Məhkəmə qərarları › İş №1(060)-179/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-179/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-179/2024 31.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Daxili Qoşunların hərbi hissəsinin yaxınlığında, P.Hüseynov küçəsində yolun kənarında beton dirəklər vasitəsilə hava yolu ilə çəkilmiş "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Əfəndiyev küçəsi 8 saylı və İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi ünvanlarında yerləşən inzibati və texniki binaları arasında rabitə və elektron əlaqə üçün nəzərdə tutulmuş dövlət əhəmiyyətli rabitə xətlərinə aid TPP markalı, 50x2 tipli rabitə kabelini beton dirəyə qalxıb qırdıqdan sonra 1 metrinin qiyməti 5 manat, ümumi 1000 (bir min) manat qiymətində 200 metr uzunluğunda olan hissəsini dartıb götürərək gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə ümumilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dövlət əhəmiyyətli rabitə xətlərinə münasibətdə oğurluq etmişdir Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir narkotik maddələrdən istifadə edir. Narkotik vasitələri Sumqayıt şəhəri ərazisində tanımadığı şəxslərdən əldə edir. Bir müddətdir narkotik vasitə əldə etmək üçün pul tapa bilməmiş və pula gedən nə olsa oğurlayıb satmağı düşünmüşdür. xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində yaşadığı ərazidə küçədə gəzən zaman Daxili Qoşunlar hərbi hissəsinin yaxınlığında yolun kənarında beton dirəklərin birindən telefon kabellərin nisbətən aşağı keçdiyini görmüş və həmin kabelləri oğurlayıb içərisindəki misi satmaq qərara gəlmişdir. Ətrafa baxmış, heç kimin olmadığına əmin olduqdan sonra beton dirəyə dırmaşmış və əli ilə izolyasiyalı 02 kabeli dartıb qırmış, sonra da kabellərin ucundan dartaraq bir neçə dirək arası keçən hissəsini qırmışdır. Belə ki, kabellərə baxanda birinin içərisində mis naqil, digərinin içərisində isə optik kabel və satışa yararsız olduğundan həmin kabeli tullamış, içərisində mis olan kabeli isə dartmağa davam etmiş və qoluna büküb yığmış və artıq darta bilmədiyi üçün güc tətbiq edərək qırmış, təxminən 200 metr mis kabeli qoluna bükmüş və evə getmişdir. Həyətdə oğurladığı kabeli gizlətmişdir. Bir neçə saatdan sonra səhər evdə heç kim olmadığından oğurladığı kabelin izolyasiyasını ayırmaq üçün həyətdə yandırmış və əldə etdiyi mis naqilləri sellofan torbaya yığaraq Sumqayıt şəhəri, 15-ci məhəllədə, "Qayalı" marketin arxasında qarajda yerləşən metal qəbulu məntəqəsində ümumilikdə misi 12 (on iki) manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclrına xərcləmişdir. Göstərdiyi telefon kabellərini tək oğurlamış, həmin vaxtı yanında və ətrafda heç kim olmamış, onu heç kim görməmişdir. Metal tullantıları məntəqəsində işləyən şəxsə oğurladığı mis naqili satarkən həmin şəxs naqilin oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, özünə məxsus olduğunu, evində tikinti təmir işlərindən qalıq qaldığını demiş, həmin şəxs şəxsiyyət vəsiqənin qeydini aparmış və ondan şübhələnməmişdir. Narkotik maddələri Sumqayıt şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərdən özünə qəbul etmək məqsədilə əldə etmişdir. Bu oğurluqdan başqa oğurluq etməmiş və digər cinayət törətməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ali hüquqi təhsillidir, "xxxx" ASC-nin Hüquq İdarəsinin Regional X4 hüquqşünası işləyir. "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Əfəndiyev küçəsi 8 və İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi ünvanlarında yerləşən inzibati və texniki binaları arasında telefon rabitə, həmçinin "199" qaynar xətt elektron rabitə (fiber optik kabel) hava xətti ilə dirəklər vasitəsi ilə çəkilmiş və daimi telefon rabitə və elektron əlaqə olmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə idarə, inzibati və texniki binalar arasında telefon rabitə və elektron əlaqəsi kəsildiyindən xx.xx.2023-cü il tarixdə səhər saatlarında baş vermiş nasazlığın aradan qaldırılması məqsədilə idarənin işçiləri əraziyə baxış keçirtmiş və məlum olmuşdur ki, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsində dirəklərlə hava yolu ilə çəkilmiş idarəyə məxsus TPP-50x2 markalı 200 metr uzunluğunda rabitə kabeli dirəklərdən kəsilərək oğurlanmış, həmçinin həmin xətlə qoşa çəkilmiş FO-12 markalı 100 metr uzunluğunda fiber optik kabeli kəsilib yararsız hala salınıb əraziyə atılmışdır. Bununla bağlı idarəyə məlumat verilmiş və ilkin olaraq "199" qaynar xətt elektron rabitə əlaqəsini bərpa olunmuşdur. Sonradan idarə tərəfindən polisə məlumat verilmişdir. Oğurlanmış TPP-50x2x markalı yerüstü telefon kabeli mis materiallı olmaqla üzərləri polietilen örtüklüdür, 200 metr uzunluğunda həmin kabelin oğurlanması nəticəsində idarəyə 1600 (bir min altı yüz) manat maddi ziyan dəymişdir, bundan başqa yararsız hala salınmış FO-12 markah 100 metr uzunluğunda fiber optik kabel 180 manat, həmçinin bərpa, ehtiyat hissələri və işçi qüvvəsi 400 manat, ümumilikdə 580 manatdır. Bundan başqa idarəyə məxsus başqa heç bir şey oğurlanmamışdır. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ASC-yə dəymiş maddi ziyan ödənilməmişdir. Ona görə də, onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmş Şahid ifadəsində göstərmişdir ki, 1988-ci ildə Qubadlı rayonunda doğulmuş, 1993-cü ildə məcburi köçkün kimi Sumqayıt şəhəri, 15-ci məhəllədə 85 saylı peşə məktəbinə gəlib məskunlaşmışlar. Hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, Qaçqınlar şəhərciyində yaşayır. Təxminən iki ildir yaşadığı məhəllədə yerləşən "Qayalı" marketin arxasında özünə məxsus qarajda qara və əlvan metal tullantıları məntəqəsi işlətməklə ailəsini dolandırır. Orada tullantı və istifadəyə yararsız qara-əlvan metal və plastik əşyaların qəbulu ilə məşğul olur və gün ərzində qəbul etdiyi metal məhsullarını kitabçada qeydiyyatını aparır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Cavidi ilk dəfə xx.xx.2023-cü il tarixdə yanına gəlib yanmış mis naqil gətirəndə tanımış, Cavid gətirdiyi misin özünə məxsus olduğunu, evində tikinti-təmir işindən qalıq qaldığını və lazımsız olduğunu demişdir. Cavidin gətirdiyi yanmış mis naqilin tərəzidə çəkisi 1,350 kq olmuş, misin kiloqramını 09 (doqquz) manatdan hesablamaqla ümumilikdə Cavidə 12 (on iki) manat pul vermiş və Cavidin şəxsiyyət vəsiqəsinin qeydini öz kitabçasında aparmışdır. Caviddən aldığı yanmış mis naqili və əlavə qəbul etdiyi digər mis tullantılarını bir neçə gündən sonra metal yığan şəxslərə təhvil vermişdir. Polisə dəvət olunanda bilmişdir ki, Cavid ona gətirdiyi mis naqili oğurluq yolu ilə əldə edibmiş, o da baş verənləri danışmışdır. Cavidin gətirdiyi mis naqilin oğurluq olması barədə məlumatı olmamış, Cavid ona özünə məxsusdur, evində tikinti-təmir işindən qalıq qalmışdır və lazımsızdır demişdir. Cavidin xarici görünüşü və davranışı onda hər hansı bir şübhə yaratmamışdır. Cavid bundan başqa bir şey satmamışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer, Sumqayıt şəhəri,İnşaatçılar qəsəbəsi, Daxili Qoşunlar hərbi hissəsinin yaxınlığı, Pərviz Hüseynov küçəsində yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, yolun kənarında beton dirəklər vasitəsilə hava yolu ilə çəkilmiş "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Əfəndiyev küçəsi 8 saylı və İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi ünvanlarında yerləşən inzibati və texniki binaları arasında rabitə və elektron əlaqə üçün nəzərdə tutulmuş dövlət əhəmiyyətli rabitə xətlərinə aid TPP markalı, 50x2 tipli rabitə kabelin 200 metr hissəsi oğurlanmış, FO-12 markalı 100 metr uzunluğunda fiber optik kabeli kəsilib yararsız hala salınmışdır. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsində Daxili Qoşunlar hərbi hissəsinin yaxınlığında yolun kənarında beton dirəklər vasitəsilə hava yolu ilə çəkilmiş "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə məxsus rabitə kabelin hansı şəraitdə oğurladığını və bundan sonra yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 6, mənzil 2-də yerləşən fərdi yaşayış evinin həyətində rabitə kabelini yandırdığı yeri yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-179/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclaslarına gəlmədiyi üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində hüquqi şəxsi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi zərərçəkiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-9/7641/23 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 22 sm uzunluğunda nümunə əsasında ümumi uzunluğu 200 metr olan TPP markalı, 50x2 tipli kabelin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1000,00 (200 metr x 5 man) manat müəyyən edilir. İş materiallarında olan istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə məxsus kabelin oğurlanmasında başqa şəxslərlə əlbir olub-olmaması əməliyyat yolu ilə yoxlanılmış, lakin hər hansı bir şəxslə əlbir olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs oğurladığı kabeli yandırdıqdan sonra əldə olunan misi satdığı metal qəbulu məntəqəsində işləyən Şahid Təqsirləndirilən şəxs aldığı misin oğurluq əşya olmasından məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs xidməti ərazidə baş vermiş oxşar oğurluq hadisələrində iştirakının olması barədə məlumatlar daxil olmamışdır. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-318/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-318/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsi idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-318/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitəsi idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs əlavə cəzasının müddəti bitdiyi üçün xx.xx.2020-ci il tarixdə şəxsi iş qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məkmumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 186-cı, Şahid əməlində isə Azərbaycan Respublikası CM-nin 194-cü maddələrinin tərkib əlamətlərinin olmadığından onların barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar