Məhkəmə qərarları › İş №1(060)-170/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-170/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-170/2024 17.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə, Füzuli rayonu, Qarqabazar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş, Füzuli rayonu, Qarqabazar kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, yataqxana 2, otaq 6-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 250 qram çəkidə bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib, üzərində daşıyaraq saxlamış, 22 noyabr 2023-cü il tarixdə, saat 12:35-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, S.Vurğun küçəsində «Ağababa» adlanan ərazidə saxlanılıb Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcəsinin içərisində sol qoltuqaltı nahiyəsindən 01 ədəd sellofan torbada 250 qram çəkidə həmin bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Ağababa adlanan ərazidə avtobus dayanacağı var. 22 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Ağababa adlanan yerdən təxminən bir dayanacaq irəlidə olan zaman post-patrul xidməti əməkdaşları ona yaxınlaşıb onu saxlamış və narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu 2-ci polis bölməsinə aparmışlar. Onu tutan əməkdaşlar ona təzyiq edərək onu qorxutmuş və narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur etmişlər. Polis əməkdaşları ona fiziki xəsarət yetirməsələr də, ona təzyiq göstərmişlər. O, polis əməkdaşlarından qorxduğu üçün videoçkilişlə və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitənin onun üzərində olduğunu və ona məxsus olduğunu etiraf etmişdir. Təzyiq altında qalaraq qorxudan ona təqdim edilmiş sənədlərin hamısını imzalamışdır. Onun üzərində şəxsi axtarışın keçirilməsində iştirak etmiş əməliyyatçılar onun saxlanmasında iştirak etməmişlər. Həmin şəxsləri yalnız polis bölməsində görmüşdür. Bölmədə ona demişlər ki, çəkiliş zamanı narkotik vasitəni Bakıdan 60 manata aldığını desin. Lakin o ümumiyyətlə narkotik vasitə istifadə etmir. O, əvvəllər metamfetamindən, bir-iki dəfə heroindən istifadə etmiş, marixuanadan istifadə etməmişdir. Son vaxtlar heç bir narkotik vasitə qəbul etməmişdir. Həmin marixuana da ona məxsus deyil. İstintaq zamanı qorxusundan etirafedici ifadə vermişdir. Lakin, o döyülməmişdir. Onun heç kimi yoxdur, bir anası var, o da xəstədir, gündəlik 28 manata dəmir yığıb satır. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında aşağıdakı şahid ifadələri dinlənilmişdir. Məhkəmə iclasında ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 22 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivində Fərman adlı şəxsin S.Vurğun küçəsində Ağababa adlanan ərazidə olmaqla üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında bölmə rəisi tərəfindən müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Fərman adlı şəxs 22 noyabr 2023-cü il tarixdə, saat 12:35 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, S.Vurğun küçəsi Ağababa adlanan ərazidə saxlanılmış, onlar daxil olmuş əməliyyat məlumatı ilə bağlı Fərman adlı şəxsə məlumat verib onu Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. Fərman adlı şəxs də etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gəlmişdir. PB-də olarkən Fərman adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə və vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Öncə ona üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə üzərində qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin içəri hissəsində sol nahiyyədə saxlamış olduğu bir ədəd sellofan torba aşkar olunmuşdur. Sellofan torba açıldıqda içərisində kağız bükümə bükülmüş yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Qeyd olunan büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bükümdəki kütlənin marixuana olduğunu, həmin kütləni bir həftə əvvəl Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanmasında o, Şahid2 və Şahid3 iştirak etmişlər. Saxlanılarkən və polis bölməsində olarkən onun və digər polis əməkdaşlarının tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki və digər təzyiq edilməmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs məxsus olmuşdur. Təqsirləndirilən şəxsin bildirdikləri isə özünü müədafiə xarakteri daşıyır və həqiqəti əks etdirmir. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:35-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri y/m, Ağababa adlanan yerdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, xx.xx.2023-cü il tarixində saat 13:27-dən 13:36-dək Sumqayıt şəhər Polis idarəsi 2-ci Polis bölməsində təhqiqatçının, əməliyyatçıların və vəkilin iştirakı ilə, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəgli gödəkçənin içəri hissəsində, sol nahiyəsində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan torban götürülmüşdür. Həmin sellofan torba açılmış, sellofanın içərisindən bir ədəd ağ rəngli kağızda büküm aşkar olunmuşdur. Həmin torba açılan zaman isə içərisində ağ rəngli kağıza bükülmüş, içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsi olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin marixuana olduğunu, həmin maddəni bir həftə əvvəl Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 60 manata aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman, həmin bitki kütləsinin çəkisinin 270 qram olduğu müəyyən edilmiş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndəriiməsi üçün xüsusi qaydada qablaşdırıiaraq Azərbaycan Respublikasmın DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Təqsirləndirilən şəxsin X4 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:30-da saxlanıldığı Sumqayıt ŞPİ-nin X4 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1600 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Ş/Ş imza Təqsirləndirilən şəxs...» yazı və imzalar olan bir ədəd sellofan bağlamada təmiz çəkisi 250 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 249,95 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli 7964 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilmiş və xx.xx.2022-ci il tarixdə Amnistiya qərarının 2.4-cü bəndinə əsasən azad edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilirlər. Həmin Qərarın 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Yəni, Təqsirləndirilən şəxs hazırkı cinayəti törədərkən məhkumluğu olmayan şəxs olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 22 noyabr 2023-cü il tarixdə aşkar olunmuş 250 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, marixuananın ekspertiza tədqiqatından sonrakı 249,95 qram qalığı saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 01 ədəd disk isə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İşin məhkəmə baxışı zamanı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs saxlanmasında iştirak etmiş Şahid1 istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefona, Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona, Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona xx.xx.2023-cü il tarixdə, saat 10:00-dan 15:00-dək daxil olan və çıxan zənglər, sms yazışmaları, eyni zamanda xx.xx.2023-cü il tarixdə saat 10:00-dan 15:00-dək olan anten məlumatlarının müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Həmin qərar əsasında "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubları ilə müvafiq məlumatlar Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə iclasında Təqsirləndirilən şəxs 22 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Ağababa adlanan yerdən təxminən bir dayanacaq irəlidə olan zaman post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparıldığını, əməliyyat işçilərini yalnız polis bölməsinə olarkən gördüyünü, saxlanarkən üzərində hər hansı narkotik vasitə olmadığını, polis əməkdaşlarının təzyiqi nəticəsində qorxduğu üçün narkotik vasitənin ona məxsus olmasını etiraf etdiyini bildirmişdir. Qeyd olunan xüsusatların araşdırılması məqsədilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin saxlanmasında iştirak etmiş polis əməkdaşlarının istifadəsində olmuş mobil telefonların antenn məlumatları müvafiq mobil operatorlardan götürülmüşdür. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş videodiskdə olan Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun antenn məlumatlarından görünür ki, həmin mobil nömrə xx.xx.2023-cü il tarixdə, saat 12:24-də və 12:50-də LABS5387O1/LABS5387 Seadet_Sarayi/"Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi"/Sumgayit/ (40.618xx/xx.55458) anteninin əhatə dairəsində olmuşdur. Həmçinin həmin mobil nömrə həmin tarixdə, saat 13:24 və 13:40-da eyni antenin əhatə dairəsində olmuşdur. Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə xx.xx.2023-cü il tarixdə, saat 12:16-da Zeynalabdin qəsəbəsində yerləşən antennin əhatə dairəsində, Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə xx.xx.2023-cü il tarixdə, saat 12:32, 12:41 və 13:04-də Zeynalabdin qəsəbəsində yerləşən antennin əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs 12:35-də saxlanması və üzərinə 13:27-dən 13:36-dək şəxsi axtarışın keçirilməsi nəzərə alınarsa, polis əməkdaşlarına məxsus mobil nömrələrin həmin saatlarda və həmin saatlara yaxın saatlarda Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi ərazisində olmaları təqsirləndirilən şəxsin bildirdiklərinin həqiqətə uyğun olmaması ilə bağlı məhkəmədə daxili inamın yaranmasına səbəb olur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında bildirdiklərinə isə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə özünümüdafiə xarakteri daşıyır və həqiqətə uyğun deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən (birinci Siyahı) qurudulmuş marixuananın 5 qram da daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, üzərindən aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə artıq olması nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmalıdır. Brəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış qalıq çəkisi 249,95 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün X3 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 96 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 249,95 qram olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar