Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-162/2022 09.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Quba rayonu, İkinci Nügədi kəndi 1 sayl tam orta məktəbdə müəllim işləyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1, mənzil 51-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə saat 14:01-də «Covid-19» virusuna yoluxması haqqında İTS.GOV.AZ saytından istifadəsində olan 055 562-14-37 mobil nömrəsinə daxil olmuş “sms” məlumatı aldıqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı tərk edərək 17 avqust 2021-ci il tarixdə saat 13:10 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketə getməklə xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Quba rayon İkinci Nügədi kəndi 1 saylı tam orta məktəbdə müəllim işləyir. 2021ci ilin avqust ayının əvvəllərində ailə üzvləri “COVİD 19” infeksiyasına yoluxmuşdur. 12.08.2021-ci il tarixdə yaşadığı ünvanda ondan “COVİD 19” infeksiyasına yoluxubyoluxmamağının müəyyən edilməsi ilə əlaqədar analiz üçün test nümunələri götürülmüşdür. 14.08.2021-ci il tarixdə saat 14:01-də onun istifadəsində olan 055 562-14-37 mobil nömrəsinə İTS.GOV.AZ saytından “COVİD 19” infeksiyasına yoluxmağı barədə “sms” gəlmiş, həmçinin yaşadığı ərazi üzrə sahə həkimi onunla telefon əlaqəsi saxlayaraq “COVİD 19” infeksiyasına yoluxmağı barədə ona məlumat vermişdir. Onunla eyni ünvanda yaşayan ailə üzvləri də “COVİD 19” infeksiyasına yoluxduğundan evə çörək və bir-iki zəruri təlabat malları almaq üçün o, 17.08.2021-ci il tarixdə saat 13:00 radələrində yaşadığ evi tərk edərək Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketə getmiş, oradan çörək və bir-iki zəruri təlabat malları aldıqdan sonra mağazadan çıxan zaman polis əməkdaşları ona yaxınlaşıb anket məlumatlarını soruşub portaldan yoxlayan zaman “COVİD 19” infeksiyasına yoluxmağını aşkar etmişlər. Bundan sonra polis əməkdaşları həmin yerə təcili tibbi yardım avtomobili çağırmışlar və yaşayış yerini bir daha tərk etməməyi barədə onu xəbərdar etdikdən sonra bu barədə iltizam alaraq müşayət ilə onu yaşadığı evə aparmışlar, o, həmin vaxtdan sonra karantin müddətində bir daha yaşayış yerini tərk etməmişdir. Əməlindən peşmandır. Ona cəza təyin edərkən Quba rayon İkinci Nügədi kəndi 1 saylı tam orta məktəbdə müəllim işləməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt şəhər Polis İdarəsinin Post Partul Xidməti Taborunun polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin PPXT-də polis nəfəri vəzifəsində xidmət edir. 17.08.2021-ci il tarixdə saat 13:10 radələrində postaçı yoldaşı polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə “91 80” çağrışlı avtopatrulda xidmətdə olan zaman Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən “Elmar” marketin qarşısında vətəndaşları bort kompüter vasitəsilə portaldan yoxlayan zaman bir nəfər şəxsin “COVİD-19” insfeksiyasına yoluxmuş aktiv koranavirus xəstəsi olan, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını aşkar etmişlər. Həmin şəxslə söhbət zamanı o, “Elmar” marketdən çörək və zəruri tələbat malları almaq üçün mağazaya getdiyini bildirmişdir. Bundan sonra onlar ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin növbətçi hissəsinə radiostansiya vasitəsilə məlumat vermişlər və 1-ci PB-nin əməliyyat qrupunun üzvləri həmin yerə yaxınlaşmışdır. Həmin şəxsi əməliyyat qrupuna təhvil vermişlər və 1-ci PB-nin rəhbərliyinə bu barədə raportla məruzə etdikdən sonra xidmətlərinə davam etmişlər. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin Post Partul Xidməti Taborunun polis nəfəri, polis baş serjantı Şahid2 PPXT-nin polis nəfəri Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarında olan diskə baxış keçirilərək Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 17 avqust 2021-ci il tarixdə saat 13:10 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin qarşısında saxlanılması, onun 14 avqust 2021-ci il tarixdə «Covid-19» virusuna yoluxması haqqında daxil olmuş “sms” məlumatı olsa da, buna baxmayaraq evə çörək və bir-iki zəruri təlabat malları almaq üçün evinin yaxınlığında olan marketə getməyini etiraf etməsi müəyyən olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Tibb Mərkəzi PHŞ 1 nömrəli ASM-nin 18 avqust 2021-ci il tarixli, 501 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Covid- 19 analizinin cavabı 14.08.2021-ci il tarixdə pozitiv çıxmış və karantin müddətində evdə qalması vətəndaşa izah olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılması barədə görüntünü əks etdirən disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21.11.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnəmələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında 19 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan 1 ədəd DWD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd DWD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-162/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-162/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver