Məhkəmə qərarları › İş №1(060)-176/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-176/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-176/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağları, fərdi evdə yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-31/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək, barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Umbakı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, barəsində hazırkı iş üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,202 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 15 avqust 2024-cü il tarixdə, saat 12:30-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 2 saylı evin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon, 2 saylı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməyində şübhəli olduğunu bildirərək onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 1-ci PB-yə gəlmişdir. 1-ci PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdikdə o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif olunmuşdur. Həmin zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu şəffaf rəngli sellofan bükümə bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin “patı” olduğunu, həmin psixotrop maddəni saxlanıldığı gün səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş maddə sellofan bükümlə birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman çəkisinin 0,24 qram olduğu müəyyən edilmişdir. Daha sonra o, özünü təqsirli bilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş edilmişdir. Raport əsasında əməliyyat axtarış qrupu yaradılmış və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:20 radələrində əməliyyat müşahidəsinə götürülərək saat 12:30-da Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 2-nin yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, onun Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu deyərək Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gəlmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də Təqsirləndirilən şəxs Sumqayıt şəhər müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən sellofan bükümün içərisinə baxış keçirilən zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmiş və həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,24 qram olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəyə bənzər kütlə xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Sumqayıt şəhəri, 10-cu mikrorayon, 2 saylı evin (binanın) yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.16) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v.23) “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə, saat 13:39-dan saat 13:45-dək şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin istifadəsində, saxlanmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmiş, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, tutulması barədə protokol, müdafiəçi təqdim olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı cinayət xarakterli maddi sübutun (predmetin, narkotik vasitənin və ya psixotrop maddənin və.s) olubolmadığı soruşulan zaman özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən əhəmiyyət kəsb edən maddi sübut aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə olan patı-şüşə, yəni metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 manata aldığını və üzərində şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş büküm açılan zaman onun içərisindən ağ rəngli, kristallı şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu aşkar olunmuş və 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş, bükümdə olan metamfetaminə bənzər maddənin şəffaf rəngli sellofan ilə birlikdə çəkisi 0,24 qram olmuş, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir.(i.v.24-25) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4175 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 125” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş .... şübhəli şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,202 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata qəbul edildi 0,202 qram; nümunə götürüldü 0,05 qram; 0,152 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. (i.v 34-38) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 09:30-da həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 48-49) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.56-58) Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. (i.v.59-60) “Maddi sübutun tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə aşkar olunaraq götürülmüş 0,202 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq tədqiqatdan sonrakı qalıq çəkisi 0,152 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün sübutların saxlanc otağına təhvil verilməsi və “şəxsi axtarış keçirilməsi və götürmə” haqqında xx.xx.2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks edilmiş 01 ədəd “DVD” diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. (i.v.73-74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır. (i.v.88-89) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin Ambulator X2 barədə xx.xx.2024-cü il tarixli, 7380 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.103-104) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisinin məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4175 nömrəli rəyinə uyğun olaraq 0,202 qram olması əsas götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,202 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla müvafiq olaraq ümumi qalıq çəkisi 0,152 qram psixotrop maddə metamfetaminin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilməsi nəzərə alınmış, “Şəxsi axtarış keçirilməsi” barədə 15 avqust 2024-cü il tarixli tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD” formatlı disk is üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4175 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, şəxsi axtarış və götürmə protokolları, təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. (i.v.118-125) Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-31/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun üzərində qəti olaraq 01 il 05 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə, həmçinin müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 1(060)-31/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə şübhəli şəxs qismində tutulduğu 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-31/2025 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı)) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-31/2025 nömrəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 08 (səkkiz) gün, həmçinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 10 (on) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Habelə, məhkəmə Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə həbsdə olmasını və buna görə də onun dərhal məhkəmə zalından həbs edilməsi zərurətinin aradan qalxmasını nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7380 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7380 nömrəli rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,152 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)- 31/2025 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-31/2025 nömrəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 08 (səkkiz) gün, həmçinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 10 (on) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsində icraatda olan 1(060)-31/2025 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Umbakı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,152 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar