Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-165/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusuna yerləşdirilmiş 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,077 qram, 0,060 qram, 0,066 qram, 0,072 qram, 0,045 qram, 0,089 qram, 0,081 qram, 0,065 qram, 0,069 qram olmaqla ümumi təmiz çəkisi 0,707 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 21 sentyabr 2021-ci il tarixdə saat 20:25 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsində yerləşən “Arzu” mərasim evinin yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olub. Evlidir. Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3, mənzil 41 ünvanında yaşayır. İşləmir, əvvəllər fəhləliklə məşğul olub qazanc əldə etmişdir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitə əldə edərək istifadə etdiyini bildirmişdir. Narkotik vasitələri Sumqayıt şəhər ərazisində şəxsən tanımadığı şəxslərdən əldə etmişdir. Son olaraq təxminən 4 gün əvvəl, yəni 17 sentyabr 2021-ci il tarixdə günorta saatlarında şəxsi işləri ilə əlaqədar Sumqayıt şəhərindən Bakı şəhəri. 20 Yanvar dairəsinə getmiş, 20 Yanvar metro stansiyasının yaxınlığında piyada hərəkətdə olduğu zaman oradakı tullantı qutusunun yanında yerdə kibrit qutusunun olduğunu görüb siqaret çəkmək üçün həmin kibrit qutusunu yerdən götürüb içinə baxmaq üçün açdıqda həmin qutunun içində 10 ədəd büküm görmüş, həmin bükümlərdə narkotik vasitə heroin olduğunu bildikdə kibrit qutusunu şalvarının cibinə qoymuşdur. Diqqət çəkə biləcəyini fikirləşib dərhal Sumqayıt şəhərinə, yaşadığı evə getmişdir. Narkotik vasitəni ağrıları olanda istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlananadək həmin narkotik vasitədən istifadə etməmişdir. Bu müddət ərzində Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tapdığı narkotik vasitə heroini şalvarının sağ yan cibində saxlamışdır. Belə ki, 21 sentyabr 2021-ci il tarixdə bədənində ağrılar olduğundan saat 20:00 radələrində həmin narkotik vasitə heroindən istifadə etmək üçün küçəyə çıxmış, piyada hərəkət edib Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazinə gəlmişdir. Burada narkotik vasitədən istifadə etmək üçün sakit bir ərazi axtardığı zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdirərək barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhələr olduğunu demiş, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər. O qarşılıq vermədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində kibrit qutusunun içindəki narkotik vasitə heroin bükümlərini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tapdığı içində narkotik vasitə heroin olan 10 ədəd bükümü 01 ədəd kibrit qutusunun içində təqdim etmiş, sonradan təhqiqatçı bükümlərə baxıb özü həmin kütlələri aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmayıb və götürülməyib. Ona aid olan aşkar olunaraq götürülmüş 01 ədəd kibrit qutusunun içində 10 ədəd bükümdə nakotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Polis şöbəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin ona məxsusdur, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrinin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatlarının icra olunmasından ötrü tərəfindən Bölmə rəhbərliyinə raportla məruzə edərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsini xahiş etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibəti də olmamışdır. İşin mahiyyəti üzrə bildirir ki, 21 sentyabr 2021-ci il tarixdə, saat 20:25 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsində “Arzu” mərasim evinin yaxınlığında piyada hərəkətdə olduğunu görmüş, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Qanunsuz olaraq narkotik vasitə gəzdirməsində, barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmiş və Polis Bölməsinə dəvət etmişlər. X4 İbrahimova hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusunun içində olan 10 ədəd bükümü təqdim edərək içində narkotik vasitə heroin olduğunu bildirmiş, sonradan təhqiqatçı kibrit qutusuna baxıb özü həmin kütlələri aşkar etmişdir. Həmin təqdim edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi Şahid2 və 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid3 ifadələrində Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə saat 20:25 dəqiqədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq Polis Bölməsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusuna yerləşdirilmiş 10 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilərək hər birinin çəkisi 0,13 qram, 0,13 qram, 0,15 qram, 0,14 qram, 0,17 qram, 0,15 qram, 0,15 qram, 0,12 qram, 0,14 qram, 0,14 qram olmuşdur. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 6/4212 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan 01 ədəd kibrit qutusuna yerləşdirilmiş 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,077 qram, 0,060 qram, 0,066 qram, 0,072 qram, 0,045 qram, 0,089 qram, 0,081 qram, 0,065 qram, 0,069 qram olmaqla ümumi təmiz çəkisi 0,707 qram olan qəhvəyi rəngli maddə kütlələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 10 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Qeyd: Heroinin təmiz çəkisi-0,707 qram, tədqiqata sərf edilən miqdar -0,1 qram, qalıq-0,607 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 06 noyabr 2021-ci il tarixli 4368 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 0,707 qram olan narkotik vasitə qurudulmuş heroin tədqiqatdan sonra qalıq qalmış 0,607 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 21.09.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 23.09.2021-ci il tarixli, 4(060)-473/2021saylı qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21.09.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 21.09.2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,707 qram olan narkotik vasitə qurudulmuş heroindən tədqiqatdan sonra qalıq qalmış 0,607 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,607 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109.90 (yüz doqquz manat, doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-165/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-165/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver