Məhkəmə qərarları › İş №1(060)-179/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-179/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-179/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan, ünvan 1-da yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,210 qram çəkidə narkotik vasitə olan heroin əldə edib onu üzərində daşıyaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 03:05 radələrində Sumqayıt şəhər Pİ-nin PPXT-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində Niyazi küçəsi ilə Koroğlu prospektinin kəsişməsində ölkə ərazisində elan olunmuş hərbi vəziyyətlə bağlı tətbiq edilmiş komendant saatının tələblərini pozduğuna görə saxlanılaraq Sumqayıt ŞPİ 1-ci PB-yə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli gödəkçəsinin sol yaxa cibindən gümüşü rəngli siqaret kağızının içərisindən 05 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,038 qram, 0,026 qram, 0,068 qram, 0,048 qram, 0,030 qram, ümumi təmiz çəkisi 0,210 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 4-5 ay olar ki, narkotik vasitə olan “kakos” (heroin) qəbul edir. O, xx.xx.2020-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmiş, orada olarkən həmin gün saat təxminəın 17 radələrində “Papanin” adlanan yerdə üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi 30-32 yaşlarında olan oğlanla təsadüfən tanış olmuş və onunla danışıb 20 (iyirmi) manat pul verərək 5 (beş) büküm gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə narkotik vasitə olan heroin alıb əynindəki göy rəngli gödəkçəsinin sol yaxa cibinə qoymuş, şəxsi işlərini bitirdikdən sonra Sumqayıt şəhərinə qayıtmışdır. xx.xx.2020ci il tarixdə saat təxminən 03:00 radələrində yaşadığı evə getmək üçün piyada Sumqayıt şəhəri 47-ci məhəllə ərazisində hərəkət edərkən Niyazi və Koroğlu küçələrinin kəsişməsində Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra hərbi vəziyyətlə bağlı tətbiq edilmiş komandant saatında küçədə olmağı ilə bağlı xüsusi icazəsinin olub-olmadığını soruşmuşlar. O, heç bir icazəsinin olmadığını bildirdikdən sonra polislər ona komendant saatının tələblərini pozmağını izah edib Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə dəvət etmiş, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikidə 1-cü PB-yə getmişdir. Bölməyə gedən zaman polis əməkdaşlarına üzərində narkotik vasitə “kakos” olduğunu bildirmiş, polis bölməsində xidməti otaqların birində ona təhqiqatçı tərəfindən üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, o üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra ona üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub-olmadığı sual edilmiş, o həmin vaxt əynindəki göy rəngli gödəkçəsinin sol yaxa cibinə qoyduğu gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 05 (beş) büküm içərisində narkotik vasitə “kakos” (heroin) olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar olunmuş siqaretin gümüşü rəngli kağızına bükülmüş kütlənin nə olduğunu ondan soruşmuş, o həmin kütlənin narkotik vasitə olan “kakos” (heroin) olduğunu bildirmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhərində “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 20 (iyirmi) manata özü qəbul etmək üçün aldığını, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını və heç kimə istifadə etmək üçün vermədiyini polis əməkdaşlarına bildirmişdir. Sonra üzərindən aşkar edilərək götürülmüş heroin tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş və imzalanmışdır. O da protokolu imzalamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitəni satmaq fikri olmamışdır. Hazırda əməlindən peşmandır. Bakı və Sumqayıt şəhərində müxtəlif işlərdə işləyir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 bildirdi ki, Sumqayıt ŞPİ-nin PPXT-də polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə 32 saylı marşurutda PPXT-nin “9182” çağırışlı patrul avtomobilində postaçı yoldaşları PPXT-nin polis nəfəri Şahid3 və PPXT-nin manqa komandiri Şahid2 ilə birlikdə xidmətdə olan zaman saat 03:05 radələrində Sumqayıt şəhəri Niyazi küçəsi ilə Koroğlu prospektinin kəsişməsində piyada hərəkətdə olan bir nəfər şəxsi saxlayıb özlərini təqdim edib ondan ölkə ərazisində elan edilmiş hərbi vəziyyətlə bağlı tətbiq edilmiş “Komendant saatı” ilə əlaqədar yaşayış yerini tərk etməsi üçün icazəsinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs icazəsinin olmadığını bildirmişdir. Onlar həmin şəxsə “Komendant saatı”nın tələblərini pozduğunu izah edib onu ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etirazının olmadığını bildirmiş və bölməyə gedən zaman üzərində narkotik vasitə olduğunu onlara söyləmişdir. 1-ci PB-də həmin şəxsin Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olmaqla ünvan 1-da yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və həmin şəxsin bölməyə gətirilən zaman üzərində narkotik vasitə olduğunu bildirməsi barədə raport tərtib etmişlər. Bundan sonra Sumqayıt ŞPİ-nin 1ci PB-nin təhqiqatçısı, polis kapitanı Samir Rzayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim edilmiş və ona videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah edilərək, ondan videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə ondan üzərində olan əşyaları təqdim etməsi xahiş edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əyində olan göy rəngli gödəkçəsinin sol yaxa cibindən gümüşü rəngli siqaret kağızının içərisindən 5 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan “Kakos” (heroin) olduğunu bildirmiş, həmin bükülüyə baxılarkən orada narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata özü istifadə etmək məqsədi ilə aldığını və üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ PPXT-nin manqa komandiri Şahid2 və PPXT-nin polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur. (i.v. 14) İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Pİ-nin MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.58-59) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 21-22) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 85-87) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2654 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə....” və s. qeydlər olan zərfdəki 5 ədəd bükümdə maddələr, ümumi təmiz çəkisi 0,210 olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. (tədqiqatdan sonra qalıq çəkisi 0,160 qr.) (i.v. 31-35) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2021-cu il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,210 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,160 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v.87, 97-101, 104) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 3737 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v. 75) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v.71) İş materiallarında olan arayışdan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatsız olaraq ünvan 1-da yaşayır, ailəsi özündən, anası və qardaşından ibarətdir. ( 88-89) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 90) İş materiallarında olan məhkəmə - narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3463 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. . (i.v.82-83) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,210 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 20, mənzil 46-da yaşayan Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,160 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,160 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar