Məhkəmə qərarları › İş №1(060)-170/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-170/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-170/2023 04.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(060)- 253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəssiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs rəhbər vəzifədə işləyən tanışlarının olması barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək onların vasitəsi ilə sonuncunun həbsdə olan əri X2 barəsində məhkəmədə olan cinayət işi üzrə aşağı cəza verilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs 2020ci ilin avqust ayından 2021-ci ilin aprel ayına kimi olan müddətdə hissə-hissə olmaqla, yəni 2020-ci ilin avqust ayının ortalarında sonuncunun qohumları Şahid1 və Şahid2 Telman oğlu vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkının yaxınlığında 5000 (beş min) manat, həmin vaxtdan təxminən 3-4 gün sonra Şahid1 vasitəsi ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən İçəri Şəhər Qoşa Qala qapısının yaxınlığında 6000 (altı min) manat, 2020-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Dəniz Vağzalının yaxınlığında yerləşən restoranda görüşdükləri zaman 3000 (üç min) manat, 2021-ci ilin mart ayının əvvəllərində Şahid1 vasitəsi ilə Bakı şəhəri, Ağ şəhər ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında 3000 (üç min) manat və 2021-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağlarında yerləşən fərdi yaşayış evində sonuncu ilə görüşdüyü zaman 3000 (üç min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 20.000 (iyirmi min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 3 ilə yaxındır Şahid1 tanıyır. Bilirmiş ki, o taksi fəaliyyəti ilə məşğul olur. O da Şahid1 adının Camalətdin olduğunu, hamının onu Camal kimi tanıdığını bildirmişdir. 2020-ci ilin avqust ayında Azər ona zəng edərək qohumu Zərərçəkmiş şəxs həyat yoldaşı Həsən Cəfərovun etdiyi cinayət əməlinə görə həbs olunmasını, hazırda işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını və onlara bu işdə köməklik edilməsini xahiş etmişdir. O da həmin vaxtı Azərə maraqlanıb bu barədə ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra Azər ona zəng edərək Baharın onunla görüşmək və bu iş barədə üzbəüz söhbət etmək istədiyini demiş, o da etiraz etməmişdir. 2020-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Dəniz Vağzalında kafelərin birində Azər və Bahar ilə birlikdə görüşmüş və onlara bəzi tanışları var onlardan maraqlanıb onlara məlumat verəcəyini bildirmişdir. 2021-ci ilin mart ayının sonlarında Bahar ona zəng edərək işlə əlaqədar olaraq görüşmək istədiyindən onu yaşadığı ünvana dəvət etmişdir. O da etiraz etməmiş və Baharın yaşadığı ünvana getmişdir. Baharın yaşadığı ünvanda o, Bahara bu işlə bağlı onlara heç bir köməklik göstərə bilməyəcəyini demişdir. Şahid2 ümumiyyətlə tanımır, onunla heç bir zaman görüşməmiş, həmçinin Şahid1 ilə bir dəfə Baharın iştirakı ilə Bakı şəhəri, Dəniz Vağzalında yerləşən kafelərin birində görüşmüş, Şahid1 və Şahid2 ilə 2020-ci ilin Bakı şəhəri, Yasamal rayonunda yerləşən Hüseyn Cavid parkında görüşməmiş və onlardan pul almamışdır. Həmçinin Şahid1 ilə Bakı şəhəri, İçəri şəhərdə yerləşən Qoşa Qala qapısının yanında və Ağ şəhər ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşməmiş və pul almamışdır. Ümumiyyətlə bu məsələ ilə bağlı onların heç birindən pul almamışdır. Qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi, fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, 17 il bundan qabaq X2 ilə birlikdə rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan bir qız övladları vardır. 2020-ci ilin iyun ayında yoldaşı X2 törətdiyi cinayət əməlinə görə həbs olunmuşdur. Həsən Cəfərovun işinə Bakı şəhər Ağır cinayətlər məhkəməsində baxılmışdır. Həsən həbs olunduqdan sonra onunla telefon əlaqəsi saxlayaraq cəzasının azaldılması ilə bağlı adam tapıb ona köməklik göstərilməsini xahiş etmiş, o maraqlandıqda xalası oğlu Şahid1 Camal adlı tanışının yaxşı əlaqələrinin olduğunu və onun bu işdə onlara köməklik göstərə biləcəyini bildirmişdir. O daha sonra öyrənmişdir ki, Camalın əsl adı Camalətdindir. O, Azərə inanıb Camalətdin ilə danışmasını və onlara köməklik göstərməsini xahiş etmişdir. 2020-ci ilin avqust ayının ortalarında Azər ona zəng edərək Camalətdin ilə danışıb işlə bağlı məlumat verdiyini və Camalətdin isə 16000 (on altı min) manat pul müqabilində onlara köməklik göstərib Həsənin cəzasının azaldacağını dediyini bildirmişdir. O, razılaşdıqdan sonra Azər onlara gəlib Camalətdinə zəng edərək telefonun səsgücləndiricisini onlar eşidəcək dərəcədə açıb Camalətdinə bir daha ona dediklərini təsdiqləməsini istəmişdir. Camalətdin də, telefonda 16000 (on altı min) manat pul müqabilində Həsənə köməklik edib cəzasını yarıbayarı azaltdıracağını bildirmişdir. O, özü də Camalətdinin səsini eşitmişdir. Həmin vaxtdan 2-3 gün sonra Azər ona zəng edərək Camalətdinin ona zəng etdiyini və işə başlaması üçün 5000 (beş min) manat pul istədiyini bildirmişdir. O, Azərə pulu gəlib aparmasını dedikdə Azər Bakı şəhərində olduğunu pulu bir nəfər ilə göndərməyini bildirmişdir. O, qaynı Şahid2 çağırıb yaşadığı evdə Azərə çatdırması üçün ona 2020-ci ilin avqust ayının ortalarınında 5000 (beş min) manat pul vermiş, bir neçə saatdan sonra Murada zəng etdikdə Murad Bakı şəhərində Azər ilə birlikdə görüşüb pulu Camalətdinə birlikdə verdiyini demişdir. Murad evə gəldikdə o, ətraflı maraqlandıqda Murad Azərin iştirakı ilə Camalətdinin ona işi həll edəcəyini bildirmişdir. 3-4 gün sonra yəni, 2020-ci ilin avqust ayının axırlarında Azər onlara gələrək Camalətdinin ona zəng edərək işlərin müəyyən hissəsini həll etdiyini əlavə olaraq 6000 (altı min) manat lazım olduğunu dediyini bildirmiş, o da yaşadığı evdə Azərə Camalətdinə verməsi üçün 6000 (altı min) manat pul vermiş, Azər pulu götürüb getdikdən 1-2 saat sonra ona zəng edərək Bakı şəhərində Camalətdin ilə görüşüb pulu tam olaraq Camalətdinə verdiyini demiş və həmin zaman Camalətdinin ondan əlavə pul istədiyini demiş, o, bundan sonra Azərə Camalətdin ilə özünün də görüşmək istədiyini bildirmiş, Azər də etiraz etməmişdir. Yenidən 2020-ci ilin avqust ayının axırında o, Azər ilə birlikdə Bakı şəhəri Dəniz Vağzalının içərisində kafelərdən birində Camalətdin ilə görüşmüş, Camalətdin işləri yavaş-yavaş həll etdiyini, verdiyi 11000 (on bir min) manatdan da əlavə hələki 3000 (üç min) manatda pul lazım olduğunu demiş, o, Camalətdinə inanaraq orada 3000 (üç min) manat pulu vermişdir. Həmin ərəfələrdə həyat yoldaşı Həsən onunla əlaqə saxlayıb işlərin nə yerdə olduğunu soruşduqda o, Azərin tanışı Camalətdin adlı şəxsin ona kömək edəcəyini deyib və bununla bağlı ondan pul aldığını bildirmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Camalətdin ona zəng edərək işlərin son həddə olduğunu deyib əlavə 3000 (üç min) manatda pul istəmişdir. O, pulu olmadığını dedikdə Camalətdin israrla tapmağını, işləri uzatmamağını demişdir. O da Azərə zəng edib Camalətdinin fikrini bildirmiş, Azər ona 2000 (iki min) manat borc vermiş və o üzərinə özündə olan 1000 (bir min) manat pulu qoyub Azər ilə Camalətdinə göndərmişdir. 2021-ci ilin mart ayının axırlarında Camalətdin ona zəng edib 3000 (üç min) manat pul istəmiş və həmin pul ilə işləri ümumilikdə həll edəcəyini, fikirləşdiklərindən də artıq cəzanı azaltdıracağını bildirmişdir. O, Camalətdini pulu götürməsi üçün öz yaşadığı ünvana dəvət etmiş və yaşadığı evdə atası Şahid3 iştirakı ilə Camalətdinə 3000 (üç min) manat pul vermiş, Camalətdin pulu aldıqdan sonra bir daha atasının yanında işi həll edib məhkəmə ilə danışdığını, cəzanı azaltdıracağını demişdir. 2021-ci ilin aprel ayında Həsənə hökm oxunaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, bundan sonra Camalətdinin onu aldatdığını bilib ondan verdiyi ümumilikdə 20000 (iyirmi min) manat pulu geri qaytarmasını tələb etmiş, Camalətdin isə bu müddət ərzində müxtəlif bəhanələr gətirərək onu aldadıb puldan heç bir məbləği geri qaytarmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin iyul ayında kürəkəni xx.xx.1980-ci il təvəllüdlü X2 törətdiyi cinayət əməlinə görə həbs olunmuşdur. Həsənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Həsən həbs olunduqdan sonra yoldaşı Bahar ilə telefon əlaqəsi saxlayaraq cəzasının azaldılması ilə bağlı adam tapıb ona köməklik göstərilməsini demişdir. Bahar maraqlandıqda baldızı oğlu Şahid1 Camal adlı tanışının yaxşı əlaqələrinin olduğunu və bir neçə nəfərə köməklik göstərib məhkəmə işlərini həll etdiyini bildirmişdir. Bahar Azərə inanıb Camal ilə danışmasını və Həsənə köməklik göstərməsini demişdir. 2020-ci avqust ayında Azər Bahara zəng edərək Camal ilə danışıb işlə bağlı məlumat verdiyini, Camalın Həsənə köməklik göstərəcəyini və bunun üçün 16000 (on altı mni) manat pul lazım olacağını demişdir. Bahar onlara inanaraq Azərin iştirakı ilə ayrı-ayrı vaxtlarda Azərin vasitəsi ilə Camala 17000 (on yeddi min) manat pul vermişdir. 2021-ci ilin mart ayında Camal onlara gəlib Bahardan 3000 (üç min) manat aldıqda o Camala 20000 (iyirmi min) manat pul aldığını, işlərin nə yerdə olduğunu soruşduqda Camal bu pulla ümumilikdə işləri həll edəcəyini demiş, bundan sonra Bahar onun iştirakı ilə Camala 3000 (üç min) manat pul vermiş, Camal pulu aldıqdan sonra bir daha onun yanında işi həll edib məhkəmə ilə danışdığını, cəzanı azaltdıracağını demişdir. Həmin zaman Bahar Azərə zəng edib Camalın onlarda olduğunu və ondan 3000 (üç min) manat pul aldığını dedikdə Azər də 3000 (üç min) manatı Camala verməyi demişdir. 2021-ci ilin aprel ayında Həsənə hökm oxunaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, bundan sonra Camalın onları aldatdığını bilib ondan verdikləri ümumilikdə 20000 (iyirmi min) manat pulu geri qaytarmasını tələb etmişlər. Camal isə bu müddət ərzində müxtəlif bəhanələr gətirərək onları aldadıb aldığı puldan heç bir məbləği geri qaytarmamışdır. O, sonuncu dəfə Baharın Camala 3000 (üç min) manat pul verməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq icarəyə götürdüyü “Opel” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə taksi fəaliyyəti ilə məşğul olaraq maddi qazanc əldə edir. Camalətdini yaşadığı Hövsan qəsəbəsinə gəlib getdiyinə görə tanımış, hamı Camalətdini Camal kimi tanımış, tanışlıqları vaxtda o, adının Camalətdin olduğunu, lakin hamının onu Camal kimi tanıdığını bildirmişdir. 2020-ci ilin iyun ayında xalası qızı Baharın həyat yoldaşı xx.xx.1980ci il təvəllüdlü X2 törətdiyi cinayət əməlinə görə həbs olunmuşdur. Həsənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Həsən həbs olunduqdan sonra Bahar onunla əlaqə saxlayaraq Həsənin cəzasının azaldılması ilə bağlı adam tapıb ona köməklik göstərilməsini demiş, o, Camalətdin adlı tanıdığı şəxsin bir neçə nəfərə köməklik göstərib məhkəmə işlərini həll etdiyini bildirmiş və istədikləri halda onunla danışa biləcəyini demişdir. Bahar ona Camalətdin ilə danışmağını və onlara köməlik göstərməsini demişdir. O, Camalətdinə məxsus ***-***-**-** nömrəsinə zəng edib ona Həsənin işi ilə bağlı məlumat vermiş və onun cəzasının azaldımasında ona köməklik edib edə bilməyəcəyini soruşmuşdur. Camalətdin ona telefonda 16000 (on altı min) manata Həsənin cəzasını yarı olaraq azalda biləcəyini demişdir. O, Camalətdinin sözünü Bahara çatdırdıqdan sonra onun və atasının yanında da Camalətdinə yığıb telefonun səsgücləndiricisini açaraq Bahar və atasının eşidəcəyi halda Camalətdinə bir daha ona dediyini təkrarlamasını bildirmiş, Camalətdin bir daha 16000 (on altı min) manata Həsənin cəzasını yarı olaraq azalda biləcəyini demişdir. Bahar da eşidib razılaşdıqdan sonra Camalətdin tanışları ilə danışıb onlara xəbər edəcəyini demişdir. 2-3 gün sonra Camalətdin ona zəng edib işə başladığını, ilkin olaraq 5000 (beş min) manat pul lazım olduğunu demiş, o, Bahara dedikdə Bahar pulu gəlib aparmağını bildirmiş, o, isə Bakı şəhərində olduğunu bildirib qardaşı və ya qaynı ilə birlikdə göndərməsini demişdir. Bahar da qaynı Murada Camalətdinə verməsi üçün 5000 (beş min) manat pul vermişdir. O, Murad ilə birlikdə onun maşını ilə Bakı şəhəri, Hüseyn Cavid parkının yanına getmiş, orada Camalətdin onları Fərid adlı şəxslə tanış edib işləri Fəridin həll edəcəyini bildirmişdir. X3ynı Muraddan 5000 (beş min) manat pulu alıb Fəridə vermişdir. Onlar Camalətdin ilə söhbət edən zaman Fərid adlı şəxs kənarda gözləmişdir. Camalətdin 3-4 gün sonra ona zəng edərək işlərə başladıqlarını, hər şeyin yolunda getdiyini deyib əlavə olaraq 6000 (altı min) manat pul lazım olduğunu demişdir. O, bu barədə Bahara demiş və Bahar gəlib aparmağını bildirmiş, o, Bahardan yaşadığı evdə 6000 (altı min) manatı görtürüb Bakı şəhəri, İçəri şəhərdə Qoşa Qala qapısı yaxınlığında Camalətdin ilə görüşüb 6000 (altı min) manat pulu ona vermiş, həmin zaman onların yanında kənar şəxs olmamışdır. O, pulu verdikdən sonra Bahara zəng edib pulu Camalətdinin eşitdiyi formada Camalətdinə verdiyini bildirmiş, Camalətdin də onun telefonu ilə Bahar ilə danışıb hər şeyin yaxşı olacağını, işlərin getdiyini və pulu ondan aldığını demişdir. Təxminən 10-15 gün sonra 2020-ci ilin avqust ayının sonlarında Bahar ilə birlikdə Camalətdin ilə Bakı şəhərində Dəniz Vağzalının içərisində adını bilmədiyi restoranda görüşmüş, həmin zaman Camalətdin Bahara işlərin qaydasında olduğunu deyib Fərid adlı şəxsə yığaraq səsgücləndiriciyə qoyub işlərin nə yerdə olduğunu soruşduqda Fərid hər şeyin yolunda getdiyini qısa vaxtda nəticəsi olacağını demiş, bu söhbətdən sonra Bahar orada Camalətdinə 3000 (üç min) manat pul vermişdir. Onlar oradan çıxdıqdan sonra o, Baharı evlərinə yola salmışdır. 2021-ci ilin mart ayında Bahar ona zəng edərək Camalətdinin ondan 3000 (üç min) manat pul istədiyini, onun isə 1000 (bir min) manat pulu olduğunu demişdir. O, Bahardan 1000 (bir min) manat pulu götürüb özü də borc olaraq Bahara 2000 (iki min) manat pul tapıb ümumilikdə 3000 (üç min) manat pulu Bakı şəhəri, Ağ şəhər ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsi yaxınlığında Camalətdin ilə görüşüb ona vermiş və ondan alınan pulun borc olduğunu deyib işləri bununla da həll etməsini xahiş etmişdir. Camalətdin də bir daha narahat olmamaqlarını, işlərin çox hissəsini həll etdiyini demişdir. Bundan 15 gün sonra Bahar Camalətdinin evlərinə gəldiyini və 3000 (üç min) manat pul aldığını demişdir. 2021-ci ilin aprel ayında Həsənə hökm oxunaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, bundan sonra Camalətdinin onları aldatdığnı bilib ondan verdikləri ümumilikdə 20000 (iyirmi min) manat pulu geri qaytarmasını tələb etmişlər. Camalətdin isə bu müddət ərzində müxtəlif bəhanələr gətirərək onları aldadıb aldığı puldan heç bir məbləği geri qaytarmamışdır. Camalətdinə verilən puldan ona heç bir məbləğin çatmadığını bildirmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin istintaqı yekunlaşaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 1(010)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş mteriallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökmdən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1546/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-35/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ləğv edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclası mərhələsinə göndərilmiş və cinayət işinə məhkəmə hazırlıq iclasında baxılanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.2 və 177.2.1-ci maddələrinin, Fərid adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həm ibtidai, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək verdiyi ifadələr özünü müdafiə xarakteri daşıyır, onun törətdiyi əməl zərərçəkmiş şəxs, şahid ifadələri və iş mateiallarında olan digər sübutlarla təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməli, onun barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(060)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və onun barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(060)- 253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar