Məhkəmə qərarları › İş №1(060)-175/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-175/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-175/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,258 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, 31 may 2024-cü il tarixdə, saat 12:40 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 23/10 saylı binanın qarşsıında saxlanılmaqla 3-cü PB-yə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin metamfetamin əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,996 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə etməklə əynindəki açıq göy rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, 11 sentyabr 2024-cü il tarixdə, saat 21:10 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən "xxxx" ASC-nin Qubadlı filialının arxasında saxlanılmaqla 3-cü PB-yə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin tiryək əynindəki açıq göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, milliyyətçə rus olmasına baxmayaraq Sumqayıt şəhərində doğulmuş, azərbaycan dilində sərbəst danışmağı, yazımağı və oxumağı bacarır. Uzun müddətdir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən mütəmadi olaraq istifadə edir. 30 may 2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman əvvəllər bir dəfə narkotik vasitə aldığı, lakini adını bilmədiyi şəxslə rastlaşmışdır. Həmin şəxsdən “patı”, yəni metamfetamin istədikdə isə həmin şəxs ona üzərində bir büküm metamfetamin olduğunu bildirib 15 manata sata biləcəyini demişdir. O, da həmin şəxsə 15 manat pul verərək gümüşü rəngli kağız bükümdə metamfetamini alaraq daha sonra istifadə etmək məqsədilə şalvarının cibinə qoymuşdur. 31 may 2024-cü il tarixdə, təxminən saat 12:40 radələrində yaşadığı Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində olduğu zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 3-cü PB-yə aparmışlar. Orada ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmiş, hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. O, da şalvarının sağ yan cibində saxladığı metamfetamini çıxararaq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin maddəyə baxış keçirilmiş, elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o da həmin qablaşdırmanın üzərinə və üzərində şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokola imza etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Bundan başqa bildirmişdir ki, 11 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman bir nəfər şəxslə tanış olmuşdur. Söhbət zamanı həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və istədiyi halda ona narkotik vasitə sata biləcəyini demişdir. O, da həmin şəxsə 20 manat pul verərək qızılı rəngli kağız bükümdə tiryəki alaraq daha sonra istifadə etmək məqsədilə əynində olan açıq göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. 11 sentyabr 2024-cü il tarixdə, təxminən saat 21:10 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən “Kapital Bank" ASC-nin Qubadlı filialının arxasında olduğu zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 3-cü PB-yə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 3-cü polis bölməsinə getmişdir. Orada ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmiş, hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmasına başlanılmış, o da şalvarının sağ yan cibində saxladığı tiryəki çıxararaq təqdim etmişdir. Sonra isə üzərində şəxsi axtarış aparılmış, üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən həmin maddəyə baxış keçirilmiş, elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o da həmin qablaşdırmanın üzərinə və üzərində şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokola imza etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş tiryəki şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 3cü PB-yə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən 23/10 nömrəli binanın ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 31 may 2024-cü il tarixdə, təxminən saat 12:40 radələrində Təqsirləndirilən şəxs həmin binanın qarşısında olduğunu görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və sonuncunu 3-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində kriminalist videogörüntüyə alması və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülünü çıxaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Həmin bükülü açıldıqda içərisində ağ kristallik formada psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin “patı” olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat pul verərək aldığını, bir hissəsini aldığı gün istifadə etdiyini, qalan hissəsini isə daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalanmışdır. Bundan başqa bildirmişdir ki, 11 sentyabr 2024-cü il tarixdəTəqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 3-cü PB-yə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 17- ciməhəllə ərazisində yerləşən "xxxx" ASC-nin Qubadlı filialının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün təxminən saat 21:10 radələrində Təqsirləndirilən şəxs Qubadlı filialının arxasında olduğunu görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və sonuncunu 3-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində kriminalist videogörüntüyə alması və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmiş, sonuncu özü əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükülünü çıxaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Həmin bükülü açıldıqda içərisində qara rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin narkotik vasitə tiryək olduğunu, həmin maddəni 11 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2, 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsi elan edilərək tədqiq edilmiş, sonuncu ibtidai araşdırma zamanı verdiyi ifadəsi Şahid1 məhkəməyə iclasında verdiyi ifadə ilə eyni məzmunlu olmuşdur. Cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21.10da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 74-75-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 17.15-də Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, saat 13:05 tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 159-160-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il, saat 12:00 tarixində Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 80-81-ci vərəqələrində olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə ilə davam etdirilmişdir. Cinayət işinin 1-ci cild 26-27-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükülünü çıxaraq təqdim edir. Həmin bükülü açıldıqda içərisində qara rngli narkotik vasitə olan tiryəkə bənzər maddənin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin narkotik vasitə tiryək olduğunu, həmin maddəni 11 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən, həmçinin 3-cü polis bölməsində ona qarşı fiziki və ya psixi təsir göstərilmədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəziyə qoyulub çəkilir və çəkisinin 1,16 qram olması müəyyən olunur. Cinayət işinin 1-ci cild 108-109-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülünü çıxaraq təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Həmin bükülü açıldıqda içərisində ağ kristallik formada psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin “patı” olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manat pul verərək aldığını, bir hissəsini aldığı gün istifadə etdiyini, qalan hissəsini isə daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəziyə qoyulub çəkilir və çəkisinin 0,36 qram olması müəyyən olunur. Cinayət işinin 1-ci cild 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6/4542 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...(imza)...” yazıları və imzalar olan zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,996 qram olan tünd qəhvəyi rəngli kütlə ağ kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi 0,996 qram, təhqiqata sərf edildi 0,1 qram, qalıq 0,896 qram. Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir. Cinayət işinin 1-ci cild 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3054 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 127” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş lədəd gümüşü rəngli siqaret kağızı büküm; Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs; Müdafiəçi: /imza/ Rəşad İldırımzadə; Təhqiqatçı: /imza/ Z.Quliyev” yazılar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,258 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,258 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,208 qram. Cinayət işinin 119-cu vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin 1-ci cild 224-225-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 28 avqsut 2024-cü il tarixli 5928 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunmuşdur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 240-249-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,896 qram çəkidə narkotik vasitə tiryək və 0,208 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin onun üzərində şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 165-166-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə Psixiatrik Ekspertiza X8 Şəxsinin xx.xx.2025-ci il tarixli 436 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini və bundan başqa təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan tiryəki əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21.10 radələrindən xx.xx.2024-cü il tarixdə saat 17.15-dək və xx.xx.2024-cü il tarixdə saat 12.40-dan xx.xx.2024-cü il tarixdə saat 12.00-dək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 04 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 28 avqsut 2024-cü il tarixli 5928 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində alkoqoldan sui istifadə edilməsi nəticəsində asıllıq sindromu ilə bağlı məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,896 qram çəkidə narkotik vasitə tiryək və 0,208 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,258 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 0,896 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar