Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-162/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində 3 saylı marşrut avtobusuna mindikdən sonra avtobus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Topçubaşov küçəsində yerləşən “Sumqayıt Texnologiya Parkı” zavodunun yaxınlığından keçən zaman avtobusda olan sərnişin Zərərçəkmiş şəxs2 çantasının içərisində yerləşən sonuncuya məxsus 2 (iki) manat dəyərində “Michael Kors” firması tərəfindən istehsal edilmiş pul kisəsini və pul kisəsinin içərisindən 402 (dörd yüz iki) manat nağd pulu çantasından çıxarmaqla gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 404 (dörd yüz dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 6 saylı marşrut avtobusuna mindikdən sonra avtobus 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi 23 ünvanında yerləşən “Araz” marketin qarşısından keçən zaman avtobusda olan sərnişin Zərərçəkmiş şəxs1 çantasının içərisindən sonuncuya məxsus 340 (üç yüz qırx) manat dəyərində olan “Redmi Note 12” markalı mobil telefonu çantadan çıxarmaqla gizli talayıb Zərərçəkmiş şəxs1 340 (üç yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 18 sentyabr 2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş və həmin gün təxminən saat 19:30 radələrində Sumqayıt şəhər avtovağzalından 3 saylı marşurut xətti ilə hərəkət edən avtobusa minmişdir. Avtobusa mindiyi zaman ondan sonra əynində qara rəngli şalvar və bənövşəyi rəngli qısaqol üst geyim olan Zərərçəkmiş şəxs2 avtobusa minib ayaq üstə dayandığını və çiynindən qara rəngli çanta asıldığını görmüşdür. Həmin çantanın zəncirbəndini açdıqda içərisində sarı rəngli pul kisəsi görmüş, həmin pul kisəsində pul olacağını düşünmüş, cibgirliyi bildiyi üçün STP zavodunun qarışısında pul kisəsini 2 barmaqla götürmüşdür. Avtobusun dayanacaqda saxladığını görüb dərhal gediş haqqını verib avtobusdan düşmüş və oradan uzaqlaşmağa başlamışdır. Avtobus getdikdən sonra pul kisəsinin içərisinə baxanda içərisində ümumilikdə 279 manat nağd pulun, şəxsiyyət vəsiqələrinini və bank kartlarının olduğunu görmüşdür. Pulu götürdükdən sonra həmin sənədlərə və bank kartlarına baxmadan pul kisəsi ilə birlikdə STP zavodunun yaxınlığında yol kənarına atmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 25 sentyabr 2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş və həmin gün təxminən saat 10 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısından 6 saylı marşrut xəttli avtobusa minmiş, avtobusa mindiyi zaman ondan sonra başında hicab, əynində qara rəngli şalvar və dini üst geyim olan bir xanım, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 avtobusa minərək ayaqüstə dayanmış, Zərərçəkmiş şəxs1 baxdıqda Zərərçəkmiş şəxs1 çiynindən çanta asıldığını və həmin çantanın ağzının açıq olduğunu görmüş, cibgirliyi bildiyi üçün çantanın ortasındakı cibinin də açıq olduğunu görmüş və orada qara rəngli mobil telefona gözü sataşmışdır. Həmin mobil telefonu çantadan 2 barmağı ilə götürmüş və avtobusun dayanacaqda saxladığını görüb avtobusdan düşüb oradan kənarlaşmışdır. O, həmin gün telefonu Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində Elxan adlı şəxsə özünəməxsus olduğunu deyib girov qoyaraq 80 manat pul götürmüş və həmin pul ilə yaşadığı evin kommunal ödənişlərini etmişdir. Oğurluq etməsi barədə heç kimə deməmiş, əldə etdiyi pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Elxan adlı şəxsin təkcə adını bilmiş, soyadını, ata adını və digər məlumatlarını bilməmişdir. Həmin vaxt o, Elxanı 10-cu mikrorayon ərazisində küçədə görmüş və sonuncuya yaxınlaşıb özünə məxsus telefon olduğunu, pula ehtiyacı olduğunu bildirmiş və telefonu sonuncuya girov verərək 80 manat pul almışdır. Elxan adlı şəxsə telefonu oğurladığını deməmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərdən birinin ona qarşı tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 25 sentyabr 2023-cü il tarixdə, təxminən saat 09:10 radələrində iş yerindən çıxıb Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Ucuz” marketə daxil olub alış-veriş etdikdən sonra mobil telefonunu və pulunu çantasından götürüb ödəniş edib yenidən telefonunu çantasına qoymuşdur. Sumqayıt şəhərində 6 saylı xətt marşurut avtobusuna minib ilkin olaraq ayaq üstə durmuş, sonradan isə avtobusun arxa oturacağında əyləşib yaşadığı ünvana gəlmişdir. Evdə çantasının içərisinə baxdıqda mobil telefonunun olmadığını aşkar etmiş və ona mobil telefonunu avtobusda oğurlandığı məlum olmuşdur. O da Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gələrək ərizə ilə müraciət etmişdir. Sonradan o, 6 saylı marşrut avtobusunda olduğu zaman Təqsirləndirilən şəxs onun çantasından mobil telefonunu oğurladığını bildirmişlər. Təqsirləndirilən şəxs çantasından mobil telefonunu oğurlayan zaman bundan xəbəri olmamışdır. Həmçinin bildirmişdir ki, mobil telefonu oğurlanmaqla ona 340 manat deyil, 590 manat maddi ziyan dəymişdir. Belə ki, həmin telefonu kreditlə 590 manata almışdır. Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyanın ödənilmədiyini, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 18 sentyabr 2023-cü il tarixdə, təxminən saat 19:30 radələrində işlədiyi Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Gilan tekstil” şirkətindən çıxıb həmin küçədə avtobus gözləməyə başlamış, oradan 3 nömrəli avtobusa əyləşib H.Z.Tağıyev qəsəbəsinə doğru hərəkət etməyə başlamış, oturacaqların hamısı dolu olduğu üçün ayaq üstə dayanmışdır. Həmin vaxt avtobusda çox adam olduğundan sıxlıq yaranmışdır. Avtobus “STP” zavodunun qarşısı ilə hərəkətdə olan zaman çantasına kiminsə toxunduğunu hiss etmiş, lakin sıxlığıa görə kiminsə toxunduğunu, ciddi bir şey olmadığını düşünüb çantasını yoxlamamışdır. “Arzu” marketin yaxınlığında gediş haqqını verməkdən ötrü çantasından pul kisəsini götürmək istəmiş, bu zaman çantanın zəncir bəndinin açıq olduğunu, pul kisəsinin də orada olmadığını görmüşdür. Pul kisəsinin oğurlandığını bilib orada olan insanlardan kömək istəmiş, orada olan adını bilmədiyi yaşlı bir kişi onun yanında dayanan cavan oğlanın çantasına toxunduğunu demişdir. Təqsirləndirilən şəxs ondan öncə “STP” zavodunun yanında avtobusdan düşmüş, düşən zaman da onun çantası sanki dartınmış, lakin Təqsirləndirilən şəxs pul kisəsini oğurlayacağını düşünməmişdir. Pul kisəsində ona məxsus 402 manat nağd pul, bank kartları, maaş kartı, özünün şəxsiyyət vəsiqəsi və uşaqlarının şəxsiyyət vəsiqələri olmuşdur. Pul kisəsi oğurlandığı üçün o, Azərbaycan Respublikası DİN 102 xidmətinə məlumat vermiş və Sumqayıt ŞPİ-nin 2-ci PB-yə ərizə ilə müraciət etmişdir. Sonradan isə ona pul kisəsini Təqsirləndirilən şəxs oğurlandığı məlum olmuşdur. Təqsirləndirilən şəxs çantasından pul kisəsini oğurlayan zaman sonuncunu görməmiş və bank kartlarından hər hansı məbləğdə pul oğurlanmamışdır. Daha sonra Zərərçəkmiş şəxs2 təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı tələbinin olmamasını bildirmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 həmin tarixdə 6 saylı marşrut avtobusunda mobil telefonunun naməlum şəxs tərəfindən oğurlanması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığı ilə əlaqədar tərəfindən bir sıra zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və Zərərçəkmiş şəxs1 məxsus mobil telefonun Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 3-cü PB-nə gəlməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs izahat verərək 25 sentyabr 2023-cü il tarixdə, təxminən saat 10 radələrində 6 saylı marşrut avtobusunda Zərərçəkmiş şəxs1 çantasından mobil telefonu oğurlamasını etiraf etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə icraatına 18 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, kompressor zavodunun yataqxanası, SKZ-3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 3 saylı marşrut xətti ilə fəaliyyət göstərən sərnişin avtobusunda olan zaman əl çantasından içərisində 402 manat nağd pul, bank kartları, özünə və övladlarına məxsus şəxsiyyət vəsiqələri olan pul kisəsinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin təhqiqatçısı Əlinasir Nəsirlinin əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığı ilə əlaqədar bir sıra zəruri əməliyyataxtarış tədbirləri həyata keçirilmiş və Zərərçəkmiş şəxs2 məxsus pul kisəsinin ünvan 2yədə yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən olunmuşdur. Sonra isə tərəfindən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 2-ci PB-nə gəlməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs izahat verərərk 19 sentyabr 2023-cü il tarixdə 3 saylı marşrut avtobusunda Zərərçəkmiş şəxs2 məxsus çantadan sonuncuya məxsus pul kisəsini oğurlamasını etiraf etmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 118-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-9/8525/2023 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin setyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu təxminən 342,00 manat müəyyən olunur. O, cümlədən: 01 ədəd 1/**********59909-2/**********59917 İMEİ kodlu, 128 GB daxili yaddaşlı, qara rəngli “X2 12” markalı mobil telefon (təzə vəziyyətdə) - 342,00 manat, 01 ədəd sarı qızılı rəngli “Michael Kors” firmasına məxsus pul kisəsi - 2,00 manat. Cinayət işinin 117-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan “videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və 10-cu vərəqəsinə əlavə edilmiş 1 ədəd “DVD” diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında hicablı bir xanım (Zərərçəkmiş şəxs1) Sumqayıt şəhəri 6 saylı xətt marşrutuna minmiş, saat 10:16 dəqiqədə xanımın yanında dayanmış hündürboy bir nəfər şəxs (Təqsirləndirilən şəxs) sağ əlini insanların arasında Zərərçəkmiş şəxs1 yaxınlaşdırmış, nəsə götürdükdən sonra avtobusun qapısının açılmasından istifadə edərək sağ əlində düzbucaqlı görünüşlü əşyanı sağ cibinə qoyaraq avtobusdan düşmüşdür. Cinayət işinin 137-144-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, oğurluq hadisəsinin baş vermə anının video görüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin 100-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 103-110-cu vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesblanmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilməklə onun cəzası 06 ay müddətə azadılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni zərərçəkmiş şəxsin çantasından oğurluq etmə cinayətini təkrar olaraq törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-cü maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin cibindən və çantasından oğurluq etmə cinayətini təkrar olaraq oğurluq törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslərdən bir nəfərin ona qarşı tələb və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, həmçinin hazırda da azadlıqdan məhrum etmə növündə cəza çəkməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesblanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilməklə cəzası 06 ay müddətə azadılmışdır. Qalan cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2023-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 28 sentyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-162/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-162/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver