Məhkəmə qərarları › İş №1(060)-177/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-177/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-177/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1958-ci ildə Saatlı rayonu, Əlisultanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxx” QSC-də işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 25 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı binanın qarşısında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs oğlu Elbrus Səlimovun arvadı və iki azyaşlı övladını tərk edərək onun qızı Aygün ilə qeyri-rəsmi olaraq birlikdə yaşadığını irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən sol göz nahiyyəsindən əl zərbəsi ilə vuraraq ona sol gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sol göz qapağının və sol yanaq nahiyyəsinin sıyrığı xəsarətləri yetirərək, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, qızı Aygün Şəkərəliyeva təxminən 3 ildir ki, Sumqayıt şəhər sakini Elbrus adlı şəxslə qeyri-rəsmi ailə qurmuş, bir övladları vardır və ikinci övladları olacaqdır. Elbrus qızı ilə münasibət qurduqdan sonra bu barədə Elbrusun anası Nazilə xəbər tutmuş və o, bu münasibətə narazılıq bildirmişdir. Nazilə əvvəllər də dəfələrlə onun yaşadığı ünvana gələrək, guya Elbrusu məcburi saxladıqlarını iddia etmişdir. Dəfələrlə ona heç nəyin məcburi olmadığını izah etsələr də o, bunu başa düşməmiş və hər dəfə mübahisə yaratmışdır. O, özü də qızı ilə əlaqələrini kəsmiş, əlaqələri yoxdur. 25.10.2020-ci tarixdə saat 11 radələrində yaşadığı binanın qarşısında skamyada əyləşib qonşu qadınlarla söhbət etdiyi zaman Nazilə, gəlini Vəfa və Vəfanın iki azyaşlı övladları binanın tinindən onlar tərəfə yaxınlaşmış və Vəfa ona “bu uşaqların dədəsini ver” demişdir. O, Vəfaya uşaqlarının atasının onun evində olmadığını, ayrı yerdə yaşadığını, onun telefonunu da ünvanını da bildiklərini demiş və bu zaman Nazilə ona tərəfə yaxınlaşaraq üzünə tüpürərək, “ay kaftar, ay əxlaqsız, bütün bu şeylərin günahkarı sənsən” demiş, saçından əli ilə tutub onu skamyadan yerə yıxmışdır. Bu zaman o da Nazilənin saçından tutmuş və yerdə tutaşmış, Vəfa isə təpik zərbələri ilə onu yerdə vurmuşdur. Qadınların gücü çatmadığına görə yaxınlıqda skamyada əyləşmiş kişilər də onlara yaxınlaşaraq onları aralaşdırmışlar. Bundan sonra Nazilə və Vəfa hər ikisi və Vəfanın azyaşlı uşaqları ilə birlikdə oradan uzaqlaşıb getmişlər. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, əvvəllər də dəfələrlə Nazilə ilə söz mübahisəsi etmişlər. Mübahisə zamanı o, Vəfanı vurmamış, Nazilə onun saçından tutduğu zaman o, da Nazilənin saçından tutmuş, hər ikisi yerə yıxılmış və yerdə tutaşmışlar. Bu zaman Vəfa da onun saçından dartaraq yerdə təpiklə onu vurmuşdur. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını, belə ki, o, mübahisə zamanı özünü müdafiə etdiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu X4 9 ildir ki, gəlini Vəfa ilə ailə qurmuş və 2 övladı vardır. Əvvəllər münasibətləri yaxşı olsa da təxminən 2 ildir ki, oğlu ilə gəlininin münasibətləri pisləşmiş və sonradan məlum olmuşdur ki, X2 qeyri-rəsmi münasibət qurmuş, mütəmadi birlikdə olur və məhz bu səbəbdən də Vəfa ilə ailə münasibətləri pisləşmişdir. Elbrusa dəfələrlə həmin qadınla münasibətlərini kəsməsini bildirməyinə, hətta həmin qızın özü və valideynləri ilə dəfələrlə söhbətlər etməsinə baxmayaraq bütün bunların heç bir faydası olmamışdır. Oğlu artıq evə gəlmir, Aygünün yanında yaşayır. 24.10.2020-ci il tarixdə gecə oğlu evə gəlmədiyinə görə 25.10.2020-ci il tarixdə saat 11 radələrində gəlini Vəfa ilə birlikdə Aygün və Elbrusun yaşadıqları evə getmiş, qapını döyüb oğlundan çölə çıxmasını istəsə də o, çölə çıxmamış, onlar evdən DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyi üçün oradan Aygünün anası Əzbərin yaşadığı ünvana yəni, 12-ci mikrorayonda olan binanın qarşısına getmişlər. Binanın həyətində olan skamyada Əzbəri görüb ona yaxınlaşmış və ondan qızının oğlundan əl çəkməsini tələb etdikdə Əzbər ona söyüşlə çıxıb getməyini demiş və skamyadan ayağa qalxaraq təpiklə sol ayağına vuraraq əli ilə saçından tutub, dırnaqları ilə üzünü cırmaqlamış, Əzbərin dırnaqları göz nahiyyəsinə dəydikdə o, yerə yıxılmışdır. Əzbər yenə də saçından tutduqda Vəfa onları aralaşdırmış və oradan uzaqlaşaraq yaşadıqları evə qayıtmışlar. Mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, gəlini Vəfa da orada olmuş, bir qədər kənarda bir neçə şəxs skamyada otursa da həmin şəxsləri tanımamışdır. Mübahisə zamanı Vəfa ümumiyyətlə Əzbərə toxunmamış, özü isə Əzbərlə tutaşmış və ona əl-qol atmışdır. Mübahisə zamanı Əzbər Vəfanı vurmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 25.10.2020-ci il tarixdə təxminən saat 12.30 radələrində mağazadan çörək alaraq öz yaşadığı ünvana geri qayıtdığı zaman məhəllə sakinlərinin bir yerə toplaşdığını, iki qadının bir-birinin saçından tutaraq yerə yıxıldıqlarını görmüş və dərhal ora yaxınlaşmışdır. Həmin şəxslərdən birinin qonşusu Əzbər olduğunu görmüş və orada olan digər qonşularla birlikdə mübahisə edən şəxsləri ayağa qaldırdıqda hər ikisinin əlində digərinin saçları olmuşdur. Əzbərlə mübahisə edən qadının yanında başqa bir qadın, həmçinin iki azyaşlı uşaq da olmuşdur. Həmin qadın əvvəllər də bir neçə dəfə binanın qarşısına gələrək, Əzbərlə mübahisə etmişdir. Mübahisə təxminən 10-15 dəqiqə davam etmış, orada qonşuluqda yaşayan bir neçə yaşlı qadın və eləcə də Əli adlı şəxs də olmuş və birlikdə həmin qadınları aralaşdırmışlar. Mübahisə zamanı Əzbər və onunla mübahisə edən iki qadın hər iki tərəf bir birini vurmuş, bir-biri ilə tutaşmış, həmçinin saçları bir-birinin əlində olmuşdur. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 25.10.2020-ci il tarixdə təxminən saat 12.30 radələrində yaşadığı binanın qarşısında siqaret çəkdiyi zaman qonşu binanın qarşısında qışqırıq səsi eşitmiş və buna görə də səs gələn tərəfə getmişdir. Ora getdiyi zaman iki qadının qonşuluqda yaşayan Əzbər adlı şəxslə dalaşdıqlarını, Əzbərin yerə yıxıldığını, iki qadının onunla tutaşdıqlarını, qonşuluqa yaşayan digər qadınların onları aralaşdırdıqlarını görmüşdür. O, özü də həmin qadınları aralaşdırmış, yerdən qalxdıqları zaman Əzbərlə dalaşan qadınları tanımışdır. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, orada binalarında yaşayan bir neçə yaşlı qadın və eləcə də qonşu Vaqif adlı şəxs olmuşdur. Birlikdə həmin şəxsləri aralaşdırmışlar. Həmin şəxslərin bir birinə əl-qol atdıqlarını görsə də dəqiq kimin-kimi vurduğunu görməmişdir. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Elbrus Səlimov ilə 10 ildir ki, ailə qurmuş və bu evlilikdən iki övladı dünyaya gəlmişdir. Onunla əvvəllər münasibətləri yaxşı olsa da sonradan bir qədər pisləşmış və məlum olmuşdur ki, Elbrus başqa bir qadınla münasibət qurmuş və bu səbəbdən də ailə münasibətləri pisləşmişdir. Dəfələrlə ona bu barədə xəbərdarlıq etsə də sözlərinə qulaq asmamış və artıq evə də gecgec gəlmişdir. Sonradan müəyyənləşdirmişlər ki, Elbrus Aygün adlı qadınla münasibət qurmuş və evə gəlmədiyi zamanlar onun evində gecələmişdir. Buna görə də qaynanası Nazilə Aygün və sonuncunun anası Əzbər ilə dəfələrlə telefon vasitəsilə və üz-üzə danışsa da bunun bir nəticəsi olmamışdır. Sonuncu dəfə 25.10.2020-ci il tarixdə qaynanası Nazilə Aygünün yaşadığı ünvana gedəcəyini bildirdiyi zaman qaynanası xəstə olduğundan onunla birlikdə getməli olmuşdur. Əvvəlcə Aygünün yaşadığı ünvana getmiş, qaynanası taksidən düşüb Aygünün yaşadığı evin blokuna daxil olmuş və bir qədər sonra geri qayıdaraq Aygünün qapını açmadığını bildirərək, Əzbərin yaşadığı ünvana getmək lazım olduğunu qeyd etmişdir. Oraya getməyin mənasız olduğunu desə də qaynanası “gedək o da bizimlə bura gəlsin və Aygünün yaşadığı evin qapısını açdırsın görək Elbrus nə üçün evə gəlmir” demişdir. Birlikdə Əzbərin yaşadığı binanın qarşısına getmişlər. Binanın qarşısında olan skamyada iki qadının əyləşdiyini, onlardan birinin Əzbər olduğunu gördükdə qaynanası Əzbərə yaxınlaşaraq “siz nə etmək istəyirsiniz, nə üçün oğlumun ailəsini dağıdırsınız? Dur gedək Aygünün evinə görüm nə üçün oğlumu buraxmır” demişdir. Bu zaman Əzbər əyləşdiyi yerdən təpiklə qaynanasının ayağından vuraraq nalayiq sözlə “çıx cəhənnəm ol buradan, əcəb edir, yaxşı edir, uşağının atasıdı, nə etməlidir ki?” deyərək ayağa qalxaraq qaynanasının sinəsindən əli ilə geri itələyib “yeri çıx get buradan” deyərək münaqişəni başlatmışdır. Belə olduqda qaynanası ilə Əzbər birbirinə əl zərbələri endirmış, Əzbər qaynanasını yerə yıxaraq sifət nahiyyəsindən şillə, yumruq zərbələri vurub, üzünü cırmaqlamışdır. Həmin vaxt onlar hər ikisi bir-birini vurmuşdur. O və qonşuluqda yaşayan tanımadığı yaşlı qadın onları aralaşdırmağa çalışmış, qaynanası yerdə Əzbər isə qaynanasının üzərində olmuş və onu yumruq və sillə zərbələri ilə vurmuşdur. Qaynanası, o və azyaşlı övladları birlikdə oradan uzaqlaşmış, mübahisə zamanı Əzbəri vurmamış, təhqir etməmişdir. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, orada tanımadığı bir neçə qonşu olmuşdur. Qaynanasının sol göz nahiyyəsində olan xəsarət Əzbərin sağ əli ilə vurması nəticəsində yaranmışdır. Qaynanası Əzbərin altında olduğu zaman o, Əzbəri əlləri ilə itələyərək ayırmaq istəmiş, lakin onu vurmamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 26.10.2020-ci il tarixli, 1336 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol gözün ağlı qişasının qansızma ilə müşayət olunmuş sol göz qapağının və sol yanaq nahiyyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 25.10.2020-ci il tarixdə yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vətəndaş Zərərçəkmiş şəxs özü-özünə yetirməsi, həmçinin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilməyərək, Zərərçəkmiş şəxs döyməməsi və ona hər hansı bir xəsarət yetirməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14.12.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan müstəntiqin “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 11 yanvar 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarın surəti Zərərçəkmiş şəxs və Şahid5 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X5 9 (doqquz) saat iştirak etmişdir. Ona görə də 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 21.01.2021-ci il tarixli (iş № 1(060)-177/2021) qərarını icra edərək, 27.01.2021-ci il tarixli 38 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib,1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Sumqayıt Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar