Məhkəmə qərarları › İş №1(060)-173/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-173/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-173/2023 09.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Balandin küçəsi 42-də qeydiyyatda olmaqla, Suraxanı rayonu A.Rzayev küçəsi ev 303-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs övladları Şahid4 və Şahid5 20000 manat pul qarşılığında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd verib aldadaraq 22 dekabr 2021-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Əkinçi küçəsində yerləşən “Bizim Məkan” retoranının otağında 3000 manat pulunu ələ keçirmiş, daha sonra 08 yanvar 2022-ci il tarixdə saat 18 radələrində qeyd olunan ünvanda Zərərçəkmiş şəxs həmin məqsədlə göndərdiyi 6000 manat pul vəsaitini sonuncunun qardaşı Şahid1 əldə etmiş, 14 yanvar 2022-ci il tarixdə saat 19 radələrində həmin ünvanda 10600 manat pulu Zərərçəkmiş şəxs əldə edərək ələ keçirmiş, 16 yanvar 2022-ci il tarixdə saat 18:11-də Zərərçəkmiş şəxs qohumu Şahid2 Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketdə quraşdırılmış ’‘Million” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs tanışı Şahid3 məxsus 4169 7385 0628 6982 nömrəli “Kapital Bank” visa kartına göndərmiş olduğu qalan 400 manat pulu Bakı şəhəri Nəsimi rayonu ünvan 1 ünvanında yerləşən ’’Kapital Bank” ASC-nin Baş ofisinin inzibati binasının yanında olan ’’Kapital Bank”a məxsus bankomat terminalından əldə edib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda, ümumilikdə 20000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Suraxanı rayonu A.Rzayev küçəsi ev 303 B-də xalası ilə birikdə yaşayır. Gədəbəy rayon sakini X2 əvvəllər tanımamış, onunla aralarında hər hansı bir ədavət, ya düşmənçilik olmamışdır. Şəmsəddini onun bacısı oğlu Şahid2 vasitəsilə tanımışdır. 2021-ci ilin yay aylarında Faiqin oğlu İbrahimin Sumqayıt şəhəri Tağıyev qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissədə hərbi qulluqçu kimi işə düzəlməsinə köməklik etmişdir. Belə ki, həmin vaxt İbrahimə izah edərək hərbi qulluqçu kimi işə düzəlməklə bağlı lazım olan zəruri sənədləri toplamasını tapşırmışdır. İbrahim də həmin sənədləri toplayaraq Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinə gedərək orada təqdim etmiş və işə qəbul olunmuşdur. Həmin vaxtdan İbrahim və atası Faiq ilə aralarında yaxın münasibət yaranmışdır. 2021-ci ilin dekabr ayının ortalarında Faiq ona dayısı Şəmsəddinin iki oğlu olmasını və hər iki uşağın işsiz olduğunu bildirərək onları Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini soruşmuşdur. O da Faiqə dayısının iki oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini bildirmişdir. Faiqə FHN-də yüksək vəzifədə işləyən tanışları olduğunu və onların vasitəsilə bu işi həll edəcəyini demişdir. Faiq onu dayısı ilə görüşdürəcəyini bildirmişdir. 22 dekabr 2021-ci il tarixdə Faiq onunla əlaqə saxlayaraq dayısı Şəmsəddinin Gədəbəy rayonundan Sumqayıt şəhərinə gəldiyini bildirərək onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə gəlmişdir. H.Z.Tağıyev qəsəbəsində yerləşən Bakı-Quba yolunun üzərində yerləşən çayxanada olduğunu və həmin yerə gəlməyini bildirmişdir. O, Bakı şəhərindən çıxaraq Sumqayıt şəhərinə, Tağıyev qəsəbəsinə gələrək həmin çayxanaya getmişdir. Həmin vaxt Faiqin dayısı Şəmsəddin və sonuncunun qardaşı Cəmaləddin orada olmuşdur. Şəmsəddin ona iki övladının işsiz olduğunu və onları FHN-də işə düzəltmək istədiyini bildirmişdir. Şəmsəddinə FHN-də işləyən yüksək vəzifəli tanışları olduğunu və onun uşaqlarının FHN-də işə düzəldə biləcəyini bildirərək bu məqsədlə hər övladı üçün 9000 manat olmaqla ümümlikdə 18000 manat pul lazım olduğunu bildirmişdir. Şəmsəddin də onunla razılaşmışdır. Həmin günü saat 19 radələrində Şəmsəddin, Faiq və Cəmaləddinin yanında ona 3000 manat pul vermişdir. O da həmin pulu sayaraq götürmüşdür. Bundan bir neçə gün sonra Faiqə zəng edərək Şəmsəddinin hər uşağının işə düzəlməsi üçün 10000 manata olmaqla ümümilikdə 20000 manat pul lazım olduğunu bildirmişdir. Faiq də bu barədə Şəmsədinə məlumat verəcəyini bildirmişdir. Daha sonra Şəmsəddin onunla əlaqə saxladıqda ona Faiqə dediklərini təsdiq etmişdir. 08 yanvar 2022-ci il tarixdə Faiq ona Tağıyev qəsəbəsinə gəlməyini bildirmişdir. O da həmin qəsəbədə yerləşən çayxanaya getmişdir. Orada olan zaman Şəmsəddinin qardaşı Cəmaləddin adlı şəxs Faiqin yanında ona 6000 manat pul vermişdir. Cəmaləddin qalan pulu da Şəmsədinin özünün gətirib verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra 14 yanvar 2022-ci il tarixdə Şəmsəddin onunla əlaqə saxlayaraq Sumqayıt şəhərində olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O da həmin günü Sumqayıt şəhəri Tağıyev qəsəbəsinə gedərək əvvəllər görüşdükləri çayxanaya getmişdir. Həmin vaxtı Faiq də Şəmsəddinin yanında olmuşdur. Şəmsəddin həmin vaxtı ona 10600 manat pul vermişdir. O da həmin pulu sayıb götürmüşdür. Şəmsəddin qalan 400 manat pulu iki gün ərzində göndərəcəyini bildirmişdir. Şəmsəddinə bildirmişdir ki, uşaqları ilə tanış olmaq istəyir. Ona görə həmin günün səhəri Tağıyev qəsəbəsində Şəmsəddinin Fərid və Rəvan adlı iki övladı ilə tanış olmuşdur. Şəmsəddin uşaqlarından birinin ali təhsilli olduğunu bildirdiyinə görə onun ali təhsilli oğlunun FHN-də zabit kimi işə düzəltdirəcəyini, digər oğlunu isə siravi heyət kimi işə düzəldəcəyini bildirmişdir. 16 yanvar 2022-ci il tarixdə Faiq onunla əlaqə saxlayaraq Şəmsəddinin qalan 400 manat pulu da göndərdiyini bildirmişdir. Həmin vaxtı dostu Şahid3 ilə birlikdə Bakı şəhərində olmuşdur. Özünə məxsus bank kartı olmadığına görə Elvindən onda bank kartı olub-olmadığını soruşmuşdur. Elvin də üzərində özünə məxsus bank kartı olduğunu bildirmişdir. Həmin kartın şəklini çəkib vatsap proqramı vasitəsilə Faiqə göndərmişdir. Az sonra Faiq həmin kart hesabına 400 manat pul göndərmişdir. Bundan sonra Elvin ilə birlikdə Nəsimi rayonu ünvan 1 ünvanında yerləşən “Kapital Bankın əsas inzibati binasının yaxınlığında yerləşən Kapitala banka məxsus bankomata getmişlər. Elvin onun yanında 400 manat pulu çıxarıb ona vermişdir. Ümümilikdə Şəmsəddindən uşaqlarını FHN-də işə düzəldəcəyi adı ilə 20000 manat pul almışdır. Bundan sonra həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan Şəmsəddin işin düzəlmədiyini gördükdə ona verdiyi pulları geri tələb etməyə başlamışdır. Lakin Şəmsəddinə hər dəfə bir bəhanə deyərək vaxtı uzatmışdır. Sonradan ona məlum olmuşdur ki, Şəmsəddin onun barəsində Sumqayıt ŞPİ-nə şikayət etmişdir. Sumqayıt ŞPİ-dən onu polis idarəsinə çağırmışlar. 14 aprel 2022-ci il tarixdə onu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutaraq bir gün Sumqayıt ŞPİ-nin MSY-də saxladıqdan sonra buraxmışlar. Lakin sonradan da pulu olmadığına görə Şəmsəddindən aldığı pulları geri qaytara bilməmişdir. FHNdə işləyən heç bir tanışı yoxdur. Şəmsəddini inandırmaq üçün ona FHN-də işləyən yüksək vəzifəli tanışları olduğunu və onların vasitəsilə işi düzəldəcəyini demişdir. Lakin Şəmsəddini inandıraraq pulunu ələ keçirmək məqsədilə ona bu barədə demişdir. Əvvəlcədən niyyəti Şəmsəddinin 20000 manat pulunu ələ keçirmək olmuşdur. Fikirləşmişdir ki, bir müddət sonra Şəmsəddinin pulunu geri qaytarar. Lakin sonradan imkanı olmadığna görə Şəmsəddindən aldığı pulları geri qaytara bilməmişdir. İndi etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə ol verməyəcəkdir. Dəymiş ziyanı ödəyə bilməmişdir, imkanı olduqca ödəyəcəkdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Gədəbəy rayonu Dəyəqarabulaq kəndində yaşayır. İki oğlu vardır. Böyük oğlu Şahid4 1997-ci il təvəlüdlü olmaqla Quba şəhərində yerləşən Müəllimlər Univesitetində ibtidai sinif müəllimiliyi ixtisası üzrə ali təhsil almışdır. Kiçik oğlu Rəvan isə 1998-ci il təvəllüdlü olmaqla ali təhsil almamışdır. X6 müharibəsinin iştirakçısıdır. Övladları təxminən bir il olar ki, Sumqayıt şəhərində yaşayırlar. Bundan başqa qardaşı Şahid1 və bacısı oğlu Şahid2 da Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xətai küçəsində yaşayır. Hər iki oğlu işsiz olduğuna görə onları dövlət işinə düzəltmək istəyirmiş. Bununla bağlı qohumlarına, eləcə də bacısı oğlu Şahid2 bildirmişdir ki, əgər elə bir adam olsa övladlarına işə düzəlməsinə köməklik edər. Həmin vaxtı Faiq ona bildirmişdir ki, onun hazırda adını xatırlamadığı bir nəfər dostunun tanışı vardır. Həmin şəxsin vasitəsilə övladlarına işə düzəlməsinə köməklik edə biləcəyini demişdir. Faiq hətta öz oğlunun da həmin şəxsin vasitəsilə Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə işə düzəltdiyini bildirmişdir. Faiq həmin şəxsin Orxan adlı şəxs olduğunu və onun vasitəsilə onun oğlanlarını hərbiçi kimi işə düzəldə biləcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Orxan ilə tanış olmuşdur. Belə ki, 22 dekabr 2021-ci il tarixdə o, qardaşı Cəmaləddin və bacısı oğlu Faiq Sumqayıt şəhəri Ff.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çayxanada görüşmüşlər. Bir qədər sonra Orxan adlı həmin şəxs də oraya gəlmişdir. Orxan ilə söhbət zamanı ona övladlarını Müdafiə Nazirliyində hərbiçi kimi işə düzəldə biləcəyini bildirmişdir. Ona övladlarını Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini bildirmişdir. Orxan FHN-də yüksək vəzifədə işləyən tanışları olduğunu, onların vasitəsilə işi düzəldəcəyini bildirmişdir. Lakin Orxan həmin şəxsin kim olmasını deməmişdir. Orxandan həmin şəxsin kimliyini soruşmamışdır. Orxan böyük oğlu Fəridin ali təhsilli olduğuna görə onu FHN-də zabit heyətində işə düzəldəcəyini, kiçik oğlu Rəvanı isə FHN-də siravi bir işə düzəldəcəyini bildirmişdir. Həmin vaxtı hər övladının işə düzəltməsi üçün 9000 manat olmaqla ümumlikdə 18000 manat pul istəmişdir. Orxanın təklifi ilə razılaşmışdır. Həmin günü saat 19 radələrində həmin çayxanada ilkin olaraq 3000 manat pulu bacısı oğlu Faiq və qardaşı Cəmaləddinin yanında Orxana vermişdir. Orxan pulu sayıb götürərək övladlarının işi ilə bağlı həmin şəxslərlə danışıqlara başlayacağını bildirmişdir. Bundan bir neçə gün sonra Orxan Faiqə zəng edərək hər övladının işə düzəlməsi üçün 10000 manat olmaqla ümumlikdə 20000 manat pul istədiyini demişdir. Faiq bu barədə ona dedikdən sonra Orxana zəng etmişdir. Orxan ona da hər övladı üçün 10000 manat olmaqla ümumlikdə 20000 manat pul lazım olduğunu bildirmişdir. O da Orxana etiraz etməmişdir. Bundan sonra 6000 manat pul toplayıb qardaşı Cəmaləddinə göndərmişdir. Cəmaləddin isə 08 yanvar 2022-ci il tarixdə bacısı oğlu Faiq ilə birlikdə Tağıyev qəsəbəsi ərazisində yerləşən həmin çayxanda görüşmüşdür. Həmin görüşdə Faiq 6000 manat pulu Orxana vermişdir. Orxan qalan pulları da verməyini tezləşdirməyi dediyinə görə 14 yanvar 2022-ci il tarixdə Gədəbəy rayonundan Sumqayıt şəhərinə gəlmişdir. Bundan sonra həmin tarixdə saat 19 radələrində Faiq ilə birlikdə Tağıyev qəsəbəsində yerləşən həmin çayxanaya getmişlər. Az sonra Orxan adlı şəxs də oraya gəlmişdir. Həmin görüşdə Faiqin yanında 10600 manat pulu Orxana vermişdir. Pulu Orxana verdikdən sonra uşaqlarını çağırmağını və onlarla tanış olmaq istədiyini bildirmişdir. Bundan sonra Fərid və Rəvan həmin çayxanada Orxanla görüşmüşlər. Lakin həmin vaxtı onların yanında olmamışdır. Orxan onlarla bir qədər söhbət etdikdən sonra onları yola salmışdır. Orxan ona zəng edərək 01 fevral 2022-ci il tarixdə övladlarının FHN-də təlim toplanışına gedəcəklərini və bir ay sonra, yəni 2022-ci ilin mart ayında işə başlayacaqlarını demişdir. Orxan tam inandırıcı danışdığına görə onun dediklərinə tam inanmışdır. 16 yanvar 2022-ci il tarixdə Orxan onunla əlaqə saxlayaraq qalan 400 manat pulu da göndərməyini bildirdiyinə görə Faiqə 400 manat pul göndərmişdir. Orxan Faiqə kart hesabı göndərdiyinə görə Faiq H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “emanat” terminalından 400 manat pulu Orxanın ona göndərdiyi hesab nömrəsinə göndərərək bu barədə qəbzin şəklini Orxana göndərmişdir. Beləliklə, Orxana ümumilikdə 20000 manat pul vermişdir. Orxanın ona dediyi vaxt tamam olduqdan sonra onunla əlaqə saxlayıb işlə maraqlanan zaman Orxan onu arxayın edərək övladlarının işə düzəlmə məsələsinin yekunlaşmaq ərəfəsində olduğunu deyərək hər dəfə bir bəhanə demişdir. Lakin sonradan Orxan telefonları söndürərək onunla görüşməkdən yayınmışdır. Başa düşmüşdür ki, Orxan onu aldatmışdır. Ona görə də 11 aprel 2022-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə gələrək Orxanın onu aldadaraq pulunu ələ keçirməsi ilə bağlı yazılı ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında Sumqayıt ŞPİ-nin Təhqiqat şöbəsində araşdırma aparılmışdır. Bir neçə gün sonra Orxan adlı şəxsi Sumqayıt ŞPİ-nin əməkdaşları polis şöbəsinə gətirmişlər. Həmin vaxtdan sonra ona məlum olmuşdur ki, Orxan adlı şəxs Bakı şəhəri Suraxanı rayon sakini Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxs özü də ondan 20000 manat pulu övladlarını FHN-də işə düzəltmək adı ilə aldığını, lakin pulu qaytarmadığını etiraf etmişdir. Lakin həmin vaxtdan sonra Orxan ona heç bir məbləğdə pul qaytarmamışdır. Orxan konkret olaraq ad çəkməsə də FHN-də yüksək vəzifədə işləyən tanışları olduğunu və onların vasitəsilə böyük oğlu Fəridi FHNnin Binəqədi rayon şöbəsində zabit kimi, kiçik oğlu Rəvanı isə FHN-nin Abşeron rayonu üzrə yanğın söndürən vəzifəsinə düzəldəcəyini vəd vermişdir. Bu günə qədər ziyan ödənilməmişdir, pulunun qaytarılmasını tələb edir, təqsirləndirilən şəxs barəsində daha ciddi cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Zərərçəkmiş şəxs göstərdiyi xüsuasatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Əkinçi küçəsində yeni yaşayış massivində nömrəsiz fərdi yaşayış evində kiçik qardaşı Rəvan və ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs doğma atasıdır. Atası anası ilə birlikdə Gədəbəy rayonu Dəyəqarabıılaq kəndində yaşayırlar. Heç bir yerdə işləmir. Azərbaycan Respublikası Pedaqoji Universitetinin Quba filialını ibtidai sinif müəllimliyi üzrə bitirsə də ixtisası üzrə iş tapıb işləyə bilmir. 2022-ci ilin yanvar ayının ortalarında atası Sumqayıt şəhərinə yaşadığı evə gəlmişdir. Həmin vaxtı atasının deməsindən məlum olmuşdur ki, atası onu və qardaşı X3 Nazirliyində işə düzəltdirəcəkdir. Atasının deməsindən məlum olmuşdur ki, alası bacısı oğlu Şahid2 vasitəsilə tanış olduğu Bakı şəhər sakini Orxan adlı şəxsin köməkliyi ilə onları FHN-də işə düzəltdirəcəkdir. Həmin vaxtı bilmişlər ki, atası bununla bağlı Orxanla görüşmüş və Orxana 20000 manat pul vermişdir. Atası Orxanın onlarla tanış olmaq istədiyini bildirərək Faiq ilə birlikdə Orxanla görüşə getməyi bildirmişdir. Ona görə də qardaşı Rəvan və Faiq ilə birlikdə Tağıyev qəsəbəsi ərazisində yerləşən çayxanaya gedərək orada Orxan ilə görüşmüşlər. Orxan onlarla tanış olduqdan sonra onu FHN-də zabit kimi, Rəvanı isə siravi heyət olaraq işə düzəltdirəcəyini bildirmişdir. Orxan onlarla bir qədər söhbət etdikdən sonra onları yola salmışdır. Bundan bir qədər vaxt keçdikdən sonra atasının deməsindən bilmişdir ki, Orxan adlı şəxs onları işə düzəldəcəyi adı ilə atasını aldadaraq 20000 manat pulunu almış, lakin pulu geri qaytarmır. Ona görə də atası Sumqayıt Şəhər Polis İdarəsinə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs onları kimin vasitəsilə FHN-də işə düzəldəcəyi barədə heç bir söz danışmamışdır. Onlarla sadəcə tanış olmaq məqsədilə danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 13-də yaşayır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Orxan ilə arasında səmimi münasibəti olmşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 16 yanvar 2022-ci il tarixdə Orxan ilə birlikdə Bakı şəhərində olmuşdur. Həmin günü axşam saat 18:30 radələrində Orxan ona bildirmişdir ki, ona hansısa qohumu pul göndərəcəkdir. Özündə bank kartı olmadığına görə ona məxsus karta pul göndərə biləcəklərini soruşmuşdur. O da etiraz etməmişdir. Özünə məxsus olan Kapital Banka məxsus 4169 7385 0628 6982 saylı plastik kartı olmasını bildirmişdir. Orxan ona məxsus olan plastik kartın şəklini çəkib göndərmişdir. Az sonra ona məxsus olan karta 400 manat pul mədaxil olmuşdur. Pulu göndərən şəxs Orxana pulun göndərilməsi ilə bağlı çekin şəklini çəkib atmışdır. Bundan sonra Orxanla birlikdə ünvan 2 ünvanında yerləşən Kapital Bankın əsas inzibati binasının yanındakı Kapital banka məxsus bankomatın yaxınlığına getmişlər. Oradan 400 manat pulu çıxarıb Orxana vermişdir. Bundan sonra oradan uzaqlaşıb getmişlər. Bu hadisədən bir xeyli vaxt sonra Sumqayıt şəhər polis idarəsindən Zaur adlı təhqiqatçı onunla əlaqə saxlayaraq Orxanın onun kartına göndərdiyi 400 manat pulu bir nəfər şəxsin övladlarını FHN-də işə düzəltmək adı ilə aldadaraq 20000 manat pulunu ələ keçirdiyini demişdir. Həmin vaxtı bilmişdir ki, Orxanın onun kartına göndərdiyi pulu da həmin şəxs göndərmişdir. Bundan sonra təhqiqatçı Zaur ilə birlikdə Kapital bankdan pulu çıxarıb Orxana verdiyi yerə getmişlər. Orada Zaur adlı təhqiqatçı tərəfindən həmin bankomata baxış keçirilərək fotoşəkillər çəkilərək bu barədə protokol tərtib edilərək oxunmuşdur. O da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs övladlarını FHN-də işə düzəltmək adı ilə aldadaraq 20000 manat pullarını ələ keçirməsindən əvvəlcədən məlumatı olmamışdır. Sonradan Sumqayıt polis idarəsindən Zaur adlı təhqiqatçı onunla əlaqə saxlayan zaman Orxanın kimisə aldadıb pulunu ələ keçirməsini bilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00-da tutulmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 21 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 tanışı Təqsirləndirilən şəxs ona məxsus plastik kartdan ünvan 3 ünvanında yerləşən Kapital Bankın Baş ofisinin inzibati binasının yaxınlığındakı Kapital Banka məxus bankomatdan 400 manat pul çıxartdıqları yeri göstərmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 29 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 19600 manat pulu Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Əkinçi küçəsində yerləşən “Bizim Məkan” adlı restoranın 2-ci otağında ələ keçirmişdir. Baxış keçirilməsi prosesində iştirak edən Şahid2 dayısı Zərərçəkmiş şəxs məxsus 19600 manat pulun Təqsirləndirilən şəxs verildiyi yeri göstərmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin *** **** 1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs barəsində CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid3 məxsus Kapital Banka aid karta 400 manat pul göndərilməsi barədə ödəniş çeki maddi sübut kimi tanınmışdır. Şahid2 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibininin başlanması rədd edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızına 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunmuşdur. Onun tutularaq saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilməmiş, o isə ziyanın tam ödənilməsini tələb edir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Cinayət işi üzrə müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi qızı tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar