Məhkəmə qərarları › İş №1(060)-170/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-170/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-170/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1994-cü il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu rayonu, Azərbaycan küçəsi, ev 2/2 qeydiyyatda olan və Sumqayıt şəhəri, 10-cu mikrorayon, Kristal ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20.08.2020-ci il tarixdə, saat 15:00 radələrində ünvan 2 ünvanında qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs ona istifadəsində olan mobil nömrəyə yad qadınların mesaj yazmasını irad tutduqda aralarında baş vermiş mübahisə zamanı sillə ilə 3 dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona üst dodağın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası kimi xəsarət yetirirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edillmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildən çox müddətdir ki, Zərərçəkmiş şəxs tanıyır, lakin 2 ilə yaxın müddətdir ki, qeyri rəsmi olaraq birlikdə yaşayırlar. 20 avqust 2020-ci il tarixdə, saat 15:00 radələrində o, Nazlı ilə birlikdə yaşadıqları ünvan 2 ünvanında olan zaman onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Vatsap vasitəsi ilə tanımadığı qadın tərəfindən mesaj göndərilmiş, həmin mesaj tanışlıq məqsədi ilə yazıldığı üçün Nazlı ondan həmin mesajı yazan qadının kim olduğunu soruşmuş, o da Nazlıya həmin qadını tanımadığını, ola bilsin ki, səhvən ona mesaj göndərdiyini bildirmiş, lakin Nazlı ona inanmamış və onunla mübahisə etməyə başlamışdır. O da əsəbləşərək sillə ilə Nazlının sifətinə zərbələr endirmişdir. O, Nazlının sifət nahiyəsinə 3 dəfə sillə ilə vurmuş, bundan sonra əsəbləşərək evdən çıxıb getmişdir. Aralarında olan mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və mübahisə zamanı evdə ikisi olmuşdur. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 5 ildən artıq müddətdir ki, tanıyır, 2 ildir ki, birlikdə qeyri-rəsmi olaraq yaşayırlar. 20 avqust 2020-ci il tarixdə, saat 15:00 radələrində Orxanla birlikdə kirayə yaşadıqları ünvan 3 ünvanında qısqanclıq zəmnində onu döyməsi ilə bağlı Sumqayıt şəhər 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Belə ki, həmin tarixdə Orxanın istifadəsində olan mobil nömrəyə onun tanımadığı yad qadınla mesajlaşmasını gördüyü üçün Orxanla aralarında mübahisə olmuş və bu zaman Orxan onun sifət nahiyəsinə sillə ilə 2-3 dəfə zərbələr vurmuşdur. Bundan sonra o, evdən çıxıb 3-cü PB-nə gəlmiş və bu barədə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmiş və həmin tarixdə məhkəmə tibbi-ekspertiza müayinəsindən keçmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20.08.2020-ci il tarixli 976 saylı rəyindən görünür ki, 1993-cü təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: üst dodağın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, alın nahiyəsinin, sol budun, sol bazunun qançırları vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, həmin xəsarətlərdən-üst dodağın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 20.08.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 01.02.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin tələblərinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilməz və o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. İş materiallarından görünür ki, 26.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt şəhər Məhkəməsinin 21.04.2021-ci il tarixli qərarı ilə barəsində həbssiz axtarış edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18.03.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq Sumqayıt şəhər Məhkəməsinə gətirilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, zərər çəkmiş şəxslə barımasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt sərf etmişdir. Ona görə də 12 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı 18.03.2021-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1,200 (bir min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 18.03.2021-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilərək üzərində 1,000 (bir min) manat cərimə cəzası saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar