Məhkəmə qərarları › İş №1(060)-177/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-177/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-177/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1980-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək onu Sumqayıt şəhəri ərazisində olan MKİS-lərdən birinə işə düzəldəcəyini yalan vədd verib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında 1000 (bir min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 1000 (bir min) manat maddı ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid 2 ilə yaxındır tanıyır. Belə ki 2020-ci ildən Sumqayıt bazar ətrafında yerləşən “Nicat" gözəllik salonunda hər ikisi saç ustası işləmiş və o vaxtdan münasibətləri vardır. Təxminən 01 (bir) il işlədikdən sonra işdən çıxmış, lakin Tünzalə ilə münasibətləri davam etmişdir. 2021-ci ilin əvvəllərində Tünzalə onunla görüşən zaman ondan 10 (on) gün müddətinə 2500 (iki min beş yüz) manat borca pul istəmişdir. Ondan nə olduğunu soruşduqda o, uşağının hərbi komisarlıqda problemi olduğunu və 10 (on) gün müddətinə qaytara biləcəyini demiş, o, 2-3 gündən sonra Tünzaləyə 2500 (iki min beş yüz) manat borca pul vermişdir. Təxminən 10 (on) gün sonra Tünzaləyə zəng edib pulunu istədikdə o, həmin 2500 (iki min beş yüz) manat pulu qonşusuna faizlə verdiyini və ondan pulu ala bilmədiyini demişdir. Tünzalə ondan qonşusuna zəng edib pulun ona aid olduğunu və istəməyini xahiş etmişdir. Tünzalənin yanında Gülnar adlı qonşusuna zəng edib Tünzalənin ona verdiyi 2000 (iki min) manat pulun ona aid olduğunu və qaytarmasını demişdir. Gülnar həmin faizə götürdüyünü və 02 (iki) ay müddətinə qaytaracağını demiş və Tünzalə ilə razılaşmışdır. Həmin vaxtlarda Tünzalə baldızı qızı Zümrüdlə onu tanış etmişdir. Belə ki, o bəzək əşyaları satışı ilə məşğul olurmuş və o da Zümrüddən bir neçə dəfə özü üçün bəzək əşyaları almışdır. 2022-ci ilin mart ayında Tünzalə onu evinə çağıraraq Zümrüdü “jekə” işə düzəlmək istədiyini demişdir. Tünzalə ona həyat yoldaşının xasiyyətinin pis olduğunu və Zümrüdü işə düzəltməsini bilməməsini istədiyini demiş və ondan Zümrüdü işə düzəltməyinə köməklik etməsi üçün onunla əlaqə saxlamağını xahiş etmişdir. Buna görə də, Zümrüdə istifadə etdiyi mobil nömrə vasitəsi ilə əlaqə saxlayaraq ona səs atmış və işə düzələcəyini demişdir. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi diskdə olan səs yazıları ona aiddir, ondan Tünzalə Zümrüdlə onun əvəzinə telefonda danışmasını və belə deməsini xahiş etmişdir. Zümrüddən pul almamış, ona işə düzəltməklə bağlı heç bir vədd verməmiş, həmin telefon səsləri Tünzalə yanında olduğu zaman danışdığı səslərdir və ondan Tünzalə xahiş etmişdir. Qeyd etdiyi xüsusatlarla bağlı telefonunda səs yazıları var idi, lakin telefonu itdiyinə görə həmin səs yazılarını təqdim edə bilmir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir neçə müddətdir işləmək qərarına gəlmişdir. İş tapmaq məqsədi ilə özü bir neçə dəfə soraqlaşsa da münasib iş tapmamışdır. Habelə bu barədə dayısının həyat yoldaşı Tünzalə xanıma da demişdir. 2022-ci ilin aprel ayının əvvəllərində dayısının həyat yoldaşı Tünzalə ona zəng edərək əvvəl Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazsində yerləşən gözəllik salonunda birlikdə işlədiyi Elza adlı qadının əlaqələrinin olduğunu, onun yüksək vəzifələrdə işləyən qohumlarının olduğunu, iş tapmaq məqsədi ilə ona müraciət edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra dayısı X1 yaşadığı ünvan 4 ünvanında Elza ilə dayısının həyat yoldaşı Tünzalənin iştiakı ilə görüşmüşdür. Görüş zamanı da Elzaya yalnız kargüzarlıq işinə düzəlmək istədiyini demişdir. O da Sumqayıt şəhəri ərazisində yerləşən MKS-nin birinə, FHN-ə və ya MN-ə işə düzəldə biləcəyini demişdir. Daha sonra da Elza ona 30 yaşı tamam olduğu üçün FHN-nə və MN-nə düzəldə bilməyəcəyini demişdir. Buna görə də, yalnız MKS-də işə düzəldə biləcəyini demişdir. Ondan qiyməti soruşduqda Elza 2000 (iki min) manata düzəldəcəyini demiş, o isə Elzaya işə düzələn kimi ona 2000 (iki min) manat verəcəyini demişdir. Lakin o, razılaşmamışdır. Buna görə həmin pulun yarısı olan 1000 (bir min) manatı ilk olaraq verməyini, qalan 1000 (bir min) manatı isə iş düzəldikdən sonra verməyini bildirmişdir və onlar razılaşmışlar. 23.04 2022-ci il tarixdə saat 21:30 radələrində dayısının yaşadığı ünvana gəlmişdir. Orada Tünzalənin iştirakı ilə Elza ilə görüşmüş və orada Elzaya 1000 (bir min) manat pulu vermişdir. Elza da təxminən 15 (on beş) günə işə düzələcəyini bildirmişdir. Onu narahat etməmək üçün təxminən 01 (bir) ay sonra Elza ilə əlaqə saxlamış və ondan işinin nə yerdə olduğunu soruşda o da hələ gözləməyini bildirmişdir. Bir qədər də gözləmişdir. Yenidən Elza ilə maraqlandığı zaman o, yenidən müxtəlif bəhanələr gətirmişdir. Buna görə də, Elzanın artıq onu aldatdığını başa düşüb ona verdiyi 1000 (bir min) manat pulu tələb etmişdir. Lakin o, həmin vaxtdan etibarən pulunu qaytaracağını desə də, həmin pulu hazırki vaxta qədər geri qayatramamış, verdiyi vədinə də əməl etməyərək ona qarşı dələduzluq edib 1000 (bir min) manat maddi ziyan vurmuşdur. O Elza adlı qadınla ilk əvvəl ***-***-**-**, ***-***-**-** və 055-705-30 saylı mobil telefon nömrələri ilə, sonuncu dəfə isə ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Elzaya dəfələrlə zəng etmiş və həmiçinin Elza da ona zəng edərək, işin düzəlməsi ilə pulun ona verilməsi, şəxsiyyət vəsiqəsinin ona çatdırılması ilə bağlı danışmışdır. Həmin danışıqlarla bağlı səs yazıları vardır. Tünzalə adlı qohumuna işə düzəlmək istədiyini demiş bundan bir müddət sonra o, zəng edərək Elza adlı tanışının işə düzəldə biləcəyini demişdir. Elza ilə danışdıqları zaman və ona pul verdiyi zaman yanında qohumu Tünzalə olmuş, bundan başqa 02 (iki) azyaşlı övladı da yanında olmuşdur, həmçinin ailə üzvlərinin də işə düzəlmək üçün Elza adlı şəxslə danışmağı və ona 1000 (bir min) manat pul verməyi barədə məlumatları olmuşdur. Ona dəyən maddi ziyan qaytarılmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. Elza adlı şəxsi 2019-cu ildə həmin vaxt işlədiyi gözəllik salonunda birlikdə işlədikləri vaxtdan tanımışdır. 2022-ci ilin təxminən aprel ayında Elza ona 2000 (iki min) manat pul müqabilində onu MKS-ə işə düzəldə biləcəyini demişdir. O, həm pulu olmadığına görə həm də verdiyi pulu sonradan neçə müddətə maaşla qazanacağını düşünüb imtina etmişdir. Həmin vaxtdan aralarında münasibət yaranmışdır. Beləliklə münasibətləri daha da yaxın olmuş və Elza rəfiqə kimi onun yaşadığı ünvana gəlib-getməyə başlamışdır. 2022-ci ilin may ayının əvvəllərində Elza yaşadığı ünvana gəldiyi zaman həyat yoldaşının MKS-ə işə düzəldiyini, orada işə düzəlmək mümkün olduğunu bildirmişdir. Lakin həmin vaxt başqa işdə işlədiyi üçün onun təklif etdiyi işlə maraqlanmamış və həmin ərəfələrdə baldızı qızı Zümrüdün iş axtardığını eşitdiyi üçün Zümrüd ilə görüşdükləri zaman ona bu barədə deyəcəyini Elzaya bildirmişdir. Bir neçə gün sonra Zümrüdlə görüşdükdə ona bu barədə demişdir. Zümrüd ilə Elza telefonda danışmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Elza yaşadığı ünvana gəlmiş, Zümrüdün də bir neçə dəqiqə sonra da gələcəyini bildirmişdir. Zümrüd də gəlmiş, evdə oturub çay içmişlər. Onlar yenidən öz aralarında Elzanın təklif etdiyi işə Zümrüdün düzəldilməsi ilə bağlı öz aralarında söhbət etmişlər və Zümrüd Elzaya 1000 (bir min) manat pul vermişdir. Elza da həyat yoldaşı vasitəsi ilə Zümrüdü Sumqayıt MKS-ə işə düzəldəcəyini demişdir. Bundan sonra o da Elzaya bu məslədə diqqətli olmasını və problem yaranmamasını bildirmişdir. Elza ona “narahat olma” demişdir. Elzanın söz verdiyi müddətdən artıq çox keçmiş və Zümrüd ilə telefonda danışdığı zaman o, pulu Elzaya verdiyi vaxtdan bir neçə ay keçsə də, Elzanın vədinə əməl etmədiyini bildirmiş və başa düşmüşdür ki, o, Zümrüdü aldadır. Bundan sonra artıq Zümrüd Elzadan pulunu tələb etməyə başlamış, lakin hazırki vaxta qədər Elza Zümrüdə pul verməmişdir. Zümrüd 1000 (bir min) manat pulu onun yanında Elzaya vermişdir. Elza onun yanında da Zümrüdə onu tezliklə işə düzəldəcəyini vədd vermiş, ondan 1000 (bir min) manat pul almış, lakin işin tam dəqiq olaraq nə iş olacağını, maaşı, iş rejimini Elzayla Zümrüd özləri danışmışlar. Zərərçəkmiş şəxs Elza adlı şəxsə 1000 (bir min) manat pulu verdiyi zaman evdə üçü olmuş, başqa heç kim olmamış, digər söhbətləri apardıqları zaman onların yanında başqa kimlərin olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs yalan deyir, onun yanında Zümrüddən onu işə düzəltmək üçün 1000 (bir min) manat pul alıb heç vaxt Elzadan onun adından Zümrüd ilə telefonda danışmasını xahiş elməmiş, hətta dəfələrlə ona düzəldə bilməyəcəksə Zümrüdü yalandan aldatmamasını demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin səslərdən görünür ki, səslər iki nəfər qadının səs yazılarıdır, iki nəfər qadının hansısa işin düzəldilməsi ilə bağlı danışdıqları əks olunur. Təqsirləndirilən şəxs həmin səslərdən birinin ona aid olduğunu, işə düzəldəcəyini deyən qadın səsinin onun səsi olduğunu, tanışı Tünzalə ondan xahiş etdiyi üçün Zümrüd ilə belə danışdığını bildirir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sülyman qızı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi 01 (bir) ədəd CD Compact formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 178.2..2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır. O, Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və zərərçəkmiş şəxs qızına Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 1/32, mənzil 8 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs qızına Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar