Məhkəmə qərarları › İş №1(060)-178/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-178/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-178/2024 07.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 12 avqust 1988-ci ildə Qubadlı rayonu, Həmzəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3, 68.1.1-1, 67.1-ci maddələri tətbiq edilməklə 02 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək cəzası 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Həmzəli ərazi dairəsi, Həmzəli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 aprel 2023cü il tarixdə, saat 13 radələrində "xxxx" MMC tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Levent Sumqayıt Beach City 1” yeni yaşayış kompleksinin anbarının giriş qapısını dəmir parçası ilə açaraq ora qanunsuz daxil olmaqla anbardan MMC-yə məxsus 2x10 kv.mm. ölçülü, 200 (iki yüz) metr uzunluğunda, 1 (bir) metri 8 (səkkiz) manata olmaqla cəmi 1600 (bir min altı yüz) manat dəyərində mis metalından ibarət elektrik naqilini və 1 (bir) ədədi 230 (iki yüz otuz) manat dəyərində olmaqla cəmi 690 (altı yüz doxsan) manat dəyərində 3 (üç) ədəd çoxşaxəli ÇSS-15, ÇSS-20 mənzil su sayğaclarını gizli talamaqla zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 2290 (iki min iki yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 08 aprel 2023-cü il tarixdə Sumqayıt şəhəri, Bulvar ərazsində yerləşən “Levent City” yaşayış komleksinin yaxınlığından keçən zaman orada olan binaların birinin birinci mərtəbəsində elektrik naqillərinin olduğunu görmüşdür. Maddi imkanı yaxşı olmadığına görə oradan oğurluq etmək qərarına gəlmişdir. 12 aprel 2023-cü il tarixdə, təxminən saat 13 radələrində həmin binanın yanına gəlmiş, şüşəli qapıdan içəri baxanda naqillərin çox olmasını görüb əlilə apara bilməyəcəyini başa düşmüş və buna görə, taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 zəng vurub sonuncuya Sumqayıt şəhərində yerləşən Mehdi Hüseynzadə adına stadionun arxa hissəsinə gəlməsini demişdir. Sonra isə ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə binanın anbarının qapısını açaraq içəri daxil olmuşdur. Hissə-hissə bağlanmış bir neçə naqilin və 3 ədəd su sayğacının olmasını görmüşdür. Sonra isə çölə çıxıb yenidən Vüqara zəng vuraraq Sumqayıt şəhəri Bulvar ərazsində yerləşən “Levent City” yaşayış komleksinin həyətinə gəlməsini, orada naqillər olduğunu və onları Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə aparmalı olduğunu demiş, Vüqar da onunla razılaşmışdır. Bir neçə dəqiqədən sonra Vüqar idarə etdiyi Reno markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yanına gələrək anbarın giriş qapısının qarşısında avtomobili saxlamışdır. Vüqar gələnə qədər ona oğurluq əməli törətdiyini deməmiş, gəldikdən sonra naqilləri oğurladığını bildirmişdir. O, naqilləri yığmaq üçün avtomobilin arxa oturacaq hissəsini düzəltməyə başlamışdır. Avtomobilin arxa oturacaqlarının üzərinə parça sərdikdən sonra Vüqar ona avtomobili yolun ortasında saxladığından başqalarına mane olmamaq üçün avtomobillərin dayanması üçün nəzərdə tutulmuş yerdə saxlamışdır. Sonra isə Vüqardan ona naqilləri daşımaqda kömək etməsini xahiş etmiş, sonuncu da ona kömək etmiş və naqilləri daşıyıb avtomobilə yığmışlar. Vüqar avtomobili sürüb irəlidə saxlamış, o, avtomobilə əyləşəndən sonra Vüqar ona avtomobilin ön hissəsində yadından çıxıb parça qaldığını və düşüb parçanı götürərək ona verməsini xahiş etmiş, o da avtomobildən düşüb parçanı götürərək Vüqara vermişdir. Sonra Vüqar avtomobili idarə edib onun göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə gəlmişlər. Orada o, Vüqardan avtomobili qəbirstanlığın yaxınlığında saxlamasını demiş, Vüqar avtomobili saxladıqdan sonra o, avtomobildən düşüb naqilləri və su sayğaclarını yolun kənarına boşaltmış və Vüqara zəhmət haqqı olaraq 25 manat pul vermişdir. Vüqar getdikdən sonra o, naqilləri daşıyıb qəbirstanlığın həyətinə salmış, orada naqillərin üzərindəki örtüyünü yandırıb içərisindəki mis metalını bir yerə yığmışdır. Həmçinin 3 ədəd su sayğacını da qırıb içərisindəki əlvan metalları çıxartmışdır. Həmin yığdığı metalları torbaya doldurmuş, qalıqları da ayrıca torbaya doldurub özü ilə götürmüşdür. Qalıqları yolda zibil qutusuna atmışdır. Əldə etdiyi metalları isə səhəri gün küçədə tanımadığı əlvan metal qəbul edən şəxsə sataraq təxminən 400 manata yaxın pul əldə etmiş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Naqillər və su sayğaclarını oğurladığı barədə Vüqarın əvvəlcədən məlumatı olmuşdur. Binanın ətrafında nəzarət kameralarının olmasını görsə də onların işləyib-işləməməsini bilmədiyindən kameralara da fikir verməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən "P.A.Grup MMC" şirkətində hüquqşünas kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Levent Sumqayıt Beach City yeni yaşayış kompleksində anbardar olan X4 müdir Ruslan Həsən-Zadənin yanına gələrək anbarın qapısına müdaxilə olunduğunu və bəzi əşyaların oğurlandığını bildirdi. Həmin vaxtı o da işdə olmuş və müdir Ruslan Həsən-Zadə onu yanına çağıraraq oğurluq olduğunu demişdir. Onlar birlikdə anbara getmişlər və oradan bazar qiymətinə əsasən 1 metri 9 manatdan hesablanmış 1800 manat dəyərindəki 200 metr uzunluğunda mis elektrik naqilinin, ümumi qiyməti 690 manat olan 03 ədəd kodunu bilmədiyi su sayğacının oğurlandığını görmüşlər. Daha sonra Levent Sumqayıt Beach City yeni yaşayış kompleksinin bina komendantı Şahid3 otağındakı kameraya baxan zaman oğurlanan əşyaların **-GX-*** dövlət qeydiyyat nişanlı "Reno Tontar" markalı avtomobil ilə aparıldığını, həmçinin avtomobili idarə edən şəxsin avtomobilin dövlət qeydiyyat nömrəsini parça ilə bağladığını, bir az irəliyə getdikdən sonra avtomobildən enib həmin parçanı açıb oradan uzaqlaşdıqlarını görmüşlər. Bu barədə 4-cü polis bölməsinə şikayət etmişlər. Hazırda təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər ödənilmişdir, şikayət və tələbləri yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, şirkətə dəymiş zərər tam olaraq ödənilmişdir. Bu səbəbdən də ona qarşı hər hansı şikayətləri, tələbləri və mülki iddiaları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, P.A. Group’' MMC tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Levent Sumqayıt Beach City 1” yaşayış kompleksində komendat işləyir. 14 aprel 2023-cü il tarixdə, təxminən saat 12 radələrində həmin kompleksdə anbardar işləyən Marif yanına gələrək anbarın qapısının müdaxilə edilərək açıldığını, anbardan naqillərin və 3 ədəd su sayğacının oğurlandığını bildirmişdir. O da Mariflə birlikdə gedib anbara baxanda oradan 200 metr uzunluğunda 1800 manat dəyərində naqillərin və ümumilikdə 690 manat dəyərində nömrəsinin xatırlamadığı 3 ədəd su sayğacının oğurlanmasını müəyyən etmişdir. Sonra isə Mariflə birlikdə binanın nəzarət kameralarının videogörüntülərinə baxanda 12 aprel 2023-cü il tarixdə, saat 13 radələrində iki nəfər tanımadığı şəxsin Reno markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə anbarın yaxınlığında dayanaraq anbardan həmin naqilləri və su sayğaclarını oğurlayaraq avtomobilə yükləyib apardıqlarını müəyyən etmişdir. Bundan sonra MMC-nin rəhbərliyinə zəng vuraraq bu barədə məlumat vermişdir. Sonradan isə ona məlum olmuşdur ki, anbardan oğurluq etmiş şəxs Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o Şahid3 ilə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, özünə məxsus Reno Tontar markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 12 radələrində əvəllər tanıdığı Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vurub demişdir ki, “müştərin yoxdursa 15-20 dəqiqəyə gələrsən Sumqayıt şəhəri, Bulvar ərazsində yerləşən Mehdi Hüseyin adina stadionun yaxınlığına”. O da Vüsal ilə razılaşmış və sonuncunun dediyi ünvana gəlmişdir. Təxminən 5 dəq gözlədikdən sonra Vüsal yenədə ona zəng vurub demişdir ki, “Sumqayıt şəhəri Bulvar ərazsində yerləşən Levent city yaşayış komleksinin həyətinə gələrsən, həmin yerdə işləmişəm, burada mənə məxsus kabellər var, onları Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə aparmalıyam”. O, da avtomobili idarə edib Vüsalın dediyi yerə, yəni Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Levent City yaşayış komplekisinin həyətinə gəlmişdir. Orada Vüsal onu qarşılayıb avtomobili binaların birinin yanında saxlamasını istəmişdir. O, avtomobili saxladıqdan sonra Vüsal ona həmin binanın birinci mərtəbəsindəki şüşəli qapını göstərib naqillərin orada olduğunu demişdir. O, avtomobili saxlayandan sonra Vüsal avtomobilin arxa oturacaq hissəsini düzəltməyə başlamış və ona demişdir ki, naqilləri həmin yerə yığacaqdır. Vüsal arxa oturacaq hissəni düzəldən zaman o da avtomobilin ön hissəsinə keçmişdir. Həmin vaxt avtomobilin ön hissəsinin çirkli olduğunu görüb parça ilə silməyə başlamışdır. Avtomobili saxladığı yerdən digər avtomobillərin hərəkət etdiyini görüb avtomobilini idarə edərək avtomobillərin dayanması üçün nəzərdə tutulmuş yerdə saxlamışdır. Sonra isə Vüsal ondan naqilləri daşımaqda köməklik etməsini xahiş etmiş, o da Vüsala kömək edib naqilləri daşıyaraq avtomobilinə yığmışlar. Naqilləri avtomobilə yığandan sonra Vüsal mobil telefonla danışacağını deyib piyada səki ilə getməyə başlamışdır. O, da avtomobili işə salaraq Vüsalın yanında saxlamış və sonuncu gəlib avtomobilə əyləşmişdir. Həmin vaxt yadına düşmüşdür ki, avtomobilin ön hissəsini silən zaman sildiyi parça yadından çıxıb avtomobilin önündə qalmışdır. Ona görə də Vüsaldan xahiş etmişdir avtomobildən düşüb parçanı götürüb ona versin, sonuncu da parçanı götürərək ona vermişdir. O da avtomobili idarə edib oradan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə gəlmişlər. Orada Vüsal ona avtomobili qəbirstanlığın yaxınlığında saxlamasını bildirmiş, o da avtomobili yolun kənarında saxlamışdır. Vüsal avtomobildən düşəndən sonra naqilləri də yolun kənarına boşaltmış və ona zəhmət haqqı olaraq 25 manat pul vermişdir. O, da oradan çıxıb getmişdir. Vüsalın həmin naqilləri oğurlamasından məlumatı olmamışdır, sonuncu ona demişdir ki, həmin naqillər özünə məxsusdur. Vüsal mənə həmin naqillərin özünə məxsus olduğunu demiş, oğurlayacağını deməmişdir. Vüsal həmin anbardan naqillərlə yanaşı 3 ədəd su sayğacı da götürərək avtomobilə qoymuşdur. Vüsalın dediyi yerə, yəni həmin anbarın yanına çatanda oranın qapısı açıq vəziyyətdə olmuş, Vüsalın qapını hansı üsulla açmasını görməmişdir. Vüsalın həmin naqilləri və su sayğaclarını kimə satmasından məlumatı yoxdur. Şahid1 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 3 dəfə məhkəmə iclasına gəlsə də təqsirləndirilən şəxsin iştirak etməməsi səbəbindən məhkəmə iclasları təxirə alınmışdır. Hal-hazırda Qarabağ zonasında işlədiyi üçün üzrlü səbəbdən növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş vermiş yer "xxxx" MMC tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Levent Sumqayıt Beach City 1” yeni yaşayış kompleksinin binalarından birindəki anbardır. Anbara giriş metal konstruksiya və şüşədən ibarət qapıdandır, qapının kilidinin üzərində kənar müdaxilə izləri vardır. İş materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd “DVD” diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:04 radələrində Reno markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-yə məxsus “Levent Sumqayıt Beach City 1” yaşayış kompleksinin anbarının qarşısında dayanması, 2 nəfər kişi cinsli şəxsin həmin avtomobilin arxa oturacağına anbardan naqilləri gətirərək yükləmələri, həmin şəxslərdən birinin əynində narıncı rəngli gödəkçə olması, naqilləri avtomobilə yüklədikdən sonra avtomobili idarə edərək həmin ərazidən uzaqlaşmaları müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Şahid1 Sumqayıt şəhər Polis İdarəsində xx.xx.2023cü il tarixdə saat 18:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində iştirakına xitam verilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nörməli cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2023.-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 12:30 radələrində Sumqayıt şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin İŞ-nə gətirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsində xx.xx.2023-cü il tarixdə saat 12:30-da cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “elektron məlumat daşıyıcına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Həmin diskə daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:04 radələrində Reno markalı, **-GX-*** dövlət qeydiyyat işanlı avtomobilin "xxxx" MMC-yə məxsus “Levent Sumqayıt Beach City 1” yaşayış kompleksinin anbarının qarşısında dayanması, 2 nəfər kişi cinsli şəxsin həmin avtomobilin arxa oturacağına anbardan naqilləri gətirərək yükləmələri, həmin şəxslərdən birinin əynində narıncı rəngli gödəkçə olması, naqilləri avtomobilə yüklədikdən sonra avtomobili idarə edərək həmin ərazidən uzaqlaşmaları müəyyən olundu. Baxış zamanı Təqsirləndirilən şəxs əynində narıncı rəngli gödəkçə olan şəxsin özü olduğunu bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə hökmdən 177.2.4-cü maddəsi xaric olunaraq cəzası 6 ay azaldılmış, 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq olunaraq xx.xx.2015-ci il tarixli hökmlə təyin olunmuş 03 il azalıqdan məhrumetmə cəzası 01 il azaldılaraq 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2015-ci il tarixli hökmlə təyin olunmuş və Xəzər rayon Məhkəməsinin qərarı ilə müəyyən edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il azaldılıb üzərində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 66.5-ci maddəsi ilə xx.xx.2015-ci il tarixli hökmlə təyin olunaraq hazırki qərarla müəyyən edilmiş 01 il 11 ay 27 gün və xx.xx.2015-ci il tarixli hökmlə təyin olunaraq hazırki qərarla müəyyən olunmuş 02 il müddətinə azadlıqdan məhruetmə cəzası qismən toplanaraq qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, cəzasının çəkib qurtarması nəzərə alınaraq cəzadan azad olunmuşdur. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 62 və 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 07 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3, 68.1.1-1, 67.1-ci maddələri tətbiq edilməklə 02 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Zəfər Günü münasibət ilə cəzası 06 ay azaldılmışdır. Bakı şəhəri Surxanaı rayon Məhkəməsinin 7(010)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4619 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların istifadədə olmaması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2290,00 manat müəyyən edilir. O cümlədən 03 ədəd çoxşaxəli ÇSS-15, ÇSS-20 mənzil su sayğacları 690,00 (3ədx230man) manat, 200 metr uzunluğunda, 2x10mm2 ölçüdə kabel xəttləri 1600,00 (200mx8man) manat. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X2 Birliyinin 12 saylı MKS tərəfindən verilmiş 1128 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 57 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, oğurluq hadisəsinin baş vermə anının videogörüntülərinin əks olunduğu 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər 4 nömrəli xəstəxana tərəfindən verilmiş 34 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin göndərişi ilə 4 nömrəli xəstəxananın nevralogiya şöbəsinə “Vegetatir sinir sisteminin digər pozğunluqları” diaqnozu ilə qəbul olunub. Hal-hazırda müalicə davam edir. İş materiallarında olan Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 203 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:35-də Sumqayıt 4 saylı Xəstəxananın Poliklinika şöbəsinin göndərişinə əsasən Sumqayıt şəhər Psixiatriya Xəstəxanasına stasionar müayinə və müalicəyə qəbul olunmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3, 68.1.1-1, 67.1ci maddələri tətbiq edilməklə 02 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Zəfər Günü münasibət ilə cəzası 06 ay azaldılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-178/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 069 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 19 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 19 (on doqquz) saat hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar