Məhkəmə qərarları › İş №1(060)-168/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-168/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-168/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,428 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 19 avqust 2023-cü il tarixdə saat 16:00 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən, Çörək Zavodunun yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 01 (bir) ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,428 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 19 avqust 2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında şəxsi istifadəsi üçün 20 (iyirmi) manata heroin aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən Çörək Zavodunun yaxınlığında olan zaman saat 16:00 radələrində mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda o, polislərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin 5ci PB-nə gətirmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Belə ki, o, özü Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkili İsməli Kazımov müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra onun müdafiəçisi kimi çağırılaraq ona müdafiəçi olaraq təyin olunmuşdur. Polis əməkdaşlarının və müdafiəçi İsməli Kazımovun iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sağ yan cibində saxladığı siqaretin qızılı rəngli kağızına bükülmüş qəhvəyi rəngli kütləni çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda narkotik vasitəni həmin gün Bakı şəhərində 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin elekton tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşman olmağını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Oktay oğlu ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis mayoru rütbəsində, baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlanılması və istifadəsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, o cümlədən Sumqayıt ŞPİ-nin 5-ci PBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Qabil oğlundan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən Çörək Zavodunun yanında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 16:00-da əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən Çörək Zavodunun yanında olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsi görüb onu saxlamış, özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlanılmasında və istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət olunmuş və o, heç bir etiraz etməmiş, onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getmişdir. 5-ci PB-nə xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş, o da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açılmışdır. Bükümün içərisində spesifik iyə malik “heroin" olan narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin bükümdə olan maddə Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 Qabil oğlu da Şahid2 Oktay oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik maddə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunur, o da heç bir etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs huquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim olunur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və yaxud maddi sübut olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd siqaretin qızılı rəngli bükümü aşkar olunur. Həmin büküm təhqiqatçı tərəfindən açılır, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “heroin” bənzər maddənin olduğu müəyyən edilir. Sorğu zamanı, Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni Sumqayıt şəhəri, 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini deyir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin şəffaf sellofan büküm ilə birlikdə 0,54 qram olması müəyyən olunur və aşkar olunur həmin bükümdə olan maddə Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4457 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №-242” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.428 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,428 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,378 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5725 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,428 qram narkotik vasitə olan heroindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,378 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilərək İŞ-nə təmin edilməsindən ötrü tərəflərindən bir sıra tədbirlər həyata keçirilmiş, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Hazırda əməliyyat tədbirləri davam etdirilir, gələcəkdə hər hansı bir müsbət nəticə əldə olunarsa, bu barədə sizə əlavə olaraq məlumat veriləcəkdir. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, cəzanı yüngülləşdirən halı və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,428 qram narkotik maddə olan heroindən aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,378 qram heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2ını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,378 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65.00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar