Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-166/2021 25.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X2 Məhkəməsində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər TTYS-da sürücü işləyən, əvvəllər məhkum olmayan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6a, mənzil 41-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, otaq 45 ünvanında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs evə yad adamları gətirməsini irad tutduqda aralarında baş vermiş mübahisə zamanı stulla qollarına, təpiklə sol ayağına, yumruqla başına və sağ qoluna vuraraq ona sağ bazu nahiyyənin sağ dirsək oynağına qədər davam edən geniş ölçülü qançır şişkinliyi, sağ saidin, sol bazunun, sol budun, sağ əlin qançırları, təpə nahiyyəsinin və boyun nahiyyəsinin qançır şişkinliyi kimi xəsarət yetirirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, təxminən 16 ildən çox müddətdir ki, Zərərçəkmiş şəxs tanıyır, 2017-ci ildən onunla rəsmi nigaha girərək ailə həyatı qurmuş, onun xasiyyəti Ülviyyə ilə uyğun gəlmədiyi üçün rəsmi olaraq 2018-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə boşanmışdır. Ülviyyədən ayrıldıqdan bir müddət sonra Ülviyyə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Kristal Abşeron” yaşayış kompleksinə köçmüş, həmin müddətdə o, Ülviyyənin yaşadığı mənzilə Ülviyyənin istifadəsində olan mobil nömrədən gələn zənglərdən sonra 2-3 dəfə getmişdir. Belə ki, Ülviyyə ona zəng edərək evdə tək qaldığını, darıxdığını və evinə gəlməyini demiş, o da keçmiş həyat yoldaşı olduğu üçün onun evinə getmişdir. xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəyə Ülviyyə gizli nömrədən zəng edərək onun yaşadığı evə gəlməyini bildirmiş, o da həmin zəngdən yarım saat keçməmiş Ülviyyənin yaşadığı evə getmiş, Ülviyyə qapını açmış, o, evə daxil olmuş, Ülviyyə ilə hal-əhval tutmuş, qonaq otağına keçərək divanda oturmuşdur, Ülviyyənin “Samsung J 3”markalı mobil telefonuna zəng gəlmiş, Ülviyyə də telefonunu götürərək mətbəxə keçmiş, o Ülviyyənin əlində olan mobil telefonla şəklini çəkdiyini və səsini yazdığını görmüş, həmin vaxt telefonu razetkaya taxdığı üçün oradan çıxardıb çəkdiyi şəkilə və səs yazılarına baxmaq istəyərkən telefonunun kodda olduğunu görmüş, Ülviyyədən kodu soruşduqda, Ülviyyə kodu ona deməmiş, o da bu səbəbdən əsəbləşərək evdən çıxıb getmişdir. Bu hadisədən 3 gün sonra onu Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə dəvət edərək Ülviyyənin şikayət etməsini bildirmişlər. Ülviyyənin göstərdiyi tarixdə, yəni xx.xx.2020-ci il tarixdə Ülviyyəni vuraraq ona hər hansı bədən xəsarəti yetirməmiş, Ülviyyə bununla bağlı yalan ifadə vermişdir, Zərərçəkmiş şəxs tibbi müayinə zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləri hansı şəraitdə almasından məlumatı yoxdur. Sumqayıt şəhər TTYS-da sürücü işləyir, sürücü kimi 44 günlük 2-ci Qarabağ müharibəsində şəhid və yaralıların təxliyyə edilməsində iştirak etmiş, fəallığına görə X5 X7 ilə təltif olunmuşdur. Heç bir günahı olmadığı üçün bəraət verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2017-ci il tarixdə əvvəldən tanıdığı Elşən adlı şəxslə rəsmi olaraq nigaha daxil olub ailə həyatı qurmuş, Elşənlə ailə həyat qurduğu müddətdə onunla münasibətləri alınmamışdır. Belə ki, Elşən evə çox vaxt sərxoş halda gələrək onunla kobud rəftar etmiş, onu döymüşdür. Buna səbəb Elşənə məxsus mobil telefona gəlib-gedən zənglərə və mesajlara baxmağı olmuşdur. Həmçinin Elşən işdən evə gələrkən ona böhtan ataraq evə yad adamları saldığını deyərək onu şərləyərək tez-tez döymüş, o, bu barədə dəfələrlə DİN-nin 102 xidmətinə müraciət etmiş, ərazi PB-də araşdırma aparılmışdır, məhz bu səbəblərə görə o, rəsmi olaraq 2018-ci ilin iyul ayında Elşənlə boşanmış, boşandıqdan sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal Abşeron ərazisində yerləşən mənzilə köçmüş və həmin mənzildə tək yaşamış, lakin buna baxmayaraq Elşən mütəmadi olaraq onun evinə gələrək onu narahat edərək nalayiq ifadələrlə təhqir etmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə, saat 21:30 radələrində o, evdə olarkən qapı döyülmüş, qapını açarkən Elşənin olduğunu görmüş, Elşən içəri daxil olarkən onu əli ilə itələmiş, o, divara dəymiş, daha sonra otağa keçərək içkili vəziyyətdə divanda uzanmışdır. Elşənə evdən getməyini demiş, qaçıb qapını açıb evdən çıxmaq istəmiş, Elşən onu təhqir etməyə başlamış, Elşən ona evə yad kişiləri gətirdiyini demiş, o, Elşənə “belə hadisə olmayıb, ayıb olsun sənə” deyərkən Elşən divandan ayağa qalxaraq yerdəki stulu götürüb qoluna vurmuş, saçından tutaraq paltarını cırmış, daha sonra paltarı cırıldığına görə yataq otağına əynini dəyişmək üçün keçmiş, Elşən yenə arxasınca gəlmiş, təpiklə sol ayağından vurmuş, taxtın üzərinə yıxılmış, o, taxtdan durmaq istəyərkən Elşən ona imkan verməmiş, o da məcbur olub Elşəni taxtın üzərinə tərəf itələmiş, bu zaman taxt qırılmış, həmin taxtı 2018-ci il tarixdə 1500 manata aldığı mobil telefonuna zəng gəlmiş, o, telefonu götürmək istəyərkən Elşən telefonu onun əlindən amış, yumruqla sağ qoluna və başına zərbələr endirmiş, o, telefonu Elşənin əlindən almaq istəmiş, Elşən ona guya səsini yazdığını deyərək ona məxsus 2019-cu il tarixdə 2000 manat məbləğə aldığı“Samsung Note 9” markalı telefonunu dizinə vuraraq qırmıış, bundan sonra Elşən evdən çıxıb getmişdir. Telefonu qırıldığı üçün ondan bir mərtəbə aşağıda yaşayan qonşusu Validənin evinə gedərək öz mobil nömrəsi ilə onun telefonundan polis sahə rəisinə və DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hadisə onun yaşadığı mənzildə baş vermiş, orada həmin vaxt keçmiş həyat yoldaşı Elşən və özü olmuşdur. Hazırda təqsirləndirilən şəxs ondan üzr istəməmiş, onunla barışmamışdır, barışmaq fikri də yoxdur. Təqsirləndirilən şəxsə qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Şahid2 göstərdi ki, Sumqayıt şəhəri, “Kristal Abşeron” yaşayış massivi, 9-cu mikrorayon, otaq 5/35 ünvanında yaşayır, Ülviyyə Cavadovanı uzun müddətdir ki, tanımış və hal-hazırda qonşudurlar. xx.xx.2020-ci il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı evin qapısını həyacanlı və təlaşlı halda döymüş, o qapını açmış, Ülviyyə içəri keçmiş, o, Ülviyyədən nə baş verdiyini və niyə əsdiyini soruşduqda Ülviyyə keçmiş həyat yoldaşı Elşən adlı şəxsin 10 dəqiqə bundan qabaq yaşadığı mənzilə gələrək onu döydüyünü, yataq taxtını sındırdığını bildirmiş, əlində olan mobil nömrəni göstərərək özünə məxsus Samsung Note 9 markalı mobil tefonunu sındırdığı üçün onun mobil telefonuna öz nömrəsini taxaraq DİN-nin 102 xidmətinə zəng etmək istədiyini demiş, o da öz mobil telefonunu Ülviyyəyə vermiş, Ülviyyə polis sahə rəisinə və DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ülviyyəyə təxminən 10 dəqiqə öncə onların evindən qışqırıq səslərini eşitdiyini, həmin səslərin Elşənin gəlib onu döyməsi və əşyalarını sındırması ilə bağlı olduğunu başa düşməsini bildirmiş, daha sonra Ülviyyə ona qollarını, ayağını göstərərək Elşənin onu stulla, yumruqla vurduğunu demiş, o da həmin yerlərin həqiqətən də qızarmış vəziyyətdə olduğunu görmüşdür. Məhkəmədə Şahid1 göstərdi ki, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də polis sahə rəisi vəzifəsində xidmət aparır, xidməti ərazisi Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisidir. xx.xx.2020-ci il tarixdə, saat 22:00 radələrində Zərərçəkmiş şəxs adlı şəxs onun istifadəsində olan mobil telefonuna zəng edərək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon “Kristal Abşeron” ünvanındakı mənzilinə keçmiş həyat yoldaşı Elşən adlı şəxsin gələrək onu döydüyünü, şəxsi əşyalarını sındırdığını bildirərək onun həmin ünvana gəlməyini bildirmiş, o, həmin gün xidmətdən sonra olsa da təxminən 20 dəqiqə ərzində həmin ünvana getmiş, mənzilə daxil olan zaman yerdə “Samsung Note 9” markalı mobil telefonun sındırılmış vəziyyətdə, yataq otağındakı taxtın alt hissəsinin də sınıq vəziyyətdə olduğunu görmüş, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda, Ülviyyə ona bundan 1 saat əvvəl keçmiş həyat yoldaşı Elşənin onun evinə gəldiyini, onu nalayiq ifadələrlə söyüb təhqir etdiyini, qoluna stulla, ayağına isə təpiklə xəsarət yetirdiyini, yerdə olan müxtəlif hissələrə bölünmüş mobil telefonu Elşənin dizi ilə, taxtı isə üzərinə yıxalarkən sındırdığını bildirmişdir. Ülviyyə ona qolllarını göstərmiş, Elşənin stulla vuraraq xəsarət yetirdiyini demiş, həqiqətən də o, Ülviyyənin qollarına baxarkən qızarmış vəziyyətdə olduğunu görmüş, daha sonra o, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin növbətçi hissəsinə bu barədə məlumat verərək hadisə yerinə əməliyyat qrupunun gəlməsini bildirmiş, təxminən 10 dəqiqədən sonra 3-cü PB-nin əməliyyat qrupu hadisə yerinə gələrək Zərərçəkmiş şəxs ərizəsini almışlar. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1367 saylı rəyindən görünür ki, 1978-ci təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ bazu nahiyyənin sağ dirsək oynağına qədər davam edən genişölçülü qançır-şişkinliyi, sağ saidin, sol bazunun, sol budun, sağəlin qançırları, təpə nahiyyəsinin və boyun nahiyyəsinin qançır şişkinliyi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. (i.v.9-11) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v.36) İşdə olan 10 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. (i.v.93) Məhkəməyə təqdim edilmiş, X5 Mərkəzinin 75 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi vəziyyətlə əlaqədar Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən X5 Mərkəzinə yaralı hərbiçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur. Məhkəməyə təqdim edilmiş, X5 Mərkəzinin verdiyi Fəxri Fərmandan görünür ki, 44 günlük 2-ci Qarabağ müharibəsində şəhid və yaralıların təxliyyə edilməsində yaxından köməklik göstərdiyinə görə sürücü Təqsirləndirilən şəxs X5 X7 ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 21:30 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifinə gəldikdə məhkəmə, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmuu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsə heç bir xəsarət yetirməməsi, onu vurmaması və s. ilə bağlı göstərməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri sayır ki, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxsin göstərdikləri işdə olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə hesab edir ki, bu Təqsirləndirilən şəxs kimi Qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmaq istəyir. Çünki yuxarıda qeyd edildiyi kimi onun əməli qanuni yolla əldə edilmiş və mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edilir. Təqsirləndirilən şəxs bəraət verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Azərbaycan Respublikası 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən əməl törətmişdir, həmçinin Təqsirləndirilən şəxs 44 günlük 2-ci Qarabağ müharibəsində şəhid və yaralıların təxliyyə edilməsində X8 sürücüsü kimi yaxından köməklik göstərdiyinə görə X5 X7 ilə təltif olunmuşdur. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.1.1 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və 44 günlük 2-ci Qarabağ müharibəsində şəhid və yaralıların təxliyyə edilməsində fəal iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 06 (altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 36 (otuz altı) manat pul Müdafiəçi2 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. (“xxxx” ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-166/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-166/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver