Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-176/2022 20.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1970-cı ildə Zərdab rayonu, Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zərdab rayonu, Aşağı Seyidlər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) bükümdə, təmiz çəkisi 0,341 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 27 avqust 2021-ci il tarixdə saat 00:20-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) bükümdə gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,341 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, ustalıq etməklə ailəsini dolandırır. 1970-ci il tarixdə Zərdab rayonunda anadan olmuş və hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. Evlidir. Təxminən 1 aya yaxındır ki, narkotik vasitə olan heroini zərdə yandırmaq üsulu ilə tüstüsünü qəbul edir. 27.08.2021-ci il tarixdə saat 00:20 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllədə tanışı Həsənağa adlı şəxslə piyada hərəkətdə olan zaman mülki geyimdə 4 nəfər şəxs ona yaxınlaşmış, polis əməkdaşı olduqlarını bildirdikdən və özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını bildirmişlər. Həmin vaxt 4 nəfərdən biri onun əllərindən möhkəm yapışdığına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən Polis Bölməsinə aparılmışdır. 3-cü PB-də xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və daha sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, həmin bükümün içində heroin olduğu bildirmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-də ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə heroindir, ona məxsusdur və həmin heroini 26.08.2021-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata almış, öz istifadəsi üçün üzərində gəzdirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman yanında olan Həsənağa adlı şəxsin onun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Həsənağa adlı şəxsin kimliyi barədə heçnə bilmir. Həsənağa adlı şəxs onun müştərisi olmuşdur. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nın sahə rəisi vəzifəsində çalışır, polis leytenantıdır. 27 avqust 2021-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid1, Şahid3 və Şahid4 iştirak etmişlər. 27.08.2021-ci il tarixdə saat 00:20 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 29-cu məhəllədə piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqda videoçəkilişlə polis əməkdaşlarının və müdafiəçi Zoya Hüseynovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Götürülmüş bükümə baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, 26 avqust 2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində olan zaman tanımadığı şəxsdən 10 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nın CA üzrə kiçik inspektoru, polis serjantı Şahid4 da Şahid2 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılmazdan əvvəl ona narkotik vasitələrin istifadəsində, saxlanılmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmiş, daha sonra hüquq və vəzifələri barədə bildiriş verilmiş, Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X1 təqdim olunmuş, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş büküm aşkar olunmuş, həmin gümüşü rəngli siqaret kağızı açılan zaman onun içərisindən spesifik iyə malik, tünd qəhvəyi rəngli maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmiş ki, ondan aşkar olunan tünd-qəhvəyi rəngli maddə “heroin”dir, aşkar olunmuş həmin maddəni 26.08.2021-ci il tarixdə, günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0,43 qram olduğu müəyyən olunmuş, həmin büküm zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının 27 avqust 2021-ci il tarixli, 6/3737 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN “Zərflər üçün №127 ” möhür əksi, “Vət Təqsirləndirilən şəxs üzərindən...” və.s yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,341 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,341 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,294 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 27 noyabr 2021-ci il tarixli, 4745 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 28.08.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,341 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,294 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 05.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 27.08.2021-ci il tarixdən 28.08.2021-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,341 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,294 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109.90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 27.08.2021-ci il tarixdən 28.08.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,294 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109.90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-176/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-176/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver