Məhkəmə qərarları › İş №1(060)-160/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-160/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-160/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şimal Vəkil Bürsosunun vəkili Müdafiəçi Haqverdi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Xızı rayonu Siltalçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, Xızı rayonu Siltalçay kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini və narkotik vasitə heroini xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,487 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 20 iyul 2023-cü il tarixdə, saat 11:30 dəqiqədə Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Xızı rayonu Sitaiçay kəndi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq. Xızı RPŞ-nin inzibati binasına gətirildikdən sonra 20 iyul 2023-cü il tarixdə saat 12:45 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə psixotrop maddə metamfetamin əynində olan şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri, 0,450 qram, 0,605 qram ümumi təmiz çəkisi 1,055 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 10 oktyabr 2023-cü il tarixdə, saat 12:20 dəqiqədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, X4 qəsəbəsi, Gənclik küçəsi 6 saylı tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirildikdən sonra 10 oktyabr 2023-cü il tarixdə saat 13:09 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin iki ədəd bükümdə narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 iyul 2023-cü il tarixdə yaşadığı kənddə dayanacağa getmək üçün dəmir yol xəttini keçmişdir. Bir qədər getdikdən sonra torpaq yolda polietilen büküm diqqətini cəlb etmiş, həmin bükümü götürüb baxmış, bükümün içərisində “şüşə” kimi tanıdığı metamfetamin olmasını görmüşdür. 20 iyul 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evin yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmişdir. Qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və onun üzərində şəxsi axtarış keçirilməsinin zəruriliyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları onu Xızı rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Şöbədə ona vəkil təqdim edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməsi ona təklif edilmiş, o da şalvarının cibində olan bir ədəd bükümdə metamfetamini çıxarıb təqdim etmiş, üzərində başqa qanunsuz əşyanın olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, bükümün içərisindəki maddənin metamfetamindir, onu yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Aşkar olunmuş maddə çəkilmiş və zərfə qoyularaq möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Bundan başqa o, 10 oktyabr 2023-cü ildə ailə üzvlərinə dərman almaq üçün Sumqayıt şəhərinə gəlmiş, həmin vaxt Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 6 saylı məktəbin yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq ona axtarışda olmasını bildirmişlər və Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparmışlar. Polis əməkdaşları 3 nəfər olmuş, onlardan Ramil adlı əməkdaşı daha öncədən tanımışdır. Orada onu 2-ci mərtəbəyə qaldıraraq üzərinə baxış keçirmişlər və heç nə aşkar edilməmişdir. Bundan sonra onun qarşısına iki növ narkotik qoymuşlar ki, özü seçim etsin. Ya az miqdar olanı könüllü üzərinə götürsün, ya da onu külli miqdarda narkotiklə rəsmiləşdirəcəklər. Yenə də razılaşmadığı üçün Ramil adlı polis əməkdaşı onu döymüşdür. Həmçinin bölmədə ona demişlər ki, üzərində narkotik vasitə olmasını etiraf edərsə 48 saat sonra azad ediləcək. Məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmış və şəxsi axtarış zamanı narkotikin ona məxsus olmasını etiraf etmişdir. Təsir və təzyiqlərə məruz qalması barədə heç bir orqana şikayət etməsə də, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə üzərində narkotik vasitə olmamasını bildirmişdir. Həmçinin bildirmişdir ki, saxlanılarkən üzərində mobil telefon olmamış, istintaq dövründə müstəntiq tərəfindən ona heç bir təsir və ya təzyiq olmamış, istintaq dövründə polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə heç bir quruma müraciət etməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində olan cinayət işi üzrə Xızıda saxlanıldığı əmələ görə ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini, Sumqayıtda olan epizod üzrə isə barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında qismən ziddiyət yarandığı üçün (Sumqayıtda saxlanılması epizodu üzrə) onun ibtidai istintaq dövründə verdiyi xx.xx.2023-cü il tarixli izahatı, xx.xx.2023-cü il tarixli şübhəli kimi və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs kimi verdiyi ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 10 oktyabr 2023-cü il tarixdə səhər saatlarında narkotik vasitə almaq üçün Sumqayıt şəhərinə gəlmiş, saat 11 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsə 20 manat verib öz istifadəsi üçün 2 büküm narkotik vasitə heroin almış, aldığı narkotik vasitə heroinləri rahat bir yerdə istifadə etmək üçün əynində olan şalvarın sol yan cibinə qoymuşdur. O, saat 12 radələrində Sumqayıt şəhəri, X4 qəsəbəsi, Gənclik küçəsi, 6 saylı tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb qollarından tutmuş, özlərini Sumqayıt ŞPİ-nin 2ci PB-nin əməkdaşları olduğunu bildirərək üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyi ilə bağlı məlumatlı olduqlarını, buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsindən ötrü 2-ci PB-nə dəvət etmişlər. O, saxlanılmasının səbəbini başa düşmüş, onlarla birlikdə polis bölməsinə gəlmişdir. PB-nə gəldikdən sonra bölmənin otaqlarının birində müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuş, o da istifadəsi üçün aldığı və əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı iki ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlər açılıb baxılanda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, kütlələr elektron tərəzidə çəkilmiş və ikisinin ümumi çəkisi 1,20 qram olmuşdur. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunsuz hər hasnı əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına iki bükümün içərisində “kakos” olduğunu, 10 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Götürülmüş bükümlər ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Xızı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Xızı rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə 20 iyul 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, ona görə də onun barəsində əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin tarixdə Xızı rayonu Sitalçay kəndinə getmişlər, saat 11 radələrində Təqsirləndirilən şəxs yaxınlaşaraq onun narkoti vasitə ilə bağlı şübhəli olmasını bildirmişlər. Ona görə də Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət etmişlər, sonuncu heç bir etiraz etmədən onlarla şöbəyə gəlmişdir. Şöbədə ona vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, sonuncu isə əynində olan şalvarın sağ yan cibindən bir ədəd polietilen bükümü çıxarıb masanın üzərinə qoymuş və içərisində metamfetamin olmasını bildirmişdir. Müstəntiq tərəfindən həmin büküm açılmış, bükümün içərisində metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni yerdən tapdığını, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, stifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin maddə elektron tərəzidə çəkilmiş, xüsusi qaydada qablşadırılmışdır. Həmçinin bu barədə protokol tərtib edilmişdir. Həm protokol, həm də narkotikin qablaşdırıldığı zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xızı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Şahid3 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd polietilen bükümü təqdim edərək həmin maddənin metamfetamin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Xızı Rayon Polis Şöbəsinin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid2 və Şahid3 ifadələrinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd polietilen bükümü təqdim edərək həmin maddənin metamfetamin olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12:20-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Gənclik küçəsi, 6 saylı tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar və narkotik vasitə ilə bağlı şübhəli olmasını bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət olunmuş, o isə etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmişdir. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Daha sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunmuş, sonuncu isə əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd bükümləri təqdim etmişdir. Həmin bükümlərin içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan kakos olduğunu, həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddələr elektron tərəziyə qoyulub çəkilmiş, zərfə qoyularaq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid5 və Şahid6 onlardan öncə məhkəmə iclasında ifadə vermiş Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış olduğu 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə olan maddələri təqdim edərək həmin maddələrin heroin olduğunu bildirmişdir. Cinayət işinin 111-112-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 153-154-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 21-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-69-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 119-122-ci vərəqələrində olan şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin 123-cü vərəqəsinə əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Xızı RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axatış və götürmə aparılmışdır. Şəxsi axtarışdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, sonuncu isə əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim etmiş, həmin büküm açılmış, içərisində ağ rəngli, kristallik formada olan kütlə müəyyən edilmişdir. Soğu zaçmanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, aşkar edilmiş maddəni yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 28-30-cu vərəqələrində olan şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin 31-ci vərəqəsinə əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə keçirilmiş, şəxsi axtarış aparılmazadan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş verilmiş və müdafiəçi təqdim edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızı bükümləri təqim etmiş, həmin bükümlər açılan zaman içərisində qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş madənin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş və birinin çəkisi 0,52 qram və 0,67 qram olması müəyyən edilmişdir. Daha sonra həmin maddələr qablaşdırılmış və möhürlənmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə özünə məxsusdur, ona hər hansı təsir və ya təzyiq olmamışdır. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü /7 tarixli. 6/5282 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,450 qr., 0.605 qr., ümumi təmiz çəkisi 1,055 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 ədəd bükümdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: Heroinin təmiz çəkisi 1,055 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 0,955 qram Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü /7 tarixli. 6/3926 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №13 İ” möhür əksi. "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminə bənzər kütlə...” və s. sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,487 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 1,487 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,387 qram Cinayət işinin 132-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 177-178-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 5218 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 223-224-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 7061 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 72-73-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,955 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağında verilmiş, həmçinin şəxsi axtarış zamanı qeydə alınmış video görünütləri əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 136-137-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,387 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Xızı RPŞ-nin maddi sübutları saxlama otağında verilmişdir. Cinayət işinin 255-264-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,955 qram çəkidə narkotik vasitə heroin və 1,387 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, və həmin maddələrin Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 220-222-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu iki gün nəzərə alınmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci ildə tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı 089653 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metmfetamini və narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (Sumqayıt şəhəri ərazisində saxlanılarkən üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin ilkin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməli ilkin olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Yalnız istintaq dövründə sonradan ifadəsini dəyişmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş, qeyd ediilən məsələni yalnız məhkəmə istintaqı zamanı iddia etmişdir. Bundan başqa məhkəmə iclasında şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli şalvarın sol yan cibindən çıxarıb iki büküm təqdim edir. Həmin bükümlər açılan zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin “kakos” olmasını, onu Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Vəkil İsməli Kazımov həmin vaxt Təqsirləndirilən şəxs hər hansı təsirə-təzyiqə məruz qalıb qalmaması, narkotik vasitənin ona məxsus olub-olmaması barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə cavabında heç bir təsir və təzyiqə məruz qalmadığını, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (Sumqayıt şəhəri ərazisində saxlanılarkən üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Xızı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu iki gün nəzərə alınmaqla üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Lakin, 2 il keçmədən, yəni xx.xx.2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin təkrar törədilməsini cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər, ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 15xx.xx.2023-cü il tarixli 5218 nömrəli və xx.xx.2023-cü il tarixli 7061 nömrəli rəylərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,955 qram çəkidə narkotik vasitə heroin və 1,387 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 191 (yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürsosunun vəkili Müdafiəçi Haqverdi oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,955 qram narkotik vasitə olan heroin və 1,387 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 191 (yüz doxsan bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şiaml Vəkil Bürosunun vəkili Müdafiəçi Haqverdi oğlunun məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar