Məhkəmə qərarları › İş №1(060)-174/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-174/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-174/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Dəvəçi rayonu Məliklər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şabran rayonu Məliklər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 bükülüdə təmiz çəkisi 44,777 qram, 3 ədəd kibrit qutusunda ayrı ayrılıqda təmiz çəkiləri 2,550 qram; 4,201 qram; 4,448 qram-ümumi təmiz çəkisi 55,976 qram bitki mənşəli, eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və 14 oktyabr 2023-cü il tarixdə saat 13:40-da Sumqayıt ŞPİ-nin CAŞ-m əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Bakı-Quba yolunun Sumqayıt şəhərinin çıxışındakı dayanacağın yaxınlığında saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən 1 bükülüdə təmiz çəkisi 44,777 qram, 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,550 qram; 4,201 qram; 4,448 qram- ümumi təmiz çəkisi 55,976 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Şabran rayonu Məliklər kəndində qəbristanlığın yanında koldan yığaraq 3 ədəd kibrit qutusuna yığmışdır. Həmin kütlə halında və 3 ədəd kibrit qutusunda olan marixuananı selofana qoyub üzərində əynində olan gödəkçəsinin sağ yan cibində gəzdirirmiş və istəyən vaxtı hissə-hissə özü qəbul etmişdir. 14 oktyabr 2023-cü il tarixdə tanışının toyuna getməyə kirayə avtomobil götürmək üçün Sumqayıt şəhərinə gəlmişdir. Saat 13:40 radələrində Sumqayıt şəhəri, Bakı-Quba yolunun Sumqayıt şəhərinin çıxışındakı dayanacağın yaxınlığında olan zaman ona mülki geyimdə olan 3 nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt polis idarəsinin polis işçiləri olduqlarını bildirmişlər və onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis idarəsinə dəvət etmişlər. Xidməti otaqların birində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. O da əynində olan ağ-qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd sarı rəngli selofan bükülünü çıxarıb təqdim etmişdir. Selofan bükülü açılan zaman içərisindən qurudulmuş marixuana və 3 ədəd kibrit qutusunda doldurulmuş qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunaraq götürülmüş qurudulmuş marixuanalar iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 53 qram, 3 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar isə 20 qram olmuşdur. Çətənə bitkisini qəbristanlığın yanında gicitkan kollarının arasında yabanı halda bitmiş vəziyyətdə aşkar etmişdir. Həmin çətənə bitkisinin yabanı halda bitdiyini dibinin yumşaldılmadığı və dibi otla bitdiyi üçün bilmişdir. Əgər həmin çətənə bitkisinə qulluq olsaydı, dibi yumşaldılıb, otlardan təmizlənib suvarılardı. Çətənə bitkisini qurudub qurudulmuş marixuana halına salmaqda məqsədi hissə-hissə özünə qəbul etmək olmuşdur. Heç kimə narkotik vasitə verməmiş və satmamış, satışı ilə heç vaxt məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamışdır. 2015-ci ildə həyat yoldaşını itirmişdir. Himayəsində üç övladı vardır. Övladlarından biri X7 iştirakçısıdır. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Buna görə də əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna ondan başqa şöbənin kiçik inspektorları Şahid3 və Şahid2 da daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 14 oktyabr 2023-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 13:40 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sülh küçəsi ilə Bakı-Quba magistral yolunun kəsişməsində yerləşən sərnişin dayanacağının yaxınlığında olmasını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək vəkil təqdim edilmiş, müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan ağ-qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd sarı rəngli selofan bağlamanı təqdim etmişdir. Həmin selofan bağlama açılıb içərisinə baxılan zaman içərisində yaşıl rəngli spesefik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi və 3 ədəd kibrit qutusu aşkar olunmuş, həmin kibrit qutularının içərisinə baxılan zaman hər birinin içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin qurudulmuş marixuana olduğunu, həmin bitki kütləsini yaşadığı Şabran rayonu Məliklər kəndində qəbristanlığın yanında koldan yığaraq öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sarı rəngli selofan bağlamadakı maddə elektron tərəzidə çəkilərək olduğu selofanla birlikdə təxminən 53 qram, 3 ədəd kibrit qutularında olan maddədər qutularla birlikdə ümumi çəkisi 20 qram olmuşdur. Həmin maddələr ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş ilkin məlumatda narkotik maddələrin satışı ilə məşğul olması göstərilsə də, sonradan tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı həmin məlumat öz təsdiqini tapmamışdir. Yəni onun narkotik satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis baş serjantı Şahid2 və polis baş serjantı Şahid3 Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bakı-Quba yolunun Sumqayıt şəhərinin çıxışındakı dayanacaqda xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan ağ-qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd sarı rəngli sellofan bağlama təqdim etdi, həmin bağlama açıldı, bükümdə yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan “qurudulmuş marixuana”ya bənzər olan bitki kütləsinin olduğu müəyyən olundu. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bağlamanın içində 3 ədəd kibrit qutuları aşkar edildi. Həmin qutular də açıldı bükümlərin içində yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan “qurudulmuş marixuana”ya bənzər olan bitki kütləsinin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bitki kütləsinin “qurudulmuş marixuana” olduğunu, həmin bitki kütləsini yaşadığı Şabran rayonunun Məliklər kəndində qəbristanlığın yanında ağacdan yığaraq öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sarı rəngli bağlamadakı maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofanla ilə birlikdə çəkisinin 53,14 qram olduğu, 3 ədəd kibritdəki maddələrin qutularla birlikdə çəkisinin 20,26 qram olması müəyyən edildi və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN- nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 1 ədəd «Honor» markalı mobil telefon götürüldü. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/1428 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş" Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 (büküm) və 3 (üç) ədəd kibrit qutusunda qurudulmuş bitki kütlələri..." yazı və imzalar olan zərfdə 1 ədəd sarı rəngli selofanda təmiz çəkisi 44,777 qram bitki mənşəli kütlə və 3 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,550 qram, 4,201 qram və 4,448 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulumuş marixuanadır. Təqdim edilmiş marixuanaların ümumi çəkisi 55,976 qram olub, tərkiblərinə görə eynidir. Tədqiqata ümumi 0,2 qram sərf edildikdən sonra 55,776 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan üzərində 051553-69-17 mobil nömrəli "Honor 8" markalı mobil telefona baxış zamanı mobil telefonun çıxan, daxil olan zənglər, mesajlar, foto, video, abunəçilər və "Whatsapp" proqram təminatına daxil olduqda cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat, fotoşəkil və s. müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 1 ədəd "Honor 8" markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 55,976 qram narkotik vasitə qurudulmuş marixuana (ekspertizaya təqdim olunduqdan sonra qalıq 55,776 qram) iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti Uzunboyad inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 5-74/2-744/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və 5-74/2-849/2023 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası-xx.xx.1949-cu il təvəllüdlü Ələkbərov Sabir Yusif oğlu, anası-xx.xx.1953-cü il təvəllüdlü X5, həyat yoldaşı-xx.xx.1978-ci il təvəllüdlü X3, oğluxx.xx.2002-ci il təvəllüdlü X12 oğlu, oğlu-xx.xx.2003-cü il təvəllüdlü X13 oğlu, qızıxx.xx.2006-cı il təvəllüldlü X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 6776 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda 0002 adlı 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan 11 dəqiqə 56 saniyəlik videogörüntüdə 14 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-də xidməti otaqların birində təhqiqatçı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən Yusif Ələkbərovun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 və Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Yusif Ələkbərova üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu,Təqsirləndirilən şəxs əynində olan ağ-qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd sarı rəngli selofan bağlamanı təqdim etdiyi, həmin selofan bağlama açılıb içərisinə baxılan zaman içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi və 3 ədəd kibrit qutusu aşkar olundığı, həmin kibrit qutularının içərisinə baxılan zaman hər birinin içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin qurudulmuş marixuana olduğunu, həmin bitki kütləsini yaşadığı Şabran rayonu Məliklər kəndində qəbristanlığın yanında koldan yığaraq öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən alışqan və kibrit qutusu, sol yan cibindən "Rotmans" markalı siqareti çıxarıb masanın üzərinə qoyduğu, həmin kibrit və siqaret qutusunun içərisinə baxıldıqda cinayət xarakterli bir şey aşkar olunmdığı, bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan gödəkcəsinin sol yan cibindən 1 ədəd "Honor 8" markalı mobil telefon və ev açarları, şalvarının sağ arxa cibindən 20 və 5 manat-ümumi 25 manat pul aşkar olundığı, daha sonra şəxsi axtarış zamanı cinayət xarakterli digər predmet və əşya aşkar olunmadığı və götürülmədiyi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş sarı rəngli selofan bağlamadakı maddə elektron tərəzidə çəkilərək olduğu selofanla birlikdə 53,14 qram, 3 ədəd kibrit qutularında olan maddədər qutularla birlikdə ümumi çəkisi 20,26 qram olması müəyyən edildiyi, həmin maddələr ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırıldığı və möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş "Honor" markalı mobil telefon, alışqan və ev açarı təhqiqatçı tərəfindən götürüldüyü, 25 manat pul və siqaret özünə qaytarıldığı müəyyən olundu. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət işində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 55,976 qram (qalıq 55,776qram) narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu X12 oğlu “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs övladının “İİ Qarabağ Müharibəsi” iştirakçısı olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyən şəxsə narkotik vasitənin istehlakı ilə bağlı cinayət əmələ görə alternativi nəzərdə tutulan cəzalardan daha ağırı hesab edilən azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəza təyinetmə prinsipinə uyğun olmazdı və buna görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Şabran rayonu hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Şabran rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 55,776 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-174/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 070/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Şabran rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şabran rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Şabran rayonu Məliklər kəndi ünvanını tərk etməmək, Şabran rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 55,776 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar