Məhkəmə qərarları › İş №1(060)-177/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-177/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-177/2024 25.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə “İnstagram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə sex rəisinin köməkçisi işinə düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs 10 iyun 2023-cü il tarixində, saat 01:04-də yaşadığı Sumqayıt şəhəri, Yaşma bağları ərazisində “Birbank” tətbiqi vasitəsi ilə özünə məxsus 4169 7388 9092 0204 nömrəli kart hesabından ona məxsus “Leo Bank”a aid 4098 5844 5016 0161 nömrəli kart hesabına göndərdiyi 150 manatı, həmin gün saat 15:39-da Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Sülh küçəsi, Baxça şəhər yaşayış massivində yerləşən "xxxx" MMC-də eyni qaydada həmin hesaba göndərdiyi 171 manatı, həmin gün saat 15:44-də Zərərçəkmiş şəxs həmin yerdə eyni qaydada həmin hesaba göndərdiyi 122 manatı, həmin gün saat 17:48-də Zərərçəkmiş şəxs həmin yerdə Birbank tətbiqi vasitəsi ilə 5103 0714 9750 6523 nömrəli kart hesabından ona məxsus hesaba göndərdiyi 170 manatı, həmin gün saat 17:49-da Zərərçəkmiş şəxs həmin yerdə Birbank tətbiqi vasitəsi ilə 4169 7388 9092 0204 nömrəli kart hesabından ona məxsus hesaba göndərdiyi 122 manatı, sonuncu dəfə həmin gün saat 20:26-da Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Bravo” marketdə yerləşdirilmiş “MilliÖn” ödəmə terminalı vasitəsi ilə ona məxsus hesaba göndərdiyi 100 manat pulu ələ keçirməklə, sonradan verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 835 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2023-cü ilin fevral ayında “instagram” sosial şəbəkəsində tanış olmuşdur. Həmin vaxt o, qeydiyyatdan “Raul Əlizadə” adı ilə keçmiş və hamı onun adını Raul kimi tanımışdır. Fərid Suqmayıt şəhərinin şəkillərin instagrama qoyduğundan sonuncuya yazaraq onun da Sumqayıt şəhərində yaşadığını demişdir. Bundan sonra söhbətləri başlamışdır. Fəridə vəzifədə işlədiyini demişdir. Fərid restoranda ofisiant işlədiyini demişdir. Danışıq zamanı Fərid özü ona yaxşı əlaqələrinin olduğunu, onu işə düzəltməyini demişdir. Həmin vaxt ona pul lazım olduğundan Fəridi STP zavodunda sex rəisinin köməkçisi işinə düzəldə biləcəyini demişdir. Fərid onunla razılaşmışdır. Bundan sonra bu işin alınması üçün Fəriddən pul istəməyə başlamışdır. xx.xx.2023-cü il tarixində Fərid ona məxsus “Leo Bank” 4098 5844 5016 0161 nömrəli kart hesabına 150 manat, 171 manat, 122 manat, 170 manat, 122 manat və 100 manat pul göndərmişdir. Fərid ümumilikdə ona 835 manat pul göndərmişdir. Sonuncu pulu göndərən zaman hesab sahibinin adı Təqsirləndirilən şəxs olduğu bilindiyindən Fərid ondan bu barədə soruşmuşdur. Belə ki, Fərid onun adını Raul kimi bilmişdir. Həmin vaxt o, Fəridə demişdir ki, Təqsirləndirilən şəxs STP zavodundan işləyir və onun dostudur, Vasifin vasitəsi ilə onu işə düzəldəcək. Fərid ona sonuncu pulu göndərəndən sonra səhərisi gün saat 17 radələrində STP-yə getməsini demişdir. Səhərisi gün Fərid ona zəng edərək STPyə gedəcəyini demiş, həmin vaxt o, Fəridə iş stajının az olduğunu, buna görə əlavə olaraq 200 manat da göndərməsini demişdir. Fərid bu zaman ona pulunun olmadığını demişdir. Həmin vaxt o, işin alınmayacağını demişdir. Fərid pulunu qaytarmasını demiş, o isə tezliklə qaytaracağını bildirmişdir. Sonra imkanı olmadığından Fəridin pulun qaytara bilməmiş və sonuncu onun barəsində şikayət etmişdir. Onun pula ehtiyacı olduğundan Fəridi işə düzəldəcəyini deyib sonuncudan ümumilikdə 835 manat pul almışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin fevral ayında instagram sosial şəbəkəsində “Raul Əlizadə” adlı şəxslə tanış olmuşdur. Belə ki, o, Sumqayıt şəhərinin şəklini instagramda yerləşdirən zaman həmin şəxs ona yazaraq Suqmayıtdan olduğunu demişdir. Bundan sonra onlar yazışmağa başlamışlar, yaxşı münasibətləri yaranmış, ancaq üzbəüz görüşməmişlər. Bir müddət danışandan sonra işsiz olduğunu və istədiyi təqdirdə STP zavodunda sex rəisinin köməkçisi kimi işə düzəldə biləcəyini demişdir. Onlar yazışan zaman həmin şəxs yaxşı vəzifələrdə işlədiyini ona demiş və o da inanmışdır. Həmin şəxs onun indiyə qədər heç yerdə işləmədiyini, buna görə çətinlik yaranacağını, ancaq müəyyən pul qarşılığında sistemdə adını işləyən kimi qeyd edib bundan sonra STP-də işə düzəldə biləcəyini demişdir. O da inanmışdır. Bundan sonra yaşadığı Yaşma Bağları ərazisində olan zaman həmin şəxsə məxsus “Leo Bank”a məxsus 4098 5844 5016 0161 nömrəli karta özünə məxsus “Kapital Bank”a məxsus 4169 7388 9092 0204 kartdan xx.xx.2023-cü il tarixində saat 01:04-də 150 manat, həmin gün saat 15:39-da Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Baxça şəhər” yaşayış massivində olan "xxxx" MMC-də işdə olan zaman 171 manat, həmin yerdə saat 15:44-də 122 manat, həmin yerdə özünə məxsus digər “Kapital Bank”a məxsus 5103 0714 9750 6523 nömrəli kartdan onun qeyd etdiyi karta xx.xx.2023-cü il tarixində, saat 17:48-də 170 manat, bundan sonra saat 17:49-da həmin yerdə özünə məxsus 4169 7388 9092 0204 kartdan 122 manat pul göndərmişdir. Bundan sonra həmin gün saat 20:26-da Suqmayıt şəhəri, Sülh küçəsində yerləşən “Bravo” marketinin içərisində quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Raul kimi tanıdığı şəxsin ona qeyd etdiyi 4098 5844 5016 0161 nömrəli karta 100 manat pul göndərmişdir. Həmin vaxt qəbzə baxan zaman kart sahibinin adının Təqsirləndirilən şəxs olduğu yazılmışdır. Bundan sonra o, Raul kimi tanıdığı şəxsin ***-***-**-** mobil telefon nömrəsinə vatsapp sosial şəbəkəsi vasitəsi ilə görüntülü yığıb pulu göndərdiyini, qəbzdə adının Təqsirləndirilən şəxs kimi qeyd olunduğunu demişdir. Həmin şəxs isə Vasifin kartı oldğunu həmin şəxsin STP-də onu işə düzəldə biləcəyini demişdir. Raul səhər saat 17 radələrində STP zavoduna getməyini demişdir. Səhərisi gün səhər saatlarında o, Raula zəng etmiş və STP-yə gedəcəyini demişdir. Raul isə stajının az olduğunu əlavə olaraq 200 manat da pul lazım olduğunu demişdir. O isə pulunun olmadığını demiş, təkidlə pul göndərməyini istəmiş, o isə imtina etmişdir. Bundan sonra həmin şəxs ona işinə xitam veriləcəyini demiş, o isə pulunun nə olacağını demiş, Raul tezliklə qaytarılacağını bildirmişdir. 1 aydan çox müddət gözləyəndən sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Araşdırma zamanı təhqiqatda ona qəbzdə adı yazılan Təqsirləndirilən şəxs şəklini göstərmişlər, o, həmin vaxt onunla danışan Raul adlı şəxsin əslində Vasif olduğunu və yalandan adının Raul olduğunu ona dediyini bilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, onun sonuncuya qarşı şikayət və tələbi olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işinin 78-79-cu vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 39-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 17 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin hökm xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltixzam qətimkan ləğv edilməli və iş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd qəbz cinayət işinin materiallarında saxlanılmaldır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar