Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-166/2025 21.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Qubadlı rayonu, Qayalı Ə/D, Qayalı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl Dərə 2 yaşayış massivi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda, bir bükümdə təmiz çəkisi- 0,247 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir bükümdə təmiz çəkisi – 0,484 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 21 sentyabr 2024-cü il tarixdə, saat 18:40-da Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən «Eyvaz» marketinin qarşısında küçədə saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərinə keçirilən şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən saxladığı 1 ədəd «Kent» markalı siqaret qutusunun içərisindən bir bükümdə təmiz çəkisi 0,247 qram psixotrop maddə metamfetamin və bir bükümdə təmiz çəkisi- 0,484 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, fasilələrlə psixotrop və narkotik maddələr qəbul edir. 21 sentyabr 2024-cü il tarixdə gündüz saatlarında Abşeron rayonu Novxanı bağları ərazisndə olan zaman orada təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 30 manata 1 ədəd şəffaf sellofan bükümdə metamfetamin və 1 ədəd şəffaf selofan bükümdə heroin almış, həmin maddələri özündə olan «Kent» siqaret qutusunun içərisinə qoymuş və siqaret qutusunu da əynində olan şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, istəyəndə qəbul edər. Həmin gün saat 18:40 radələrində Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən «Eyvaz» marketin qarşısında küçədə olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt polis idarəsinin 4-cü polis bölməsinin polis işçiləri olduqlarını bildirmişlər və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis bölməsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə bölməyə gəlmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X4 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində 1 bükümdə heroin və 1 bükümdə metamfetamin saxladığı 1 ədəd «Kent» siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Təqdim etdiyi siqaret qutusunun içərisinə baxılanda 1 ədəd şəffaf sellofan bükümdə heroin və 1 ədəd şəffaf sellofan bükümdə metamfetamin aşkar olunmuşdur. Verilən suallara cavab olaraq həmin bükümlərin birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olduğunu bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş maddələr iştirakı ilə elektron tərəzidə çəkilmiş, 1 ədəd bükümdə metamfetaminin çəkisi olduğu sellofan kəsiyi ilə birlikdə 0,39 qram, 1 ədəd bükümdə heroinin çəkisi olduğu sellofan kəsiyi ilə birlikdə 0,62 qram olmuşdur. Bundan sonra həmin maddələr ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Üzərindən aşkar olunaraq götürülmüş metamfetamin və heroin özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Metamfetamin və heroini aldığı şəxsi üzdən görsə tanıyır, adını, ünvanını və mobil nömrəsini bilmir. Heç kimə psixotrop və ya narkotik maddə verməmiş və satmamış, satışı ilə heç vaxt məşğul olmamış, özü qəbul elmişdir. Polis işçiləri onu saxlayan və bölməyə gətirən zaman üzərinə şəxsi axtarış keçirilməmiş, sadəcə sorğu-sual olunmuşdur. Onun üzərinə ilk dəfə şəxsi axtarış Sumqayıt ŞPİ-nin 4-cü PB-də ona təqdim olunmuş vəkil Elmin Mahmudovun iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 21 sentyabr 2024-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 18:40 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən «Eyvaz» marketin qarşısında küçədə olmasını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil X4 müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Videoçəkilişi Sumqayıt ŞPİ-nin KTB-nin ekspert-kriminalisti, polis mayoru Rasim Paşayev çəkmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd «Kent» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusu açılan zaman içərisində 2 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərin içərisinə baxılanda birinin içərisində psixotrop maddə metamfetaminə, digərinin içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı Ruslan Cəfəquliyevin üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop və narkotik maddələr qəbul edir, üzərindən aşkar olunaraq götürülmüş metamfetamin və heroini həmin gün gündüz saatlarında Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata almış və özünə qəbul etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddələr elektron tərəzidə çəkilmiş, 1 ədəd bükümdə metamfetaminə bənzər maddənin çəkisi 0,39 qram, 1 ədəd bükümdə heroinə bənzər maddənin çəkisi 0,62 qram olmuş, həmin maddələr ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Digər şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı Şahid1 Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:40-da Sumqayıt şəhəri, Betonzavod ərazisi, “Eyvaz” marketin qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.20) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Qubadlı rayonu, Qayalı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə 2 yaşayış massivi, fərdi evdə yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:40-da Sumqayıt şəhəri, Betonzavod ərazisi, "Eyvaz" marketin qarşısında saxlanılaraq PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun növbətçilik cədvəli təqdim edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs özü həmin siyahıdan hüquqlarının müdafiəsi üçün vəkil X8m seçmişdir. Təqsirləndirilən şəxs vəkilə heç bir etiraz etməmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd "Kent" markalı siqaret qutusunu təqdim etmişdir. Həmin qutu açılan zaman içərisində 2 ədəd şəffaf rəngli sellofan büküm olduğu müəyyən edilmişdir. Həmin sellofan bükümlərə vizual şəkildə baxış keçirən zaman birinin içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddənin, ikincisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinəbənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddənin patı, qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinəbənzər maddənin kokos olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olan şəffaf rəngli sellofan bükümü tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin sellofan büküm ilə birlikdə 0,39 qram, içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinəbənzər maddə olan olan sellofan bükümü tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin sellofan büküm ilə birlikdə 0,62 qram olduğu müəyyən edildi, daha sonra həmin maddələr xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilmişdir. (i.v. 29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/4669 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqdim etdi (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,247 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,484 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Narkotik vasitə-heroin təmiz çəkisi 0,484 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,434 qram. Psixotrop maddə metamfetamin təmiz çəkisi 0,247 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,197 qram. (i.v.41-47) xx.xx.2024-cü il tarixdə, saat 16:20-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir.(i.v.57-58) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.67-68) Təqsirləndirilən şəxsin X5 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.73-74) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,484 qram narkotik vasitə heroin və 0,247 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəki 0,434 qram heroin və 0,197 qram metamfetamin saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir.(i.v.77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin Ambulator X2 barədə 25 sentyabr 2024-cü il tarixli, 6487 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.79-80) Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi Yeni yaşayış massivi 4a məhəllə üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yaşıl Dərə massivi, bağ 4a, nömrəsiz evdə qeydiyyatsız yaşayır.(i.v. 82) Qubadlı rayon İHB-nın Qayalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə qazi Təqsirləndirilən şəxs kəndin və rayonun tədbirlərində fəal iştirak etməsi, yaşadığı müddət ərzində ailə üzvləri və Təqsirləndirilən şəxs normal bir şəxs olaraq özünü tanıtması, Qayalı kənd sakinlərinin onun haqqında narazılığının olmaması, sözü ilə əməli bütöv, insanlarla mehriban və səmimi olması qeyd edilmişdir. (i.v. 83) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Şabran rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək barəsində 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 2 il sınaq müddəti tətbiq edilərək cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilmişdir. (i.v.94-95) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə təmiz çəkisi 0,484 (ekspert tədqiqatına sərf edildikdən sonra qalıq 0,434 qram) qram narkotik vasitə heroinin və 1 bükümdə təmiz çəkisi 0,247 (ekspert tədqiqatına sərf edildikdən sonra qalıq 0,197 qram) qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. (i.v.97-101) Azərbaycan Respublikasının Medalının Vəsiqəsinin (№ 1-16595) surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Medalının Vəsiqəsinin (№ 1-13903) surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Medalının Vəsiqəsinin (№ 1-12781) surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Medalının Vəsiqəsinin (№ 1-18275) surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etriafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs oğlu həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və onun “Vətən müharibəsi iştirakçısı” olmaqla “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə 2 massivində yerləşən fərdi yaşayış evini tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6487 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,434 qram heroin və 0,197 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə 2 yaşayış massivində yerləşən fərdi yaşayış evini tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,434 qram heroin və 0,197 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-166/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-166/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver