Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-163/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 nümayəndəsi və vəkili Müdafiəçi2, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(105)- 208/2020 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək, barəsində təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə X2 məxsus 30.000 manat dəyərində olan “Mercedes-Benz Vito” markalı, **-HB-*** dövlət nömrə nişanlı avtomobili işləmək məqsədi ilə aylıq 1500 manat ödəməklə icarəyə götürəcəyinə dair yalan vəd verib aldadaraq, həmin avtomobili etibarnamə əsasında R.Rüstəmovdan 16 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Sülh prospektində yerləşən “Dədə Qorqud” şadlıq evinin qarşısında alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək müxtəlif bəhanələrlə aylıq icarə haqqını ödəməkdən yayınmış və 2023-cü ilin may ayında ünvan 2 ünvanında yerləşən həyətdə avtomobili hissələrə bölüb müxtəlif şəxslərə sataraq, zərərçəkmiş X2 30.000 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı X2 məxsus 2007-ci il istehsallı “Mercedes-Benz Vito” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermək istədiyini öyrənib, 2022-ci ilin dekabr ayının ortalarında sonuncuya müraciət edərək, həmin avtomobili icarəyə götürmək istədiyini bildirmiş, danışıb Ramilə 15 gündən bir 750 manat olmaqla, ayda 1500 manat icarə haqqı ödəyəcəyini vəd verib inandırdıqdan sonra Ramil Rüstəmov onun bu təklifi ilə razılaşmış və 16 dekabr 2022-ci il tarixdə “Mercedes-Benz Vito” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili bir il müddətində idarə etmək üçün etibarnamə ilə ona təhvil vermişdir. Avtomobili icarəyə götürdükdən sonra avtomobildə yaranan nasazlıqlar səbəbindən mütəmadi işləyə bilmədiyindən, bir neçə ay ödəniş edə bilməmiş və 2023-cü ilin may ayının ortalarında avtomobilin kardanı xarab olmuş və o, avtomobili təmir etmək üçün Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən avtoservisdə Elçin adlı ustaya vermişdir. Elçin adlı usta bir neçə gün ərzində avtomobili təmir edərək ona təhvil vermiş, lakin o, borclarını ödəmək üçün Ramil Rüstəmova məxsus “Mercedes-Benz Vito” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan xəbərsiz olaraq, hissələrə bölüb satmaq qərarına gəlmişdir. Bu məqsədlə “Mercedes-Benz Viano” markalı avtomobildə sərnişin daşınması ilə məşğul olan Əfsun adlı tanışına zəng vurub, pula ehtiyacı olduğu üçün özünə məxsus “Mercedes-Benz Vito” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili hissələrə bölüb satmaq istədiyini bildirərək, “Mercedes-Benz Vito” markalı avtomobilin ehtiyat hissələrini almaq fikri olan tanışı olarsa, ona xəbər verməsini xahiş etmişdir. Bir neçə gün sonra özünü Elxan kimi təqdim edən şəxs zəng vurub, nömrəsini Əfsundan götürdüyünü deyərək, ehtiyat hissələri kimi satmaq istədiyi avtomobilin ona məxsus olub-olmadığını soruşmuş, o da “Mercedes-Benz Vito” markalı avtomobilin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmaq məcburiyyətində qaldığını bildirmişdir. Bundan sonra Elxan adlı şəxs ondan avtomobilin mühərrikinin normal vəziyyətdə olub-olmadığı ilə maraqlanmış və bir-iki günə gəlib almaq istədiyi ehtiyat hissələrinə baxacağını bildirmişdir. Bundan sonra o, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində dəqiq xatırlamadığı sexlərdən birində işləyən ustalardan birinə özünə məxsus “Mercedes-Benz Vito” markalı avtomobilin mühərrikində problem olduğunu və təmirinə imkanı olmadığını deyərək, Sumqayıt şəhərində “Metallurq yolu” deyilən yolun sağ kənarında yerləşən köhnə, işləməyən YDM-nin həyətində olduğunu bildirərək, mühərriki sökməsini xahiş etmişdir. Həmin gün təxminən saat 16 radələrində danışıb razılaşdığı usta gələrək “Mercedes-Benz Vito” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini söküb yerə qoymuş, o, həmin ustaya zəhmət haqqı olaraq 100 manat, iş yerindən kənarda iş gördüyünə görə, əlavə 50 manat pul vermişdir. Usta getdikdən sonra o, X1 avtomobilini mühərrik nömrəsi ilə axtardıqda tapa bilməməsi üçün mühərrikin nömrəsini silmişdir. Ertəsi gün Elxan adlı şəxs Sumqayıta gələndə ona mühərrikin nömrəsiz olduğunu bildirmiş, sonuncu, mühərrikə baxdıqdan sonra öz avtomobilindəki mühərrikin də nömrəsiz olduğunu demiş, danışıb mühərriki 800 manata razılaşmışlar. Bundan sonra Elxan adlı şəxs “Mercedes-Benz Vito” markalı avtomobilin arxa və qabaq qapılarının, kapotunun saz vəziyyətdə olduğunu görüb, həmin hissələri də almaq istədiyini bildirmiş və həmin hissələri 900 manata razılaşdıqdan sonra, sonuncu ona ümumilikdə 1.700 manat pul vermişdir. Daha sonra o, “Mercedes-Benz Vito” markalı avtomobilin arxa və qabaq qapılarını, kapotunu söküb Elxana vermiş və sonuncu həmin ehtiyat hissələrini gəldiyi avtomobilə yükləyib aparmışdır. O, “Mercedes-Benz Vito” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qalan ehtiyat hissələrini ay yarım müddətində hissə-hissə söküb, ehtiyat hissələrini və çılpaq qalmış kuzasını ayrı-ayrılıqda müxtəlif tarixlərdə tanımadığı şəxslərə satmışdır. Avtomobili hissələrə bölərək satışından ümumilikdə təxminən 8.000 manat pul əldə etmiş və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Ötən müddət ərzində Ramil Rüstəmovun telefon zənglərinə cavab vermədiyi üçün sonuncu, onun yaşadığı ünvanı tapmış, bundan xəbər tutanda o, Ramil Rüstəmovun yaşadığı məhəllədə onu biabır edəcəyindən ehtiyat edərək, mobil telefonundan “WhatsApp” vasitəsi ilə səs ataraq, Ramilə “Mercedes-Benz Vito” markalı avtomobili parçalayıb hissə-hissə saldığını bildirmiş və tezliklə onunla görüşüb pulunu ödəyəcəyinə söz vermişdir. Lakin, ailəsinin maddi vəziyyəti ağır olduğundan, Ramil Rüstəmova maddi zərəri ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxsə hal-hazırda 2000 manat ödəyə bilər, azadlığa çıxdıqdan sonra isə aprel ayının sonunadək 3000 manat, qalan məbləği isə hissə-hissə ödəməyə hazırdır. Lakin, zərərçəkmiş şəxs dəymiş ziyandan ən az 5000 manat ödənilməsini istədiyindən, o, bu qədər məbləği ödəməsinin mümkün olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, azadlığa çıxarsa bu ilin sonuna kimi vurduğu ziyanı ödəyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, “Mercedes-Benz Vito” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə vermək qərarına gəlmiş, 2022-ci ilin dekabr ayının ortalarında tanışı Təqsirləndirilən şəxs ona müraciət edərək, həmin avtomobili icarəyə götürmək istədiyini, razılaşdığı təqdirdə 15 gündən bir 750 manat olmaqla, ayda 1500 manat icarə haqqı ödəyəcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs inanaraq, 16 dekabr 2022-ci il tarixdə “Mercedes-Benz Vito” markalı avtomobilini sonuncuya bir illik idarə etmək üçün etibarnamə əsasında icarəyə vermişdir. Lakin, Təqsirləndirilən şəxs vədinə əməl etməyib, bir neçə ay müddətində müxtəlif bəhanələr gətirməklə icarə haqını ödəməkdən boyun qaçırmışdır. O, avtomobilə GPS izləyici qurğusu quraşdırdığı üçün, həmin qurğu vasitəsilə avtomobilinin hərəkətini mütəmadi nəzarətdə saxlamağa çalışmış, lakin 2023-cü ilin may ayının ortalarında “Mercedes-Benz Vito” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sumqayıt şəhəri ərazisində xeyli müddət hərəkətsiz dayandığını görüb həmin koordinatlar əsasında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisinə gəlmiş və avtomobili həmin ərazidə diaqnostika servisinin yanında dayanmış vəziyyətdə aşkar etmiş, ustalardan avtomobilin dayanma səbəbləri ilə maraqlandıqda, avtomobilin kardanının xarab olduğunu öyrənmişdir. Bundan əsəbiləşib Təqsirləndirilən şəxs zəng vurmuş, sonuncu ona avtomobilin kardan hissəsinin xarab olduğunu, buna görə yenisini sifariş etdiyini və iki günə yenisinin avtomobilə quraşdırılacağını bildirmişdir. Bundan 5 gün sonra GPS vasitəsilə avtomobilin həmin yerdə olduğunu müəyyən edib, təkrarən Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisinə gəlmiş, lakin avtomobili bir neçə gün əvvəl gördüyü yerdə aşkar etməmişdir. Servisdə işləyən ustalardan avtomobilin harada olduğu ilə maraqlandıqda, sonuncular bu barədə məlumatlarının olmadığını bildirmişlər. O, dərhal Təqsirləndirilən şəxs zəng vurmuş, lakin sonuncu telefona cavab verməmiş, bu səbəbdən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına yollanmışdır. Həyətdə olduğu zaman Təqsirləndirilən şəxs onun mobil telefonuna “WhatsApp” vasitəsi ilə səs alaraq “Mercedes-Benz Vito” markalı avtomobili parçalayıb hissələrə bölərək satdığını deyib, tezliklə onunla görüşəcəyini və pulunu da tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Xəlil həmin vaxtdan sonra onunla görüşməkdən imtina etmiş və ələ keçirdiyi avtomobilinin pulunu hal-hazıra kimi ona qaytarmamışdır. X3 özünə məxsus 2007-ci il istehsallı “Mercedes-Benz Vito” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30.000 manat dəyərində olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onun “Mercedes-Benz Viano” markalı avtomobili vardır, həmin avtomobildə dəfn mərasimlərində mərhumları daşımaqla məşğul olur. Onun “Mercedes-Benz Viano” markalı avtomobilinin mühərriki yağ yediyi üçün həmin avtomobilə saz vəziyyətdə olan mühərrik almaq qərarına gəlmiş, bu səbəbdən də tanışları vasitəsi ilə mühərrik axtarmağa başlamışdır. Aldığı avtomobildə mühərrikin nömrəsi silinmiş olduğu üçün texniki pasportunda da bu barədə qeyd olunmuşdur. 2023-cü ilin iyul ayının sonlarında Sumqayıt şəhərində yaşayan tanışı Əfsun zəng vurub Xəlil adlı şəxsin özünə məxsus “Mercedes-Benz Vito” markalı avtomobilini hissələrə bölüb satdığını deyəndə, o, “Mercedes-Benz Vito” və “Mercedes- Benz Viano” markalı avtomobillərin mühərriklərinin eyni olduğunu bildiyi üçün Əfsundan Xəlil adlı şəxsin telefon nömrəsini götürmüş və zəng vurub “Mercedes-Benz Vito” markalı avtomobilin mühərriki ilə maraqlanmış, danışıb razılaşdıqdan sonra onunla Sumqayıt şəhərində görüşmək qərarına gəlmişdir. Bir neçə gün sonra Sumqayıt şəhərinə gəlmiş və Xəlil adlı şəxs onu Sumqayıt şəhərində “Metallurq yolu” adlanan əraziyə aparmış, yarı hasara alınmış həyətdə saxladığı “Mercedes-Benz Vito” markalı avtomobili ona göstərmişdir. Təqsirləndirilən şəxs artıq salonundakı oturacaqları, faraları, təkərləri sökülmüş avtomobili göstərib həmin avtomobilin özünə məxsus olduğunu və pula ehtiyacı olduğunu, avtomobili hissələrə bölməklə satmağın daha sərfəli olduğunu deyərək, bu səbəbdən avtomobilini ehtiyyat hissələrinə bölməklə satdığını bildirmişdir. O, Xəlilə inanıb avtomobilin texniki pasportuna baxmamış və mühərrikin hansı vəziyyətdə olması ilə maraqlanmış, sonuncu da avtomobilin mühərrikinin saz vəziyyətdə olduğunu bildirmiş və bir neçə il işləyəcəyinə təminat vermiş, lakin mühərrikin nömrəsinin silindiyini bildirmişdir. Mühərrikin nömrəsinin silinmiş olması onun öz avtomobilinin nömrəsi silinmiş mühərrikinin sənədləri ilə uyğun gəlməsi ürəyincə olmuş və o, həmin mühərriki almaq qərarına gəlmişdir. Xəlil adlı şəxslə danışıb avtomobilin mühərrikini 800 manata razılaşdıqdan sonra Xəlildən avtomobilin arxa və qabaq qapılarını, eləcə də kapot hissəsini 900 manata razılaşaraq, sonuncuya ümumilikdə 1.700 manat pul ödəmişdir. Daha sonra həmin hissələri öz avtomobilinə yığmış və Xəlildən ayrılmışdır. Aldığı ehtiyat hissələrini özünə məxsus “Mercedes-Benz Viano” markalı avtomobilə quraşdırmış, 2024-cü ilin fevral ayında isə həmin avtomobili başqasına satmışdır. O, Xəlil adlı şəxsi əvvəldən tanımamış, sonuncudan aldığı ehtiyat hissələrinin məxsus olduğu avtomobilin Xəlilə deyil, başqa şəxsə məxsus olmasından və Xəlilin həmin avtomobili sahibindən xəbərsiz olaraq hissələrə parçalayıb satmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ildən 2024-cü ilin may ayına kimi özünə məxsus “Mercedes- Benz Vito” markalı avtomobildə Sumqayıt-Bakı marşrutu üzrə sərnişin daşımaqla məşğul olmuş, Təqsirləndirilən şəxs məhz həmin vaxtlardan tanımışdır. Təxminən 2023-cü ilin may-iyun aylarında Xəlillə söhbət edərkən o, hal-hazırda idarə etdiyi və özünə məxsus olan “Mercedes-Benz Vito” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin nasaz olduğunu, buna görə həmin avtomobili ehtiyat hissələrinə bölüb satmaq istədiyini demiş, əgər avtomobilində nasaz hissə olarsa, ona öz avtomobilindən həmin hissəni söküb sata biləcəyini bildirmiş və başqa tanıdığı sürücülərdən ehtiyat hissəsi istəyən olarsa, ona məlumat verməsini xahiş etmişdir. Həmin ilin iyul ayında Sabunçu rayonunda yaşayan Elxan adlı tanışı zəng vurub özünə məxsus “Mercedes-Benz Viano” markalı avtomobilin mühərrikinin yağ yediyini, bu səbəbdən işlənmiş mühərrik axtardığını dedikdə, o, Elxana Xəlil adlı tanışının özünə məxsus avtomobili hissələrə bölüb satdığını bildirmiş və Xəlilin mobil nömrəsini sonuncuya vermişdir. Elxanın Xəlillə telefon əlaqəsi saxlayıb Sumqayıt şəhərində görüşdüyünü və Xəlildən mühərriklə yanaşı, bəzi ehtiyyat hissələri də aldığını sonradan öyrənmişdir. Həmçinin, ifadəsində Xəlilin onu tanıyanlara “Mercedes-Vito” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili öz avtomobili kimi təqdim etdiyini, ehtiyat hissələrini söküb satdığı avtomobilin Xəlilə deyil, başqa şəxsə məxsus olmasından və Xəlilin bunu avtomobilin sahibindən xəbərsiz etdiyindən məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.4-cü maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. (i.v.1) Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən Avtomobil servisinə baxış keçirilmiş, baxış keçirilən yerin sağ tərəfində avtomobil yolu, sol tərəfində isə beş mərtəbəli yaşayış binası vardır. X4 hadisə yerini fotoşəkildə göstərmişdir. Baxış protokoluna fotoşəkillər əlavə edilmişdir. (i.v.18-23) Diskə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokola və həmin diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİnini İŞ-nin müstəntiqi Əsqər Kazımov tərəfindən X1 iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 14:45-dən saat 15:00-dək DVD-R formatlı diskə baxış keçirilmiş və diskdə 2 ədəd səs yazısının olduğu müəyyən edilmiş, 1-ci qovluqdakı 53 saniyəlik səs yazısında Ramil Rüstəmova müraciət edən şəxs evini satdığını, ona vurduğu ziyanı tamlığı ilə ödəyəcəyini deyərək, 2-ci gün saat 10:00-da Yasamal Notariat Kontorunun qarşısında görüşəcəklərini bildirmiş, 2-ci qovluqdakı 49 saniyəlik səs yazısında Ramil Rüstəmova müraciət edən şəxs avtomobili hissələrə parçalayıb satdığını etiraf etmişdir. Səs yazılarını dinləyərkən X3 həmin səsin Təqsirləndirilən şəxs məxsus olduğunu və səs yazılarının onun mobil telefonuna Təqsirləndirilən şəxs tərəfindən Whatsapp ani mesajlaşma və mübadilə şəbəkəsi vasitəsilə əlaqə saxlayarkən qeydə alındığını bildirmişdir. (i.v. 76) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə X3 zərərçəkmiş şəxs qismində tanınmış və həmin tarixdə zərərçəkmiş şəxs qismində dindirilmişdir (i.v.83-89) Zərərçəkmiş şəxs X1 ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, o, marşrut üzrə avtomaşınla Sumqayıt şəhəri, Sülh küçəsinə getməyi təklif etmiş, həmin küçə ilə hərəkətdə olarkən yolun sağ qurtaracağında olan “Dədə Qorqud” restoranının qarşısında avtomaşını saxlayaraq həmin restorandan 15 metr aralıda boş ərazini göstərərək xx.xx.2022-ci il tarixdə özünə məxsus “Mercedes-Benz Vito” markalı avtomaşını həmin yerdə etibarnamə ilə birlikdə Təqsirləndirilən şəxs təhvil verdiyini, məhz həmin vaxtdan da sonuncunun ona məxsus avtomaşını ələ keçirdiyini bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. (i.v.90-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.101) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham xx.xx.2024-cü il tarixdə, saat 15:30-da elan edilmişdir. (i.v.102-103) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v.105) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00-da Sumqayıt şəhəri ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. (i.v. 109) Cinayət işinin ibtidai istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v.110) Təqsirləndirilən şəxsin dindirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.125-127) Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.132-133) Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən təqsirləndirilən şəxs marşrut üzrə Sumqayıt şəhəri, 11-ci mikrorayon Çerkasskiy küçəsinə getməyi təklif etmiş, şəhərin Çerkasskiy küçəsində yerləşən iki mərtəbəli binanın qarşısında avtomaşını saxladıb həmin binanın birinci mərtəbəsində yerləşən avtomaşın təmiri sexində Elçin adlı şəxsin sexində avtomaşını təmir elətdirdikdən sonra maşının kardan hissəsini orada çıxartdırıb, daha sonra avtomaşını şəhərin Metallurq yolu deyilən əraziyə apararaq oradakı köhnə YDM-nin həyətində tanımadığı ustalara sökdürərək hissələrini ayrı-ayrı şəxslərə satdığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı Elçin adlı şəxsin işlədiyi sexin qapısında qıfıl olduğu, həmin şəxsin artıq bir neçə aydır ki, həmin sexi sahibinə təhvil verərək getdiyi və hal-hazırda harada işləməsi məlum olmadığı müəyyən edilmişdir. Bundan sonra onlar avtomaşınla Təqsirləndirilən şəxs qeyd etdiyi “Metallurq yolu” deyilən küçəyə getmiş və müəyyən etmişlər ki, həmin küçə “Yahya Məmmədov” küçəsi adlanır və Təqsirləndirilən şəxs Yahya Məmmədov küçəsi 8 saylı ünvanda yerləşən 3 tərəfi hasara alınmış, yola baxan hissəsi isə açıq vəziyyətdə olan həyəti göstərərək həmin həyətdə “Mersedes-Benz Vito” markalı, **-HB-*** nömrə nişanlı avtomaşını hissələrə bölərək satdığını bildirmiş və həmin yeri əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. (i.v.135-139) Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 zərərçəkmiş şəxs X1 nümayəndəsi qismində tanınmışdır. (i.v.143) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v.158-159) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 avqust 2024-cü il tarixli 9/5595 nömrəli rəyinə əsasən, təyinatı üzrə yararlı vəziyyətdə 2007-ci il buraxılışlı “X6” markalı avtomobilin 2022-ci ilin dekabr-2023-cü ilin may aylarına kimi olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 25.000 manat olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində qiymətləndirilmişdir. (i.v.161-163) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 12:30 radələrində Sumqayıt şəhəri ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. (i.v. 165) Cinayət işinin ibtidai istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. (i.v.166) Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanmış, qərar təqsirləndirilən şəxsə həmin tarixdə saat 10:35-də təqdim edilmişdir. (i.v.169-170) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokolu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 avqust 2024-cü il tarixli, 9/5595 nömrəli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına edilmiş, zərərçəkmiş şəxs X1 mülkiyyətində olan “Mercedes-Benz Vito” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi zamanı müəyyən etdiyi 30.000 manat məbləğ- maddi ziyanın məbləği olaraq qəbul edilmiş, içərisində səs yazıları olan 01 ədəd DVD-R formatlı disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.172-177) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-163/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2025-ci il tarixli 58-1/2-1524 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:40-da Sumqayıt şəhəri, Bakı küçəsində saxlanılaraq saat 19:00 radələrində Sumqayıt ŞPİ-nin 1ci BP-yə gətirilmiş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(060)- 93/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(105)-208/2020 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(060)-93/2020 nömrəli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CMnin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-93/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-208/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasının əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Bundan sonra məhkumluğu ödənilmədən və ya götürülmədən etibarnamə əsasında R.Rüstəmovdan 16 dekabr 2022-ci il tarixdə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək 2023-cü ilin may ayında Sumqayıt şəhəri ərazisində avtomobili hissələrə bölüb müxtəlif şəxslərə sataraq, zərərçəkmiş X2 30.000 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda dələduzluq edərək yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024cü il tarixindən saat 11:00-dan xx.xx.2024-cü il tarixinə saat 17:10-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 gün müddət, ümumilikdə 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X2 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən, saat 11:00-dan xx.xx.2024-cü il tarixinə saat 17:10-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutuluğu 01 gün müddət, ümumilikdə 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs X2 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-163/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-163/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver