Məhkəmə qərarları › İş №1(060)-178/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-178/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-178/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda təmiz çəkisi 1,607 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11 noyabr 2021-ci il tarixdə saat 22:50-də Sumqayıt ŞPİ-nin narkotik mübarizə bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, 48-ci məhəllə, “Çerkassi” adlanan ərazisində küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və Sumqayıt ŞPİ-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindəki “Want“ markalı siqaret qutusunun içərisindən şəffaf rəngli sellefona bükülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,607 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və hazırda Sumqayıt şəhəri, Novxanı bağlar massivi fərdi ev ünvanında ailəsi ilə birlikdə yaşayır. Əvvələr məhkum olmuşdur. Evlidir. Təxminən 3-4 il olar ki, narkotik vasitə heroini zərdə yandırıb tüstüsünü qəbul edir. Heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllə, ”Çerkassi” adlanan küçədə piyada hərəkətdə olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmış və özlərini polis işçiləri olduqlarını bildirdikdən sonra ona özlərini təqdim etmişlər, sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nə aparılacağını bildirdiklərini qeyd etmişdir. Həmin vaxt üç nəfərdən biri onun əllərindən möhkəm yapışdıqlarına görə öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən Polis Bölməsinə aparılmışdır. Sumqayıt ŞPİ-də xidməti otaqda polis işçiləri və dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və daha sonra əynində olan qara rəngli gödəkçənin sol iç cibində “Want” markalı siqaret qutusunun içərsində şəffaf rəngli sellefona bükülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin bükümün içində heroin olduğunu təhqiqatçıya demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Sumqayıt ŞPİ-də ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə heroindir, ona məxsusdur və həmin heroini xx.xx.2021-ci il tarixdə İran vətəndaşı olan Fərhad adlı şəxsin kart hesabına 50 (əlli) manat pul göndərdiyini və həmin şəxs də narkotik vasitə heroini Xırdalan dairəsi adlanan əraziyə atdığını və həmin yerin şəklini ona çəkib atdıqdan sonra oradan gedib narkotik vasitəni götürdüyünü, həmin heroini öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 11 noyabr 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 da iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 22:00 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onu Sumqayıt şəhəri, 48-ci məhəllə, ”Çerkassi” adlanan küçədə piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirdiklərini, sonra özlərini ona təqdim etdiklərini və üzərində narkotik vasitə olduğundan şübhələndiyiklərinə görə onlarla birgə Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirmələrini demişdir. Bundan sonra o, müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-nin inzibati binasına gətirildiyini, Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs təhqiqatçı Elsevər Quliyev tərəfindən şübhəli şəxs qismində tutulduğunu, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini bildirmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmiş. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunduğunu və bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol iç tərəfində saxlamış olduğu “Want” markalı siqaret qutusunun içərsindən şəffaf rəngli sellefona bükülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etdiyini bildirmişdir. Həmin büküm sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və həmin narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və paketin üzəri möhürlənmışdır. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini xx.xx.2021-ci il tarixdə İran vətəndaşı olan Fərhad adlı şəxsin kart hesabına 50 (əlli) manat pul göndərdiyini və həmin narkotik vasitə heroini Xırdalan dairəsi ərazsində yerdən gedib götürdüyünü, öz istifadəsi üçün üzərində gəzdirdiyini deməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadələr vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis mayoru Elsevər Quliyev Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Həmin vaxt NMB-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Günay Cəfərovanı təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol iç cibində saxlamış olduğu “Want” markalı siqaret qutusunun içrəsindən şəffaf sellefona bükülmüş heroin aşkar edir və Təqsirləndirilən şəxs haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o aşkar olunan maddənin heroin olduğunu, həmin maddəni 08.11,2021-ci il tarixdə İran xətəndaşı olan Fərhad adlı şəxsdən Xırdalan dairəsi ərazsində atdığını və həmin heroini gedib oradan götürdüyünü söyləyir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş heroinə bənzər kütlə elektron tərəzidə qoyularaq çəkilir və çəkisinin 1,78 qram olması müəyyən olunur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin 127 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 6/5005 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «... Şübhəli şəxs Əhmədov.R.V....» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,607 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 1,607 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,557 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 19 noyabr 2021-ci il tarixli, 4562 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs OPİDLƏRİN VƏ ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,607 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,557 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-178/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağı vardır (xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2). İş materiallarında olan xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1 və 206-cı maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və səmimi etirafını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,607 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,557 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,557 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar