə cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir, narkotik maddələrə olan tələbatını ödəyə bilmədiyi üçün oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisinə gəlmiş, binaların qabağında gəzib işığı yanmayan mənzilləri müəyyən etməyə çalışmış, 20\29 saylı binanın ikinci mərtəbəsindəki mənzilin işığının yanmadığını görüb ikinci mərtəbəyə qalxmış, mənzil sahiblərinin evdə olub olmamasını müəyyən etmək üçün mənzilin qapısını döymüşdür. Lakin açan olmamış, dayanıb bir neçə dəfə mənzilin qapısını döymüş, içəridən cavab verən olmadığına görə mənzildə heç kimin olmadığına əmin olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində yenidən həmin binanın qabağına gəlmiş, ikinci mərtəbənin mənzilinin dəmir barmaqlıqları vasitəsilə ikinci mərtəbəyə qalxmış və mənzilin kondinsionerinin dəmirindən tutub onun üzərinə qalxmışdır. Mənzilin nəfəsliyi açıq olmuş və oradan əlini salıb mənzilin plastik pəncərəsinin cəftəsini açmağa çalışmışdır. Lakin əli cəftəyə çatmadığından pəncərəni özü ilə gətirdiyi vint açanın köməkliyi ilə açmışdır. Pəncərədən mənzilin kiçik yataq otağına daxil olmuşdur. Adətən mənzil sahibləri pulu yataq otağında gizlətdiyinə görə o, birbaşa mənzilin qonaq otağından sol tərəfdə yerləşən yataq otağına daxil olmuş, otaqda pul axtarmağa başlamışdır. Otaqda olan dolaba, tumbalara, taxtın altına baxmış, sonra iri paltar dolabının ən üst gözündəki rəfin üzərinə düzülmüş paltarları əli ilə dartıb yerə atmışdır. Paltarların altında pul olduğunu görüb götürmüşdür. Alışqan işığında götürdüyü pulu saymış və həmin pullardan bir ədəd 100 ABŞ dolları, 510 manat pul olduğunu görmüşdür. Pulu götürmüş, bundan sonra qonaq otağına da əşyaları dağıtmadan baxmışdır, lakin dəyərli nəsə tapmamışdır. Pulu götürdüyü dolabın sol tərəfində dolaba bitişik kiçik tumbaların siyirtmələrinə baxarkən kosmetika məhsullarının yanında rəngi dəqiq yadında qalmayan pul qabı görmüşdür. Pul qabına baxanda orada 1 ədəd tək açar olduğunu görüb açarın mənzilin qapısının daxili kilidinə salıb qapını açmış, açar isə kilidin üzərində qalmışdır. Mənzilin qapısını çəkib örtərək oranı tərk edib getmişdir. Həmin mənzildən apardığı 100 ABŞ dollarını və 510 manat pulu narkotikə və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa oğurluq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində ünvan 2-in qabaq eyvanının pencərəsinin dəmir barmaqlıqları vasitəsilə 8 saylı mənzilin eyvanın çöldəki pəncərəsinə çıxmışdır. Əlində olan vint açanla plastik pəncərəni açmış və içəri daxil olmuşdur. Evə otaqlarda nağd pul, pula gedən əşya axtarmağa başlamış, ilk olaraq yataq otağına girmiş və orada olan yataq dəstinə və paltarların altına baxaraq pul axtarmışdır. Sonra qonaq otağına daxil olmuş, qonaq otağında məişət əşyalarının və mebellərin içinə və üzərinə baxaraq pul axtarmışdır. Həmin mənzildə pul tapa bilməyib yataq otağının pəncərəsindən çıxıb oradan uzaqlaşmışdır. Özü ilə gətirdiyi vint açanı isə hadisədən sonra şəhərdə zibilliyə atmışdır, dəqiq hara atdığını xatırlamır. Hal-hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 4-cü mkr, ev 20\29, mənzil 7-də ailə üzvləri ilə bir yerdə yaşayır. xx.xx.2022-ci il tarixdə evinin qapısını açarla bağlayıb ailəsi ilə bir yerdə Quba rayonuna qonaq getmişdir. Quba rayonundan xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qayıtmışlar. Evə gələndən sonra mənzilin qapısını açmaq üçün açarı kilidə daxil etdikdə mənzilin qapısını aça bilməmiş, qapını əli ilə itələdikdə qapının açıq olduğunu görmüşdür. İçəri daxil olub baxanda mənzilin qapısının arxadan kilidi üzərində ehtiyat açarının olduğunu görmüşdür. Dərhal evə oğru girdiyini başa düşmüş, evə göz gəzdirəndə görmüşdür ki, evin kiçik otağının plastik pəncərəsi açıqdır, pəncərə qabağına qoyduğu dibçəkdəki güllər çarpayının üzərinə aşıb. Onlar evdən gedəndə həmin otağın kiçik nəfəsliyini hava işləməsi üçün açıq qoymuşlar. Naməlum şəxs ev ikinci mərtəbədə yerləşdiyindən dəmirlərdən tutub qalxaraq kondisionerin üzərində əlini nəfəslikdən salıb pəncərəni açaraq evə daxil olmuşdur. Evdəki əşyaları yoxladıqda məlum olmuşdur ki, evin böyük yataq otağındakı paltar dolabından pastellərin altına qoyduğu 100 ABŞ dolları və 510 manat pul naməlum şəxs tərəfindən oğurlanmış, sonra mənzilin ehtiyat açarını yataq otağındakı tumbanın gözündən götürərək mənzilin qapısını açaraq çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona cəmi 680 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Lakin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında anası Bəyim Nəzərova ilə bir yerdə yaşayır. Təxminən hadisədən 10 gün əvvəl anası Siyəzən rayonuna getmiş, özü həmin vaxt ünvanda tək yaşamışdır. xx.xx.2022-ci il tarixdə gecə radələrində evə qayıtmış, evə daxil olan zaman əşyaların dağıldığını görmüş, mənzilə baxış keçirən zaman naməlum şəxsin yaşadığı ünvanın plastik pəncərəsini sıxıb açma yolu ilə açıb içəri daxil olduğunu, mənzilin otaqlarını oğurlamaq məqsədi ilə axtardığını, otaqdakı əşyaları dağıtdığını, lakin ünvanda heç nə oğurlamayaraq yataq otağının pəncərəsindən çıxaraq getdiyini aşkar etmişdir. xx.xx.2022-ci il tarixdə AR DİNnin 102 xidmətinə bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus ünvan 4 ünvanında oğurluq hadisəsi baş vermişdir. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2238/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 45 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 sayı MKS tərəfindən verilmiş 677 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 sayı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-29/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 7(011)-40/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 7(011)- 331/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya tətbiq edildikdən sonra çəkilməmiş qalan 05 ay 12 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-10658-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən vət.Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 05 ədədi (ADİS-in məlumat bankına Sumqayıt ŞPİ və Yasamal RPİdən daxil olan) xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük və çeçələ, sağ əlinin isə adsız (02 dəfə) və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinə əlavə edilərək ********* nömrə altında istintaq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus ünvan 6 ünvanına eyvanın plastik pəncərəsindən naməlum şəxs oğurluq məqsədilə daxil olmuş, evin otaqlarındakı əşyaları axtarmış, dağıtmışdır. Bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03 radələrində vət.Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20\29, 7 saylı mənzilə, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28, 8 saylı mənzilə oğurluq məqsədilə daxil olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi həmin məcəllənin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə, saat 21:10-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 3/1391 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, “b”, “c” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi, 5 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 6 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 6 saylı daktilolentin səthindəki “b” falanqa-ovuc izi, 7 saylı daktilolentin səthindəki əl-barmaq izi, 8 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 9 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin adsız barmağından, 1 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi onun sol əlinin orta barmağından, 1 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi onun sol əlinin çeçələ barmağından, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin baş barmağından, 3 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi onun sağ əlinin adsız barmağından, 4 saylı daktilolentin səthindəki əl-barmaq izi sol əlinin şəhadət barmağından, 5 saylı daktilolentin səthindəki “a” əl- barmaq izi onun sol əlinin şəhadət barmağından, 5 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi onun sol əlinin orta barmağından və 6 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi onun sağ əlinin adsız barmağından qalmışdır. Təqdim edilmiş 3 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi, 6 saylı daktilolentin səthindəki “b” falanqa-ovuc izi, 7 saylı daktilolentin səthindəki əl-barmaq izi və 8 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayəti yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayəti və hər hansı tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 7(011)- 331/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş 05 ay 12 gün azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, cəzanın çəkilməmiş müddəti ərzində hazırkı cinayəti törətdiyinə görə məhkəmənin qərarı ləğv edilməli və əvvəlki hökmlə çəkilməmiş cəza hazırda təyin ediləcək cəzaya hökmlərin məcmusu qaydasında birləşdirilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum edilməsi, cəzası başa çatmadan yenidən oğurluq etməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərarı ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının “8 Noyabr-Zəfər Günü” münasibətilə amnistiya tətbiq edildikdən sonra çəkilməmiş qalan 05 ay 12 gün azadlıqdan məhrumetmə cəzası hökmlərin məcmusu üzrə bu hökmlə təyin olunan cəzaya qismən birləşdirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 161,11 (bir yüz altmış bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-881/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1781 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 ay 12 gün azadlıqdan məhrumetmə cəzası ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 161,11 (bir yüz altmış bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar