Məhkəmə qərarları › İş №1(060)-169/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-169/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-169/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan MR, Babək rayonu, Əliyabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağlarındakı fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 25 iyul 2020-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağları yaşayış massivində qonşusu Zərərçəkmiş şəxs avtomobillə gec yol verməsinə görə Zərərçəkmiş şəxs ona əl-qol hərəkətləri etməsi səbəbindən həmin bağ massivində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi evin qarşısında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxslə tutaşıb yumruqla onun sağ gözaltı nahiyəsinə, dodaq nahiyəsinə, sağ və sol bazu nahiyələrinə zərbələr endirərək ona, sağ gözaltı nahiyənin, sağ bazunun orta 1/3-nin iç səthinin 7 ədəd, sol bazunun orta 1/3-nin iç səthinin 4 ədəd qançırları, üst dodağın sağ hissəsinin selikli qişasının yumşaq toxumalarının şişkinlik fonunda yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və anası Şahid ilə heç bir ədavətləri yoxdur, qonşuluqda yaşayırlar. Təxminən 3 il bundan qabaq Şahid yaşadığı evin zibil töküntülərini onun yaşadığı evin arxa hissəsində yandırdığı üçün onlarla münasibəti pozulmuşdur. 25.07.2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Vaz 2107” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağları ərazisi ilə yaşadığı ünvana gedərkən arxasınca gələn **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün siqnal verərək ona yol verməsini istəmiş, həmin yol ensiz olduğu və orada azyaşlı uşaqların velosiped sürdüyü üçün asta sürətlə sürərək ona yol vermişdir. Avtomobil onun yanından keçərkən sürücünün Zərərçəkmiş şəxs olduğunu, yanında da bir nəfər hərbi formada tanımadığı şəxsin olduğunu görmüşdür. Rafael avtomobillə onun avtomobilinin yanından keçən zaman Zərərçəkmiş şəxs avtomobili saxlamadan əli ilə ona işarə edib onun ünvanına nalayiq küçə söyüşləri söyüb çıxıb gedərək avtomobilini yaşadığı evin qapısının qarşısında, küçədə saxlamışdır. O, da Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüş söyməsinə görə ona öz iradını bildirmək üçün onun arxasınca gedərək avtomobili saxlayıb avtomobildən düşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs də avtomobilində əyləşən tanımadığı hərbi formada olan şəxs də avtomobildən düşmüşdür. O, Zərərçəkmiş şəxs barəsində təhqiredici ifadələr işlətdiyinə görə irad tutub “bu nə cür avtomobil idarə etməkdir” demişdir. Zərərçəkmiş şəxs ünvansız olaraq nalayiq söyüş söyüb yaxşı etdiyini bildirmiş və onun da ünvanına nalayiq söyüşlər söymüşdür. O, Zərərçəkmiş şəxs əynində hərbi zabit forması olduğunu, formasına hörmət etdiyini, gedib formasını dəyişib gəlməsini bildirmiş, sonra Rafael Əiyev onun yaxasından tutub silkələməyə başlamış və yumruqla başının sol hissəsindən bir zərbə vurmuş, o da özünü müdafiə etmək üçün yumruqla Zərərçəkmiş şəxs sağ gözündən bir zərbə vurmuş və onlar tutaşmışlar. Zərərçəkmiş şəxslə tutaşarkən Zərərçəkmiş şəxs təpiklə sağ bud nahiyəsinə vuraraq, yumruqla sol qolunun iç hissəsinə, sinə nahiyəsinə vuraraq həmin nahiyələrinə xəsarət yetirmişdir. Şahid gələrək ona əl-qol atıb əynində olan köynəyini cırmış, sol qol nahiyəsinin üst hissəsini əli ilə cırmışdır. Həmin vaxt orada hərbi formada olan şəxs onları aralaşdırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yenə də onun ünvanına ucadan söyüş söyməyə davam edərək təpiklə avtomobilinin sol qabaq, sol arxa qapılarını, avtomobilin kapot hissəsinə isə əl zərbəsi ilə vuraraq əzmişdir. O, yaşadığı evin həyətyanı sahəsində olarkən Zərərçəkmiş şəxs yanında olan hərbçi yaşadığı evin həyətyanı sahəsinə gəlib Zərərçəkmiş şəxs etdiyi hərəkətə görə ondan üzr istəmiş və bu barədə hərbi hissə komandirinə məlumat verəcəyini bildirərək çıxıb getmişdir. Sonra telefonuna ***-***-**-** nömrəsindən zəng gəlmiş, o, telefona cavab verdikdə həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs ona çölə çıxmağını və onunla söhbət etməyini bildirmiş, o, telefonu söndürmüş və Zərərçəkmiş şəxs nə qədər zəng etsə də zənglərə cavab verməmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs onun telefonuna təhqiredici mesajlar yazaraq onu gözlədiyini bildirmişdir. Lakin o, Zərərçəkmiş şəxs mesajlarına cavab verməmişdir. O, əvvəlcə Zərərçəkmiş şəxs şikayət etmək istəməmiş və ondan üzr istəməsini gözləmişdir. Lakin Zərərçəkmiş şəxs ondan üzr istəmədiyi üçün 26.07.2020-ci il tarixdə AR DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. O, yalnız Zərərçəkmiş şəxs sağ gözünə vuraraq xəsarət yetirmiş, ona başqa heç bir xəsarət yetirməmişdir. Hadisə 2-3 dəqiqə çəkmiş, adlarını qeyd etdiyi şəxslərdən başqa kənar şəxslər olmamışdır. Səs küy yaranmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmaqla zərərçəmiş şəxslə barışaraq vurulmuş maddi zərəri tam olaraq ödədiyinin nəzərə alınaraq, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənildiyini, hazırda onun zərərçəkmiş şəxsə heç bir şikayət və tələbinin olmadığını və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə onun iştirakı olmadan məhkəmə iclaslarını davam etdirilməyi mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur, qonşuluqda yaşayırlar. 25.07.2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Mercedes” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə iş yoldaşı ilə birlikdə yaşadığı evə getmək üçün Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağlarında dar küçə ilə gedərkən qarşısında Təqsirləndirilən şəxs qırmızı rəngli Vaz 2107 markalı avtomobili ilə hərəkət etmişdir. O, Təqsirləndirilən şəxs ona yol verməsi üçün siqnal vermiş, Təqsirləndirilən şəxs ona yol verdikdən sonra avtomobili idarə edərək yaşadığı ünvanın qarşısına gedib avtomobilini saxlamışdır. Sonra o və Fəqan Xudiyev avtomobildən düşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs da öz idarə etdiyi avtomobillə onun yaşadığı evin qarşısına gəlib avtomobili saxlayaraq avtomobilindən düşüb onun yanına gəlib ona irad bildirmiş, o, Təqsirləndirilən şəxs tələsdiyi üçün ona yol verməsindən ötrü siqnal verdiyini və ona əl-qol hərəkəti etmədiyini bildirmiş və aralarında sözlə mübahisə yaranmışdır. Bu vaxt Təqsirləndirilən şəxs qəflətən yumruqla sağ göz nahiyəsinə, dodaq nahiyəsinə, baş nahiyəsinə və sağ qolunun iç hissəsinə bir neçə zərbə vurmuşdur. İş yoldaşı onları ayırmışlar. Sonra Təqsirləndirilən şəxs telefon nömrəsinə zəng vuraraq onunla görüşməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs onunla görüşmək istəmədiyini bildirmiş, sonradan isə zənglərinə cavab verməmişdir. Buna görə də Təqsirləndirilən şəxs mesaj yazıb onunla görüşməsini bildirmişdir. Bədəni üzərində aşkar edilmiş xəsarətlərin hamısını Təqsirləndirilən şəxs yumruqla ona yetirmişdir. Hadisə 3-4 dəqiqə davam etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X2 27.07.2020-ci il tarixli, 845 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədənində sağ gözaltı nahiyənin, sağ bazunun orta 1/3-nin iç səthinin 7 ədəd, sol bazunun orta 1/3-nin iç səthində 4 ədəd qançırlar, üst dodağın sağ hissəsinin selikli qişasının yumşaq toxumalarının şişkinlik fonunda yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən törənmişdir, törənmə müddəti 25.07.2020-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X2 26.09.2020-ci il tarixli, 46/845 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ gözaltı nahiyənin, sağ bazunun orta 1/3-nin iç səthinin 7 ədəd, sol bazunun orta 1/3-nin iç səthində 4 ədəd qançırlar, üst dodağın sağ hissəsinin selikli qişasının yumşaq toxumalarının şişkinlik fonunda yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən törənmişdir, törənmə müddəti 25.07.2020-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə-üst dodağın sağ hissəsinin selikli qişasının yumşaq toxumalarının şişkinlik fonunda yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər, yəni sağ gözaltı nahiyənin, sağ bazunun orta 1/3nin iç səthinin 7 ədəd, sol bazunun orta 1/3-nin iç səthində 4 ədəd qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığı üçün sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 30.09.2020-ci il tarixli arayışdan (tələbnaməsindən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin 18.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X3 12 (on iki) saat iştirak etmişdir. Ona görə də 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 24yanvar 2021-ci il tarixli (iş № 1(060)-169/2021) qərarını icra edərək, 27 yanvar 2021-ci il tarixli 30 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçiməhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıtşəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar