Məhkəmə qərarları › İş №1(060)-177/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-177/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-177/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,407 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etməklə əynindəki qara rəngli cins şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 25 sentyabr 2024-cü il tarixdə, saat 16:05 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 2 nömrəli binanın qarşısında saxlanılmaqla Sumqayıt ŞPİ-nə gətirilmiş və polis idarəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin metamfetamin əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evdən çıxan zaman binanın dəhlizində onu tutmuş, polis idarəsinə gətirmişlər. İdarədə üzərinə axtarış keçirilən zaman cibindən bir büküm “şüşə” adlanan narkotik maddə aşkar edilmişdir. Həmin narkotik maddəni tanımadığı şəxsdən Saray qəsəbəsində 20 manata əldə etmişdir. Həmin narkotik maddəni istifadə etməmişdir. Digər narkotik vasitələrdən də istifadə etmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq və ya qanunsuz hərəkətlər olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, iki ilə yaxın müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 16:05-da Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib Sumqayıt ŞPİ-nə dəvət etmişlər, o da etiraz etməmişdir. ŞPİ-də olan zaman onu xidməti otağa aparmışlar və üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə vidəçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində ağ rəngli, kristal şəkilli "metamfetamin"ə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş həmin maddənin psixotrop maddə olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş ağ rəngli, kristal şəkilli "metamfetamin"ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin 0,47 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, oda həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Bundan əlavə üzərindən Samsung markalı mobil telefon aşkar olunmuşdur. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanılması və istifadə edilməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında Sumqayıt şəhəri, 18ci mikrorayon, ev 2-nin qarşısında Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmiş və polis idarəsinə dəvət etmişlər. İdarədə şəxsin üzərinə baxış keçirilmiş, üzərindən “şüşə, patı” adlanan narkotik vasitə metamfetamin aşkar edilmiş, sənədləşdirilmiş, möhürlənmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 25 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının etibarlılığını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 2 nömrəli binanın ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 25 sentyabr 2024-cü il tarixdə, təxminən saat 16:05 radələrində Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında olduğunu görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etməklə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması üçün şərait olmadığından sonuncunu üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-yə dəvət etmişlər, Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqda Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Asəf Həbibov tərəfindən qeydə alman videoçəkilişlə müdafiəçi Günay Cəfərovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı tərəfindən sonuncuya təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü və şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxaraq təqdim etmişdir. Şəffaf sellofan bükülüyə baxıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün aldığını, özünə məxsus mobil telefonun üzərində ***-***-**-** saylı nömrənin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəziyə qoyulub çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefon da təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 2-nin yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 16:05-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-309/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmışdır. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd telefon cihazını və bir ədəd şəffaf sellofanı təqdim etdi. Təqdim etdiyi sellofan açıldıqda içərisində ağ rəngli kristal şəklində maddənin və təqdim etdiyi mobil telefonun Samsung markalı olmaqla içərisində ***-***-**-** mobil nömrəsinin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “Metanfetamen” olduğunu bildirdi. Həmin maddəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsindən tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını və aldığı maddədən bir qədər istifadə etdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofanda olan kristal şəklində ağ rəngli narkotik vasitə olan “Metamfetamin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,47 qram olduğu oduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. - məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/4710 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” Yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,407 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,357 qram metamfetamin qalıq qalmışdır. - məhkəmə-tibbi ekspertizasının 1682 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. -Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-605/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Elsevər Quliyev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir, sonuncuya hüquq və vəzifələri barədə bildirişi təqdim edir. Sonra isə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirib polis əməkdaşlarına və müdafiəçi X4 özlərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü və şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxaraq təqdim edir. Şəffaf sellofan bükülüyə baxıldıqda içərisində ağ rəngli kristaləşkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu. Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün aldığını, özünə məxsus mobil telefonun üzərində ***-***-**-** saylı nömrənin olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəziyə qoyulub çəkilir və çəkisinin 0,47 qram olması müəyyən olunur. Bundan sonra həmin bükülü qablaşdırılır, möhürlənir və zərfin üzəri imzalanır. Həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefon da götürülür. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. - xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon “Samsung” markalı olmaqla qara rəngli mobil telefondur, telefonun üzərində ***-***-**-** saylı nömrə vardır. Baxış zamanı telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil, telefon nömrələri və ya videogörüntülər müəyyən olunmadı. - məhkəmə-narkoloji ekspertizasının 6889 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,407 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,357 qram metamfetamin saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin metamfetaminin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza təyin olunmuş yeni cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,357 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon sahibinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-963/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 2151 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 11 (on bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 04 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza Təqsirləndirilən şəxs hazırda təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,357 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon sahibinə geri qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar