Məhkəmə qərarları › İş №1(060)-17/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-17/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-17/2024 15.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə, Ermənistan Respublikası, Stepanavan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 2 ünvanında qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyinin PXnin 3 nömrəli İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.2-ci maddəsinə tövsif edilmiş və istintaqı tamamlanaraq ittiham aktı ilə birlikdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Unibank” binasının foyesində yerləşən bankomatların qarşısında olarkən Zərərçəkmiş şəxs2 kredit borcunu ödəməsində ondan köməklik etməsini istəyərək əlindəki pulları ona uzatdığı zaman ilk əvvəl Zərərçəkmiş şəxs2 hər iki əlində olan ümumilikdə 185 manat pul əskinaslarını götürdükdən sonra yaxınlıqdakı şəxslərdən yayınmaq məqsədi ilə həmin puldan iki manatını yerə atıb götürdüyü pulların tamamını geri qaytardığı fikrini yaradaraq oradan qaçıb uzaqlaşmaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 185 manat məbləğində maddi zərər vuraraq özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmişdir. Bundan başqa o, təkrar olaraq özgənin əmlakını açıq yolla talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, 35 nömrəlin evin 2-ci blokuna daxil olub pilləkənlərlə yaşadığı evə qalxmaq istəyən Zərərçəkmiş şəxs1 əynində olan paltosunun sağ yan cibindən 327 manat nağd pulunu götürüb həmin yerdən qaçıb uzaqlaşmaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 327 manat məbləğində maddi zərər vuraraq özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 15 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Unibank”ın foyesində olarkən bir nəfər yaşlı şəxsin bankın içərisində olan ATM-dən pul çıxartdığını görmüşdür. Həmin şəxsə yaxınlaşmış, bu zaman həmin şəxs ondan ona köməklik etməyini, əlində olan pulu saxlamağını istəmişdir. Bu zaman o, həmin şəxsin əlində olan 185 manatı əlindən alıb qaçan zaman kənarda olan şəxslər onu tutmaq istəmişlər. Bu zaman o, həmin puldan 2 manatını yerə atmışdır ki, guya ki, həmin kişidən götürdüyü pulun hamısını qaytarmışdır. Həmin zaman onu tutan şəxslər onu buraxmışlar. O da qalan 183 manat pulu cibinə qoyub oradan qaçıb getmişdir. Həmin cinayət əməlini törətdiyini etiraf edir və bu əməlindən peşmandır. Lakin, Zərərçəkmiş şəxs1 pulunu götürməmişdir və həmin soyğunçuluq hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, polis bölməsində olarkən polis əməkdaşları tərəfindən təzyiq və işgəncəyə məruz qalmış və bütün bu təzyiqlər səbəbindən həmin cinayət əməlini də törətdiyini etiraf etmişdir. Birinci cinayət hadisəsi zamanı tək olmuşdur. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarını qarşılamaq üçün xərcləmişdir. İkinci cinayət əməlini isə boynuna qoymağa çalışmışlar. İdarənin zirzəmisində şəkillərini çəkib, ona məcburi izahat yazdırmışlar. Onu döyüb işgəncələr verdikləri üçün etirafedici ifadə vermişdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 18:30 radələrində 10-cu mikrorayon ərazisində olan “Qold Qayalı” marketin yanında yerləşən ABB-ə məxsus terminala yaxınlaşıb 328 manat pul təqaüdünü çıxartmış, sonra kartı cibinə qoymuş, pulu isə əlində saxlayıb marketin yanında bir nəfərin gül satdığını görmüş və ona yaxınlaşıb təqaüdündən 1 manat verib həyat yoldaşına balaca dibçəkdə gül almışdır. Sonra pulu paltosunun sağ yan cibinə qoymuş, asta-asta piyada evinə tərəf gəlmişdir. Təxminən saat 19 radələrində evinin girişinə daxil olub pilləkənları qalxmaq istəyəndə arxadan bir nəfər şəxsin əlini sağ cibinə salıb, cibində olan 327 manat pulu çıxartdığını hiss etmiş və dərhal geri dönmək istəyəndə müqavimətini itirib yerə yıxılmış, yıxılan zaman əlində olan gülü həmin şəxsin arxasınca atmış, sonra isə ayağa durub onun arxasınca getmək istəyəndə həmin oğlanın qaçıb uzaqlaşdığını görmüşdür. Həmin şəxsin əynində tünd göy rəngli qurşağdan aşağı gödəkcə, gödəkcənin papağını isə başına qoyduğunu və əynində qara rəngli şalvar olduğunu görmüşdür. Hadisə zamanı həmin şəxs ona 327 manat maddi ziyan vurmuşdur. O, geri dönərkən müvazinətini itirb yerə yıxılmışdır. Bu səbəbdən pulunu götürən şəxsin üzünü görə bilməmiş, onu yalnız arxadan görmüşdür. Bunların nəzərə alınmasını xahiş edir. Digər Zərərçəkmiş şəxs2 vəfat etdiyi üçün onun qızı X2 məhkəmə tərəfindən həmin zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. X2 məhkəməyə təqqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən aşağıdakı şahid ifadəsi dinlənilmişdir. İş üzrə Şahid2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, o Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 33, mənzil 55 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində binanın həyətində olan zaman podezə bir nəfər yaşlı kişinin girdiyini və onun arxasınca papaqlı idman geyimində olan bir şəxsin də binanın girişinə daxil olduğunu görmüşdür. Həmin vaxt onların arasında təxminən 6-7 metr məsafə olardı. Həmin idman geyimində olan oğlan binanın girişindən çıxanda yaşlı kişi “ kömək edin” deyə bağırmışdır. O da həmin səsi eşitdikdən sonra oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxsi tanımır, onu heç bir yerdə görməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən Zahidi tanıdığını qeyd etmişdir. Lakin həmin Zahid sözügedən Zahid deyildir. Onun tanıdığı Zahid 18-ci mikrorayon ərazisində yaşayır. Təqdirləndirilən şəxsi 18-ci mikrorayonda yaşayan Zahidə bənzədə bilər. İbtidai istintaq zamanı verdiyi ifadəni müstəntiq öz istəyinə uyğun şəkildə yazmışdır. Müstəntiq tərəfindən ona fotoşəkil təqdim edilməyib. Müstəntiqə verdiyi ifadəni oxumadan imzalamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 bildirmişdir ki, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 19 radələrində Corat qəsəbəsindən gələrək 13-cü mikrorayonda bina 35-in qarşısından keçən zaman anidən bir nəfər şəxsin binanın girişindən qaça qaça çıxıb üzü Corat qəsəbəsi tərəfə qaçdığını görüb. Həmin şəxs təxminən 5 metrlik məsafəsindən keçib. O, həmin şəxsi əvvəllər məhkum olan Zahid adlı şəxsə oxşadıb. Sonra görüb ki, binanın blokundan bir ağsaqqal kişi ucadan qışqıraraq “pulumu apardı” deyir. O, həmin adamın dalınca qaçmaq istəmiş, lakin geri dönən zaman onun hara girdiyini görə bilməmişdir. Sonra isə oradan uzaqlaşıb evinə getmişdir. O, Zahid adlı şəxsi qismən tanıyır. Bilir ki, Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində qalır. Tanışlarından eşidib ki, həmin şəxs narkotik vasitələrin aludəçisidir. Məlumatı var ki, o bir neçə dəfə cinayət törətdiyinə görə əvvəllər məhkum olunub. Həmin şəxsin əynində tünd rəngli başında da kapşonkası olan gödəkcə var idi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:40-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:00-da saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 14 gün hissəsindən vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 76.6.3-cü maddəsinə əsasən Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Şumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 14 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında qismən birləşdirilmiş, qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 01 ay 29 gün müddətə vaxtından əvvəl azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək CM-nin 76.6.3-cü maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ilə təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 29 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında qismən birləşdirilmiş, qəti olaraq 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin Bakı şəhər Nizami rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı ilə qəti olaraq təyin olunmuş 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “08 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinin əsasən 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:55-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət təqibi üzrə icraatın birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda ********* nömrəsi altında birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 11:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-96/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə “Unibank”-ın foyesində yerləşən kameradan götürülmüş hadisə anının videogörüntüsün köçürüldüyü bir ədəd DVD disk, həmçinin “Dosvidaniya” restoranın kamerasından götürülümüş videogörüntünü əks etdirən bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Sübutların qimətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Unibank”-ın foyesində yerləşən kameradan götürülmüş hadisə anının videogörüntüsün köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində CM-in 180.2.1-ci, 177-ci və 181-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxsin özünün etiraf ifadələri, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, “Unibank”-ın foyesində yerləşən kameradan götürülmüş hadisə anının videogörüntüsün köçürüldüyü bir ədəd DVD disk ilə, hadisə yerinə baxış keçirilməsi haqqında protokollarla, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir.Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-231/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və o, 03 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 8 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İşin məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxsə işgəncə verilməsi ilə bağlı məhkəmə sorğusu əsasında Sumqayıt şəhər Prokurorluğunda aparılmış araşdırma nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş üzrə zərərçəkmiş şəxslərin və şahidin ifadələrini, həmçinin iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Cinayət Məcəlləsində göstərilmişdir ki, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (180.1.). Eyni əməllər: təkrar törədildikdə (180.2.2) üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır (17). Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin « təkrarlığı» əlaməti ilə tövsif edilməlidir (18.). İşdən göründüyü kimi Təqsirləndirilən şəxs iki epizodda soyğunçuluq əməli törətməkdə təqsirləndirilir və iki epizod üzrə onun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Unibank” binasının foyesində yerləşən bankomatların qarşısında olarkən Zərərçəkmiş şəxs2 hər iki əlində olan ümumilikdə 185 manat pul əskinaslarını açıq yolla talayaraq soyğunçuluq əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi, həmçinin iş üzrə digər sübutlarla təsdiq edilir. İkinci epizoda yəni, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, 35 nömrəlin evin 2-ci blokunda Zərərçəkmiş şəxs1 327 manat pulunun oğurlanması ilə bağlı epizoda gəldikdə isə qeyd edilməlidir ki, həmin əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində pulunu oğurlayan şəxsin üzünü görmədiyini, yalnız həmin şəxsi arxadan gördüyünü, həmin şəxsin əynində tünd göy rəngli qurşağdan aşağı gödəkcənin və qara rəngli şalvarın olduğunu, gödəkcənin papağını isə başına qoyduğunu bildirmişdir. İş üzrə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 pulunu oğurlayan şəxsi əvvəllər tanıdığı “Zahid” adlı şəxsə oxşatdığını, həmin şəxsin 8-ci mikrorayonda yaşadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxsi tanımadığını, ibtidai istintaq zamanı dediyi “Zahid” adlı şəxsin başqa şəxs olduğunu, həmin şəxsin 18-ci mikrorayonda yaşadığını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs1 pulunu oğurlayan şəxsin onun arxasında binanın girişinə tərəf getməsi görüntülərini əks etdirən videodiskə məhkəmə iclası zamanı baxış keçirilmişdir. Videogörüntüdə tünd rəngli gödəkçə geymiş və gödəkçənin papağını başına qoymuş şəxsin binanın girişinə tərəf getdiyi görünür. Lakin, həmin şəxsin üzü videogörüntüdə görünmədiyi üçün həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafediici ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmin ifadəni təzyiq altında verdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. CPM-də göstərilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5.). Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (33.2.). Cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar (139). İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3.). Beləliklə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus pulu soyğunçuluq yolu ilə talaması iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmır. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və dəymiş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda işdən görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivi vardır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir. Qəti cəzanın tərkibinə daxil olan cərimə cəzasının residivin müəyyən edilməsi zamanı nəzərə alınmamasının mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə dair qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz. Bu halda cinayətlərin residivi bütün cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə müəyyən edilir. Başqa sözlə, residivi şərtləndirən hallar qismində şəxsin üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması və qəsdən yeni cinayətin törədilməsi çıxış edir. Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir. Cinayət Məcəlləsində göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (65.1.). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (65.2.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək cinayətlərin xüsusilə təhlükəli residivinə yol verməsi nəzərə alınmaqla ona 02 il 03 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1.). Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (66.2.). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5.). Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-231/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qəbul edilməzdən əvvəl törətmişdir. Bu səbəbdən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-231/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 03 il 10 ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 05 il azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın çəkilməsi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə videogörüntüləri əks etdirən 02 ədəd videodisk iş materiallarında saxlanmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 38 (otuz səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-231/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 10 (on) ay azadlıqdan məhrumetmə cəzası hazırkı cəza ilə qismən toplansın və Təqsirləndirilən şəxs 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə videogörüntüləri əks etdirən 02 (iki) ədəd videodisk iş materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar